Məhkəmə qərarları › İş №1(075)-79/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-79/2021

21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-79/2021 21.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi Şəki şəhər Vəkil Bürosunun vəkili X8 iştirakları ilə xx xxx 2000-ci ildə Şəki rayonu Baş Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmayan, Şəki rayonu Baş Zəyzid kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Rayon Məhkəməsinin 8 saylı iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozduğuna görə ehtiyatsızlığından zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan yol hərəkəti qaydalarını pozma cinayətini törətmişdir. Belə ki, o, 02 iyun 2021-ci il tarixdə saat 18 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, texniki cəhətdən saz vəziyyətdə olan, Şahid1 məxsus “Mercedes Benz 190” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili Şəki rayonu Baş Zəyzid kəndinin mərkəzindən keçən asfalt yolda, yəni yaşayış məntəqəsi daxilində idarə edən zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətlə idarə etməli halda buna riayət etməyərək sürəti artırıb əvvəlcə avtomobili 80 km/saat sürətlə idarə etmiş, kəndin mərkəzi hissəsinin yaxınlığında yerləşən dairəvi hərəkət təşkil olunmuş yolayrıcına çatmağa az qalmış sürəti 75 km/saata endirib hərəkətinə davam etdirən zaman, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamalı olduğu halda buna riayət etməyib, həmçinin diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili yol şəraitinə uyğun olan hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və sair) vaxdında və keyfiyyətli yerinə yetirərək avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətin təmin etməli halda buna riayət etməyərək, idarə etdiyi avtomobilin sağa doğru istiqamətləndiyini görüb sükanı sola doğru çevirmiş, sonra avtomobilin sola doğru istiqamətləndiyini görüb sükanı sağa doğru çevirib əyləci basan zaman idarəetməni itirmiş, nəticədə avtomobil saat əqrəbinin əksi istiqamətində fırlanaraq qabaq bamperinin kənarı yolun sağ çiynində dayanmış sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ-21061 markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşub, həmin avtomobili zədələməklə sonuncuya ümumilikdə 100 manat ziyan vurmuş, bundan sonra o, arxaya doğru hərəkətini davam etdirib yolu keçmək istəyən piyada, 20.09.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 avtomobilin arxa hisəsi ilə vurmuş, onun ehtiyatsızlığı nəticəsində Zərərçəkmiş şəxs1 sol oturaq sümüyünün sınığı ilə nəticələnən sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarət alması ilə nəticələnən yol hərəkəti qaydalarını pozma cinayətini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahid ifadələri, ekspertiza rəyləri habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 02 iyun 2021-ci il tarixdə sahədə olan zaman tanıdığı Şahid1 ona zəng edərək avtomobilinin tez-tez söndüyünü deyib düzəltməsini ondan xahiş etmişdir. Şahid1 Mercedes Benz 190 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, Tərlana onun avtomobilini bacarmadığına görə düzəltməyəcəyini demişdir. Həmin gün o, evə qayıdandan sonra Tərlan ona yenidən zəng edib, anasının xəstə olduğunu, Bakıya aparmalı olduğunu, bu səbəbdən avtomobili düzəltməyi israrla xahiş etmişdir. O da məcbur olub razılaşmışdır. Onlar kənddə “Əlikramın mağazası”nın yaxınlığında görüşmüşlər. O, Tərlanın idarə etdiyi avtomobilə baxıb avtomobilin yavaş sürətdə öz-özünə sönməsini müəyyən etdikdən sonra yavaş sürətdə sönməməsi üçün tənzimləyicisini düzəldib bir qədər artırmışdır. Avtomobili təmir etdikdən sonra Tərlan ona yoxlamaq məqsədi ilə avtomobili sürməyi təklif etmişdir. Əvvəl razılaşmamış, lakin Tərlan israr etdiyindən avtomobilin sükanı arxasına oturmuşdur. Tərlan da qabaq sərnişin oturacağında əyləşmişdir. O, avtomobili kəndin yuxarısına doğru sürmüş, bir qədər getdikdən sonra geriyə dönüb əvvəlki yerdə saxlamışdır. Tərlan ona sürətli sürərək yoxlamağı təklif etmiş, hətta israr etmişdir. O, məcbur qalıb avtomobili üzü aşağı kəndin mərkəzinə doğru sürməyə başlamışdır. Avtomobili ilk öncə təxminən 40-50 km/saat sürətlə idarə etmiş, daha sonra sürəti artırmışdır. Lakin sürətin dəqiq neçə olduğunu bilmir. O, kəndin mərkəzinin yaxınlığında yerləşən dairəvi yola çatmağa az məsafə qalmış qarşısına nömrəsini görmədiyi bej rəngli VAZ-2106 markalı avtomobil gəlmiş, o da məcbur olub yolun sağ hissəsinə çıxmış, lakin qabaqda beton olduğunu görüb, avtomobili keçəndən sonra asfalt yola qayıtmaq istəyəndə idarə etdiyi avtomobil fırlanmış, əyləci basmışdır ki, avtomobili saxlaya bilsin, lakin avtomobil dayanmayıb fırlanaraq hərəkətinə davam etdiyi üçün o, idarəetməni itirmiş, avtomobil fırlanaraq qabaq bamperi yolun sağ kənarında dayanmış VAZ-2106 markalı avtomobilin qabaq sol tərəfinə dəymişdir. Bundan sonra avtomobil arxaya doğru getməyə başlamışdır. Həmin vaxt avtomobil dairəvi yoldan keçib daşlıq-torpaq yol istiqamətinə getmişdir. Həmin vaxt avtomobil geriyə hərəkət edən zaman yolun kənarında dayanan piyada qızı vurmuşdur. İdarə etdiyi avtomobildə arxaya doğru hərəkət edib daşlıq hissədə həmin qızın düşdüyü yerin yaxınlığında dayanmışdır. Bundan sonra o, Tərlanla birlikdə avtomobildən düşmüşdür. O, baxıb görmüşdür ki, həmin qız avtomobilin arxa tərəfində arxa təkərin yaxınlığında yerə düşüb qalıb. Avtomobili bir qədər qabağa sürüb əl əyləcini çəkmişdir. Sonra isə həmin qızı ətrafdakı şəxslərin köməkliyi ilə kənara qoyub orada olan Məmmədin idarə etdiyi Mitsubishi markalı avtomaşına mindirib xəstəxanaya yola salmışlar. O, Tərlanla birlikdə hadisə yerində qalmışdır. Bir müddət sonra isə polis əməkdaşları gəlib hadisə yerinə və avtomobilə baxış keçirib onu polis şöbəsinə dəvət etmişlər. Avtomobili idarə edən zaman onun nə sürücülük vəsiqəsi, nə də etibarnaməsi olmamışdır. İbtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadəni vermiş, lakin müstəntiq “sənin xeyrinədir” deyərək onu aldatmış və ifadəni imzalatmışdır. Əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, əlil olmasını qeyd edib məhkəmədən barəsində yüngül cəza olan cərimə cəzasınının təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, təxminən 3 il olar ki, Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən avtomobil təmiri sexində elektrik çilingəri işləyir. Şəki rayonu Baş Zəyzid kənd sakini Şahid1 çoxdan tanıyır. Tərlanla onun arasında ədavət və düşmənçilik olmayıb və yoxdur. Tərlanın özünə məxsus Mercedes Benz 190 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Onun sahədə işi olduğuna görə 02 iyun 2021-ci il tarixdə işləmək üçün sexə getməmişdir. Həmin tarixdə, təxminən saat 12 radələrində həmkəndlisi Tərlan ona zəng edib avtomobilinin tez-tez söndüyünü deyib avtomobilini düzəltməsini xahiş etmişdir. O, Tərlana kəndə gələndən sonra avtomaşınına baxacağını bildirmişdir. O, sahədə işini bitirib evə qayıtmış, nahar etdikdən sonra dostları ilə görüşmək üçün yaşadığı kənd ərazisinə çıxmışdır. Təxminən 17 radələrində Tərlan ona zəng edib harada olduğunu soruşduqda o, Tərlana kənddə “Əlikramın mağazası”nın yaxınlığında olduğunu demişdir. Tərlan da idarə etdiyi Mercedes Benz markalı avtomaşınla onun olduğu yerə gəlmişdir. O, Tərlanın idarə etdiyi avtomobilə baxıb avtomobilin yavaş sürətdə öz-özünə sönməsini müəyyən etdikdən sonra yavaş sürətdə sönməməsi üçün tənzimləyicini düzəldib bir qədər artırmışdır. Avtomobili təmir etdikdən sonra yoxlamaq məqsədi ilə avtomobilin sükanı arxasına oturmuşdur. Tərlan da qabaq sərnişin oturacağında əyləşmişdir. O, avtomobili işə salıb sürmək istəsə də avtomobil yenə yavaş sürətdə sönmüşdür. Sonra o, avtomobili bir qədər arxa-arxaya verib yenidən yoxlamaq üçün avtomobili kəndin yuxarısına doğru sürmüş, bir qədər getdikdən sonra geriyə dönüb üzü aşağı kəndin mərkəzinə doğru sürməyə başlamışdır. Avtomobil zəif hərəkət etdiyi üçün o, qazı basmışdır ki, mühərrik açılsın. O, avtomobili idarə etdiyi müddətdə avtomobil sönməmişdir. Kəndin mərkəzi asfalt yolu ilə avtomobili təxminən 80 km/saat sürtlə idarə etmişdir. O, kəndin mərkəzinin yaxınlığında yerləşən dairəvi yola çatmağa az məsafə qalmış tormoz verib sürəti bir qədər azaldıb təxminən 75 km/saat endirib hərəkətinə davam etdirmişdir. O, dairəvi yola çatmağa az qalmış avtomaşının yolun sağına doğru istiqamətləndiyini görüb sükanı sola doğru çevirmiş, avtomobil sola doğru istiqamətlənəndə isə sükanı sağa doğru çevirib əyləci basmışdır ki, avtomobili saxlaya bilsin. Lakin avtomobil dayanmayıb fırlanaraq hərəkətinə davam etdiyi üçün o, idarəetməni itirmiş, avtomobil fırlanaraq qabaq bamperi yolun sağ kənarında dayanmış VAZ-2106 markalı avtomobilin qabaq sol tərəfinə dəymişdir. Bundan sonra avtomobil arxaya doğru getməyə başlamışdır. Həmin vaxt avtomobil dairəvi yoldan keçib daşlıq-torpaq yol istiqamətinə getmişdir. O, avtomobil geriyə getməsini görüb tormozu bassa da avtomobil dayanmamışdır. Həmin vaxt avtomobil geriyə hərəkət edən zaman yolu keçmək istəyən piyada qızı vurmuş, zərbədən qız avtomobilin arxa kapotunun üstünə düşmüş, başı avtomobilin arxa şüşəsinə dəyib arxaya doğru düşmüşdür. İdarə etdiyi avtomobildə arxaya doğru hərəkət edib daşlıq hissədə həmin qızın düşdüyü yerin yaxınlığında dayanmışdır. Bundan sonra o, Tərlanla birlikdə avtomobildən düşmüşdür. Tərlan avtomobilin arxa tərəfinə keçib ona avtomaşını qabağa verməsini demişdir. O, baxıb görmüşdür ki, həmin qız avtomobilin arxa tərəfində arxa təkərin yaxınlığında yerə düşüb qalıb. Tərlanla birlikdə avtomobili toxunub bir qədər qabağa sürüb əl əyləcini çəkmişdir. Sonra isə həmin qızı ətrafdakı şəxslərin köməkliyi ilə kənara qoyub orada olan Məmmədin idarə etdiyi Mitsubishi markalı avtomaşına mindirib xəstəxanaya yola salmışlar. O, Tərlanla birlikdə hadisə yerində qalmışdır. Bir müddət sonra isə polis əməkdaşları gəlib hadisə yerinə və avtomobilə baxış keçirib onu polis şöbəsinə dəvət etmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirdi ki, 02 iyun 2021-ci il tarixdə, saat təxminən 18 radələrində evlərinə tərəf gedərkən, kəndin mərkəzində yerləşən dairəvi yola çatmağa bir qədər qalmış yolun sol tərəfində yerləşən dəyirmanın qarşısına çatanda qabaqda Mercedes markalı avtomaşının sürətlə gəldiyini görüb, həmin avtomaşının xəta edəcəyini fikirləşib asfalt yola çıxmadan daşlıq yolda dayanmışdır. Mercedes markalı avtomaşın dairəvi yola çatmağa bir qədər qalmış sürücü idarə etməni itirdiyindən avtomobil fırlanmış, arxaya doğru hərəkət edərək gəlib dayandığı yerdə ona dəymişdir. Həmin anda nə baş verdiyini bilməmiş, gözünü açanda özünü avtomaşının arxa tərəfində təkərlərə yaxın yerdə düşüb qaldüğünü görmüşdür. Orada olanlar onu yoldan keçən avtomaşına qoyub xəstəxanaya yola salmışlar. Xəstəxanada müayinə olunandan sonra məlum olmuşdur ki, həmin yol-nəqliyyat hadisəsi zamanı onun sol oturacaq sümüyü sınmışdır, başqa xəsarəti olmamışdır. Onun dayandığı yerdən yol tam görsənmədiyindən, hadisənin necə baş verdiyini tam görməmişdir. Üzürlü səbəblərdən gələn iclaslarda iştirak edə bilməyəcəyini, iclasların onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. O, yol nəliyyat hadisəsini törətmiş sürücünü bağışlamışdır. Təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi X6 məhkəmə iclasında bildirdi ki, zərərçəkmiş şəxsin anasıdır. Hadisəni görməmişdir. Təqsirləndirilən şəxslə barışmışlar, ondan şikayət və tələbləri yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirdi ki, onun VAZ-21061 markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomaşını var. 02.06.2021-ci il tarixdə, saat təxminən 17:30 radələrində kəndin mərkəzi hissəsinin yaxınlığında yerləşən dairəvi yola çatmağa az qalmış avtomaşını yolun sağ hissəsinə verib saxlamışdır. O, avtomaşında oturub siqaret çəkdiyi vaxt arxadan gələn avtomaşının təkərlərindən gələn səsi eşidib sol yan güzgüdən baxıb görmüşdür ki, arxadan qara rəngli Mercedes markalı avtomaşın gəlib çatmağa az məsafə qalmış tormoz vermiş, bundan sonra avtomaşın yerində fırlanmış və avtomaşının qabaq hissəsi onun avtomaşınının qabaq sol tərəfinə dəyib sürtərək arxaarxaya doğru hərəkətinə davam edib qabaqda yolu keçmək istəyən qızı vurub daşlıq hissədə dayanmışdır. Çoxlu adamlar toplaşmış, qızı avtomaşının arxa tərəfindən çıxarıb kənara uzatmışlar. Avtomaşında olan sürücü və sərnişin də orada olmuşlar. Qızı orada olan avtomaşınlardan birinə uzadıb xəstəxayana yola salmışlar. Bir müddətdən sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişdir. Hadisə zamanı o, avtomaşını yolun sağ çiynində saxlamışdır. Mercedes markalı avtomaşının qarşısına maneə çıxıb-çıxmamasını dəqiq bilmir, çünki yola fikir verməmişdir. Hadisə nəticəsində onun avtomaşınına təxminən 100 manat dəyərində ziyan dəymişdir. Buna baxmayaraq ona dəymiş ziyanla bağlı şikayəti yoxdur. Sonda bildirdi ki, ziyan ona ödənilməsə də, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, cavan olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, onun “Mercedes Benz 190” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobilin mühərrikini yenicə yığdırmışdır. Mühərriki təmir edən təqsirləndirilən şəxsin qardaşı olmuşdur. 02 iyun 2021-ci il tarixdə idarə etdiyi avtomobilin elektrik sistemində nasazlıqlar yaranmış, təmir etdirmək məqsədilə Təqsirləndirilən şəxs zəng etmiş, təmir etməyi ondan xahiş etmişdir. Elnur hazırda işi olduğunu, sonra görüşməyi təklif etmişdir. Saat təxminən 17 radələrində Elnura zəng edib kəndin yuxarı hissəsində yerləşən avtomobil təmiri sexinin yanında onunla görüşmüşlər. O, yaxınlıqdakı sexdən vintaçan, bəzi açarları götürüb Elnura vermişdir. Elnur da mühərrik örtüyünü qaldırıb baxıb təmir edib mühərrik örtüyünü örtüb sükan arxasına oturub əvvəlcə avtomaşını yuxarı doğru sürmüş, bir qədər getdikdən sonra geriyə dönüb üzü aşağı doğru sürməyə başlamışdır. Avtomaşının işləməsi qismən düzəlmişdir. Kəndin mərkəzi istiqamətində yerləşən dairəvi yola çatmağa bir qədər qalmış Elnur sükanı qəflətən sola tərəf çevirmiş, avtomaşın sola doğru istiqamətlənmiş, avtomobil sola doğru istiqamətlənəndə isə Elnur sükanı sağa doğru çəkib geri qaytarmaq istəyəndə idarəetməni itirmişdir. Elnur əyləci basıb avtomobili saxlamağa çalışsa da, avtomobili saxlaya bilməyib idarəetməni itirmişdir. Avtomaşın yolun hərəkət hissəsində bir dəfə fırlanıb qabaq bamperi yolun sağ kənarında dayanmış VAZ-2106 markalı avtomobilin qabaq sol tərəfinə dəymişdir. Bundan sonra avtombil fırlanıb arxa-arxaya doğru hərəkətinə davam edib qarşıda yolu keçmək istəyən piyada qıza dəymişdir. Zərbədən qız əvvəlcə avtomaşının arxa kapotunun üstünə qalxıb başı avtomaşının arxa şüşəsinə dəyib oradan yerə yıxılmışdır. Avtomaşın isə arxaya doğru hərəkət edib daşlıq hissəyə düşəndən sonra həmin qıza çapıb dayanmışdır. O, Elnurla avtomobildən dərhal düşüb qıza yaxınlaşmışlar. Dərhal yaxınlıqda dayanan həmkəndlisi Məmmədi çağırıb qızı onun idarə etdiyi Mitshubishi markalı avtomobilə mindirib Şəki Rayon Mərkəzi Xəstəxanasına yola salmışlar. O da Elnur ilə birlikdə hadisə yerində qalmış, az sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirib, onları polis şöbəsinə dəvət etmişlər. Hadisədən əvvəl Elnur avtomobili təxminən 40 km/saat sürətlə idarə etmiş, daha sonra isə artıraraq hadisə baş verən ana təxminən 80 km/saat sürətlə idarə etmişdir. Hadisədən qabaq Elnurun idarə etdiyi avtomabilin qarşısına hər hansı avtomobil və ya digər maneə çıxmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Şəki rayonu Baş Zəyzid kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə baş məsləhətçi baş mühasib vəzifəsində işləyir. 02.06.2021-ci il tarixdə, saat təxminən 18 radələrində Şəki rayonu Baş Zəyzid kəndinin mərkəzinin yaxınlığında yerləşən dairəvi yoldan keçib evə gedən zaman dairəvi yolun yaxınlığında yerləşən dəyirmanın qarşı tərəfində dayanmış, Mercedes markalı avtomaşının arxa tərəfinə adamların toplaşdığını görüb avtomaşını həmin istiqamətə sürmüşdür. Yaxınlaşanda görmüşdür ki, bir nəfər qız həmin avtomaşının arxa tərəfində yerə uzanıqlı vəziyyətdə qalıb. Orada onlanlar qızı qaldırıb xəstəxanaya yola salmaq üçün avtomaşın axtaran zaman o, yaxında olduğu üçün etiraz etməmiş və qızı gətirib idarə etdiyi avtomaşının qabaq oturacağına uzatmışlar. O da avtomaşını sürüb həmin qızı, sonradan tanıdığı həmkəndlisi Jalə Rəfael qızını xəstəxanaya gətirib qəbul otağına təqdim etdikdən bir müddət sonra evinə gəlmişdir. Məhkəmə iclasında tədqiq edilməklə elan edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 02 iyun 2021-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs, hal şahidləri X1 və X4 iştirakları ilə yolnəqliyyat hadisəsi yerinə baxış keçirilmişdir. X10 sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin 149A nömrəli, 02.06.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsi tərəfindən verilən arayışdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 235 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Rəfail qızının sol oturacaq sümüyünün sınığı, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkmişin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən 02.06.2021-ci il tarixə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2021-ci il tarixli, 8/1321 saylı rəyindən görünür ki, Mercedes Benz 190 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü bəndinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 14 iyun 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Şəki rayon İHB-nin Baş Zəyzid Kənd Nümayəndəliyi tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli, 389 saylı arayışdan və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu Baş Zəyzid kəndində yaşayır, müsbət xarakterizə olunur. DSMF-nin 15 saylı regional ərazi filialı tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcə əlilliyi olan şəxsdir. Şəki Rayon Psixiatriya Xəstəxanasının 22 iyul 2021-cu il tаrixli, 768 №li məktubundаn görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın dispanser müşahidəsində deyil. Şəki Rayon Mərkəzi X7 Şəxsin 19 iyul 2021-cu il tаrixli, 862 №li məktubundаn görünür ki, Xəlilov X5 Kabinetdə qeydiyyatda deyil. 22 iyul 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CMnin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ittiham elan edilmişdir. 22 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Onun həmin cinayəti törətməsi özünün, zərərçəkmiş şəxslərin və şahid ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, onların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs məhkəmə baxışında Şahid1 tərəfindən avtomobili sürməyə az qala məcbur edildiyini, avtomobili idarə etdiyi zaman qarşısına avtomobil çıxdığından və yolun kənarına çıxmaq məcburiyyətinə qaldığından avtomobili saxlaya bilməməsini bildirsədə, qeyd olunan hallar araşdırılmış, zərərçəkmiş şəxs və şahid ifadələri ilə inkar olunmuş, təsdiqini tapmamışdır. Məhkəmə göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi qeyd olunan xüsusatlara dair ifadəsinə tənqidi yanaşır və bunu təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM 59.1.12), əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əlil olmasını (CM 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə 100 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Аzərbаycаn Respublikаsının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat cərimə cəzasına məhkum edilsin. Hökmlə müəyyən olunan 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat miqdarında ekspertiza xərci tutularaq Аzərbаycаn Respublikаsının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. İş üzrə maddi sübutun, mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elаn оlunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya bilavasitə Şəki Аpellyаsiyа Məhkəməsinə apellyаsiyа şikаyəti və аpellyаsiyа prоtesti verilə bilər. Hökm аpellyаsiyа şikаyəti və yа аpellyаsiyа prоtesti verilmədiyi hаldа elаn edildiyi аndаn 20 (iyirmi) gündən sоnrа qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar