Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-80/2024 30.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1976-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, xeyli miqdarda, ümumi təmiz çəkisi 11,49 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq həmin narkotik vasitənin bir ədəd sellofan bükülüdə olmaqla 11.49 qram olan hissəsini üzərində daşımaqla saxlamış, 11 iyun 2024-cü il tarixdə Şəki Şəhər- Rayon Polis Şöbəsinin yol-patrul xidməti əməkdaşları tərəfindən Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən Qaz idarəsinin inzibati binasının yaxınlığında saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq həmin gün, saat 17:09 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarı sol yan cibindən bir ədəd qara rəngli sellofan bükülüdə içərisində xeyli miqdarda, təmiz çəkisi 11,49 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir(maddə 8.0.3). Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək, Polis şöbəsinə gətirilərkən onda olmuş narkotik vasitənin çəkisinin ona verilən ittihamda qeyd edilən miqdarda deyil, daha aşağı miqdarda olduğunu bildirmiş və bu səbəbdən özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə deyil, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləməmiş, əvvəllər narkotik vasitənin qanunsuz dövriyyəsində iştirakına və digər cinayət əməllərinə görə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Sonuncu dəfə Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1, 234.2-ci maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2024-cü ildə, saat 1450-də etibarnamə əsasında idarə etdiyi “Qazel” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Şəki şəhəri, N.Nərimanov küçəsi ilə hərəkətdə olan zaman Qaz idarəsininin yaxınlığında yol patrul xidməti əməkdaşları onu saxlamış və özlərini təqdim edərək ondan spirtli içkinin və ya narkotik vasitənin təsiri altında nəqliyyat vasitə idarə edib-etməməsini soruşmuş, bu halı yoxlamaq üçün onu Polis şöbəsinə dəvət etmişlər. O, getməyə etiraz etməmiş, ayıq olduğunu bildirmiş, lakin özü polis əməkdaşlarının idarə etdiyi avtomobilə əyləşib getmiş, avtomobilini isə digər polis əməkdaşı idarə edib Polis şöbəsinə aparmışdır. Polis şöbəsinə çatanda avtomobilinə də baxış keçirilə biləcəyini düşünüb, polis əməkdaşlarının razılığı ilə avtomobilindəki pul saxladığı cüzdanda olan narkotik vasitə hesab edilən marixuananı könüllü təqdim etmək üçün götürüb cibinə qoymuşdur. Polis Şöbəsində o, cibindəki ağ rəngli sellofana bükülü vəziyyətdə olan markotik vasitəni cibindən yerə salıb özündən kənarlaşdırmaq istəmiş, yanında olan Namiq adlı Yol Polisi əməkdaşı onun hərəkətini görüb cibindən düşənin ona aid olub-olmadığını soruşmuş, o da yerdən qaldırıb özünə aid olduğunu söyləyib cibinə qoymuşdur. (O, qeyd etdiyi halın Polis Şöbəsinin müşahidə kamerası tərəfindən çəkildiyini bildirib çəkilişin götürülməsini istəmişdir.) Aparıldığı otaqda Cinayət Axtarışı Şöbəsinin rəisi Fuad adlı əməkdaş ona qara rəngli sellofana bükülmüş narkotik vasitə verib cibinə qoymasını, ona aid olduğunu deməsini, onu ev dustaqlığınada saxlanmasına köməklik edəcəyini demişdir. O, razılaşmaq istəməsə də döyüləcəyindən, dözə bilməyəcəyindən qorxub deyilənləri etməyə razılaşmışdır. Özünə aid üstündə olan narkotik vasitənin isə necə götürülüb hara qoyulduğu xatirində qalmamışdır. Sonra o təhqiqatçının otağına aparılmış, təhqiqaçı özünü təqdim edib üzərində narkotik vasitə gəzdirməsində sübhəli bilindiyini deyib ona siyahı təqdim edərək vəkil seçməsini təklif etmişdir. O, siyahıdan vəkil seçmiş, vəkil gəldikdən sonra təhqiqatçı onu CM-nin 234.1.-ci maddəsi ilə şübhəli şəxs qismində tutmuş, hüquq və vəzifələrini izah etmiş və üzərinə şəxsi axtarış keçiriləcəyini demişdir. Təhqiqatçı, müdafiəçi, iki nəfər yol-patrul xidməti əməkdaşı və mütəxəssisin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı ona üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, o, əynindəki qara rəngli şalvarın sol yan cibindən Fuadın verdiyi qara rəngli sellofan torba bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən üzərinə hərtərəfli baxış keçirilmiş, lakin başqa hər hansısa bir əşya və predmet aşkar olunmamışdır. Təhqiqatçının təklifi ilə o, masanın üzərinə qoyduğu bükülünün içərisindəki marixuananı təqdim edərək iştirakçılara göstərmiş, təxminən bir ay yarım qabaq mərhum Rəhman adlı şəxsdən özünün istifadəsi üçün aldığını bildirmişdir. Ekspertizaya göndərilməsi üçün təqdim etdiyi bükülü təhqiqatçı tərəfindən içərisi boş olan zərfə qoyularaq möhürlənib götürülmüş, nümayiş olunması məqsədilə videoçəkiliş dayandırılmış, nümayiş etdirilmiş video şəkilişlə bağlı heç bir əlavə, düzəliş, şikayət olmamışdır. Üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə, düzəliş, şikayət olmamış, o və iştirakçılar tərəfindən imzalanmışdır. O, əməlindən peşman olduğunu bildirmiş və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs məhkəmə iclasında olduğu kimi ifadə versə də, lakin ibtidai istintaq zamanı üstündə olan narkotik vasitəni Polis Şöbəsinin inzibati binasında üstündən yerə saldığını, polis əməkdaşı görəndən sonra götürüb yenidən cibinə qoyduğunu, özünə məxsus narkotik vasitənin çəkisinin az olduğunu və taleyinin necə olmasını xatırlamadığını, lakin üstünə şəxsi axtarış keçirilərkən təqdim etdiyi narkotik vasitəni Cinayət Axtarış Şöbəsinin rəisi Fuad adlı əməkdaşın qara rəngli sellofana bükülü vəziyyətdə ona verib özünə aid olduğunu deməsini tapşırması haqda bildirməmiş və ifadəsində göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində xidmət etmiş, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, aralarında qohumluq əlaqəsi, ədavə, düşmənçilik olmamışdır. xx.xx.2024-cü ildə, Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı Şahid2 ilə birlikdə Şəki şəhəri, N.Nərimanov küçəsində xidmətdə olan zaman saat 1450 radələrində Qaz İdarəsininin yaxınlığında “Qazel” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin sağına və soluna hərəkət etdirərək manevr etdiyini görüb saxla işarəsi vermişlər. Sürücü nəqliyyat vasitəsini saxlamış, yaxınlaşaraq özlərini təqdim edib, sənədlərini nəzərdən keçirən zaman sürücünün Şəki şəhər sakini Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Şübhəli davranmasını, gözlərinin qızarmasını görüb sürücüdən alkoqolun təsiri altında və ya narkotik vasitələrdən istifadə edib nəqliyyat vasitəsini idarə edib-etmədiyini soruşmuşlar. Sürücü Təqsirləndirilən şəxs hazırda ayıq olduğunu, lakin üzərində narkotik vasitə saxldığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsilə birlikdə Polis Şöbəsinə dəvət edib, aparmış, üstünə şəxsi axtarış keçirilib barəsində tədbir görülməsi üçün şöbə rəhbərliyinə müraciət etmişlər. Həmin şəsin üstünə şəxsi axtarış keçirilməsi təhqiqatçıya həvalə edilmiş, təhqiqatçı xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıdakı vəkil seçmiş və vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuş, üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üstündəki əşyaları könüllü təqdim etməsi Təqsirləndirilən şəxs təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən qara rəngli sellofan torbaya bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində başqa hər hansı əşyanın olub-olmadığı soruşulduqda o, başqa heç nə olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən üzərinə hərtərəfli baxış keçirilmiş, lakin başqa hər hansısa bir əşya və predmet aşkar olunmamışdır. Təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükülünün içərisindəki narkotik vasitəni iştirakçılara göstərib təqdim etmiş, marixuana olduğunu, təxminən bir ay yarım qabaq mərhum Rəhman adlı şəxsdən özünün istifadəsi üçün aldığını bildirmişdir. Ekspertizaya göndərilməsi üçün Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bükülü təhqiqatçı tərəfindən içərisi boş olan zərfə qoyularaq möhürlənib götürülmüş, nümayiş olunması məqsədilə videoçəkiliş dayandırılmış, nümayiş etdirilmiş video şəkilişlə bağlı heç bir əlavə, düzəliş, şikayət olmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə, düzəliş, şikayət olmamış, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə 10 iyun 2024-cü il tarixdə gətirilən zaman Polis Şöbəsində onun yanında üstündən yerə narkotik vasitə atması və yenidən götürüb cibinə qoyması halı olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 10 iyun 2024-cü il tarixdə Polis Şöbəsində gətirilən zaman Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş narkotik vasitənin onun tərəfindən verilib özünə aid olduğunu deməsini tapşırmamış, onda və əməliyyat xidmətində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olmuş, lakin tədbir keçirilib yaxalanmazdan əvvəl hazırki iş qeyd olunan qaydada yaxalanmışdır. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 10 iyun 2024-cü il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 1559-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İş.v 18-20) Şəxsi axtarış aparılması və maddi subutun götürülməsi barədə 10 iyun 2024-cü il tarixli protokolundan və ona əlavə edilmiş video diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli sellofan bükülüdə içərisində xeyli miqdarda, təmiz çəkisi 11,49 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. (İş.v 40-47) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyun 2024-cü il tarixli 3-16-16-2-17/535 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut... " sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 11,49 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində göstərilmişdir ki, marixuananın təmiz çəkisi – 11,49 qram olmuş, tədqiqata sərf edilmiş - 0,02 qram,. qalıq-11,47 qram qalmışdır. Aparılmış tədqiqatın dəyəri 35,97 manat təskil edir. (İş.v 61-64) Şəki Rayon Məhkəməsinin 4(075)-50/2024 saylı 12 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə, yəni 10 iyun 2024-cü il tarixdən hesablanmaqla, 10 sentyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (İş.v 113-115) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayon Psixiatriya xəstəxanasının 24 iyun 2024-cü il tarixli, 515 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İş.v 129) DİN-nin BƏSİİ-nin 18 iyun 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmünə əsasən CM-nin 143, 42-1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Biləsuvar Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə CM-nin 226-1-ci maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il Amnistiya qərarının 3-cü maddəsinin 3-cü bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 236-1.1-ci maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1, 69.3-cü maddələri ilə 1 il 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şəki Rayon Məhkməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1, 234.2-ci maddəsi ilə 3 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (İş.v 130-131) Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Şəki rayon Mərkəzi Məstəxanası” publik hüquqi şəxsin 25 iyun 2024-cü il tarixli, 18- 1-71/2-930/2024 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1999-cu il tarixdən “Konnabinoidlərin süni qəbulu nəticələri narkomaniya” diaqnozu ilə “Şəki rayon Mərkəzi Məstəxanası” publik hüquqi şəxsin Poliknilnika şöbəsinin Narkoloji kabinetində qeydiyyatdadır. (İş.v 132) Şəki Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 1(075)-65/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1, 234.2-ci maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (İş.v 134-158) Şəki şəhəri İHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin "Dağ dibi" məhəllə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 10138 nömrəli arayışıdan və xx.xx.2024-cü il tarixli 10139 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (İş.v 167- 168) Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(107)-52/2024 saylı 24 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 4(075)-50/2024 saylı 12 iyun 2024-cü il tarixli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədə saxlanılmışdır. (İş.v 170-173) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 11 iyul 2024-cü il tarixli, 1190 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkotik kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (İş.v 191) Elektron portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-cü il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 adlı 2 övladı var. Şəki Şəhər-Rayon Polis şöbəsinin 04 oktyabr 2024-cü il tarixli, 313109/2-23153/24 nömrəli Şəki Şəhər-Rayon Polis şöbəsinin inzibati binasının giriş-çıxışında quraşdırılmış video-müşahidə kameralarının yaddaş qeydiyyat müddəti 15 gün olduğundan 11 iyun 2024-cü il tarixə olan video çəkilişlərin təqdim edilməsi mümkün deyil. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan qurudulmuş marixuananın istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs ona verilən ittihamda göstərilən narkotik vasitənin çəkisinin Polis Şöbəsinə gətirilərkən üstündə olmuş narkotik vasitə olmadığı və çəkisinin daha artıq olan başqa bir bükümün Polis Şöbəsində ona verilib özünə aid olmasını boynuna götürməsi tapşırığını qorxudan icra edib etiraf etməsi ilə bağlı göstərdikləri məhkəmə istintaqında araşdırılmış, sorğu edilib təqsirləndirilən şəxsin tələb etdiyi videokamera çəkilişi istənilmiş, lakin uzun müddət keçdiyi üçün kameranın yaddaşında çəkilişlərin qalmadığı səbəbindən göstərdiyi hal təsdiqini tapmamışdır. Həmin halla bağlı tələb etdiyi şahidlər də əlavə şahid qismində dindirilmiş, lakin təqsirləndirilən şəxsin üzərində başqa sellefon bükülüdə narkotik vasitə olduğu, polis əməkdaşı tərəfindən daha artıq çəkidə ona narkotik vasitə verilməsi, üzərindən aşkar olunmuş narkotik vasitənin polis əməkdaşının verdiyi narkotik vasitə olduğu, özünə aid olmadığı sübuta yetməmiş və ittihamın şübhə altına alınmasına əsaslar müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, xeyli miqdarda, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşımaqla saxlamış, 10 iyun 2024-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin yol-patrul xidməti əməkdaşları tərəfindən Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən Qaz idarəsinin inzibati binasının yaxınlığında saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq, saat 1709 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli sellofan bükülüdə içərisində xeyli miqdarda, təmiz çəkisi 11,49 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs sonuncu məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qəsdən az ağır cinayət əməli törətdiyi üçün əməlində cinayətin residivi mövcuddur. Təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olması CM-nin 61-ci maddəsində cəzasını ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, o, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olan şəxs hesab edilərək eyni zamanda məhkumluğu qanunsuz narkotik vasitə istifadə etmə ilə bağlı olmuşdur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ona əməlində olan residivə görə cəza təyin edilməklə, cəzanın məqsədinə nail olmaq mümkündür. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran əməlində cinayətin residivinin olmasını şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli Qərarı). CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bundan əvvəlki məhkum edildiyi cinayət cəzasını diqqətdə saxlamaqla, nəticə çıxarmaması qənaətinə gəlir. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaq şərtilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs həbsdə olma müddəti cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin başlanğıcı xx.xx.2024-cü ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs Şəki rayon Narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 11,47 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Həbsdə olma müddəti cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin başlanğıcı xx.xx.2024-cü ildən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Şəki rayon Narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Şəki Şəhər–Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 11,47 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №1(075)-80/2024
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-80/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver