Məhkəmə qərarları › İş №1(075)-80/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-80/2025

03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-80/2025 03.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1999-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, qeyr-rəsmi evli, himayəsində azyaşlı uşağı olan, faktiki subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində 24 fevral 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, xeyli miqdarda, təmiz çəkisi 14,28 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib həmin narkotik vasitəni bir ədəd “Sobranie”markalı siqaret qutusunun içərisində olmaqla üzərində olan qara rəngli çantanın içərisində daşımaqla saxlamış, 24 fevral 2025ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən Şəki şəhəri, Bağbanlar küçəsində saxlanılaraq həmin tarixdə saat 20:57 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman üzərində olan qara rəngli çantanın içərisindən həmin ağ rəngli “Sobranie” markalı siqaret qutusunda olan xeyli miqdarda, təmiz çəkisi 14,28 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyləri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək, istintaqda verdiyi ifadədən fərqli ifadə edərək göstərmişdir ki, cinayət işinin materiallarında göstərilən qaydada onun üstündən narkotik vasitə aşakar edilməmiş, həmin narkotik vasitə ona aid olmamışdır. O, Şəki şəhər sakini Şahid3 ilə Qrabağ zonasında, işğaldan azad olunmuş ərazilərdə tikinti quruculuq işləri görən briqadaların birində fəhlə işləyərkən tanış olmuş, qohumluq əlaqələri, aralarında ədavət, düşmənçilik olmamışdır. İşlədikləri yerdə hava soyuq olduğu üçün iş dayanmış, digər işçilər kimi onlar da evlərinə qayıtmışlar. Maddi çətinliklərini qarşlamaq üçün işsiz dayanmaq istəməmiş, Cavidan iş yeri tapmaqda kömək etmək imkanı olduğunu dediyi üçün zəng vurub telefonla danışaraq 24 fevral 2025-ci ildə iş tapmaq üçün tanışı Hüseynlə birlikdə Şəki şəhərinə gəlmişlər. Öz avtomobilləri olmadığı üçün pulunu özü ödəyəcəyi şərti ilə Hüseynə getmək üçün maşın tapmasını xahiş etmiş, Hüseyn tanışı Elgündən avtomobili ilə onları Şəki şəhərinə aparıb gətirməyi 30 manata danışıb razılaşmışdır. Onlar üçü birlikdə Yevlax şəhərindən çıxıb günorta vaxtlarında Şəkiyə getmişlər. Cavidanla telefonda danışanda onları Şəkinin yuxarı hisssinə çağırmış, ona görə də təxmini olaraq yuxarı hissədə, Karvansara ərazisində çatıb Cavidanla əlaqə saxlamışdır. Cavidan onları Qax rayonuna gedən yoldakı dairəvi hissə ilə körpünün yaxınlığındakı çayxanada gözlədiyini deyib həmin yerə çağırdığından qayıdıb körpünün yaxınlığına getmişlər. Çatıb onunla Hüseyn avtomobildən düşmüş, Elgün isə avtomobildə gözləmişdir. Bu vaxt onlara yaxınlaşan şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, onları Polis şəbəsinə aparmışlar. Polis şöbəsində hər birinin ayrı saxlamış, onun üzərinə baxış keçirib heç bir qanunsuz vasitə aşkar etməmişlər. Lakin üzərlərində narkotik vasitə olduğu barədə məlumat daxil olduğunu bildirib narkotikin harada olduğunu soruşub təqdim etməsini istəməklə yanaşı həm də narkotikin avtomobildə və digərlərində olduğu barədə danışıqlar aparmışlar. O, Hüseyn və Elgünün onun xahişi ilə Şəki şəhərinə gəldiklərini, onun səbəbindən belə bir çətin hadisə ilə rastlaşdıqlarını düşünüb, Hüseyn və Elgünün buraxılmasını xahiş edib, heç bir günahı olmadan polis əməkdaşlarının təklif etdiyi narkotik vasitəni özününki kimi təqdim etməyə razılaşmışdır. O, yolda polis əməkdaşları tərəfindən yaxalandığı kimi davranış etmiş, polis əməkdaşları da video çəkiliş aparmaqla onu yaxalayıb üstündən narkotik vasitəni aşkar etmişlər. O polis əməkdaşlarının təklifi ilə üzərində olan narkotik vasitəni çıxardıb tədim etmiş, potokol tərtib olunaraq videoçəklişlə narkotik vasitə götürülmüşdür. O və digər iştirak edənlər tərəfindən protokol imzalanmışdır. Sonra həmin götürülmüş narkotik vasitə Polis şöbəsində təhqiqatçının otağında vəkilinin yanında digər işritakçılarla birlikdə baxış keçirilməklə qablaşdırılmışdır. O, aşkar olunmuş narkotik vasitənin özünə aid olduğunu bildirmişdir. Ona görə də özünü təqsirli bilməyib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı veridiyi ifadəsində özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, fəhləlik edərək ailəsini dolandırmaqla məşğul olmuşdur. Sonuncu dəfə Cəbrayıl rayonunda tikintidə fəhlə işləmiş və orada Şəki şəhər sakini Cavidan adlı şəxslə tanış olmuşdur. Hava şəraiti ilə əlaqdar olaraq işlər dayandığı üçün 3-4 gün qabaq yaşadığı Yevlax şəhərinə qayıtmışdır. xx.xx.2025-ci il tarixdə Cavidana zəng edib danışan zaman Şəki şəhərinə gəlib onunla çay içmək istədiyini və iş barədə danışmaq istədiyimi bildirmişdir. Cavidan da onunla razılaşmış və o, həmin gün günortadan sonra dostu Hüseynə zəng edərək Şəki şəhərinə getmək üçün taksi tapmasını xahiş etmişdir. Həmçinin Hüseynə, tanışı Cavidan ona da Qarabağ zonasında iş tapmağa köməklik edəcəyini bildirmişdir. Hüseyn tanımadığı taksi sürücüsü ilə danışmış və həmin şəxs onları 30 manat müqabilində Şəki şəhərinə aparmağa razılaşmışdır. Həmin vaxt pulları olmadığı üçün taksi şoferinə pulu sonra verəcəklərini bildirmişlər. Onlar axşamüstü Yevlax şəhərindən çıxmış və təxminən saat 20:30 radələrində Şəki şəhərinə çatmışlar. Şəki şəhərinə çatdıqdan sonra tanımadığı bir küçədə sürücüyə saxlamasını demişdir. Sürücü avtomobili saxladıqdan sonra onunla birlikdə gələn Hüseynə və taksi sürücüsünə avtomobildə gözləmələrini bildirmişdir. O, avtmobildən bir az aralanıb küçədə dostu Cavidanı gözləmişdir. Bu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmişlər. Sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə varsa təqdim etməyini təklif etmişlər. O, üzərində olan çantanın içərisindəki ağ rəngli “Sobranie” markalı siqaret qutusunda olan marixuananı təqdim etmişdir. Sonra üzəri yoxlanılmış, hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş marixuana polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş qablaşdırma ilə birlikdə 20,5 qram olmuşdur. Həmin kütlə qablaşdırılmış, özü və polis əməkdaşları tərəfindən imzalanmışdır. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində onu təhqiqatçının otağına aparmışlar. Təhqiqaçı özünü təqdim edib siyahı verərək vəkil seçməsini təklif etmişdir. Siyahıdan seçdiyi vəkil bir müddət sonra gəlmiş, təhqiqatçı onu CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutumuş, hüquq və vəzifələrini izah etmiş və üzərində olan əşyalara baxış keçiriləcəyini demişdir. Bundan sonra videoçəkiliş ilə üzərindən aşkar edilmiş əşyalara baxış keçirilmişdir. Videoçəkiliş ilə üzərinə baxış keçirilən zaman otaqda təhqiqatçı, müdafiəçi, iki nəfər əməliyyat müvəkkili və mütəxəssis olmuşdur. Təhqiqatçı tərəfindən üzərindən aşkar oluanaraq qablaşdırılmış içərisində narkotik vasitə marixuanaya bənzər yaşıl kütlə olan “Sobranie” markalı siqaret qutusuna baxış keçirilmişdir. Kütlənin narkotik vaitə olan qurudulmuş marixuana olduğunu və təxminən bir həftə bundan qabaq Yevlax şəhərində adını bilmədiyi şəxsdən 110 manata aldığını bildirmişdir. O, üzərində olan iki ədə beş manatlıq pul əskinazını və “Redmi” markalı mobil telefonu təqdim etmişdir. İçərisində yaşıl kütlə olan “Sobranie” markalı siqaret qutusu, “Redmi” markalı telefonu və iki ədə beş manatlıq pul əskinazı təhqiqatçı tərəfindən hər biri ayrılıqda zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək götürülmüş, iştirakçılar və özü tərəfindən imzalanmışdır. Bundan əlavə olaraq narkotik vasitəni alan zaman yanında heç kimin olmadığını, təxminən 3-4 ay olar ki narkotik vasitə istofadə etdiyini, həmin narkotik vasitəni istifadə etmək məqsədilə saxladığını, həmin narkotikdən heç kimə satmadığını, qazanc əldə etmədiyni və pay vermədiyini, ümumiyyətlə narkotik satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunan narkotikdən başqa heç yerdə narkotik vasitə saxlamadığını, saxlanılıb polis şöbəsinə gətirilərkən və sonra ona qarşı hər hansı fiziki və ya psixi təzyiqə yol verilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, heç bir münasibətləri, o cümlədən ədavət və düşmənçilikləri, qohumluq əlaqələri olmamışdır. 24 fevral 2025-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Şəki şəhər ərazisində narkotik vasitələrin qəbulu və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirləri keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə məruzə olunmuşdur. Şöbə rəhbərliyinin icazəsi ilə 24 fevral 2025-ci ildə onun, Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri, polis leytenantı Şahid5, polis leytenantı Şahid7 və polis kiçik leytenantı Şahid6 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. Qrup üzvləri ilə birlikdə Şəki şəhəri, Bağbanlar küçəsində əməliyyat tədbirləri keçirmişlər. Keçirilən əməliyyat axtarış tədbirləri zamanı Şahid7 tərəfindən videoçəkiliş aparılmışdır. Əməliyyat axtarış tədbirləri zamanı Şəki şəhəri Bağbanlar küçəsində, M.Əfəndi ziyarətgahının yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra narkotik vasitə saxlaması barədə məlumat əldə etdikləri üçün üzərinə baxış keçirəcəklərini bildirmişlər. Saat 20:57 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündə yoxlama və götürmə aparılmasından əvvəl üzərində olması ehtimal edilən narkotik vasitələri, psixiotrop maddələri, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq yaşıl rəngli gödəkçənin üzərindəki qara rəngli çantanın içərisindən ağ rəngli “Sobranie” markalı siqaret qutusunun içərisindən göy rəngli marixuanaya bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzəriə şəxsi axtarış keçirilmiş, üzərində göy rəngli “Redmi Not 8” markalı telefon və hərbi bileti olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər kütlə qablaşdırılaraq DİN-in 53 nömrəli möhürü ilə möhürlənərək elektron tərəziə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi təxmini 20 qram olmuşdur. Hadisə yerində protokol tərtib edilməsi çətinlik yaratdığı üçün birlikdə Polis şöbəsinə gəlmişlər. Polis şöbəsində əməliyyat axtarış tədbirlənin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsi üçün protokol tərtib olunmuş, ucadan oxunmuş və doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyataxtarış tədbirləri zamanı toplanmış materialın aidiyyəti üzrə təhqiqat bölməsinə verilməsi üçün şöbə rəhbərliyinə məruzə olunmuş və materialın icrası təhqiqatçıya həvalə edildiyi üçün Təqsirləndirilən şəxs təhqiqatçının xidməti iş otağına aparmışlar. Təhqiqatçı xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıdan seçdiyi vəkil bir qədər sonra gəlmişdir. Sonra şübhəli şəxs qismində tutularaq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış keçirilməsi üçün mütəxəssis qismində Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri Qiyam Səfərəliyev dəvət edilmiş və ona hüquq və vəzifələri izah olunmuşdur. Vəkilin, onun özünün, Şahid5 və Şahid6 iştirakları ilə Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuanaya bənzər yaşıl kütlənin haradan əldə edilməsi soruşulduqda, həmin yaşıl kütlənin qurudulmuş marixuana olduğunu və təxminən bir həftə əvvəl Yevlax şəhərində tanımadığı şəxsdən 110 manat müqabilində aldığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan digər əşya və ya predmetləri təqdim etməyi xahiş etdikdə o, üzərində olan bir ədəd “Redmi Note 8” markalı mobil telefonu, bir ədəd “Birkart” plastik kartını və iki ədəd beş manatlıq pul əskinazlarını təqdim etmişdir. Təhqiqatçı tərəfindən marixuanaya bənzər yaşıl kütlə, bir ədəd telefon və iki ədəd beş manatlıq pul əskinasları ayrılıqda zərflərə qablaşdırılaraq götürülmüş və möhürlənmişdir. Zərflərin üzərinə digər iştirakçılarla birlikdə imza etmişdir. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, oxunmuş, o, və digər iştirakçılar tərəfindən protokol imazlanmışdır. Şahidlər Şahid6, Şahid5 və Şahid7 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslə birlikdə Qrabağ zonasında, işğaldan azad olunmuş ərazilərdə tikinti quruculuq işləri görən briqadalarda işləmiş, qohumluq əlaqələri, aralarında ədavət, düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxs narkotik istifadəçisi kimi tanımamış, çox yaxşı bir insan kimi tanımışdır. Bu ilin yanvar, fevral ayları onlar bir yerdə olmuş, Təqsirləndirilən şəxs qəti olaraq narkotik çəkməsini görməmişdir. Fevral ayı havalar soyuq olduğuna görə, ayın 20-si günü qar yağdığına görə işləyə bilməyib fevralın 21-i günü Şəkiyə evlərinə qayıtmışdır. Təqsirləndirilən şəxs ondan da bir az tez evlərinə qayıtmışdır. Samir onunla Vatsap vasitəsilə fevral ayının 24-ü işlə bağlı, işlərinin nə vaxt başlayacağından danışmış, söhbət zamanı Şəkiyə gəlmək istədiyini demişdir. O, başının üstündə yeri olduğunu, gəlməsini Samirə bildirmişdir. Təqsirləndirilən şəxs maşında olduğunu, gəldiyini söyləmiş, o, Samirə çayçıda gözlədiyini demişdir. Üstündən biraz vaxt keçmiş, Polis əməkdaşları ona zəng vurmuş, Polis şöbəsinə yaxınlaşması ona təklif olunmuşdur. O, Polis şöbəsinə getmiş, orada Samir adlı şəxsin üstündən narkotik vasitə aşkar olunduğunu eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, avtomobili ilə taksi fəaliyyəti göstərmişdir. Qonşusu Hüseyin avtomobili ilə Şəkiyə gedib gələ biləcəklərini soruşmuş, hə cavabından sonra nə verəcəyi sualına 40 manat verəcəyini dedimişdir. Samir Şirinbovla isə tanışlıqları olmamışdır. O, Hüseyn və Samirin Şəkiyə işlə bağlı gəldiklərini başa düşmüşdür. Şəkiyə yaxınlaşanda gedəcəkləri yeri yaxşı tanımadıqları üçün telefonlarına Samirin dostları gedəcəkləri yerin Konumunu atmışdılar. O gedib avtomobili saxlamış, Samirlə Hüseyn çayxanaya getmək üçün avtomobildən düşmüş, o isə avtomobildə oturub ailəsi ilə danışmaq üçün telefonunu açıb alo deyən vaxt yaxınlaşıb polis əməkdaşları olduqlarını deyən şəxslər onları Polis şöbəsinə aparmışlar. Avtomobilini polis əməkdaşı idarə etmiş, o da başqa avtomobildə arxa oturacaqda əyləşib Polisə getmişdir. Polis Şöbəsində narkotiklə bağlı gəldikləri soruşulmuş, o, heç nədən xəbəri olmadığını, xəbərsiz olduğunu bildirib yox demişdir. Onun üzərini yerində axtarıb heç nə aşkarlar etməmişlər. Onu axşam vaxtı Polisdən buraxmişlar. Axtarış zamanı üzərində siqaret və 5-10 manat pul olmuşdur. Gəldikləri vaxt avtomobildə olarkən Samirdə narkotik vasitə olduğunu, həmçinin Polis şöbəsində olarkən və Samirin üsündən narkotik vasitə aşkar olunduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla bir məktəbdə oxumuş, yoldaşlıqları olmuşdur. 24 fevral 2025-ci ildə Təqsirləndirilən şəxs maşın varsa Şəki şəhərinə gedib qayıtmağı ona təklif etmiş, o, tanışı Elgünə zəng edib Şəkiyə getmək lazım olduğunu bildirmişdir. O, işləmək üçün bir müddət əvvəl Moskva şəhərinə getmiş, işi alınmamış, orada olarkən telefon nömrəsini də itirmişdir. Lakin danışıq vasitəsi kimi nörənin vorsapını işlədə bilmişdir. Hamı ilə telefon əlaqəsini də həmin votsap nömrəsi ilə saxlamışdır. Hər ikisi iş axtardıqları üçün Samir tanışı vasitəsilə iş tapacağını dediyi üçün İşi danışmaqdan ötrü birlikdə Şəkiyə gəlmişlər. Şəkiyə gəlib qayıtmaq haqqını Elgünlə 30 manata razılaşmışlar, həmin pulu da Samir verməliymiş. Avtomobildən bir dəfə su almağa düşmüşlər, o da 5 dəqiqə çəkmiş, Şəkiyə çatdıqdan sonra körpünün yanına gəlmələrini demişlər. Həmin yerə gəldikdə polis əməktaşları yaxınlaşıb özlərini təqdim edərək, yerində üstlərini axtarmış, heç nə aşakar etməmişlər. Sonra onları Polis Şöbəsinə aparmış, izahatını alıb 24 saatdan buraxmışlar. Gəldikləri vaxt avtomobildə olarkən Samirdə narkotik vasitə olduğunu, həmçinin Polis şöbəsində olarkən və Samirin üsündən narkotik vasitə aşkar olunduğunu görməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə törətdiyi əməli səmimi etiraf etməsi, üstündən aşkar olunmuş narkotik vasitənin ona aid olmadığını məhkəmə baxışna qədər bir dəfə də qabartmayıb, mübahisələndirməməsi, şikayət etməməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatətə baxılarakən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və vəkilinə bu haqda şikayət etməyib bildirməməsi, eyni zamanda barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü təqdimat verilməsi barədə vəsatətin təmin olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror imtina etdikdən sonra da həbsdən azad vəziyyətdə narkotikin ona aid olmadığını heç kimə bildirməməsi, cinayət işinin materialları ilə üzlaşıb üst-üstə düşür. Məhkəmə istintaqı zamanı narkotik vasitənin ona aid olmadığını desə də ibtidai istintaq zamanı toplanmış sübutları təkzib edəcək həddə mötəbər dəlillər gətirməklə məhkəməni inandıra bilməmiş, sonda barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 24 fevral 2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və gəzdirməsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat tədbiri zamanı sonuncu 24 fevral 2025-ci il tarixdə, saat 20:57-də Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən “Məhəmməd Əfəndi” ziyarətgahının yaxınlığında piyada hərəkət edərkən saxlanılmışdır. Üstünü yoxlanılma və götürülmə aparılmasından əvvəl onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq yaşıl rəngli gödəkçənin üzərindəki qara rəngli çantanın içərisində olan ağ rəngli “Sobranie” markalı siqaret qutusunun içərisindən göy rəngli marixuanaya bənzər kütləni təqdim etmişdir. Qablaşdırma ilə birlikdə narkotik vasitəyə bənzər kütlənin çəkisi 20 qram olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi, narkotik vasitə olan marixuanaya bənzər kütlə qablaşdırılaraq DİN-in 53 nömrəli möhürü ilə möhürlənərək, imzalanmış və ekspertizaya təqdim olunması üçün götürülmüşdür. İş üçün əhəmiyyət kəsb etmədiyindən digər əşyalar sonuncuya qaytarılmışdır. 24 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 21:33-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 24 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs tutulması haqqında onun atası X3 24 fevral 2025-ci il tarixdə saat 21:37-də telefon vasitəsilə məlumat verilmişdir. 24 fevral 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Şəki ŞRPŞ-ya Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan olunmuş narkotik maddələr gəzdirmək satmaqla məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu, 24 fevral 2025-ci il tarixdə saat 20:57-də Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən “Məhəmməd Əfəndi” ziyarətgahının yaxınlığında piyada hərəkət edərkən saxlanılmışdır. Üzəri yoxlanılmış, üzərindəki qara rəngli çantada olan 1 ədəd ağ rəngli “Sobranie” markalı siqaret qutusunun içərisində marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 2 ədəd ağ rəngli zərfə və 2 ədəd DVDyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar olunmuş zərfdən 01 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində yaşıl rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra həmin kütlə qablaşdırılıb möhürlənmişdir. Daha sonra 02 ədəd DVD diski baxış keçirilən zaman onda olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər kütlənin özünə məxsus olduğunu bildirməsi, həmin narkotik vasitəni təxminən 1 həftə əvvəl Yevlax rayonundan adını bilmədiyi şəxsdən 110 manat pul müqabilində almasını bildirməsi öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Şöbəsinin 25 fevral 2024-cü il tarixli, 3-16-16-17/2-164/2025 nömrəli bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik...." yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd siqaret qutusunda təmiz çəkisi - 14,28 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram istifadə olunmuşdur, qalıq 14,26 qram təşkil etmişdir. Ekspertiza tədqiqatının dəyəri 35,97 manatdır. 26 fevral 2025-ci il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, həbs qətimkan tədbiri seçilməsi üçün nəzərdə tutulan əsasların mövcudluğu kifayət qədər əsaslandırılmadığı üçün, bundan əlavə təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığına, törətdiyi cinayət əməlini səmimi etiraf etdiyinə görə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə, yəni 24 fevral 2025-ci il tarixdən hesablanmaqla 24 may 2025ci il tarixədək həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməyərək məhkəməyə tədimat verilməsindən imtina edilmişdir. 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, CM-nin 234-cü maddəsi ilə Təqsirləndirilən şəxs 26 fevral 2025-də Şəki ŞRPŞ-nin MSY-dən həbsdən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qərarın surətini həmin gün saat 15:43-də almışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 20 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası ünvan 3zrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası ünvan 3zrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qonşuların deməsinə görə yaşadığı müddətdə, qonşularla yaxşı münasibətlər qurmağa çalışmış, küçənin ətraf məhəllə sakinləri ilə ünsiyyətdə olmuş, birgə yaşayış qaydalarına müəyyən qədər riayət etməyə çalışmış, qonşu sakinlərin xeyir-şər məclislərində iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı müddətdə küçə və məhəllədə qismən yaxşı qonşu kimi səciyyələndirilmişdir. Yevlax Rayon Mərkəzi X4 Şəxsi tərəfindən verilmiş 17 aprel 2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xəstəxananın psixo-nevroloji kabinetində dispanser müşahidəsində yoxdur. 28 aprel 2025-ci il tarixli mobil nömrələrə daxil olan zənglərə və SMS mətnlərinə dair daxil olmuş məlumata baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2025-cü il tarixli AZF/LGL-1643/25 nömrəli məktubu ilə təqdim edilmiş “CD” diskdə olan ***-***-**-** saylı mobil nömrəyə dair məlumatlara baxış keçirilərkən, "Mexsusluq tarixchesi_OTHER_702229462" faylı açıldıqda həmin faylda ***-***-**-** mobil nömrəsinin ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs adına olduğu, «Mushteri zenglerinin detallashmasi _MSİSDN_702229462» faylı açıldıqda həmin faylda ***-***-**-** mobil nömrəsinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müxtəlif nömrələrdən zəng qəbul etdiyi və zəng olunduğu, xx.xx.2025-ci il tarixdə ***-***-**-** mobil nömrəsinin “UGNJ0927E/UGNJ0927 Yevlax New/Yevlax şəhəri, Nizami prospekti, 128/Yevlakh/ (40.612xx/xx.15746)”, “LGNJ0657O4/LGNJ0657 Yevlak_Pive//Yevlakh/ (40.60xx/xx.1594)”, “GSHK2057C/GSHK2057 Chaygaragoyunlu/Şəki rayonu, Çayqaraqoyunlu kəndi/Shaki/ (40.839xx/xx.22273)”, “USHK2087Q/USHK2087 Sheki Village/Şəki rayonu, Şəki kəndi, kəndin şimal qərbi/Shaki/ (40.908xx/xx.20465)/” “LSHK2087O2/LSHK2087 Sheki Village/Şəki rayonu, Şəki kəndi, kəndin şimal qərbi/Shaki/ (40.908xx/xx.20465)”, anten dairələrini əhatə etməsi müəyyən edilmişdir. Zenglerin_Mexsusluq_Tarixceleri__**********1750___702229462_NAR_2350» faylı açıldıqda həmin faylda ***-***-**-** mobil nömrəsindən zəng edilmiş və daxil olmuş mobil nömrə istifadəçilərinin anket məlumatları qeyd olunması müəyən edilmişdir, cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır. “SMS detallashmasi_MSİSDN_702229462 (1)” faylı açıldıqda Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** mobil nömrəsindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində hər hansı şəxsə yazılmış və ya hər hansı şəxsdən qəbul edilmiş mesaj aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş xx.xx.2024-ci il tarixli 440 nömrəli məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şirinov X2 Şəhər Rayonlararası Narkoloji Dispanserinə müraciət etməmiş və orada qeydiyyatda deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən təqdim edilmiş məhkəmə-narkoloji ekspertizasının 02 may 2025-ci il tarixli 718 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkməmişdir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülmüşdür. 16 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvədə saxlanılmış, onun əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.2-ci maddələrinin tərkibi olmadığından, həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan marixuananın istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, xeyli miqdarda, təmiz çəkisi 14,28 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib bir ədəd “Sobranie”markalı siqaret qutusunun içərisində olmaqla üzərində olan qara rəngli çantanın içərisində daşımaqla, 24 fevral 2025-ci ildə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şəki şəhəri, Bağbanlar küçəsində yaxalanaraq saat 20:57 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilib üzərində olan qara rəngli çantanın içərisindən ağ rəngli “Sobranie” markalı siqaret qutusunda olan xeyli miqdarda, təmiz çəkisi 14,28 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı aşkar olunaraq götürülənə kimi saxlamışdır. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CMnin 234.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndirildiyi maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən hər bir narkotik vasitənin ictimai təhlükəliliyini diqqətdən kənara qoymamaqla yanaşı, cinayətin predmeti olan qurudulmuş marixuananın daha güclü təsirə malik narkotik vasitələrdən fərqli olduğunu, cəzanın ədalətliliyi baxımından daha təhlükəli narkotik vasitə və yollarla törədilən cinayətlərin cəzalandırılmasına fərqli yanaşmanı əhəmiyyətli saymaqla, cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı davranışını, törətmiş olduğu ictimai təhlükəli əməlin fərqində olmasını nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 24 fevral 2025-ci ildən 26 fevral 2025-ci ilədək həbsdə saxlandığı cəmi 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Yevlax şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Yevlax şəhər Narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalan çəkisi müvafiq olaraq 14,26 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 24 fevral 2025-ci ildən 26 fevral 2025-ci ilədək həbsdə saxlandığı cəmi 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 2200-dan növbəti gün saat 0700-dək yaşayış yerini tərk etməmək, Yevlax şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Yevlax şəhər Narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalan çəkisi müvafiq olaraq 14,26 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar