Məhkəmə qərarları › İş №1(075)-81/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-81/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-81/2024 20.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx.xx.1985-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmə cinayət əməlini törətmişdir. Belə ki, o, 21 may 2024-cü il tarixdə saat 19:20 radələrində sürücülük vəsiqəsi əsasında və ayıq vəziyyətdə olmaqla idarə etdiyi “Mersedes-Benz C-180” markalı, **-CD- *** dövlət nömrə nişanlı avtomobillə Şəki şəhəri, Salman Mümtaz küçəsi ilə şəhərin Zərifə Əliyeva küçəsinin kəsişməsi istiqamətində saatda 50 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərini, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin hərəkətləri yerinə yetirməyərək, cinayətkarcasına özünə güvənib ehtiyatsızlıq edib, hərəkət üçün təhlükə yarandığı anda nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməmiş, həmin küçədə yerləşən “Uğur” inşaat dekorativ örtük mağazasının yaxınlığında, yolun sağ kənarından soluna doğru keçməyə çalışan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs açıq kəlləbeyin travması, hər iki gicgah sümüyünün sınığı, sol alın-təpə sümüklərinin açıq xətti sınığı, baş beyinin sol alın-təpə paylarının əzilmişi, travmatik beyin qanaxması, sağ təpəgicgah nahiyəsində yara, sağ orbitanın lateral divarında yerdəyişməmiş xətti sınıq, sağ almacıq nahiyəsində yumşaq toxumaların əziyi, sol baldır sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişən sınıqları, dalağın cırılması, sağ əlinin barmaqlarında və sağ dizin ön səthində sıyrıqlar kimi dərəcəsinə görə sağlam şəxslər üçün götürüldükdə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına və almış olduğu xəsarətlərlə birbaşa səbəbli əlaqəli olan açıq kəlləbeyin travması nəticəsində inkişaf edən travmatik beyin ödemindən 02 iyun 2024-cü il tarixdə saat 20:00-da müalicədə olduğu Şəki Rayon Mərkəzi Xəstəxanasında ölməsinə səbəb olmuşdur. Beləliklə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin, şahid ifadəsi və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 18:50 radələrində evlərindən arvadı ilə birlikdə idarə etdiyi Mersedes-Benz C-180 markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobilə əyləşib uşaqlarını məktəbdən gətirmək üçün yola düşmüşlər. Əvvəlcə Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən Fizika riyaziyyat təmayüllü məktəbinə gedib, uşaqlarının hər üçünü məktəbdən götürmüşlər. Sonra birlikdə idarə etdiyi avtomobillə Şəki şəhəri, Bağbanlar küçəsində yaşayan qaynanasının yaşadığı ünvana getmişlər. Arvadı anasına çatacaq çantanı verəndən sonra geri qayıdıb Heydər Əliyev prospektinə çıxmışlar. Həmin prospektlə “Qax dayanacağı” istiqamətinə hərəkət edib, qarşıda dairədən sola dönüb Salman Mümtaz küçəsi ilə şəhərin Z.Əliyeva küçəsinin kəsişməsi istiqamətində hərəkət etmişdir. Həmin küçə ilə hərəkətini davam etdirib yolun sağ kənarında yerləşən “Uğur” inşaat dekorativ örtük mağazasına çatmağa az qalmış, təxminən 200-250 metr qalmış yolun sağ kənarında üç qadının dayandığını görmüşdür. Qadınların yolun sağ kənarından yolun hərəkət hissəsinə daxil olub yolun sol kənarına doğru hərəkət etdiklərini görəndə orta zolaq ilə hərəkət etmişdir. Lakin qadınları görəndən sonra yolun sol zolağına keçib hərəkətini davam etdirmişdir. Həmin vaxt qarşıda onunla eyni istiqamətdə sağ hərəkət zolağı ilə bir ağ rəngli Mercedes avtobusu hərəkət etmişdir. Həmin Mercedes avtobusu qarşıda yolun sağ kənarında dayanmışdır. Öz hərəkət zolağı ilə hərəkətini davam etdirib Mersedes markalı avtobusa çatan anda orta hərəkət zolağında olan piyada sonradan adı ona məlum olan Nəcibə adlı qadının yolu sol kənarına doğru qaçmağa başladığını görmüşdür. Piyadanı görən kimi piyadanın qarşısından ötüb keçib gedə biləcəyini fikirləşib yüngül tormoz vermişdir. Lakin aralarında məsafə az olduğuna görə hadisənin qarşısını ala bilməmiş və avtomobilinin sağ qabaq hissəsi ilə piyadanı vurmuşdur. Zərbədən piyada avtomobilinin mühərrik örtüyünün üstünə çırpılıb yerə düşmüşdür. Piyadanı vurandan sonra avtomobili həmin yerdə saxlayıb düşüb piyadaya köməyə getmişdir. Piyadaya yaxınlaşanda onun huşunun özündə olmadığını görmüş və DİN-102 xidmətinə zəng vurub yolu keçmək istəyən piyadanı vurduğunu, onun xəsarət aldığını və təcili tibbi yardım çağırmalarını xahiş etmişdir. Az sonra hadisə yerinə təcili tibbi yardım həkimləri gəlmiş və piyadanı xəsarət aldığı üçün avtomobilə mindirib xəstəxanaya aparmışlar. Sonra isə hadisə yerinə polis əməkdaşları gəlib onun iştirakı ilə baxış keçirmişlər. Hadisədən əvvəl avtomobili saatda 50 km/saat sürətlə idarə etmişdir. Piyada Zərərçəkmiş şəxs əvvəlcədən yolun sağ kənarından iki qadınla birlikdə yolun hərəkət hissəsinə daxil olduqlarını görən zaman aralarında təxminən 200-250 metr məsafə olmuşdur. Hərəkətini davam etdirib Nəcibəyə çatmağa təxminən 51,5 metr qalmış, birdən Nəcibə yolun hərəkət hissəsinə daxil olub qaça-qaça yolun sağından soluna keçmək istəmişdir. Hadisədən əvvəl hərəkət yolunda heç bir maneə, avtomobil, mal-qara olmamışdır. Hərəkət yoluna yalnız piyada Nəcibə çıxmışdır. Hadisə baş verən zaman avtomobilində özündən başqa arvadı Nigar, uşaqları Mələk, Nazlı və Ömər olmuşlar. Hadisə zamanı yolun kənarında tanımadığı şəxslər olmuşlar. Ola bilsin ki, həmin şəxslər hadisənin hansı şəraitdə baş verməsini görmüşlər. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyətdə olmuşdur. Sükan və tormoz normal işləmişdir. Hadisə zamanı ayıq olmuş, spirtli içki qəbul etməmişdir. Yolda diqqətini yayındıran hər hansı bir hal olmamış, əksinə diqqəti yolda olmuşdur. Ailəlidir, himayəsində üç yetkinlik yaşına çatmayan övladı vardır. Zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Onlara dəymiş maddi ziyanı tam olaraq ödəmişdir. Əməlindən səmimi peşmançılıq çəkir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs hüquqi varisi X20 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 19:20 radələrində Şəki şəhərinin mərkəzi hissəsindən taksi ilə yaşadığı ünvana gedən zaman hazırda xatırlamadığı telefon nömrəsindən ona zəng gəldiyi üçün telefonu açmışdır. Həmin şəxs Şəki şəhəri, Salman Mümtaz küçəsində arvadını yolu keçən zaman avtomobilin vurduğunu və arvadını təcili tibbi yardım avtomobili ilə Şəki RMX-na apardıqlarını bildirmişdir. Ona görə həmin taksi ilə birbaşa Şəki RMX-na getmişdir. Arvadı Nəcibə aldığı xəsarətlərdən huşu özündə olmadığı üçün həkimlər onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdirmişlər. Xəstəxanada həkimlər arvadına lazımı tibbi yardım göstərmələrinə baxmayaraq arvadı 02 iyun 2024-cü il tarixdə aldığı xəsarətlərdən Şəki RMX-da ölmüşdür. Arvadını avtomobili ilə vuran Rüstəmi əvvəllər tanımamış və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Rüstəm arvadını yolu keçən zaman ehtiyatsızlıqdan vurduğuna görə ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 21 may 2024-cü il tarixdə təxminən saat 18:50 radələrində əri Rüstəmin idarə etdiyi Mersedes-Benz C-180 markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobillə evlərindən çıxıb uşaqlarını məktəbdən götürmək üçün Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən Fizika riyaziyyat təmayülü məktəbə getmişlər. Rüstəm uşaqlarını məktəbdən götürdükdən sonra oradan Şəki şəhəri, Bağbanlar küçəsində yaşayan anasının yaşadığı ünvana getmiş, maşından düşüb çantanı anasına verib geri qayıdıb avtomobilə əyləşmişdir. Həmin vaxt özü ön, böyük qızı Mələk arxa oturacaqda sol tərəfdə, oğlu Ömər ortada, digər qızı Nazli isə sağ oturacaqda əyləşmişlər. Avtomobilə əyləşəndən sonra əri avtomobili işə salıb sürmüşdür. X26 küçəsi ilə hərəkət edib Heydər Əliyev prospektinə çıxmış və həmin prospektlə “Qax dayanacağı” istiqamətə getmişlər. Həmin prospektdəki dairəyə çatandan sonra Rüstəm sola dönüb Salman Mümtaz küçəsi ilə şəhərin Z.Əliyeva küçəsinin kəsişməsi istiqamətində hərəkət etmişdir. Rüstəm həmin küçə ilə hərəkətini davam etdirib yolun sağ kənarında yerləşən “Uğur” inşaat dekorativ örtük mağazasına çatmağa az qalmış birdən yolun sağ kənarından üç qadının yolun soluna doğru hərəkət etdiklərini görmüşdür. Həmin qadınlardan biri hərəkətini davam etdirib ərinin hərəkət yoluna çıxmış və aralarında məsafə az olduğuna görə əri hadisənin qarşısını ala bilməyərək maşınla onu vurmuşdur. Həmin vaxt uşaqları qorxduqları üçün ağlamağa başlamışlar. Həmin vaxt uşaqlarını sakitləşdirməyə çalışmışdır. Rüstəm isə maşını saxlayandan sonra avtomobildən düşüb vurduğu piyadaya köməyə getmişdir. Sonra əri DİN-102 xidmətinə zəng vurub yolu keçmək istəyən piyadanı vurması, onun xəsarət alması barədə məlumat vermiş və təcili tibbi yardım çağırmalarını xahiş etmişdir. Az sonra hadisə yerinə təcili tibbi yardım həkimləri gəlmiş və piyadanı xəsarət aldığı üçün avtomobilə mindirib xəstəxanaya aparmışlar. Daha sonra uşaqlarını maşından düşürüb evlərinə aparmışdır. Əri Rüstəm isə hadisə yerində qalmışdır. Əri Rüstəm hadisə zamanı avtomobili sürətlə idarə etməmişdir. Avtomobilə baxmadığı üçün Rüstəmin avtomobili hansı sürətlə sürdüyünü bilmir. Əri Rüstəm piyadanı sonradan adı ona məlum olan Nəcibəni hərəkəti istiqamətində yolun sol hərəkət hissəsində vurmuşdur. Piyada Zərərçəkmiş şəxs əvvəlcədən yolun sağ kənarından iki qadınla birlikdə yolun hərəkət hissəsinə daxil olduqlarını görmüşdür, lakin aralarında neçə metr məsafə olduğunu bilmir, yəni xatırlamır. Rüstəm hərəkətini davam etdirən zaman Nəcibədə yolun sağından soluna doğru hərəkət edib gəlib ərinin hərəkət yoluna çıxanda aralarında təxminən 3 metr məsafə olmuşdur. Piyada Zərərçəkmiş şəxs görən zaman onun yolun sağ tərəfindən iti adımlarla yolun sol tərəfinə keçməyə çalışdığını görmüşdür. Hadisədən əvvəl əyləşdiyi avtomobilin hərəkət yolunda heç bir maneə, avtomobil, mal-qara olmamışdır. Hadisə zamanı yolun kənarında tanımadığı şəxslər olmuşdur, ola bilsin ki, həmin şəxslər hadisənin hansı şəraitdə baş verməsini görmüşlər. Hadisə zamanı əri Nəcibəni görən anda yüngül tormoz vermişdir, lakin aralarında məsafə az olduğu üçün əri hadisənin qarşısını ala bilməmiş və piyadanı vurmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələrini tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Cinayət işi başlama və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Təqsirləndirilən şəxs barəsində HK-1/877 nömrəli material üzrə CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - 21 may 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsinə dair protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Şəki şəhəri, S.Mümtaz küçəsində, düz, asfalt örtüklü, quru, eni 8,5 m olan yolda baş vermiş, yolda hərəkət sağdan çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş arxla, soldan yolun hərəkət hissələrini ayıran bordürlə birləşir, yolda hərəkətin nizamlanma üsulu, yol nişanı zonası yoxdur, yol (küçə) səhər elektrik işığı ilə işıqlandırılır, vurulan piyada 1 nəfər olmuşdur, piyada hadisədən əvvəl yolun sağ kənarından sol kənarına doğru hərəkət etmişdir. - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 21 may 2024-cü il tarixli 109 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt ayıq olmuşdur, alkoqol qəbul etməmişdir. - Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi PHŞ-in Şəki rayon şöbəsinin 29 may 2024-cü il tarixli, 233 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - kəllə daxili travma, travmatik-subaroxnoidal qansızma, kəllə əsasının sınığı, bud sümüyünün çoxsaylı sınığı, qarış boşluğu orqanlarının travması, dalağın cırılması nəticəsində inkişaf edən daxili qanaxma qərarda göstərilən xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. - Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X20 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmış və ona həmin qərar dərhal elan edilmişdir. - Zərərçəkmiş şəxs hüquqi varisi X15 notarial qaydada təsdiq olunmuş ərizəsində qeyd edilmişdir ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. - Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi PHŞ-in Şəki rayon şöbəsinin 30 iyun 2024-cü il tarixli, 30 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - açıq kəllə-beyin travması, hər iki gicgah sümüyünün sınığı, sol alın-təpə sümüklərinin açıq xətti sınığı, başbeyinin sol alın-təpə paylarının əzilməsi, travmatik beyin qanaxması, sağ təpə-gicgah nahiyəsində yara, sağ orbitanın laterial divarında yer dəyişməmiş xətti sınığı, sağ almacıq nahiyəsində yumuşaq toxumaların əziyi, sol baldır sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişən sınıqları, dalağın cırılması, sağ əlin barmaqlarında və sağ dizin ön səthində sıyrıqlar qərarda göstərilən müddətdə və şəraitdə 21 may 2024-cü il tarixdə hərəkətdə olan avtomobilin hərəkətdə olan piyadanı vurması zamanı əmələ gələ bilərdilər və ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. Zərərçəkmiş şəxs ölümünə səbəb, açıq kəll-beyin travması nəticəsində inkşaf edən travmatik beyin ödemi olmuşdur, ölüm xx.xx.2024-cü il tarixdə saat 20:00-da baş vermişdir. - Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin X23 İmtahan və X24 xx.xx.2024-cü il tarixli, 016-3-13-16-6/2-476/2024 saylı məktubundan görünür ki, X23 İmtahan və X25 yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs etibarlılıq müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək olan BC 504635 nömrəli “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi almışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/1875 nömrəli yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, Mersedes-Benz C-180 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riyaət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Şəki rayon Psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli, 766 nömrəli məktubdan görünür ki, Hacı-X1 rayon Psixiatriya xəstəxanasının disponser müşahidəsində yoxdur. - Şəki şəhər Damarçın məhəllə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışı və xasiyyətnaməsindən görünür ki, Hacı-X1 şəhəri, “Damarçın” məhəlləsi, M.Cabbarov küçəsi, ev 1/32 ünvanında qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi 1985-ci il təvəllüdlü həyat yoldaşı Şahid, 2012-ci il təvəllüdlü qızı X7 qızı, 2014-cü il təvəllüdlü qızı X11 qızı və 2017-ci il təvəllüdlü oğlu Hacı-X6 ibarətdir, məhəllədə müsbət xarakterizə olunur, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli, 947 saylı qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-nin 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda qeyd edilmişdir ki, həmin diskə baxış keçirilən zaman müəyyən olundu ki, diskdə bir ədəd fayl vardır. Həmin fayıl açıldıqda fayılda 21 may 2024-cü il tarixdə saat 19:16:53-dən başlayaraq həmin tarixdə saat 19:19:58 saniyəyə qədər olan müddətdə video görüntülər olduğu aşkar olundu. Həmin video görüntüdə Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdə idarə etdiyi Mersedes-Benz C-180 markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobillə Şəki şəhəri, Bağbanlar küçəsi ilə H.Əliyev prospekti istiqamətində hərəkət edib sağa dönərək Şəki şəhəri, Salman Mümtaz küçəsinin kəsişməsi istiqamətində hərəkət etdiyi, sonra sola dönüb Salmaz Mümtaz küçəsi ilə şəhərin Zərifə Əliyeva küçəsinin kəsişməsi istiqamətində hərəkət etdiyi görünür. Həmçinin video görüntüdən Mersedes-Benz C-180 markalı, **-CD- *** dövlət nömrə nişanlı avtomobil həmin küçə ilə hərəkət edib hərəkəti istiqamətində yolun sağ kənarında yerləşən “Yağmur” mağazasının tininə çatan anda qarşıda sağda onunla eyni istiqamətə hərəkət edən Mersedens-benz markalı marşurut avobusunun sürücüsünün avtobusu yolun sağ hərəkət zolağına çəkib saxladığı, həmin marşurut avtobusunun qarşı hissəsindən üç piyadanın adi yerişlə yolun sağından soluna doğru hərəkət etdikləri, yəni piyadaların həmin anda Mersedes-Benz C-180 markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün görünüş dairəsinə düşdüyü müşahidə edilir. Vidieo görüntünün davamında Mersedes-Benz C-180 markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətini davam etdirdiyi və yolun orta zolağından başlayaraq iti qaçışla yolun soluna keçməyə çalışan mərhum piyada Zərərçəkmiş şəxs yolun sol hərəkət hissəsində avtomobilin qabaq sağ hissəsi ilə vurması, piyadanın avtomobilin mühərrik örtüyünə çırpıldıqdan sonra havaya qalxıb asfalt üzərinə düşməsi görünür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə belə hesab edir ki, 21 may 2024-cü il tarixdə saat 19:20 radələrində sürücülük vəsiqəsi əsasında və ayıq vəziyyətdə olmaqla idarə etdiyi “Mersedes-Benz C-180” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobillə Şəki şəhəri, Salman Mümtaz küçəsi ilə şəhərin Zərifə Əliyeva küçəsinin kəsişməsi istiqamətində saatda 50 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin hərəkətləri yerinə yetirməyərək, cinayətkarcasına özünə güvənib ehtiyatsızlıq edib, hərəkət üçün təhlükə yarandığı anda nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməmiş, həmin küçədə yerləşən “Uğur” inşaat dekorativ örtük mağazasının yaxınlığında, yolun sağ kənarından soluna doğru keçməyə çalışan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs açıq kəllə-beyin travması, hər iki gicgah sümüyünün sınığı, sol alın-təpə sümüklərinin açıq xətti sınığı, baş beyinin sol alın-təpə paylarının əzilmişi, travmatik beyin qanaxması, sağ təpə-gicgah nahiyəsində yara, sağ orbitanın lateral divarında yerdəyişməmiş xətti sınıq, sağ almacıq nahiyəsində yumşaq toxumaların əziyi, sol baldır sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişən sınıqları, dalağın cırılması, sağ əlinin barmaqlarında və sağ dizin ön səthində sıyrıqlar kimi dərəcəsinə görə sağlam şəxslər üçün götürüldükdə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına və almış olduğu xəsarətlərlə birbaşa səbəbli əlaqəli olan açıq kəllə-beyin travması nəticəsində inkişaf edən travmatik beyin ödemindən 02 iyun 2024-cü il tarixdə saat 20:00-da müalicədə olduğu Şəki Rayon Mərkəzi Xəstəxanasında ölməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadəsi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, məhkəmə dövründə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə cinayətkarcasına özünəgüvənmə göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün hadisə baş vermiş və baş vermiş hadisə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin CM-nin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək ondan şikayət və tələbinin olmamasını, eyni zamanda CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi, CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərər çəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 43-cü maddəsinin mənasına görə cinayət törətməkdə təqsirli bilinən şəxslərə əsas və əlavə cəza təyin edilə bilər və bu cəzalar cəzanın məqsədini vəhdətdə təmin edir. Həmçinin, qeyd edilən qərarda göstərilmişdir ki, əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirlən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzanın tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İş materiallarından və məhkəmə baxışında təqsirləndirilən şəxsin ailədə pis münasibətləri müəyyən edilməmişdir. Yaşadığı yerdə özünü yaxşı tərəfdən göstərmiş və müsbət xarakterizə olunmuşdur. İstintaq orqanı da həmin halları təqsirləndirilən şəxsi səciyyələndirən hallar kimi qeyd etmiş, cəzasını ağırlaşdıran halın olmadığını göstərmişdir. Eyni zamanda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə də barışıq əldə etmişdir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında, üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almaqla, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət qanunu sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə iş üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışını, ailə vəziyyətini, təyin ediləcək cəzanın onun ailə şəraitinə təsirini və sair bu kimi halları cəza təyini zamanı nəzərə alır. CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, məhkəmə baxışının normal gedişinə mane olmamasını, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına vaxtında gəlməsini və məhkəmə hökmünün icra edilməsinə maneə törətməməsini nəzərə alaraq onun barəsində istintaq orqanı tərəfindən seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm icraya yönəldilənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsində göstərilir ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul ondan alınaraq dövlət büdcəsinə keçirilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar