Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-82/2023 01.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin etibarnamə üzrə nümayəndəsi (vəkili) X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və onun müdafiəçisi X4 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki rayonu, Yeni Çələbixan qəsəbə sakini X5 xx.xx.2023-cü il tarixdə Şəki Rayon Prokurorluğuna ünvanladığı ərizəsində onun Şəki meşələrini qırmağını, məhv etməyini, bir neçə yerdə taxıl əkdiyini, “Gələrsən görərsən” qalasından yuxarıda meşədəki ağacları qırdırıb orada otel tikdirdiyini, “Salıncaq” meşəsindəki yaş ağacları kəsdirib, yerində su hovuzu, restoran tikdirdiyini, camış ferması yaratdığını, çöl heyvanlarını, quşları ov etdirməklə satmaq yolu ilə pul qaandığını bildirməklə onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən, şəxsinə və ailə üzvünə ünvanlanmış böhtan və təhqir dolu ifadələr işlətmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi (vəkili) X3 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək bildirdi ki, Q.Məmmədov nümayəndəsi olduğu şəxsin ünvanına qarşı müvafiq dövlət orqanlarına ərizə ünvanlayaraq təhqir və böhta xarakterli məlumatlar vermişdir. Bundan başqa kütləvi informasiya vasitəsi hesab olunan tik-tok sosial şəbəkəsi olan interrnet resurslarında həmin məlumatları yaymışdır. Buna görə də xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X5 bildirdi ki, Elşad Alxasov onu işə düzəltmək adı ilə 12000 min manat pulunu almış və işə düzəltməmişdir. Bundan narazı qaldığından yuxarı dövlət orqanlarına bu barədə məlumat verərək öz vətəndaşlıq hüququndan istifadə etmişdir. Hazırda da Elşad Alxasovdan şikayətçi olduğundan Şəki rayon Polis Şöbəsində araşdırma aparılır. Buna görə də şikayətin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxsin vəkili X7 şikayəti qəbul etməyərək icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsini dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir və iş materiallarına əlavə edilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Eyni zamanda həmin qərarın 12-ci bəndinin 2, 3 və 4-cü abzaslarında göstərilmişdir ki, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından və şikayəti vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7, 302.2.3, 384-385-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-82/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-82/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver