Məhkəmə qərarları › İş №1(075)-83/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-83/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-83/2023 13.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Lalayev Rəmzi Mikayıl oğlunun, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Mingəçevir şəhəri, X9 küçəsi, ev 17, mənzil 21 ünvanında yaşayan, 29 aprel 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, qanunsuz olaraq texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1954-cü ildə istehsal olunmuş, yivli odlu silah hesab edilən «AD-293» nömrəli, 9 mm kalibirli Makarov konstruksiyalı PM modelli, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmiş 01 ədəd tapançanı, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd darağı və döyüş sursatı hesab edilən, 01 ədədi keçmiş SSRİ dövlətində 1984-cü ildə, 01 ədədi Rusiya dövlətində 2000-ci ildə, 02 ədədi isə 2008-ci ildə Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan, təyinatı üzrə istifadə və atəş üçün yararlı cəmi 04 ədəd patronları əldə edib özündə saxlayıb, gəzdirərək daşımış, 27 aprel 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər Rayon Polis Şöbəsinin X4 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün Şəki rayonu, Kiçik Dəhnə kəndinin girişində saxlanılaraq Şəki rayonu, Turan qəsəbəsində yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin X4 inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 19:31 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki boz-qara rəngli şalvarın kəmərinin sağ hissəsindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, qanunsuz olaraq əldə edib özündə saxlayıb, gəzdirərək daşıdığı həmin texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1954-cü ildə istehsal olunmuş, yivli odlu silah hesab edilən «AD-293» nömrəli, 9 mm kalibirli Makarov konstruksiyalı PM modelli, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmiş 01 ədəd tapança, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq və döyüş sursatı hesab edilən, 01 ədədi keçmiş SSRİ dövlətində 1984-cü ildə, 01 ədədi Rusiya dövlətində 2000-ci ildə, 02 ədədi isə 2008-ci ildə Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan, təyinatı üzrə istifadə və atəş üçün yararlı cəmi 04 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan bir neçə gün əvvəl Mingəçevir şəhərində yaşadığı binanın zirzəmisinə düşmüşdür. Zirzəminin giriş hissəsindən tullantı suların axıdılması üçün nəzrədə tutulan borunun altından keçib bir az qarşıya getdikdən sonra divarın dibində bir ədəd Makarov markalı tapança olduğunu görmüşdür. Həmin tapancanı götürüb baxdıqda darağının üzərində 04 ədəd patronlar olduğunu görmüşdür. Tapancanı götürüb belinə qoyub yaşadığı evə aparıb hamamda vannanın altında gizlətmişdir. Tapancanı taparkən qorxduğu üçün hüquq mühafizə orqanlarına təqdim etməmişdir. Bir neçə gün tapancanı yaşadığı evin hamamında vannanın altında gizlədib saxlamış, sonradan fikirləşmişdir ki, tapancanı yaşadığı evdən götürüb qaynatasının yaşadığı Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən dağlıq əraziyə aparıb orada gizlədib saxlasın. Ona görə 27 aprel 2023cü il tarixdə tapancanı gizlətdiyi yerdən götürüb belinə qoyub yol maşınları ilə Kiçik Dəhnə kəndinə yola düşmüşdür. Kiçik Dəhnə kəndinə çatıb yolda düşüb piyada kəndə doğru hərəkət edərkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını və onlara qanunsuz olaraq odlu silah əldə edib üzərində gəzdirməsi barədə onlarda məlumat olduğunu və ona görə onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirdiklərindən onlarla polis bölməsinə gəlmişdir. Bundan sonra onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah edildikdən sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparmağa başlanılmışdır. Şəxsi axtarış zamanı əynindəki gödəkcənin zəncirbəndini açıb şalvarının kəmərinin sağ hissəsinə qoyub gizlətdiyi Makarov markalı tapancanı, əynindəki gödəkcənin sol iç cibindən bir qutu Prima siqaretini, bir ədəd göy rəngli alışqanı, əynindəki qara-boz rəngli cins şalvarın sol ön cibindən 03 ədəd 20 qəpik, 01 ədəd 10 qəpik, 01 ədəd 1 manatlıq pul əskinazını, gödəkcəsinin sağ yan cibindən 01 ədəd cib dəsmalını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa üzərindən qanunla qadağan edilmiş əşya və predmet aşkar etməmişdir. Sonra bir ədəd tapançanı silahı və üzərində olan 4 ədəd patronu bir neçə gün əvvəl Mingəçevir şəhərində yaşadığı binanın zirzəmisindən taparaq üzərində gəzdirərək saxladığını bildirmişdir. Həmin tapançanı, darağı və patronları zərfə qoyulub qablaşdırılıb götürülmüşdür. Sözgedən cinayət əməlindən başqa digər hər hansısa bir cinayət əməli törətməmiş və belə bir məqsədi olmamış, barəsində əməliyyataxtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, bununla bağlı hər hansı bir vəsatəti və ya şikayəti olmamış, törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmiş, həmin əməldən peşman olmuş, özünün müdafiəsi ilə əlaqədar hər hansı bir dəlil və ya sübutu olmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədən ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki azyaşlı uşaq və xəstə anasının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahid ifadələri, protokollar, maddi sübut, habelə cinayət işində olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki ŞRPŞ-nin Sarıca PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 27 aprel 2023-cü il tarixdə ona Şəki rayonu ərazisində "Söhrab" adlı şəxsin qanunsuz olaraq odlu silah əldə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan həmin məlumat əsasında o, Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis nəfəri, polis baş serjantı Şahid3, polis nəfəri, polis baş serjantı Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra "Söhrab" adlı şəxsin Mingəçevir şəhəri, X9 küçəsi, ev 17, mənzil 21 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs göstərilən tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndinin girişində saxlanılaraq Sarıca PB-nə dəvət edilmişdir. Sarıca PB-nə gəldikdən sonra Təqsirləndirilən şəxs Polis Bölməsinə gətirilmiş hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi Röyal Əliyevin müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra bu barədə bildiriş təqdim olunmuşdur. Bundan sonra vəkil Elbrus Hacıyevin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz-qara rəngli şalvarın kəmərinin sağ hissəsinə taxdığı bir ədəd tapançanı, əynindəki gödəkcənin sol iç cibindən bir qutu Prima siqaretini, bir ədəd alışqanı, əynindəki şalvarın sol ön cibindən 1 manat 70 qəpik pulu, gödəkcənin sağ yan cibindən bir ədəd cib dəsmalı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin tapança və dörd ədəd patron daraqla bilikdə zərfdə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra müstəntiq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd alışqanı, bir qutu siqareti, bir ədəd cib dəsmalını və 1 manat 70 qəpik pulu iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarıb vermişdir. Bundan sonra ifadəsində Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, onunla heç bir münasibəti, düşmənçiliyi və yaxud şəxsi ədavəti olmadığını, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş tapança və patronlar özünə məxsusdur, yaşadığı binanın zirzəminin giriş hissəsindən tullantı suların axıdılması üçün nəzrədə tutulan borunun altından keçib bir az qarşıya getdikdən sonra divarın dibində tapmış və üzərində gəzdirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin digər əməkdaşları Şahid1 və Şahid3 eyni məzmunda ifadə verərək Şahid2 göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:45-də Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə ittiham elan edilmişdir. “Şəxsi axtarış və götürmə” haqqında 27 aprel 2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon X5 Polis Bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs əynindəki boz-qara rəngli şalvarın kəmərinin sağ hissəsindən bir ədəd tapançaya bənzər əşya aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 28 aprel 2018-ci il tarixli, 23/333R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd «AD-293» nömrəli silah, zavod üsulu ilə keçmiş SSRİ-də 1954-cü ildə istehsal olunmuş, 09 mm kalibirli, Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahıdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmilərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlardan 01 ədədi keçmiş SSRİ-də 1984-cü ildə, 01 ədədi Rusiya dövlətində 2000-ci ildə, 02 ədədi isə 2008-ci ildə Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibirli olmaqla, Makarov (PM, Steçkin (APS), konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatlarıdır, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş bir ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Azərbaycan Respublikası DİN-in KTİ-dən Şəki ŞRPŞ-nə daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-11/2-5844/2023 nömrəli məktubdan görünür ki, 01 ədəd 09 mm kalibirli, « AD- 293 » nömrəli, Makarov konstruksiyalı tapançadan eksperimental qaydada atılmış gülləgiliz nümunələri idarənin «güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Əməliyyat tapşırığının xx.xx.2023-cü il tarixli, 3-13-109/2-16874/2023 nömrəli cavab məktubdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş odlu silahı və döyüş sursatını haradan və nə məqsədlə əldə etməsini, həqiqətən həmin odlu silahı və döyüş sursatlarını Mingəçevir şəhərində yaşadığı evin zirzəmisində tapıb-tapmadığını, odlu silahın alqı-satqısı ilə məşğul olub olmamasını, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, ondan aşkar olunmuş odlu silahla hər-hansı cinayət hadisəsi törədibtörətməməsi, odlu silahı nə vaxt, kimdən harada və hansı şəraitdə əldə etməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, odlu silahın və onun komplekt hissəsi olan darağın əldə edilmə mənbəyi müəyyən edilməmişdir. Şəki Rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli, 4 (075)-30/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablanmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 01 ədəd “Makarov” konstruksiyalı tapança, tədqiqatdan sonra qalmış 02 ədəd (ilkin 04 ədəd) patron və 01 ədəd daraq maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-nə verilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 02 ədəd patron ekspertiza zamanı istifadə olunmuşdur. Mingəçevir şəhər Rayonlararası Narkoloji Disponserdən daxil olmuş 04 iyul 2023-cü il tarixli, 478 nömrəli məktubdan görünün ki, Məmmədov X2 şəhər Rayonlararası Narkoloji Disponserdə qeydiyyatda durmur. Mingəçevir şəhər Ruhi-Əsəb xəstəlikləri Disponserindən daxil olmuş 06 iyul 2023-cü il tarixli, 470 nömrəli məktubdan görünür ki, Məmmədov X2 şəhər Ruhi-Əsəb xəstəlikləri Disponserində psixiatrik müşahidədə olmamış və müraciət etməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin № İ-11612 nömrəli, 24 iyun 2021-ci il tarixli, 2720 nömrəli sərəncamı ilə (Azərbaycan Respublikası Medalının vəsiqəsi) “Suqovuşanın azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin № İ-48154 nömrəli, 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə (Azərbaycan Respublikası Medalının vəsiqəsi) “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, nömrəsi silinmiş, 9x18 mm kalibrli, yivli odlu döyüş silahı hesab edilən, «Makarov» konstruksiyalı 01 ədəd tapançanı və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz olan, «Makarov» konstruksiyalı tapançaların komplekt hissəsi olan 01 ədəd içərisində 4 ədəd patron olan darağı qanunsuz əldə edib saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, nömrəsi silinmiş, 9x18 mm kalibrli, yivli odlu döyüş silahı hesab edilən, «Makarov» konstruksiyalı 01 ədəd tapançanı və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz olan «Makarov» konstruksiyalı tapançaların komplekt hissəsi olan 01 ədəd içərisində 4 ədəd patron olan darağı qanunsuz olaraq əldə edib özündə saxlamaqla 27 aprel 2023-cü il tarixdə saat 19:31-də Şəki rayonu, Kiçik Dəhnə kəndinin girişinə qədər üzərində qanunsuz gəzdirmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək saxlamaqla gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Şəhər Rayon Polis Şöbəsinin X4 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdə saat 19:31 Şəki rayonu, Kiçik Dəhnə kəndinin girişində saxlanılaraq Şəki rayonu, Turan qəsəbəsində yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin X4 inzibati binasına gətirilərək orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki boz-qara rəngli şalvarın kəmərinin sağ hissəsindən kəmərə taxılmış vəziyyətdə nömrəsi 1 ədəd “Makarov” tipli tapança içərisində 4 ədəd patron olan sandıqca, aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 228.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-i maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır olmaqla, bilavasitə ictimai təhlükəsizlik əleyhinə olan bir başa qəsdən törədilən cinayətdir. Mingəçevir Şəhər 4 saylı Mənzil İstismar Sahəsinin tərəfindən verilmiş 25 may 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Məmmədov X2 şəhəri, Ş.İ.Xətai 17, mənzil 21-də qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur və ailə üzvü dörd nəfərdən ibarət olmaqla himayəsində iki azyaşlı övladı vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını o cümlədən onun himayəsində 2 (iki) azyaşlı uşağın olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan İş üzrə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun barəsində olan “həbs” qətimkan qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Mingəçevir şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilməklə tutulmuşdur. Odur ki, onun hazırki tarixədək həbsdə olduğu müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd zərfdə qablaşdırılan 01 (bir) ədəd 9 mm kalibrli «Makarov» konstruksiyalı tapança, 01 (bir) ədəd həmin silahın darağı və 02 (iki) ədəd patron müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 02 (iki) ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qətimkan qismində həbsdə olduğu 04 (dörd) ay 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 09 (doqquz) ay 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Mingəçevir şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd zərfdə qablaşdırılan 01 (bir) ədəd 9 mm kalibrli «Makarov» konstruksiyalı tapança, 01 (bir) ədəd həmin silahın darağı və 02 (iki) ədəd patron müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 02 (iki) ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlansın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar