Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-84/2021 08.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki şəhər Regional Bürosunun vəkili X4 iştirakı ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1999-cu ildə Şəki Rayonu Baltalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Vətən Müharibəsi iştirakçısı, Şəki Rayonu Baltalı kəndi ünvanında pasport qeydiyyatında olan, tutulana qədər həmin ünvanda yaşamış və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən tamah niyyəti və satış məqsədilə, qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq 0,36 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 18 iyun 2021-ci il tarixdə saat 17:00 radələrində Şəki rayonu Baltalı kəndində yaşadığı evin yaxınlığında küçədə, həmin narkotik vasitə olan marixuananı tanışı Şahid1 10 (on) manata satıb qazanc əldə etmiş, 18 iyun 2021-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin X2 və Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 21:30 radələrində sonuncu Şəki rayonu Baltalı kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X8 küçəsi 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq 19 iyun 2021-ci il tarixdə saat 00:11-dən etibarən videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarında əldə edib üzərində saxlayaraq daşıdığı 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,36 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq İsgəndərzadə Rauf Elşən oğlu Şəki Şəhər-Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübariz Qrupunun və Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən 19 iyun 2021-ci il tarixdə saat 04:55 radələrində Şəki rayonu, Baltalı kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X8 küçəsi 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq üzərinə həmin tarixdə saat 07:31-dən etibarən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən narkotik vasitənin satışından qazanc kimi əldə etdiyi, 01 ədəd 10 manatlıq, A36616059 nömrəli pul əskinazı aşkar edilərək götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir. (maddə 8.0.3) Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Şəki rayonu Baltalı kəndində yaşayır. Bilal Xəlillini 5 ildən çoxdur ki, tanısa da, onunla heç bir qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. 2020-ci ilin sentyabr ayının 27-də Qarabağ döyüşlərinə çağrılmış, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının düşmən tapdağından azad edilməsində iştirak etmişdir. 2021-ci ilin yanvar ayının 11-də ordudan tərxis olunduğu üçün Şəki rayonu Baltalı kəndinə qayıtmış, 2021-ci ilin yanvar ayında Bakı şəhəri Neftçilərdə olan “Vasmoy” bazarına getmişdir. Orada fəhlə kimi işləmiş, 2021-ci ilin aprel ayında narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamış, birinci dəfə elə Bakıda “Vasmoy” bazarında olan tanımadığı şəxslərdən əldə edib “nəşə” çəkmişdir. “Nəşəni” siqaretə doldurub çəkmək yolu ilə istifadə etmiş, bundan sonra işlədiyi yerdə olan şəxslər ona “Vasmoy” bazarına arabir gəlib-gedən, “nəşə” satmaqla məşğul olan “Malış” ləqəbli şəxsi tanıtmışlar. Ancaq o, “Malış”dan “nəşə” almamış, 2021-ci ilin may ayının 20-də Şəki rayonu Baltalı kəndinə gəlmiş, kənddə əvvəlcədən münasibətinin olduğu Şahid1 Mürşüd oğlunu görmüşdür. Bilal ondan nəşə istəmiş, o, üstündə olmadığını, lakin maraqlanacağını bildirmişdir. May ayının 20-də “Vasmoy” bazarına işləməyə getmiş, orada “Malışı” görmüş, “Malış”dan “nəşə” satıbsatmaması ilə maraqlanmışdır. “Malış” üstündə olduğunu və ona verə biləcəyini demişdir. Elə oradaca “Malışa” 10 manat pul vermiş və 01 ədəd kağız bükümdə ondan “nəşə” götürmüşdür. 2021-ci ilin iyun ayının 4-də kəndə gəlmiş, Şahid1ı çayxananın qarşısında görmüş, “nəşəni” gətirdiyini ona demişdir. 2021-ci ilin İyun ayının 13-də Bilalla birlikdə nəşəni siqaretə dolduraraq birlikdə çəkmişlər. 2021-ci ilin iyun ayının 18-də axşam saatlarında 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq onun narkotik vasitə əldə etməyi və satışı ilə məşğul olmağı barədə onlara məlumat daxil olduğundan onlarla birlikdə Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O etiraz etməyərək onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. PB-nə gəldikdən sonra inzibati binanın girişində onun adı və soyadı qeydə alınmış, sonra müstəntiqin otağına aparılmış, müstəntiq ona üstündə şəxsi axtarış aparılacağını bildirmişdir. Həmin vaxt tanımadığı polis əməkdaşları ona təzyiq edərək, həmçinin onun ayaqlarına təpiklə, üzünə isə sillə vuraraq Bilala narkotok maddə satmasını bildirməsini demişlər. Həmçinin həmin vaxt ona 10 manat da pul vermişlər ki, çəkiliş zamanı deyər ki, 10 manat narkotik satandan sonra Bilaldan aldığı puldur. Demişlər ki, çəkiliş zamanı hər şeyi etiraf edər. O da qorxusundan buna razı olmuşdur. Ona vəkillərin siyahısı təqdim olunmuş, o siyahıdan Müdafiəçi seçmiş, vəkil dəvət olunandan sonra müstəntiq onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmişdir. Şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin və polis işçilərinin iştirakı ilə üstündə videoçəkilişlə şəxsi axtarış aparmağa başlamışdır. O da çəkiliş zamanı Bilala 10 manat müqabilində narkotik maddə marixuana satmasını etiraf etmişdir. Göstərmişdir ki, polislər onu vursalar da həmin anda ayağında və üzündə hər hansı qaraltı olmamışdır. Polislər onu Şəki prokurorluğuna aparanda prokurora da narkotik satmasını demişdir. Qeyd etmişdir ki, Polis şöbəsində olanda polislərə Vətən müharibəsi iştirakçısı olduğunu demişdir. Buna baxmayaraq polislər onu vurmuşlar. Narkotik maddədən istifadəyə qurşandığı üçün peşmandır. Gərək bu kimi əməllərə yol verməyə idi. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəki rayonu Baltalı kənd sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Onunla yaxın dostdurlar. Raufla araları həmişə yaxşı olmuş və Rauf ondan 1 yaş böyükdür. 2020ci ilin sentyabr ayının 21-də Qarabağ döyüşlərinə çağırıldığı üçün qatılmış, Cəbrayıl, Qubadlı, Füzuli və Tərtər, yəni Suqovuşan rayonlarının düşmən tapdağından azad edilməsində iştirak etmişdir. 2021-ci ilin yanvar ayının 31-də ordudan tərxis olunduğu üçün evə, Şəki rayonu Baltalı kəndinə qayıtmışdır. Bundan sonra isə həmişə kənddə olmuş, elə bir ciddi məşğuliyyəti olmamışdır. Rauf da müharibədə iştirak etmiş və elə yanvar ayının əvvəllərində kəndə qayıtmışdır. Rauf 2021-ci ilin fevral ayında Bakı şəhərinə getmiş, orada yerləşən “Vasmoy” bazarında fəhlə kimi işləmişdir. Raufla yaxın münasibəti olduğu üçün arabir hal-əhval bilmək üçün telefonla danışmışdır. 2021-ci ilin may ayının 20-də Raufu Şəki rayonu Baltalı kəndində çayxananın qarşısında görmüş, aralarında ümumi söhbət düşmüşdür. Rauf “nəşədən”, siqaretə doldurub çəkdiyini bildirmiş, istəsə ona da təşkil edə biləcəyini demişdir. O üstündə pulunun olmadığını, lakin təşkil eləsə pulunu verib götürəcəyini demişdir. 2021-ci ilin iyun ayının 4-də çayxananın qarşısında tanışı Rauf İsgəndərzadəni görmüş, Rauf ona “nəşəni” gətirdiyini demiş, o isə pulu olanda götürəcəyini bildirmişdir. İyun ayının 13-də Təqsirləndirilən şəxs küçədə görmüş, ondan nəşə verib-verməyəcəyini soruşmuşdur. Rauf “nəşəni” cibindən çıxarmış, ona vermiş, o da “Arqo” markalı qalın siqareti boşaltmış, “nəşəni” siqaretin içərisinə doldurmuş, sonra çəkməyə başlamışdır. Arada Rauf da çəkmişdir. 2021-ci ilin iyun ayının 18-də isə o, Raufun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna istifadəsində olan ***-***-**- ** mobil nömrəsi ilə zəng etmiş, ona “nəşə” lazım olduğunu demişdir. O isə günortadan sonra təşkil edə biləcəyini söyləmiş, saat 17:00 radələrində Raufu kənddə, küçədə görmüşdür. O, 1 ədəd 10 manatlıq pul əskinazı müqabilində bir bükümdə olan “nəşəni” ondan almış, Rauf pulu götürüb çıxıb evə getmiş, bundan sonra o da narkotik vasitədən istifadə edəcəyini deyib çıxıb getmişdir. Həmin günü axşam saatlarında Raufun ona verdiyi 1 ədəd şəffaf sellofan bükülüdə olan “nəşəni” əynində olan şalvarın sağ yan cibinə qoyub küçəyə çıxmış, mağazaya gedib siqaret alıb “nəşəni” siqaretə doldurmaq istəmişdir. Həmin vaxt 2 nəfər mülki paltarda olan şəxs ona yaxınlaşmış və narkotik vasitələri üzərində saxlamaqda və satmaqda şübhəli olduğunu qeyd etmişlər. O, polis əməkdaşları ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu müstəntiqin otağına aparmışlar. Bundan sonra ona vəkillərin siyahısı təqdim edilmiş, ona dövlət hesabına vəkil Xəyal İbrahimov təyin edilmişdir. Müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O buna etiraz etməmiş, müdafiəçinin və iştirakçıların iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanmış, şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, ona üzərində olan əşyaları təqdim etməyi təklif edilmiş, o, əynindəki şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu, şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü, sol qolundakı biləkliyi və sol əl barmağındakı üzüyü çıxararaq masanın üzərinə qoymuş, bunlardan başqa üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Daha sonra əllərini yuxarı qaldırmaq təklif edilmiş, o, hər iki əlini yuxarı qaldırmış, bundan sonra əynindəki qısaqol köynəyin boyun hissəsində, şalvarın sağ və sol yan ciblərində, arxa ciblərində axtarış aparılmışdır. Bundan sonra ayaqqabılarını və corablarını çıxarıb silkələmiş, ancaq heç bir cinayət xarakterli əşya və narkotik vasitə aşkar edilməmişdir. Corablarını və ayaqqabılarını geyinmiş, üst başını səliqəyə salmışdır. Daha sonra ona masanın üzərinə qoyduğu əşyaları bir-bir təqdim etmək təklif olunmuş, o, əvvəlcə bir ədəd mobil telefonu göstərib bunun özünə məxsus olan “Sony” markalı telefon olduğunu, bir ədəd üzüyün özünə məxsus olan üzük olduğunu, bir ədəd biləkliyin də özünə məxsus olduğunu demişdir. Sonra 01 ədəd şəffaf sellofan bükülüdə olan kütlənin narkotik vasitə olan “nəşə”, yəni qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni özünün istifadə etməyi üçün 17 iyun 2021-ci il tarixdə saat 17:00 radələrində həmkəndlisi, tanışı və dostu olan Rauf adlı şəxsdən 10 manat müqabilində aldığını demişdir. Bundan sonra şəffaf sellofan bükülüdə olan narkotik vasitəyə bənzər kütlənin həqiqətən də narkotik vasitə olub-olmamasının, çəkisi və mənşəyinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza tədqiqatına təqdim ediləcəyi bildirilmiş, bundan sonra üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükülüdə, narkotik vasitə kimi təqdim etdiyi yaşıl rəngli kütlə müstəntiq tərəfindən qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Sony” markalı mobil telefon da iş üçün əhəmiyyət daşıdığından qablaşdırılaraq götürülmüşdür. Üzərindən aşkar edilib götürülmüş 01 ədəd üzük və 01 ədəd biləklik isə iş üçün əhəmiyyət daşımadığından özünə qaytarılmışdır. Videoçəkiliş nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü dayandırılmış, onlara nümayiş etdirilmiş, heç bir vəsatəti və etirazının olmadığı bildirmişdir. O da digər iştirakçılarla birgə protokola imza etmişdir. Təxminən 3 aydır ki, narkotik vasitələrdən istifadə etmiş, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş qurudulmuş marixuananı 18 iyun 2021-ci il tarixdə təxminən saat 17:00 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs 10 manat pul verməklə almış, əvvəl Raufla birgə “nəşə” çəksə də ilk dəfə pul verib “nəşə” almışdır. Evində və ya başqa heç bir yerdə narkotik vasitə saxlayıb gizlətməmiş, Raufdan aldığı narkotik vasitə də üzərindən aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitəni “Malış” ləqəbli şəxsdən alıb ona satmasından əvvəlcədən məlumatı olmamış, Raufla narkotik vasitənin satışı ilə bağlı qabaqcadan əlbir olmamışdır. “Malış” ləqəbli şəxsi tanımır. Narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyindən ailə üzvlərinin, həmçinin onu tanıyan başqa şəxslərin məlumatları olmamışdır. Göstərmişdir ki, polis şöbəsində ona hər hası psixi və fiziki təsir edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin X1 əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Polis leytenantıdır. Mahiyyəti üzrə bildirmişdir ki, 18.06.2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Şəki ŞRPŞ-nin həyata keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Şəki rayonu Baltalı kənd sakini Xəlilli Bilal Mürşüd oğlu narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün Şəki rayonu Baltalı kəndində, yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş və onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 01 ədəd şəffaf sellofan bükümdə, içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Şahid1 şəxsi axtarış zamanı həmin bitki kütləsini Şəki rayonu Baltalı kənd sakini “Rauf” adlı şəxsdən 10 manat müqabilində aldığını bildirmiş, 18 iyun 2021-ci il tarixdə “Rauf” adlı şəxsin şəxsiyyəti və olduğu yer müəyyən edilərək Polis Şöbəsinə gətirilməsi istiqamətində təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə Şəki ŞRPŞ-nin müstəntiqi, polis baş leytenantı Araz Vəlizadənin tərtib etdiyi əməliyyat tapşırığı icraatına daxil olmuşdur. O, Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 ilə birgə “Rauf” adlı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirmiş, “Rauf” adlı şəxsin Şəki rayonu Baltalı kənd sakini, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs Elşən oğlunu 19.06.2021-ci il tarixdə saat 04:55 radələrində Şəki rayonu Baltalı kəndində yaşadığı evin yaxınlığında saxlamış və ona narkotik vasitə əldə etməsi və satışı ilə məşğul olması barədə onlarda məlumat olduğundan onlarla birlikdə Polis Şöbəsinə getməli olmasını qeyd etmiş, o isə etiraz etməyərək avtomobilə əyləşmişdir. Şəki Şəhər-Rayon Polis Şöbəsinə gəldikdən sonra birinci mərtəbədə onun adını, soyadını və yaşadığı ünvanı qeyd etmiş, sonra müstəntiqin otağına keçmişlər. Müstəntiq Rauf İsgəndərzadəyə üzərində şəxsi axtarış aparılacağını və ona vəkil veriləcəyini bildirmişdir. Ona vəkillərin siyahısı təqdim edilmiş, o, vəkillər siyahısında olan şəxslərdən Müdafiəçi özünə vəkil seçmiş, Təqsirləndirilən şəxs daha sonra şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs, onun vəkili və onların iştirakı ilə Raufun üzərində videoçəkilişlə şəxsi axtarış aparmağa başlanılmış, müstəntiq Raufa üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif etmiş, o da etiraz etməmiş və əynindəki şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu, şalvarın sol yan cibindən 01 ədəd 10 manatlıq, 03 ədəd 1 manatlıq kağız pul əskinazlarını çıxararaq masanın üzərinə qoymuş, bunlardan başqa üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Müstəntiq üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək qollarını yuxarı qaldırmağını təklif etmiş, o, qollarını yuxarı qaldırmışdır. Bundan sonra əynindəki qısaqol köynəyin boyun hissəsində, şalvarın bel nahiyəsində, şalvarın sağ və sol yan ciblərində, arxa ciblərində axtarış aparılmışdır. Ciblər hər biri çıxarılaraq baxılmış, lakin heç nə aşkar edilməmişdir. Sonra ayağındakı corablarını, ayaqqabılarını çıxarmaq təklif olunmuşdur. O, əvvəlcə ayaqqabılarını, daha sonra corablarını çıxarmış və silkələmişdir. Lakin heç nə aşkar edilməmiş, bundan sonra əvvəlcə corablarını, sonra isə ayaqqabılarını ayağına geyinmiş və üst başını səliqəyə salmışdır. Müstəntiq Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu əşyaları bir-bir təqdim etməyi təklif etmiş, o, əvvəlcə masanın üzərinə qoyduğu 01 ədəd mobil telefonu, 01 ədəd 10 manatlıq və 03 ədəd 1 manatlıq kağız pul əskinazlarının özünə məxsus olduğunu bildirmiş, ona həmin vaxt Şəki rayonu Baltalı kənd sakini Şahid1 üzərinə şəxsi axtarış zamanı narkotik vasitəyə bənzər kütlə aşkar edildiyi, Bilalın həmin narkotik vasitəyə bənzər kütləni Rauf adlı şəxsdən aldığını bildirməsi, Şahid1 tanıyıb-tanımaması, onunla münasibətinin olub-olmaması haqqında nə deyə biləcəyi soruşulmuşdur. O da Şahid1 tanıdığını, onun həmkəndlisi olduğunu, onunla münasibəti olduğunu, həmçinin Bilala 2021-ci ilin iyun ayının 18-də kəndlərində olan küçədə 10 manat müqabilində narkotik vasitə verdiyini, üzərindən aşkar olunan 10 manat pulun da Bilalın ona narkotik vasitə olan “nəşə”yə görə verdiyi pul olduğunu, üzərindən aşkar edilmiş 3 ədəd 1 manatlıq pul əskinazının isə özünə məxsus olduğunu bildirmişdir. Eyni zamanda ondan Şahid1 10 manata satdığı “nəşəni” kimdən və neçəyə əldə etməyi ilə bağlı sual-cavab aparılarkən o, həmin “nəşəni” Bakı şəhərində “Vasmoy” bazarı adlanan yerdə “Malış” ləqəbli, əsl adını, soyadını, atasının adı və ünvanını bilmədiyi şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Bundan sonra isə şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 01 ədəd 10 manatlıq, 03 ədəd 1 manatlıq pul əskinazları, 01 ədəd mobil telefonu zərflərin içərisinə qoyulmuş və zərfin ağzı Şəki ŞRPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 53 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Göstərmişdir ki, Raufun Vətən müharibəsi iştirakçısı olduğunu bilmişlər. Ona şöbədə hər hansı psixi və fiziki təsir edilməmiş və ya o döyülməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid3 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. İşdə olan 19.06.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin gün saat 0615-də Təqsirləndirilən şəxs CM-nın 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild İş.v 66-68). İşdə olan Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 19 iyun 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Şahid1 oğlunun üzərinə şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sol yan cibindən 01 ədəd mobil telefon, şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə marixuana aşkar olunaraq götürülmüşdür. (İ cild İş.v 43-51) İşdə olan Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 19 iyun 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən 01 ədəd “Samsung A50” markalı mobil telefon və şalvarın sol yan cibindən A36616059 nömrəli 01 ədəd 10 manatlıq pul əskinazı aşkar edilərək götürülmüşdür. (İ cild İş.v 81-89) İşdə olan Şəki RMX-nin Narkoloji şöbəsinin 19.06.2021-ci il tarixli 182 A №-li “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, müayinə vaxtı Təqsirləndirilən şəxs sidiyindən marixuana qəbulu faktı aşkar edilmişdir. (İ cild iş.v 94). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X5 19 iyun 2021ci il tarixli, 17/446 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə ....» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi -0,36 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə –qurudulmuş marixuanadır. Tədqiqat prosessinin təsvirinin Qeydindən görünür ki, Marixuananın təmiz çəkisi-0,36 qr., tədqiqata sərf edildi-0,02 qr., qalıq-0,34 qramdır. Ekspertiza tədqiqatının dəyəri 34,55 manatdır. (İ cild İş.v 96-98) İşdə olan Azərbaycan Respublikası SHXÇDX-nin Şəki rayon şöbəsi tərəfindən verilmiş SX seriyalı, ******* nömrəli Təqsirləndirilən şəxs məxsus hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, 29.09.2020-ci il tarixdə İİ Qarabağ döyüşlərinə qatılaraq 286 və 285 nömrəli Hərbi Hissələrin tərkibində Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib və 12.01.2021-ci il tarixdə ehtiyata buraxılmışdır. (İ cild İş.v 165-169) İşdə olan 20 iyun 2021-ci il tarixli qərardan görünür ki, saat 1900-da Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nın MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İ cild iş.v 184-185) İşdə olan Şəki şəhər İHB-nın Baltalı İƏD üzrə nümayəndəliyindən daxil olmuş 22.06.2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Baltalı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild iş.v 190-192) İşdə olan Şəki Rayonu Psixatriya Xəstəxanasından Şəki ŞRPŞ-nə daxil olmuş 24.06.2021-ci il tarixli, 685 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs X3 dispanser müşahidəsində yoxdur. ( İ cild İş.v 199) İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 24.06.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild İş.v 203) İşdə olan “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin 25.06.2021-ci il tarixli, 776 nömərli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. (İ cild İş.v 204) İşdə olan Məhkəmə narkoloji ekspertizasının 06.07.2021-ci il tarixli, 797 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. (İ cild İş.v 208) İşə əlavə edilmiş Mobil telefona baxış keçirilməsi haqqında 25 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 “Sony Xperia” maraklı mobil telefona baxış zamanı mobil nömrə əlaqələrinin içərisində həmkəndlisi Təqsirləndirilən şəxs Elşən oğluna məxsus “Rauf 2” yazılmış ***-***-**-** mobil nömrəsi aşkar edilmiş, eyni zamanda Şahid1 telefonuna gələn və gedən zənglərə baxış zamanı burada 125 ədəd mobil nömrənin olduğu müəyyən edilmiş, onun ***-***-**-** mobil nömrəsinə 12 ədəd gələn və gedən zəngin olduğu, həmin zənglərin onun atası Mürşüdün istifadəsində olan ***-***-**-**, dostu Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və adları yazılmayan ***-***-**-**, ***- ***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin olduğu müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Elşən oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə Bilal Xəlillinin istifadəsində olan ***-***-**-** mobil nömrəsindən 18 iyun 2021-ci il tarixdə saat 19:56 və 21:22-də gedən zənglər vardır. (İ cild İş.v 227-228) İşdə olan Mİ 003392 nömrəli Vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Elşən oğlu Vətən Müharibəsi iştirakçısıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsini özünü müdafiə etmək üçün gətirdiyi dəlillər hesab edir. Halbuki, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində, həmçinin video çəkiliş zamanı Bilala 10 manat müqabilində narkotik vasitə satmasını etiraf etmişdir. Onun məhkəmə iclası zamanı gətirdiyi arqumentlər heç bir sübuta söykənmir. Əksinə şahidlərin ifadəsi və digər sənədlərlə onun nakotik vasitə satması sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan marixuananın satılması ilə cinayət hadisəsi baş vermişdir. Məhkəmə toplanmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi şahid ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş işin digər materialları və sübutların məcmusu ilə tam və heç bir şübhə olmadan qəti və birmənalı surətdə sübut edilmişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.11-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 234.2-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal CM-nın 61.1.6-cı maddəsinə əsasən cinayəti tamah məqsədi ilə törətməsidir. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilib edilməməsini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayında 30 il düşmən işğalında qalmış Vətən torpaqlarının işğaldan azad edilməsi üçün Qarabağ döyüşlərinə çağrılmış, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının düşmən tapdağından azad edilməsində iştirak etmişdir. Belə ki, o, 29.09.2020-ci il tarixdə İİ Qarabağ döyüşlərinə qatılaraq 286 və 285 nömrəli Hərbi Hissələrin tərkibində Cəbrayıl, Qubalı və Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etmiş, həmçinin Qubadlının azad olunması medalı ilə təltif edilmiş və 12.01.2021-ci il tarixdə ehtiyata buraxılmışdır. Bundan başqa o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi CM-nın 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etməyə alternativ cəza nəzərdə tutulmamışdır. Lakin məhkəmə onun Vətən müharibəsinin iştirakçısı olmaqla Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının düşmən tapdağından azad edilməsində iştirak etməsini nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsi tətbiq olunmaqla ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini ədalətli və qanuni hesab edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilən cəza zamanı nəzərə alınmalı, barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs Şəki MRX-nın Narkoloji şöbəsində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Şahid1 üstündən 01 ədəd şəffaf sellofan bükümdə aşkar olunan, tədqiqatlardan sonra ümumilikdə xalis çəkisi 0,34 qram qalmış çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. 19.06.2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üstündən götürülmüş pul məbləğlərindən iş üzrə maddi sübut kimi tanınıb Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan A36616059 nömrəli, 01 ədəd 10 manat pul dövlət nəfinə müsadirə edilməli, Təqsirləndirilən şəxs üstündən götürülmüş bir ədəd «Samsung Galaxy J1 mini 2» markalı mobil telefon, Şahid1 üzərindən götürülmüş ”Sony Xperia” markalı mobil telefon özlərinə qaytarılmalı, 05 ədəd videoçəkilişlər və 01 ədəd telefon danışıqları olan disklər cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla ona iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 19.06.2021-ci ildən 20.06.2021-ci ilədək həbsdə saxlandığı cəmi 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq iki il, beş ay, iyirmi altı gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs iki il, beş ay, iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Şəki MRX-nın Narkoloji şöbəsində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Şahid1 üstündən 01 ədəd şəffaf sellofan bükümdə aşkar olunan, tədqiqatlardan sonra ümumilikdə xalis çəkisi 0,34 qram qalmış çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. 19.06.2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üstündən götürülmüş və maddi sübut kimi tanınıb Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan A36616059 nömrəli, 01 ədəd 10 manat pul dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs üstündən götürülmüş bir ədəd «Samsung Galaxy J1 mini 2» markalı mobil telefon, Şahid1 üzərindən götürülmüş ”Sony Xperia” markalı mobil telefon qanuni sahiblərinə qaytarılsın. 05 ədəd videoçəkilişlər və 01 ədəd telefon danışıqları olan disklər cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm Apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-84/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-84/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver