Məhkəmə qərarları › İş №1(075)-85/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-85/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-85/2023 14.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirаkı ilə xx xxxxxx 1975-ci il tarixdə Şəki rayonu Daşüz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində azyaşlı övladları olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Şəki rayonu Daşüz kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir onadan ötəri ki, alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızdıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəliyyat hadisəsi törətmə cinayət əməlini törətmişdir. Belə ki, o, 26 aprel 2023-cü il tarixdə, saat 17:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq alkoqollu içkilərin qəbulu nəticəsində alkoqol sərxoşluğu halında idarə etdiyi «Vaz-21099» markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobillə Şəki rayonu, Qoxmuq kəndi ilə Şəki rayonunun Baltalı kəndləri arasında olan asfalt örtüklü yolla Şəki rayonunun Baltalı kəndi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 100 km/saat sürətlə hərəkət etdirərək və yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamaqla, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməklə, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və sair) vaxtında və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin olunacaq şəkildə yerinə yetirərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməmiş, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilmədiyindən idarəetməni itirmiş, avtomobil yoldan çıxaraq aşmış, nəticədə ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin sərnişin oturacağında olan sərnişin Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan İİ bel fəqərəsinin komperssion sınığı, onurğanın bel-oma şöbəsinin küt travması, qabırğaların çoxsaylı sınıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 26 aprel 2023-cü il tarixdə dostu Qudula kənd sakini Zərərçəkmiş şəxsla görüşüb birlikdə idarə etdiyi Vaz-21099 markalı ** BX *** dövlət nömrə nişanlı avtomobillə «Şəki» şadlıq sarayına toya getmiş və Elçinlə həmin toy məslisində iştirak etmişlər. Elçinlə toy məclisində olduqları müddətdə hər ikisi yemək yeyib araq içmişlər. Nə qədər araq içdiyini dəqiq xatılamır. Lakin ən azı 3-4 qədeh içib. Saat 17 radələrində Elçinlə toy məclisindən çıxdıqdan sonra özü avtomobilin sükanı arxasına keçmiş, Elçin isə avtomobilin qabaq sağ oturacağına əyləşmişdir. Bundan sonra Salman Mümtaz küçəsi ilə Qoxmuq körpüsü istiqamətində oradan da, sola dönüb Qoxmuq kəndindən keçən Şəki-Qax yolu ilə Qax rayonu istiqamətində hərəkət etmiş və Baltalı kəndinə gedən yola çatanda sola dönüb hərəkətini davam etdirmişdir. Yeni Çələbixan qəsəbəsinə gedən yolu keçib bir qədər hərəkət etdikdən sonra birdən avtomobili yolun hərəkət hissəsində oynamış və bir qədər gedəndən sonra yolun sağ hərəkət istiqamətinə çıxıb aşmışdır. Sonra nə baş verdiyini xatırlamır. Özünə gələndə avtomobilinin yanında yerdə olduğunu və ətrafda tanımadığı şəxslərin oldğunu görmüşdür. Sonradan yenidən halı pisləşmişdir. Özünə gələndə xəstəxanada olduğunu və xəsarət aldığı üçün həkimlərin ona tibbi yardım göstərdiklərini görmüşdür. Onun alkotester vasitəsi ilə muayinəsi aparılmışdır. Hadisədən əvvəl avtomobili təxminən 100 km/saat surətlə idarə etmişdir. Hadisə zamanı hərəkət yolunda başqa avtomaşın və maneə olmamışdır. Hadisə anidən baş verdiyi üçün tormoz verə bilməmişdir. İdarə etdiyi avtomaşın texniki cəhətdən saz vəziyyətdə olmuş, tormoz və sükanı normal işləmişdir. Əməlindən peşman olduğunu, ailə üzvlərini dolandıran şəxs olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, 26 aprel 2023-cü il tarixdə dostu Telmanla onun idarə etdiyi Vaz- 21099 markalı ** BX *** dövlət nömrə nişanlı avtomobillə «Şəki» şadlıq sarayına toy məclisinə getmişlər. Telmanla toy məclisində olduqları müddətdə hər ikisi yemək yeyib spirtli içki olan araq içmişlər. Telman təxminən 5-6 qədeh araq içmişdir. Saat 17 radələrində Telmanla toy məclisindən çıxdıqdan sonra keçib avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Telman isə sükan arxasına keçib əyləşmiş və sonra Baltalı kəndinə getmişlər. Kəndə gedən yolda Yeni Çələbixan qəsəbəsinə gedən yolu keçib bir qədər hərəkət etdikdən sonra birdən Telman yolun hərəkət hissəsində idarə etməni itirmiş və avtomobil yolun hərəkət hissəsində oynamış və bir qədər gedəndən sonra isə yolun sağ hərəkət istiqamətinə çıxıb aşmışdır. Sonra nə baş verdiyini xatırlamır. Özünə gələndə Şəki MRX-də olduğunu və xəsarət aldığı üçün həkimlərin ona ilk tibbi yardım göstərdiklərini görmüşdür. Hadisədən əvvəll Təqsirləndirilən şəxs avtomobili 100 km/saat surətlə idarə etmişdir. Hadisə baş verən zaman əyləşdiyi avtomobilin hərəkət yolunda başqa avtomaşın olmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs hadisənin qarşısını almaq üçün tormoz verib-vermədiyini bilməmişdir. Təqsirləndirilən şəxslə barışıb, şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin himayəsində övladlarının olmasını, ailəyə baxan şəxs olmasını nəzərə alaraq yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə bildirmişdir ki, Şəki ŞRPŞ-nin DYPB-nin YPX-ti inspektoru vəzifəsində işləyir. 26 aprel 2023-cü il saat 17:40 radələrində xidmətdə olan zaman xatırlamadığı bir şəxs ona zəng edərək Şəki rayonu, Baltalı kəndinə gedən yolda bir Vaz- 21099 markalı avtomobilin yoldan çıxaraq aşması barədə məlumat vermişdir. Ona görə dərhal həmin əraziyə getmiş və bu zaman həmin yolda bir Vaz-21099 markalı avtomobilin yoldan çıxıb aşmasını görmüşdür. Hadisə yerində bir neçə tanımadığı şəxslər olduğu üçün həmin şəxslərdən avtomobilin sürücüsünün kim olduğunu, qəza hadisəsi zamanı xəsarət alanların olub olmamasını soruşmuşdur. Həmin tanımadığı şəxslərdən biri ona avtomobilin sürücüsünün və avtomobildə olan bir sərnişinin xəsarət aldıqları üçün xəstəxanaya aparıldığını bildirmişdir. Bundan sonra Şəki ŞRPŞ-nin növbətçi hissəsinə zəng vurub Şəki rayonu, Baltalı kəndinə gedən yolda Vaz-21099 markalı ** BX *** dövlət nömrə nişanlı avtomobilin yoldan çıxaraq aşması, iki şəxsin xəsarət alması barədə məlumat vermiş və hadisə yerinə əməliyyat qrupunu göndərməsini xahiş etmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs işkili olduğunu qəbul edib, nəfəsindən kəskin alkoqol qoxusu gəlib. Eyni zamanda ayaq üstə dayanmağa çətinlik çəkibdir. İş materiallarına əlavə edilmiş 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 8/1806 nömrəli yol-nəqliyyat hadisələri ekzpertizası rəyinin nəticə hissəsindən görünür ki, Vaz-21099 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riyaət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Vaz-21099 markalı avtomobili sərxoş idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Vaz-21099 markalı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi Təcürbə və X11 rayon şöbəsinin 06 iyun 2023-cü il tarixli, 193 nömrəli əlavə ekspertiza rəyindən görünür ki,Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - İİ bel fəqərəsinin komperssion sınığı, onurğanın bel-oma şöbəsinin küt travması, qabırğaların çoxsaylı sınıqları bərk küt əşyanın təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş 26 aprel 2023-cü il tarixli, 01988 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan alkotest müayinə qəbzindən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən gün alkoqol təsbit edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş sürücülük vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək “BC” kateqoriyalı AF603477 nömrəli sürücülük vəsiqəsi olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin X8 İmtahan və X6 daxil olmuş 02 mart 2022-ci il tarixli, ***-***-**-**22 nömrəli məktubdan görünür ki, mərkəzləşdirilmiş komputer bazasına əsasən Şəki rayonu, Daşüz kəndində yaşayan Təqsirləndirilən şəxs etibarlılıq müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək olan AF 603477 nömrəli «BC» sürücülük vəsiqəsi almış, inzibati xətaya yol verməsi və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində hər hansı məlumat qeydə alınmayıb. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Rayonlararası Narkoloji Disponserdən daxil olmuş 07 iyun 2023-cü il tarixli, 442 nömrəli məktubdan görünün ki, İsaqov X1 şəhər Rayonlararası Narkoloji Disponserdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Şəki rayon Psixiatriya xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 751 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş sürətindən görünür ki, X5 xx.xx.2010-cu ildə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs anası X3r. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş sürətindən görünür ki, X10 xx.xx.2013-cü ildə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs anası X3r. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Daşüz kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdə, saat 17:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq alkoqollu içkilərin qəbulu nəticəsində alkoqol sərxoşluğu halında idarə etdiyi «Vaz-21099» markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobillə Şəki rayonu, Qoxmuq kəndi ilə Şəki rayonunun Baltalı kəndləri arasında olan asfalt örtüklü yolla Şəki rayonunun Baltalı kəndi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 100 km/saat sürətlə hərəkət etdirərək və yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamaqla, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməklə, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və sair) vaxtında və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin olunacaq şəkildə yerinə yetirərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməmiş, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilmədiyindən idarəetməni itirmiş, avtomobil yoldan çıxaraq aşmış, nəticədə ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin sərnişin oturacağında olan sərnişin Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan İİ bel fəqərəsinin komperssion sınığı, onurğanın bel-oma şöbəsinin küt travması, qabırğaların çoxsaylı sınıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 4-cü bəndində göstərilir ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Şəxs hadisədən sonra hadisə yerindən qaçdıqda və ya hər hansı vasitə ilə müayinədən və ya ekspertizanın keçirilməsindən imtina etdikdə onun cinayət törədərkən sərxoş olub-olmaması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsində nəzərdə tutulan sübut növləri ilə müəyyən oluna bilər. Bu zaman sərxoşluğun dərəcəsi əməlin həmin maddə ilə tövsifi üçün əhəmiyyət kəsb etmir. İş materiallarında olan 26 aprel 2023-cü il tarixli, 01988 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan alkotest müayinə qəbzində Təqsirləndirilən şəxs hansı dərəcəli, yəni neçə promilli sərxoş olması qeyd edilməsə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünün və onunla birlikdə toy məclisində iştirak edən zərərçəkmiş şəxsin toy şənliyində spirtli içki içdiklərini etiraf etmələri, həmçinin şahidin ifadəsi ilə hadisə baş verən zaman təqsirləndirilən şəxsin sərxoş olması nəticəsinə gəlməyə əsas verir. Bundan başqa sözügedən alkotester müayinə qəbzinin çap olunma tarixindən də, müəyyən olunur ki, sözügedən qəbz hadisə baş verən gün, yəni 26 aprel 2023-cü il tarixdə, hadisənin baş vermə saatından bir neçə saat sonra tərtib olunmuşdur. Bundan da, belə nəticə hasil olur ki, 26 aprel 2023-cü il tarixli, 01988 nömrəli qəbz məhz Təqsirləndirilən şəxs alkoqollu içki nəticəsində sərxoşluq vəziyyətinin müəyyən edilməsinin nəticəsidir. Məhkəmə, məhkəməyədək və məhkəmə araşdırma zamanı toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələri). Məhkəmə təqsirləndirilən şəxsin hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi qəbul edir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərər çəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 43-cü maddəsinin mənasına görə cinayət törətməkdə təqsirli bilinən şəxslərə əsas və əlavə cəza təyin edilə bilər və bu cəzalar cəzanın məqsədini vəhdətdə təmin edir. Həmçinin, qeyd edilən qərarda göstərilmişdir ki, əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da, cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirlən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzanın tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İş materiallarından və məhkəmə baxışında təqsirləndirilən şəxsin ailədə pis münasibətləri müəyyən edilməmişdir. Yaşadığı yerdə özünü yaxşı tərəfdən göstərmiş və müsbət xarakterizə olunmuşdur. Cinayət Məcəlləsinin 9.2-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında, dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etməcəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almaqla, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət qanunu sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə iş üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışını, zərərçəkmiş şəxslə barışdığını, ailə vəziyyətini, təyin ediləcək cəzanın onun ailə şəraitinə təsirini və sair bu kimi halları cəza təyini zamanı nəzərə alır. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, məhkəmə baxışının normal gedişinə mane olmamasını, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına vaxtında gəlməsini və məhkəmə hökmünün icra edilməsinə maneə törətməməsini nəzərə alaraq onun barəsində istintaq orqanı tərəfindən seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm icraya yönəldilənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsində göstərilir ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ekspertiza tədqiqatının dəyəri olan 85 manat pul ondan alınaraq dövlət büdcəsinə ödənilməli, polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi ziyanın, maddi sübutun və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 85 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına ödənilsin. İş üzrə maddi ziyanın, maddi sübutun və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar