Məhkəmə qərarları › İş №1(075)-87/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-87/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-87/2024 29.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, 11 sentyabr 1980-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, qəsdən, tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talamaq məqsədilə 12 iyul 2024-cü il tarixdə, saat 22 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus dülgər sexinin yerləşdiyi saxlanc yeri hesab edilən həyətin giriş qapısından qanunsuz içəri daxil olmaqla oradan da qapısının açıq olmasından istifadə edərək saxlanc yeri hesab edilən həmin sexin içərisinə qanunsuz daxil olub oradakı dolabın üstündə olan bir ədəd 200 (iki yüz) manat dəyərində “FİXTEC Router”markalı frez aparatını, bir ədəd 50 (əlli) manat dəyərində “P.İ.T. PWS125-C4” markalı laqonda aparatını, bir ədəd 40 (qırx) manat dəyərində “GO/ON!” markalı elektrikli mişarı(lobzik), bir ədəd 100 (bir yüz) manat dəyərində “Einhell” markalı direl aparatını, bir ədəd 110 (bir yüz on) manat dəyərində “K ZUBR” markalı direl aparatını, bir ədəd 60 (altmış) manat dəyərində “FİXTEC” markalı direl aparatını və bir ədəd 110 (bir yüz on) manat dəyərində “TEH THG2008” markalı fen aparatını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə cəmi 670 (altı yüz yetmiş) manat dəyərində maddi ziyan vuraraq qəsdən oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Zərərçəkmiş şəxs 2020-ci ildən tanıyır. O, həmin vaxtlarda Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən Turala məxsus dülgər sexində usta kimi işləmişdir. Həmin sexdə stolstul hazırlanmışdır. 2024-cü ilin mart ayında işdən çıxmışdır. 2024-cü il aprel ayının 29-da iş axtarmaq üçün Bakı şəhərinə getmiş, bir neçə ay orada sexlərin birində dülgər işləmiş və özünü dolandırmışdır. Lakin iş olmadığından iyul ayının 12-də Bakı şəhərindən Şəki şəhərinə gəlmiş, saat 20 radələrində küçədə düşüb evinə getmişdir. Daha sonra o, Turalın sexindən avadanlıqları oğurlayıb yaşadığı evə gətirmiş və gələcəkdə yaşadığı evdə həmin avadanlıqlarla işləyib özünə pul qazanmağı düşünmüşdür. Bu məqsədlə avadanlıqları yığmaq üçün evdən sarı rəngli zənbili götürüb evdən çıxmış və piyada özü tək S.Mümtaz küçəsinə Turalın işlətdiyi dülgər sexinin yanına getmişdir. Sexin yerləşdiyi ərazinin dörd tərəfi hasarla əhatə olunmuşdur. Əvvəllər o, sexdə işlədiyi üçün sexin həyətinin arxa hissəsində sexə daxil olmaq üçün qapısı olduğunu bilmişdir. Ona görə də ətrafa baxmışdır ki, onun sexə daxil olduğunu heç kim görməsin. Daha sonra sexin arxa tərəfinə keçib həmin taxta qapını açmaq istədikdə qapının arxasına taxta söykədikləri üçün qapı tez açılmamışdır. O, bir neçə dəfə qapını silkələdikdən sonra taxta yerə düşmüş, qapı açılmış və o, həyətə daxil olmuşdur. Sexin həyəti qaranlıq olmuşdur. O, özünə məxsus “Redmi 9A” markalı mobil telefonun işığını yandırıb ətrafa nəzər salmışdır və orada heç kim olmamışdır. Həyətə daxil olduğu qapıdan təxminən 20 metr aralıda sex yerləşmişdir. O, dərhal sexə yaxınlaşmışdır. Sexin qapısı açıq olmuşdur. İçəri daxil olduqda sol tərəfdə dolabın üstündə avadınlıqlar olduğunu görmüşdür. Həmin avadanlıqların içərisindən bir ədəd frezi, bir ədəd laqondanı, bir ədəd lobziki, üç ədəd direli (ikisi batareka ilə işləyir) və bir ədəd fen aparatını dolabın üstündən götürüb özü ilə apardığı sarı rəngli zənbilin içərisinə qoymuşdur. Daha sonra sexdən qapıya tərəf getmiş, həmin qapıdan küçəyə çıxıb qapını örtüb oradan uzaqlaşmış və yaşadığ evə getmişdir. Gələcəkdə həyətdə özünə sex açıb işlətmək üçün sexdən oğurladığı avadanlıqları zənbildən çıxarıb yataq otağındakı divarın içərisində olan dolaba yığmışdır. O, qeyd edilən cinayət əməlindən başqa cinayət əməli törətməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, oğurluq cinayətini ehtiyac üzündən törətdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2022-ci ildən Şəki şəhəri, S.Mümtaz küçəsində Şəki Penitensiar Xidmət ilə üzbəüz yerləşən dülgər sexini icarəyə götürüb orada işləyir. Həmin sexdə stol-stul hazırlanması ilə məşğul olur. Onunla birlikdə Şahid da həmin sexdə işləyir. 12 iyul 2024-cü il tarixdə gün ərzində Qoşqarla birlikdə sexdə işləyib saat 21:00-da istifadə etdiyi avadanlıqları dolabın üstünə yığaraq sexi təmizləyib evə getmişdir. Sexin qapısı açıq olmuşdur. Lakin sexin yerləşdiyi ərazinin dörd tərəfi bağlı olmuş, giriş qapıları olmuşdur. O, sexdən çıxarkən heç kim olmamışdır. 13 iyul saat 09 radələrində sexə daxil olduqda sol tərəfdə yerləşən dolabın üstünə qoyduğu avadanlıqların yerində olmadığını görmüşdür. Daha diqqətlə baxdıqda isə görmüşdür ki, bir ədəd frez, bir ədəd laqonda, bir ədəd elektrik mişarı, üç ədəd direl və bir ədəd fen aparatı yerində olmamışdır. Bundan sonra avadanlıqların oğulandığını başa düşmüşdür. Həmin vaxt o, Polis Şöbəsinə şikayət etmək barədə düşünmüş, lakin sonradan o, qərara gəlmişdir ki, bir neçə gün avadanlıqları götürən şəxsin həmin avadnlıqları gətirib yerinə qoymasını gözləsin. Lakin heç bir xəbər olmamışdır. Ona görə də 17 iyul 2024-cü il tarixdə Şəki ŞRPŞ-nə yaxınlaşıb bu barədə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı ona məlum olmuşdur ki, ona məxsus avadanlıqları əvvəllər yanında işləyən Təqsirləndirilən şəxs oğurlamışdır. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam şəkildə ödəmişdir. Ona görə də, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Yüngül cəza verilməsini məhkəmədən xaiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, 2023-cü ilin iyun ayından ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus dülgər sexində usta işləyir. Tural həmin sexi icarəyə götürüb, birlikdə stol-stul hazırlayırlar. Təqsirləndirilən şəxs uzun illərdir tanıyır. Onunla münasibəti normal olmuşdur. Turalın sexində işə başlayarkən Sahib də həmin sexdə işləmişdir. İşlədiyi sexdə olan avadanlıqların hamısı Zərərçəkmiş şəxs məxsusdur. Onlar həmin avadanlıqlardan istifadə etməklə stol-stul hazırlayıb satırlar. Sahib də onlarla birlikdə işləmişdir. Bir müddət sonra Sahib işdən çıxmışdır. Həmin vaxtdan sonra Sahibi işlədiyi sexdə görməmişdir. 12 iyul 2024-cü il tarixdə gün ərzində Tural ilə birlikdə sexdə işləyib saat 21 radələrində iş saatı başa çatdığı üçün o, avadanlıqların bir hissəsini sexə daxil olduqda sol tərəfdə yerləşən dolabın üstünə yığıb Tural ilə sağollaşıb evə getmiş, qalan avadanlıqlardan Tural hələ istifadə etmişdir. Həmin sexin qapısı yoxdur. Lakin sexin yerləşdiyi ərazinin dörd tərəfi bağlıdır və giriş qapıları vardır. 13 iyul səhər saat 09 radələrində sexə gedib işə başlamış, laqonda lazım olduğu üçün dolaba tərəf baxmış, lakin laqondanın yerində olmadığını görmüşdür. Turalın laqondanı özü ilə apardığını düşünərək Turalın gəlməsini gözləmişdir. Digər avadanlıqların da yerində olmadığına fikir verməmişdir. Tural bir neçə dəqiqə sonra sexə gəldikdə ondan bu barədə soruşmuş, lakin Tural sexdən avadanlıq götürmədiyini, avadanlıqların hamısını dolabın üstünə yığdığını demişdir. Onlar birlikdə dolabın üstünə baxdıqda bir ədəd frez, bir ədəd laqonda, bir ədəd elektrik mişarı, üç ədəd direl və bir ədəd fen aparatının yerində olmadığını görmüşlər. Tural avdanlıqların oğurlandığını deyib geri qaytarılmayacağı halda şikayət edəcəyini bildirmiş, 17 iyul 2024cü il tarixdə isə Şəki ŞRPŞ-nə bu barədə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı Turala məxsus avadanlıqların əvvəllər onlarla birlikdə işləyən Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı məlum olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması” haqqında 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, xx xxx 1980-ci ildə Şəki şəhərində kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə şübhəli şəxs qismin tutulması qərara alınmışdır. “Şübhəli şəxsin tutulması” haqqında 20 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2024-cü il tarixdə, saat 17:25-də Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və Müvəqqəti saxlama yerindən azad edilməsi” haqqında 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə, saat 15:20-də qərarla tanış edilməklə Müvəqqəti saxlama yerindən azad edilib, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır. “Hadisə yerinə baxış keçirilməsi” haqqında 17 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 64 nömrəli ünvanda keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs avadanlıqları və materialları göstərib iş yoldaşı Şahidla birlikdə gündəlik olaraq həmin sexdə stol, stul və dolabların hazırlanması ilə məğul olduqlarını, hər gün saat 21 radələrində avadanlıqları dolabın üstünə yığıb getdiklərini bildirmişdir. Daha sonra baxışın davamında Zərərçəkmiş şəxs sexə giriş hissədə sol yanda divarın qarşısında yerləşən dolabı göstərib xx.xx.2024-cü il tarixdə saat 21 radələrində sexdən çıxarkən dülgər avadanlıqlarını həmin dolabın üstünə yığıb getdiyini, sexin qapı hissəsinin açıq vəziyyətdə qaldığını, səhəri gün saat 09 radələrində sexə daxil olduqda bir ədəd frez, bir ədəd laqonda, bir ədəd elektrik mişarı, üç ədəd direl və bir ədəd fen aparatının yerində olmadığını bildirmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2024-cü il tarixli 9/6305 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertiza rəyindən görünür ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə toplanan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: - bir ədəd “FİXTEC Router”markalı frez aparatının qiyməti 80 manat; - bir ədəd “P.İ.T. PWS125-C4” markalı laqonda aparatının qiyməti 45 manat; - bir ədəd GO/ON!” markalı elektrikli mişarın (lobzik) qiyməti 35 manat; - bir ədəd “Einhell” markalı direl aparatının qiyməti 25 manat; - bir ədəd “K ZUBR” markalı direl aparatının qiyməti 25 manat; - bir ədəd “FİXTEC” markalı direl aparatının qiyməti 25 manat; - bir ədəd “TEH THG2008” markalı fen aparatının qiyməti 40 manat. Beləliklə, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cu ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 275,00 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 275,00 manat müəyyən edilir. Şəki rayon Kooperativlər Cəmiyyətindən daxil olmuş məktubdan görünür ki, 2024cü ilin iyul ayının 12-nə 01 ədəd “FİXTEC Router” markalı frez aparatının orta bazar qiyməti 190 ( bir yüz doxsan) manat, 01 ədəd “P.İ.T. PWS125-C4” markalı laqonda aparatının qiyməti 45 (qırx beş) manat, 01 ədəd “GO/ON!” markalı elektrikli mişarın qiyməti 30 (otuz) manat, 01 ədəd “Einhell” markalı direl aparatının qiyməti 100 ( bir yüz ) manat, 01 ədəd “KZUBR” markalı direl aparatının qiyməti 50 (əlli) manat, 01 ədəd “FİXTEC” markalı direl aparatının qiyməti 80 (səksən) manat və 01 ədəd “TEH THG2008” markalı fen aparatının qiyməti 100 (bir yüz) manat təşkil etmişdir. Şəki rayon Psixiatriya Xəstəxanasının 01 avqust 2024-cü il tarixli, 700 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan 1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. Azərbaycan Respublikası Qax rayonu İcra Hakimiyyəti Turaclı kənd İnzibati ərazi dairəsininin 29 dekabr 2023-cü il tarixli 490 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu, Turaclı kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası "Tibbi ərazi X2" “X4” publik hüquqi şəxsdən 05 avqust 2024-cü il tarixli, 18-1-71/2-1142/2024 nömrəli məktubundan görünür ki, ünvan 7 ünvanda pasport qeydiyyatında olmaqla yaşayan xx.xx.1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “X4” publik hüquqi şəxsin Poliklinika şöbəsinin Narkoloji kabinetinə müraciət etməmişdir və qeydiyyatda yoxdur. Şəki şəyhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsinin “Qurcana” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Cinayət işində olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nə verilmiş əməliyyat tapşırığının xx.xx.2024-cü il tarixli cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəki rayonu ərazisində və Respublikamızın digər rayonları ərazisində digər cinayətlərin törədilməsində iştirakının olub-olmaması, onun Zərərçəkmiş şəxs münasibətləri, onlar arasında ədavət və ya düşmənçiliyin olması, Təqsirləndirilən şəxs oğurluq edərkən digər şəxslərin rolunun və ya iştirakının olması, qeyd olunana cinayət əməlindən başqa digər şəxslərin rolunun və ya iştirakının olması, qeyd olunan cinayət əməlindən başqa digər cinayət əməli törətməsi, həmçinin qeyd olunana cinayət əməlindən başqa digər cinayət əməlini törətməsi, həmçinin qeyd olunan cinayət əməlinin törədən zaman kənar şəxslərin iştirakının olmasını müəyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə tərəfimizdən müvafiq tədbirlər davam etdirilir. Gələcəkdə əhəmiyyətli məlumat əldə olunarsa Sizə əlavə olaraq məlumat veriləcəkdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini (CM-nin 59.2-ci maddəsi), zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12, 59.1.14-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli və cəza çəkdiyi müddət ərzində onun üzərinə günün müəyyən saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2024-cü il tarixdən 22 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bundan başqa, məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – bir ədəd “FİXTEC Router”markalı frez aparatı, bir ədəd “P.İ.T. PWS125-C4” markalı laqonda aparatı, bir ədəd GO/ON!” markalı elektrikli mişar, bir ədəd “Einhell” markalı direl a paratı, bir ədəd “K ZUBR” markalı direl aparatı, bir ədəd “FİXTEC” markalı direl aparatı və bir ədəd “TEH THG2008” markalı fen aparatın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ **********0003003944 SWİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar