Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-88/2025 23.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X3, Xüsusi ittiham qaydasında şikayət olunan şəxslər X5 və X9 iştirakları ilə, X10 tərəfindən, X2, X5 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyənetdi: X10, xisusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, “onun barəsində “Tik Tok” sosial şəbəkəsində böhtan xarakterli məlumatları dəfələrlə yayaraq, onun ünvanına təhqir dolu ifadələr işlədərək onu təhqir etdiklərinə görə, barəsində müxtəlif dövlət orqanlarına böhtan və təhqirlərlə dolu yalan məlumatlar və şikayətlər göndərilməsini təşkil etdiklərinə görə və onu ağır cinayətdə ittiham etdiklərinə görə 25 yanvar 1951-ci ildə anadan olmuş, fərdi sahibkarlıqla məşğul olan, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası vətəndaşı X2, Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1959-cu ildə Şəki şəhərində anadan olmuş, ali təhsilli, ailəli, “Azər Kooperasiya” müəssisəsinin rəhbəri, ünvan 2 ünvanında yaşayan X5 və Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1991-ci ildə ünvan 3 ünvanında yaşayan, fərdi əməklə məşğul olan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə qərar çıxarılmasını xahiş etmişdir”. Xüsusi ittiham qaydasında verilmiş şikayəti öyrənərək və xüsusi ittiham qaydasında şikayət verən şəxs X6, xüsusi ittiham qaydasında şikayət olunan şəxslər X7 və X11 dinləyərək məhkəmə hesab edir ki, qeyd olunan və aşağıdakı səbəblərdən şikayət üzrə məhkəmə baxışının keçirilməsindən, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyildir. Şikayətdə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin X4, X12 və X14 tərəfindən törədilməsi qeyd olunsa da, onlardan hansının hansı hərəkətlərinin cinayət əməli olduğu göstərilməmiş və heç biri barəsində heç bir əsaslandırma aparılmamışdır. Yalnız məhkəmə iclasındakı çıxışında xüsusi ittihamçı tərəfindən ümumi ifadələrdən istifadə edilmiş, şikayət olunan şəxslərdən Tehran Lətifovun onun foto şəklini Zeynəb Əhmədovanın mağazasında çəkdirib, Aman Əhmədovun sosial şəbəkədə olan səhifəsində qəbir daşının yanında paylaşıb, altında heyvan şəkli qoyub, layiq olmadığı sözlər yazıb onu təhqir etdiyini, həmin səhifədə paylaşılan çıxışında Zeynəb Əhmədovanın onun başqası ilə əlbir olub pul ələ keçirmək istəməsi kimi ağır cinayətdə ittiham etdiyini qeyd etmişdir. Lakin qeyd olunanların - yəni şəkili kimin çəkdiyini və çəkdirdiyini, sosial şəbəkədə paylaşım edilən səhifənin kimə məxsus olmasını, şəkilləri yerləşdirib, yazıları yazmış və paylaşımı etmiş şəxsin kimliyi təsdiq edən sübut materiala əlavə edilməmişdir. Bundan başqa xüsusi ittihamçının materiala özünün əlavə etdiyi cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, onun polis şöbəsinə etdiyi eyni şikayəti üzrə aparılmış araşdırma zamanı qeyd etdiyi əməllərin həmin şəxslər tərəfindən törədilməsi təsdiqini tapmamış, şikayət üzrə cinayət işi başlanması rədd edilmişdir. CPM-nin 293.3.1-293.3.7-ci maddələrinə əsasən şikayətdə, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilməlidir. CPM-nin 300.1.3-cü maddəsində göstərilir ki, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə də qərar qəbul edilir. CPM-nin 302.1.3 maddəsində göstərilir ki, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7 maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilir. CPM-nin 302.2.3-ci maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 302.1.3, 302.2.3, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 xüsusi ittiham qaydasında şikayətinin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7 madəsində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından şikayət olunan şəxslər X2, X5 və X9 cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu gündən 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №1(075)-88/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-88/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver