Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-90/2024 09.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X17 qızının, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 iştirakları ilə, X8 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X8 və araşdırmalarda əsas yaranarsa X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixində bağlanmış, icarə müqaviləsi əsasında, axırıncıya məxsus Şəki şəhəri, S.Rəhman və M.Müşfiq küçələri-nin kəsişmə nöqtəsində yerləşən 53 kv.m qeyri-yaşayış sahəsi (mağaza) icarəyə verilmiş və o, həmin sahədə sahibkarlıq fəaliyyəti (bijuteriya mallarının alışı-satışı, VÖEN:**********) ilə məşğul olmuşdur. Fəaliyyət dövründə onunla birgə, ünvan 1 ünvanında qeydiyyatda olan, Balakən rayonu, Qabaqçöl qəsəbəsi, Xalatala kəndi-ndə doğulmuş, 1985-ci il təvəllüdlü X15 da, işçi kimi çalışmışdır. Qeyd edilən qeyri-yaşayış sahəsində ərizəçinin fiziki fəaliyyəti, 2023- cü ilin iyul ayına qədər davam etmiş və O, sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədi ilə, daha başqa bir qeyri-yaşayış sahəsini icarəyə götürməklə, adı yuxarıda qeyd edilən sahəni, iş üzrə barəsində şikayət verilən şəxsə, yəni X15-na tapşırmışdır. Şikayətçi başqa mağazada işə başlayandan X15 oğurluğa başlamış və mühasibatlıq yoxlamasında onun mağazada (iddiaçıya) 25000 (iyirmi beş min) manat borcunun olması ortaya çıxmışdır ki, borcun qaytarılması ilə bağlı 2(075)- 1739/2024 saylı iş, Şəki rayon Məhkəməsinin icraatındadır. Göstərilənlərə paralel, X15, iş üzrə şikayətçinin əri, X16 ilə razılığa gəlmişdir ki, X16, X9 məxsus, ünvan 1 ünvanında yaşayış evi inşa edəcək və X12 görülən işlərin zəhmət haqqını ödəyəcəkdir. Hudulov Vüqar qeyd edilən ünvanda, özü də, usta kimi işləməklə yaşayış evini inşa etdirmiş, işlər yerinə yetirildikdən sonra, X15 şikayətçinin ərinə əmək haqqını, yəni 30000 (otuz min) manat ödəməkdən imtina etmişdir ki, həmin pulun ödənilməsi ilə bağlı 2(075)- 2010/2024 saylı iş, Şəki rayon Məhkəməsinin icraatındadır. İş üzrə şikayətçi X10, X6 işlədiyi mağaza üzrə və Vüqar Hudulovun, X11 məxsus evdə gördüyü inşaat işləri ilə bağlı haqq-hesab tələb etdiyində, X15, X4 və övladı X14 fotoşəkillərini sosial şəbəkələrdə yaymaqla və bu foto şəkillərin altında nalayiq ifadələr işlətməklə onlara böhtan atmış, onları biabır etmək hədəsi ilə təhqir etmiş və onun təkrar olaraq pul tələbi olarasa, daha başqa şəkillərin paylaşılacağı hədəsi ilə, onu şantaj etmişdir ki, bu barədə ərizəçi tərəfindən qaldırılmış 2(075)-1966/2024 saylı iş, Şəki rayon Məhkəməsinin icraatındadır. İş üzrə şikayətçi, X1 ailəli olmasına baxmayaraq, bir çox hallarda Şəki rayonu, Qoxmuq kənd sakini, X5 ilə, Xalq şairi, ümumdünya şöhrətli Bəxtiyar Vahabzadənin ev muzeyində və gah da, şikayətçinin kirayələyərək yaşadığı evdə mütamadi olaraq görüşməsini müşayət etmişdir. Bundan başqa, konflikt yaranan zaman, Mariyət Məmmədova mütamadi olaraq görüşdüyü Nizaməddinov Asimlə birgə, iş üzrə şikayətçiyə, lazım gələcəksə əllərində, insanın arterial təyziqini inanılmaz dərəcədə qaldırmaq gücünə malik dərmanın olması və həmin dərmanın 1 həbi ilə, istənilən adamı həyatdan siləcəkləri və ona maneə yaradan kəsləri (ilk növbədə Şəki şəhər sakini, Tehran Lətifovu) bu dərmanın vasitəsi ilə (yeməyinə və yaxud içkisinə qatma yolu ilə) yox etmə planı qurduqlarını da etiraf etmişdir. Bütün qeyd edilənlərdən əlavə, onlar daima, iş üzrə şikayətçiyə əri Vüqar Hudulovun vecsiz biri olması ilə, ondan ayrılmasını və pullu bir nəfərlə tanış olmaqla, öz həyatını daha yaxşı qurması fikrini yeritməklə və onu öz ətrafından tanıdığı kişi cinsindən olan başqa-başqa şəxslərlə tanış etməyə çalışmaqla, onun ailəsini dağıtmağa çalışmışdır. Bütün qeyd edilənlər barəsində, iş üzrə ərizəçinin Şəki ŞRPŞ-nə, X7 əməllərinə hüquqi qiymət verilməsi üçün etdiyi müraciətə, Şəki ŞRPŞ TB, xx.xx.2024-cü il tarixldə, HK-1/1286 saylı "cinayət işinin başlanmasının rədd edilməsi"-nə dair Qərar qəbul edilmişdir ki, həmin Qərar-dan verilmiş şikayət, Şəki rayon Məhkəməsinin 6(075)-3/2024 saylı Qərarıyla qismən təmin edilməklə, təkrar istintaqa qaytarılmışdır. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilmiş barəsində şikayət verilmiş şəxs X5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək bildirdi ki, X15 onun və ailəsinin ünvanına kütləvi informasiya vasitəsi hesab olunan özünün istifadə etdiyi “instaqram” hesabından təhqiredici ifadələr işlətmişdir. X5 da Mariyət Məmmədovanın sözü ilə işlədiyindən onun da məsuliyyətə cəlb edilməlidir. Buna görə də xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X15 bildirdi ki, X10 onun mobil nömrəsinə zəng edərək onu işlə təmin etməyini xahiş etmişdir. O, Şəhla Hudulovanı özünə məxsus ticarət obyektini işlətməsi üçün vermişdir. Bir müddət sonra həmin ticarət obyektini özü işlətmək istədiyindən Şəhla Hudulova da, ticarət obyektindən getmişdir. O, Şəhla Hudulovanı heç bir yerdə və ya sosial şəbəkədə təhqir etməmişdir. Buna görə də, şikayətin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir və iş materiallarına əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, şikayət forma və məzmunla bağlı tələblərə riaət edilmədən tərtib edilmişdir. Belə ki, şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 haqqında haqqında məlumatlarla bağlı CPM-in 293.3.3-cü maddəsinin tələbləri gözlənilməmiş, məlumatlar natamam qeyd edilmişdir (doğulduğu il, məşğuliyyət növü, vəzifəsi). Ərizədə barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxsin doğulduğu gün, ay, il göstərilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, şikayət ərizəsində xüsusi ittiham qaydasında irəli sürülən ittiham konkret olmalıdır. Şikayət vermiş şəxs X8 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də sonuncuların hansı əməllərinə görə həmin Məcəllənin 147.1 hansı əməllərinə görə isə 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olmalarını fərqləndirməmişdir. Eyni zamanda şikayət ərizəsində X8 və X3 isnad edilən əməllər ümumilikdə tövsif edilərək sonuncuların hansı əməllərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, hansı əməlllərə görə isə CM-in 147.2-ci maddəsi ilə təqsirləndirilmələri fərqləndirilməmişdir. Bununla CPM-nin 293.3.2-ci maddəsinin tələbi də pozulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Eyni zamanda həmin qərarın 12-ci bəndinin 2, 3 və 4-cü abzaslarında göstərilmişdir ki, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından və şikayəti vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7, 302.2.3, 384-385-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 və araşdırmalarda əsas yaranarsa X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-90/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-90/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver