Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-90/2025 08.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında 1 yanvar 1974-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 6 iyun 2025-ci il tarixdə, saat 10 radələrində orta dərəcəli sərxoşluğu vəziyyətində Şəki şəhərində yerləşən Heydər Əliyev adına parkın içərisində paltar dəyişmə otağında əvvəllər özünə məxsus Şəki şəhəri, A.Cuma küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış tanışı Zərərçəkmiş şəxs həmin ünvanda qazdan istifadəyə görə yaranmış borcu və həmin evin açarlarını tələb etməsi səbəbindən aralarında yaranmış həmin şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı qəsdən əli ilə Zərərçəkmiş şəxs sağ göz nahiyyəsindən bir zərbə vurmaqla ona sağ gözün ağlı qişasına və sağ göz bəbəyinə qansızmalar, sağ gözün ətraf yumşaq toxumalarının qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, həqiqətən də 6 iyun 2025-ci ildə, saat 10 radələrində sərxoş vəziyyətdə Şəki şəhərində yerləşən Heydər Əliyev adına parkın içərisində paltar dəyişmə otağında əvvəllər özünə məxsus Şəki şəhəri, A.Cuma küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış tanışı Zərərçəkmiş şəxs həmin ünvanda qazdan istifadəyə görə yaranmış borcu və həmin evin açarlarını tələb etməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sağ göz nahiyyəsindən bir zərbə vurmaqla, ona xəsarətlər yetirdiyini, əməlindən peşiman olduğunu, hal-hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, hadisə zamanı zərərçəkmişə heç bir maddi zərər dəymədiyini, zərərçəkmiş şəxsin onu bağışlamasını bildirib, bunları nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. O, məhkəməyə bu barədə yazılı ərizə təqdim etdi. Məhkəmə hazırlıq iclası zamanı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs 6 iyun 2025-ci ildə, saat 10 radələrində sərxoş vəziyyətdə Şəki şəhərində yerləşən Heydər Əliyev adına parkın içərisində paltar dəyişmə otağında aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı, onun sağ göz nahiyyəsindən bir zərbə vurmaqla, ona xəsarətlər yetirdiyini, lakin hadisə nəticəsində ona heç bir maddi zərər dəymədiyini, üzürxahlıq etdiyinə görə Təqsirləndirilən şəxs bağışladığını və təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirib, təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdi və bu haqda məhkəməyə təsdiq olunmuş ərizə təqdim etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı çıxış edərək zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını və zərərçəkmiş şəxsə maddi zərər dəymədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsinə və cinayət məsuliyyətindən azad olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin 5 iyun 2025-ci il tarixli, 174 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarət – sağ gözün ağlı qişasına və sağ göz bəbəyinə qansızmalar, sağ gözün ətraf yumşaq toxumalarının qançırları küt alətin təsirindən əmələ gəlmişlər, yetirilmə müddətdə qərarda göstərilən xx.xx.2025-ci il tarixində əmələ gələ bilərdilər və ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. (İş v 17) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (İş v 57) “Şəki Mərkəzi Rayon Xəstəxanası” PHŞ-nin 20 iyun 2025-ci il tarixli, 18-1-71/2- 1092/2025 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, A.Cuma küçəsi, ev 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs “Şəki Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxsin X1 kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. (İş.v 58) Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 600 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, A.Cuma küçəsində yaşayan Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İş.v 56). Şəki şəhər “Qurdlar” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və xx.xx.2025-ci il tarixli, 166 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İş v 53,55) Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 299.1-ci maddəsində göstərilir ki, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.4-ci maddəsində göstərilir ki, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 299.4.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı verilmiş vəsatət və etirazların təmin edilməsi və ya onların təmin edilməsinin rədd edilməsi barədə məsələlər həll edilir. Həmin Məcəllənin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göründüyü kimi məhkəmə hazırlıq iclasınadək iş üzrə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışmış, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və iddiası olmamış, hadisə nəticəsində zərərçəkmiş şəxsə maddi zərər dəyməmişdir. Eyni zamanda qanunda, məhkəmənin hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələyə baxılması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və onun əməli CMnin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə hazırlıq iclasının gedişində müəyyən olundu ki, təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi və onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş, törətdiyi əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxsə hadisə nəticəsində maddi ziyan dəyməmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışlamış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156,1 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nın 59.1.12-ci maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını CM-nın 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. CPM-nin 39.1.11-ci maddəsində göstərilir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. CPM-nin 40.3-cü maddəsində göstərilir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi müdafiə tərəfi də məhkəməyə ərizə ilə müraciət edərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 40.3. 43.1.2, 43.3, 299, 300.1.7, 300.5, 305, 381, 383 və 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbayan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şəki rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protest iverilə bilər. Sədrlik edən Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №1(075)-90/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-90/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver