Məhkəmə qərarları › İş №1(075)-91/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-91/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-91/2021 02.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əvəz oğlunun, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki şəhər Vəkil Bürosunun vəkili X3 və hazırda fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs: 1. xx xxxxxx 2001-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, Şəki Arxüstü küçəsi, ev 3 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Şəki penitensiar Müəsisəsində saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs: 2. xx xxxxxx 1979-cu ildə Qax rayonu, Üzümlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, Şəki şəhəri, H.Əliyev prospekti, ev 21/4 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Şəki penitensiar Müəsisəsində saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 təqsirləndirilmişdir ondan ötrü ki, o, bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən hərəkətlərə yol verərək, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə qəsdən qərəzli xuliqanlıq cinayət əməllərini törətmişdır. Belə ki, o, Şəki rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.3, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 01 il 10 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, tanışı Təqsirləndirilən şəxs2 birlikdə 01 iyun 2021-ci il tarixdə saat 11:00 radələrində Şəki şəhəri, Mikayıl Müşfiq küçəsi ilə Şəki şəhəri, Sabit Rəhman küçəsinin kəsişməsində yerləşən ictimai yer hesab edilən, “Miraj” kafesinə gəlib spirtli içki qəbul edib, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə gəldikdən sonra saat 12:50 radələrində qəsdən, bir qrup şəxs halında birləşib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış və əxlaq normalarının ziddinə olan, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi və əmlakın qəsdən məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlərinə yol verərək, heç bir səbəb olmadan kafedə 20 dəqiqə ərzində ucadan nalayiq ifadələr işlətməklə söyüş söyməklə kafenin iş rejimini pozan hərəkətlərə yol verərək həmin kafedə əyləşdikləri masanın üzərində olmuş hər birinin qiyməti 06 manat olmaqla cəmi 48 manat dəyərində 08 ədəd pivə bardaqlarını, hər birinin qiyməti 04 manat olmaqla cəmi 08 manat dəyərində 02 ədəd külqabqabıları, hər birinin qiyməti 02 manat olmaqla cəmi 12 manat dəyərində 06 ədəd boşqabları və 04 manat dəyərində bir ədəd komplek formada olan duz qabını yerə atmaqla qəsdən sındırıb məhv edərək Zərərçəkmiş şəxs1 ümumilikdə 72 manat dəyərində maddi ziyan vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 yaxınlaşıb irad tuturaq etdikləri hərəkətlərə son qoymağı tələb etdikdə, o, tanışı Təqsirləndirilən şəxs2la birlikdə daha da aqressiv formada qeyd olunan xuliqanlıq hərəkətlərini davam etdirərək, sonuncu Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibindən 01 ədəd itilənmiş formalı dəmir parçasını götürüb silah qismində istifadə edib fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 sol qoluna qəsdən bir dəfə vurub ona sol dirsək oynağının yumşaq toxumalarının əzilməsi, travmatik şişkinliyi, ağrı hesabına hərəkət məhdudluğu, sol saidin sıyrığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs1 çağırışı əsasında hadisə yerinə gəlmiş ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Zərərçəkmiş şəxs2 onlara irad bildirib nizam-intizama dəvət edib, pozulmuş ictimai qaydanın bərpasına çalışsa da o, Təqsirləndirilən şəxs2la birlikdə aqressiv formada qeyd olunan xuliqanlıq hərəkətlərini davam etdirərək, Zərərçəkmiş şəxs2 üzərinə gəlib yaxasından tutaraq silkələyərək özünə tərəf çəkib fiziki zor tətbiq etməklə ona fiziki ağrı yetirmiş, eyni zamanda Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs2 üzərinə hücum edərək əlindəki dəmir parçası ilə vurub xəsarət yetirəcəyi ilə hədələyib qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən hərəkətlərə yol verərək, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə qəsdən qərəzli xuliqanlıq cinayət əməllərini törətmişdır. Belə ki, o, Şəki rayon Məhkəməsinin 26.08.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 315.2-ci maddələri ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum edilməsinə, Şəki rayon Məhkəməsinin 22.05.2018-ci il tarixli qərarı ilə cəzası 05 il müddətinə endirilməsinə, 22.01.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, tanışı Təqsirləndirilən şəxs1 birlikdə 01 iyun 2021-ci il tarixdə saat 11:00 radələrində Şəki şəhəri, Mikayıl Müşfiq küçəsi ilə Şəki şəhəri, Sabit Rəhman küçəsinin kəsişməsində yerləşən ictimai yer hesab edilən, “Miraj” kafesinə gəlib spirtli içki qəbul edib, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə gəldikdən sonra saat 12:50 radələrində qəsdən, bir qrup şəxs halında birləşib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış və əxlaq normalarının ziddinə olan, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi və əmlakın qəsdən məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlərinə yol verərək, heç bir səbəb olmadan kafedə 20 dəqiqə ərzində ucadan nalayiq ifadələr işlətməklə söyüş söyməklə kafenin iş rejimini pozan hərəkətlərə yol verərək həmin kafedə əyləşdikləri masanın üzərində olmuş hər birinin qiyməti 06 manat olmaqla cəmi 48 manat dəyərində 08 ədəd pivə bardaqlarını, hər birinin qiyməti 04 manat olmaqla cəmi 08 manat dəyərində 02 ədəd külqabqabını, hər birinin qiyməti 02 manat olmaqla cəmi 12 manat dəyərində 06 ədəd boşqabları və 04 manat dəyərində bir ədəd komplek formada olan duz qabını yerə atmaqla qəsdən sındırıb məhv edərək Zərərçəkmiş şəxs1 ümumilikdə 72 manat dəyərində maddi ziyan vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 yaxınlaşıb irad tuturaq etdikləri hərəkətlərə son qoymağı tələb etdikdə, o, tanışı Təqsirləndirilən şəxs1lə birlikdə daha da aqressiv formada qeyd olunan xuliqanlıq hərəkətlərini davam etdirərək əynindəki şalvarın sağ yan cibindən 01 ədəd itilənmiş formalı dəmir parçasını götürüb silah qismində istifadə edib fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 sol qoluna qəsdən bir dəfə vurub ona sol dirsək oynağının yumşaq toxumalarının əzilməsi, travmatik şişkinliyi, ağrı hesabına hərəkət məhdudluğu, sol saidin sıyrığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs1 çağırışı əsasında hadisə yerinə gəlmiş ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik-leytenantı Zərərçəkmiş şəxs2 onlara irad bildirib nizam-intizama dəvət edib, pozulmuş ictimai qaydanın bərpasına çalışsa da o, Təqsirləndirilən şəxs1lə birlikdə aqressiv formada qeyd olunan xuliqanlıq hərəkətlərini davam etdirmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 üzərinə gəlib yaxasından tutaraq silkələyərək özünə tərəf çəkib fiziki zor tətbiq etməklə ona fiziki ağrı yetirmiş, eyni zamanda o da Zərərçəkmiş şəxs2 üzərinə hücum edərək əlindəki dəmir parçası ilə vurub xəsarət yetirəcəyi ilə hədələyib qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər CM-nin 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş və Şəki rayon Məhkəməsinin qərarı ilə 01 il 10 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bununla bağlı Şəki İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış və elektron qolbağ və nəzarət vasitəsilə təmin edilmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, 01 iyun 2021-ci il tarixdə səhər saatlarında adını xatırlamadığı mağazalardan müxtəlif növ spirtli içkilər alıb içmiş və təxminən 11:00 radələrində pivə içmək üçün Təzə Bazarın yaxınlığında olan “Miraj” kafesinə getmişdir. Kafeyə daxil olduqdan sonra tanışı Natiqi görmüş və birlikdə pivə içmək üçün onun masasına oturmuşdur. Kafedə başqa masalarda da adamların oturmasını görmüşdür. Natiqlə elə də yaxınlığı olmamış, onu şəhər sakini kimi tanımışdır. Onlara birinci qız ofisant, sonra isə oğlan ofisant xidmət etmişdir. Onlar həm pivə arada-bir həm də araq sifariş verib içmişlər. Bir qədər içdikdən sonra özünü sərxoş hiss etmişdir. Miraj kafesində olanların əksəriyyətini xatırlamır. Baş verənlərdən yalnız pivə və araq içməyini, masanın üzərində olan 4-5 ədəd pivə bakalını, boşqabları, düz və kül qabılarını əli ilə sıyırıb yerə tökərək sındırmasını xatırlayır. Natiq kafedə olan zaman hər hansı əşya sındırmamışdır. Çünki Natiqin qarşısında olan bakal, boşqab və digər əşyaları da o özü əli və qolu ilə sıyıraraq yerə tökərək sındırmışdır. Bu zaman kafeni işlədən Elnur onlara yaxınlaşmış və onun yanında masa arxasında oturmuşdur. Elnur ondan əşyaları sındırmamasını bildirmişdir. Həmçinin Elnur onlarla söhbət edərək onları kafedən uzaqlaşdırmaq istəmişdir. Həmin vaxt Elnura sındırdıqları əşyaların dəyərini ödəyə biləcəklərini demişdir. Lakin Elnur onlara kafedən getmələrini desə də getməmişlər. Bir azdan bir nəfər şəxs onlara yaxınlaşıb durub kafedən getmələrini demişdir. Sonradan həmin şəxsin Fikrət olduğunu bilmişdir. Fikrət ondan tutub qaldıranda o da Fikrətin yaxasından tutmuşdur. Heç kəsə hörmətsizlik etməmiş, heç kəsə xəsarət vurmamışdır. Ola bilsin ki, Natiqlə danışanda ağzından söyüş çıxsın, lakin onun kafedə xuliqanlıq etmək niyyəti olmamışdır. Kafedə olan zaman kefli olmasını qəbul edir. Natiqin əlində dəmir parçası görməmişdir. Natiqin Elnuru vurmasını və Fikrəti hədələməsini də görməmişdir. Sonra Fikrət onu kafedən çölə çıxarmışdır. Daha sonra isə Gənclik kafesinin yaxınlığında polis əməkdaşlarının onu saxlayıb polis şöbəsinə gətirməsini xatırlayır. Həmçinin göstərmişdir ki, əvvəllər Elnuru tanımamış, onunla hər hası ədavəti və düşmənçiliyi də olmamışdır. Fikrəti tanımadığını, onunla aralarında ədavət və düşmənçiliyi olmadığını bildirmişdir. Əməlindən peşmandır. 72 manat ziyanlığı ödəməmişdir. Cəzaçəkmə müəssisəsinə qayıtmaq istəmir. Ona azadlığın məhdudlaşdırılması cəzasının verilməsini istəyir. Həmçinin göstərmişdir ki, zərərçəkmiş şəxslər onlardan şikayətçi deyildir. Bütün bunları nəzərə alaraq onun azadlıqda qalmasına köməklik etməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə 2015-ci il tarixdə CM-nin 221.2.1, 221.2.2 və 315.2-ci maddəsi ilə 05 il 06 ay müddətinə məhkum edilmiş, 2020-ci ilin yanvar ayının 22-də cəza müddəti bitdiyi üçün azadlığa çıxmışdır. Şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay göstərilsə də hazırda faktiki olaraq ailəlidir, lakin nikah şəhadətnaməsi yoxdur. Vüsal Musayev adında bir oğlu olmuşdur. Sonradan həyat yoldaşı başqa biri ilə ailə qurmuş və onun həmin faktiki nikahından Yusif adında övladı olmuşdur. Lakin sonradan həyat yoldaşı Pərvanə ilə barışmış və bir yerdə yaşamağa başlamışlar. Bundan sonra Pərvanənin ikinci uşağı Yusifə də özünü ata adının verilməsinə razı olmuşdur. İndiyədək Pərvanə ilə aralarında rəsmi nikah olmamışdır. Tutulanadək azyaşlı Vüsal və Yusif onun himayəsində yaşamışdır. Bildirmişdir ki, 01 iyun 2021-ci il tarixdə təxminən 09-10:00 arası pivə içmək üçün Təzə Bazarda yerləşən Miraj kafesinə getmişdir. Təxminən 25-30 dəqiqə sonra Abdulətif də kafeyə gəlmiş və onun yanında oturmuşdur. Onlar 3 dəfə növbəli şəkildə birinci hərəsinə 1 bakal pivə, sonra isə 50-100 qram araq olmaqla sifariş verərək 3 dəfə belə ardıcıllıqla onları içmişlər. Bundan əvvəl özü pivə içmişdir. Onlar yenə pivə və araq istəyəndə ofisant onlara daha arağın olmamasını bildirmişdir. Bundan sonra ayağa qalxmış və hesab ödəyərək ayaqyoluna getmişdir. Ayaqyolundan qayıdanda Abdulətifi kafedə görməmişdir. Bayıra çıxanda Abdulətifin bir oğlanla söhbət etdiyini görmüşdüür. Onunla sağollaşıb çıxıb getmişdir. Lakin çox möhkəm sərxoş olduğundan evə qədər gedə bilməyəcəyini düşünüb, həmin əraziyə yaxın mövcud olan avtomobil dayanacağının yaxınlığında tanışına məxsus olan bağda uzanıb yatmışdır. Bundan sonra heç nədən xəbəri olmamışdır. Bir də günorta radələrində polis əməkdaşları tərəfindən oyadılaraq Polis Şöbəsinə aparılmışdır. Hesab edir ki, hər hansı cinayət törətməmişdir. Buna görə də ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə 2015-ci il tarixdə CM-nin 221.2.1, 221.2.2 və 315.2-ci maddəsi ilə 05 il 06 ay müddətinə məhkum edilmiş, 2020-ci ilin yanvar ayının 22-də cəza müddəti bitdiyi üçün azadlığa çıxmışdır. Şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay göstərilsə də hazırda faktiki olaraq ailəlidir, lakin nikah şəhadətnaməsi yoxdur. 01 iyun 2021-ci il tarixdə təxminən 11:00 radələrində pivə içmək üçün Təzə Bazarda yerləşən Miraj kafesinə getmişdir. Bir müddət sonra Şəki şəhər sakini kimi tanıdığı Abdullətif həmin kafeyə daxil olmuşdur. Abdullətif kafeyə daxil olduqdan tanış olduqlarına görə gəlib onun yanında oturmuşdur. Bundan sonra isə birlikdə içməyə davam etmiş, Abdullətif ilə həm pivə, həmdə araq içmişlər. İçkinin təsirindən orada baş verənləri xatırlamır. Sonuncu xatırladığı Abdullətifin gəlib yanında əyləşməsi və birlikdə içməkləri olmuşdur. Ondan sonra isə polis əməkdaşları ilə polis şöbəsinə getməyini xatırlayır. Abdullətif ilə içməyə başlamağından polis əməkdaşlarının onu polis şöbəsinə gətirməsinə kimi olan müddət ərzində olanları xatırlamır. Elan olunmuş ittiham aydındır. Kafedə heç bir əşyanı sındırmamış, heç kimə xəsarət yetirməmişdir. Hadisə vaxtı həmin kafedə olduğunu, həmin kafedə əyləşdikdən sonra Abdullətif ilə birlikdə xatırlamadığı sayda pivə və araq içdiyini, içkinin təsirindən baş verənləri dəqiq xatırlamadığını, hadisəni xatırlamasa da orada heç bir əşyanı sındırmadığını, üzərində heç bir dəmir parçası olmadığını, Elnuru tanımadığını, onunla arasında ədavət və düşmənçilik olmadığını, heç kimi hədələmədiyini, sadəcə pivə içib getdiyini, orada heç bir əşya sındırmadığını, araq istədiyini, arağın bitməsini dediklərini, ondan sonra isə hesabı ödəyib çıxıb getdiyini bildirmişdir. Qeyd edilən ifadəsi məhkəmə iclasında ona elan edildikdən sonra həmin ifadəsinin də doğru olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 1 ildən çoxdur ki, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Miraj” adlı kafeni icarə əsasında işlədir. Həmin kafedə müştərilərə çay və spirtli içkilər təqdim edilir. Kafe hər gün saat 09:00-da açılmaqla axşam 22:00 radələrinə kimi fəaliyyət göstərir. Bildirmişdir ki, 01 iyun 2021-ci il tarixdə saat 11:00 radələrində kafedə olan zaman sonradan Şəki şəhər sakinləri kimi tanıdığı Abdullətif və Natiq adlı şəxslər kafeyə gəlib kafenin içərisindəki barın yaxınlığındakı birinci masada əyləşmişlər. Kafeyə gələn zaman onların sərxoş olduğu hiss etmişdir. Onlar ofisianta pivə və çipsi sifariş vermiş və Toğrul adlı ofisiant onlara pivə və cipsi aparmışdır. Abdulətiflə Natiq təxminən 2 saat ərzində kafedə əyləşib əvvəlcə pivə içməyə başlamış, həmçinin arada-bir araq da sifariş vermiş və içmişlər. Beləcə onlar xeyli spirtli içki qəbul etmiş və artıq özlərini idarə edə bilməmişlər. Onların hər hansı hadisə törətmələrindən ehtiyat edib ofisantı Toğrula onlara araq verməməyini tapşırmışdır. Abdullətif və Natiq isə yenə araq sifariş vermiş, Toğrul onlara arağın bitməsini deməsini bildirmişdir. Bundan sonra onlar masalarında dolu vəziyyətdə bakalda pivə olmasına baxmayaraq əlavə 2 bakalcda pivə istəmişlər. Toğrul da onlara masalarında pivə olmasını deyib həmin pivələrin bitməsindən sonra yeni pivə verə biləcəyini demişdir. Həmçinin Toğrul onlara demişdir ki, əgər pivə verərsə həmin müddətdə verəcəyi yeni pivələr masa qalıb isinəcəkdir. Lakin Abdullətif və Natiq Toğrula demişdir ki, “pulu ilə deyil?, sənə deyirəm gətir, deməli gətir, isinəcək də qoy isinsin” deyə bildirmişlər. Toğrul da əlacsız qalıb onlara əlavə olaraq 2 bakal da pivə vermişdir. Bundan sonra onlar özlərini tam itirib ucadan nalayiq ifadələr işlədərək bir-birləri ilə hündür səslə söhbət etməyə başlamışlar. Belə ki, onlar söhbət edən zaman Abdullətif Natiqə bayaqdan anasına söydüyünü, lakin ondan böyük olduğu üçün səs çıxarmadığını demişdir. Onlar oturduqları masada bir birinin ünvanına və ya ünvansız nalayiq ifadələr işlətdiklərinə görə həmin vaxt kafedə olan təxminən 7-8 nəfər müştəri narahat olmuşdur. Abdullətiflə Natiq kafedə olan şəxslərə və onlara qarşı etinasızlıq göstərərək ünvansız söyüşlər söyməyə davam etmişlər. Bunlar hamısı onun gözlərinin qarşısında baş vermişdir. Bir qədər sonra Abdullətifin masanın özünə tərəf hissəsindəki əşyaları sıyırıb yerə atmasını, pivə bakalını və digər əşyaları sındırmasını, Natiqin də Abdullətifin arxasınca masada olan əşyaları sındırmaq məqsədilə qəsdən sıyırıb yerə atmasını və həmin əşyaları sındırmasını görmüş, onlara yaxınlaşıb onların yanında oturmuş və niyə əşyaları sındırmaqlarını soruşmuşdur. Həmçinin onlara demişdir ki, müştəriləri narahat edirlər,çox içiblər deyə evlərinə getmələrini tövsiyyə etmişdir. Lakin Abdullətif və Natiq sərxoş halda sınan əşyaların pulu nə edirsə verəcəklərini dedikdə, onlara həmin əşyaların pulunu özünün də verə biləcəyini deyib kafedə digər insanların gözü qarşısında saymazyana hərəkətlər törətməklərinin düzgün olmadığını demişdir. Həmin vaxt Natiq əynindəki şalvarın sağ yan cibindən balaca, kəsici alət olması üçün itilənmiş formada hazırlanmış dəmir parçasını götürüb üzərinə gələrək əlindəki dəmir ilə vuracağını bildirmiş, əlindəki dəmir parçası ilə sol qol nahiyəsindən bir dəfə vurmuş və qolunun yuxarı hissəsi qanamağa başlamışdır. Bu zaman onlardan aralanmış tanışı olan Fikrət adlı polis əməkdaşına zəng edib kafeyə gəlməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra Fikrət kafeyə gəlib Abdullətif və Natiqə yaxınlaşaraq kafedəki əşyaları niyə sındırdıqlarını, hadisə törətməklərinin səbəbini soruşduqda onlar daha da aqressivləşmişdir. Bundan sonra isə Abdullətif Fikrətin üzərinə gəlib onu hədələmiş və sonra onu vurmaq istəmiş və Fikrət özünü müdafiə etmək üçün Abdullətifin yaxasından tutmuşdur. Bu zaman Natiq Fikrətin üzərinə gedib əlindəki dəmir ilə onu vurmaq istəmiş, lakin onun Fikrətə yaxınlaşmasına qoymamışdır. Fikrət Abdullətifin qolundan tutub kafedən çölə çıxarmış, Natiq isə əlindəki dəmir parçası ilə qoluna vurmağa və qolunu əlindəki dəmirlə doğramağa çalışmışdır. Yəni Natiq dəmir parçası ilə özünün qarnına və qollarına vururdu. Qorxduğu üçün ona yaxınlaşmamış və bir müddət sonra Natiq özü kafedən çölə çıxmışdır. Kafedən çölə çıxdıqdan sonra Natiqin yenə də ünvansız nalayiq ifadələr işlətməklə qolunu doğramağa çalşdığını görmüşdür. Həmin vaxt səs küyə görə xeyli insan toplaşmışdır. Bundan sonra Natiq “Gənclik” restoranına doğru qaçmağa başlamışdır. Bu vaxt Fikrət Natiqin qaçmasını görüb onun ardınca qaçmış, Abdullətif isə oradan uzaqlaşmışdır. Həmin vaxt PPX-nin əməkdaşları ona yaxınlaşmış, Natiqin və Abdullətifin xuliqanlıq etdiklərini, Natiqin qoluna xəsarət yetirdiyini bildirmişdir. Bir qədər sonra polis əməkdaşları Abdullətifi saxlayıb xidməti avtomobilə əyləşdirmişlər. Bundan sonra isə ərizə vermək üçün Şəki ŞRPŞ-nə gəlmişdir. Əlavə olaraq göstərmişdir ki, hadisə 01.06.2021-ci il tarixdə saat 12:50 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Miraj” adlı kafedə baş vermiş və təxminən 15-20 dəqiqə davam etmişdir. Hadisə vaxtı kafedə Natiq və Abdullətifdən başqa o, Toğrul və təxminən 7-8 nəfər digər müştəri olmuşdur. Abdullətif və Natiq ona təxminən 72 manat dəyərində ziyan vurmuşlar. Belə ki, onlar təxminən hər birinin qiyməti 6 manat olan 48 manat dəyərində 8 ədəd bakal, hər birinin dəyəri 4 manat olan 8 manat dəyərində 02 ədəd külqabı, hər birinin qiyməti 2 manat olan 12 manat dəyərində 6 ədəd boşqab, 01 ədəd 4 manat dəyərində komplekt formada olan duz qabını sındırmışlar. Bildirmişdir ki, Abdullətif və Natiq təxminən 300 qramdan çox araq, 10 bakal da pivə içdiklərini deyə bilər. Hadisə zamanı kafedə olan digər müştərilər masadan yarımçıq qalxaraq kafeni tərk etmişlər. Lakin kafedə olan səs küyə ətrafdan xeyli insan toplaşmış, kafenin iş rejimi pozulmuşdur. Abdullətif və Natiqi əvvəllər tanımamış, onlarla ədavət və düşmənçilinin olmamışdır. Onlar heç bir əsaslı səbəb olmadan sərxoş halda özlərini idarə edə bilməyib həmin hadisəni törətmişlər. Bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslərdən hər hansı şikayəti və tələbi yoxdur. Onlar barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kiçik leytenantı rütbəsindədir. 01 iyun 2021-ci il tarixdə Şəki şəhər ərazisində xidmət edən zaman tanışı, Şəki şəhərində “Miraj” kafesini işlədən Zərərçəkmiş şəxs1 ona zəng edərək kafedə iki nəfər şəxsin xuliqanlıq etdiyini, onun qoluna xəsarət yetirildiyini bildirmişdir. Dərhal həmin kafeyə yaxınlaşıb ora daxil olan zaman Şəki şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvansız söyüşlər söyüb kafedə olan əşyaları sındırmasını, kafenin döşəməsində sınmış əşyaların qalıqlarının olmasını görmüşdür. Zərərçəkmiş şəxs1 sol qolundan qan axmasını, Natiqin əlində balaca dəmir parçasının olmasını görmüşdür. Həmin vaxt dərhal hər iki şəxsə yaxınlaşıb onları nizam intizama dəvət edərək pozduqları ictimai qaydanın bərpa etmələrini və sakitcə kafeni tərk etməklərini xahiş etmişdir. Bu vaxt Abdullətif onu vurmaqla hədələyib üzərinə gəlmişdir. Abdullətifin vurmaq istəməsini görüb özünü müdafiə etmək qərarına gəlmiş və onunla yaxalaşmışdır. Bu zaman Abdullətif onun köynəyindən tutub silkələmişdir. Natiq Abdullətiflə onun yaxalaşmağını görüb əlindəki dəmir parçası ilə üzərinə gəlmişdir. Bu zaman Elnur Natiqin dəmirlə onu hədələdiyini görüb vurmasından ehtiyat edərək ona tərəf yaxınlaşaraq Natiqi oradan uzaqlaşdırmışdır. Daha sonra o, Abdullətifin qolundan tutub kafedən çölə çıxarmışdır. Həmin vaxt Natiq əlindəki dəmir parçasını qollarına çəkə-çəkə ünvansız söyüşlərinə davam etmişdir. Natiqin kafedən çölə çıxıb yenə ünvansız söyüşlər söydüyünü görmüş, o, kafedəki kimi özünə xəsarət yetirməyə davam etmişdir. Natiq bir qədər belə etdikdən sonra qaçaraq oradan uzaqlaşmışdır. Bu vaxt isə Abdullətifin qaçmayacağını fikirləşib Natiqin ardınca qaçmışdır. Natiq bir qədər qaçdıqdan sonra Gənclik restoranın arxa hissəsində olan divardan qarşı tərəfə, avtomobil dayanacağı olan hissəyə aşmışdır. Bundan sonra isə o, geri kafeyə qayıtmışdır. Qayıdan zaman PPX-nin əməkdaşlarının artıq Abdullətifi saxlayıb kafenin yanına gətirdiklərini görmüşdür. Bundan sonra isə Polis şöbəsinə gəlmişlər. Bundan başqa ifadəsində göstərmişdir ki, məxfi əməkdaşlarla işlədiyi üçün şöbə rəhbərliyi tərəfindən onlara xidmət zaman mülki geyimdə olmağa icazə verildiyini, buna görə də həmin vaxt polis formasında deyil, mülki geyimdə olduğunu bildirmişdir. Həmin vaxt qarışıqlıq olduğuna görə özünü polis əməkdaşı kimi təqdim etməyə macal tapmamışdır. Buna görə də birbaşa pozulmuş ictimai qaydanın bərpasına çalışmış, hadisə zamanı Təqsirləndirilən şəxs1 yaxasında tutub sirkələyərək ona fiziki ağrı yetirmiş, həmçinin Natiq isə əlindəki dəmir parçası ilə zor tətbiq edəcəyi ilə ona hədə qorxu gəlmişdir. Hadisə vaxtı xəsarət almamış, lakin Abdullətif ona fiziki ağrı yetirmişdir. Abdullətif və Natiq ilə aralarında heç bir ədavət və düşmənçilik olmadığını, kafeyə daxil olandan bir neçə müştərinin olmasının şahidi olduğunu, bundan başqa kafenin çöl hissəsində səs küyə xeyli sayda insanlar toplaşdığını bildirmişdir. Həmçinin göstərmişdir ki, hadisə zamanı Abdullətiflə Natiq elə vəziyyətdə sərxoş olmuşlar ki, onlara özünü təqdim etməyin mənasiz olduğunu anlamışdır. Bundan başqa onda olan məlumata görə Natiqi polis əməkdaşları Gənclik restoranın arxa hissəsində olan avtomobil dayanacağında hansısa avtomobilin altından tapıb gətirmişlər. Bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslərdən hər hansı şikayəti və tələbi yoxdur. Onlar barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxtda təxminən 2 həftə olarmış ki, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Miraj” adlı kafedə ofisiant kimi günü 10 manat pul müqabilində işləmişdir. İşi müştərilərə xidmət etməkdən ibarət olmuşdur. 01 iyun 2021-ci il tarixdə saat 11:00 radələrində kafedə olan zaman sonradan Şəki şəhər sakinləri kimi tanıdığı Abdullətif və Natiq adlı şəxslər həmin kafeyə gəlib kafenin içərisindəki barın yaxınlığındakı birinci masada əyləşmişlər. Bundan sonra sifariş götürmək üçün onların masasına yaxınlaşmışdır. Həmin vaxt onların sərxoş olduqları danışıqlarından və hərəkətlərindən rahatlıqla hiss olunmuşdur. Onlar əvvəlcə pivə və cipsi sifariş vermişlər. Bir neçə dəqiqə sonra onların sifarişlərini masaya gətirmişdir. Həmin şəxslər pivəni içdikdən sonra bir qədər sonra yenidən pivə sifariş verdiklərinə görə onlara yeni pivə vermiş, hərdən 50 qram araq da sifariş verib yarısını pivəyə qatıb, yarısını da adi halda içmişlər. Bu minvalla onlara həm pivə həm də araq vermişdir. Onlar bir qədər keçdikdən sonra içdikləri spirtli içkilərin təsirindən özlərini idarə edə bilməyib bir-birləri ilə ucadan söyüşlərlə danışmağa başlamışlar. Abdullətif və Natiq yenidən araq istədikdə kafeni işlədən Zərərçəkmiş şəxs1 onların özlərini idarə edə bilmədiyini deyib arağın bitməsini deməyini ona tapşırmışdır. Bundan sonra isə onlar yenidən araq istədikdə onlara yaxınlaşıb arağın bitməsini demişdir. Həmin vaxt Abdullətif və Natiq əlavə pivə verməyini dedikdə masadakı pivənin bitməməsini deyib əlavə pivənin masada lazımsız qalıb isinməsinə səbəb olacağını demişdir. Onlara demişdir ki, masadakı pivələrini içsinlər, qurtarandan sonra yenə gətirər. Lakin onlar pivəni verməyini, pulunu verdiklərini demişlər. Bundan sonra onlara yenidən pivə vermişdir. Abdullətif və Natiq artıq içdikləri pivə və arağın təsirindən özlərini idarə edə bilməmiş, ucadan nalayiq ifadələrlə bir biri ilə söhbət edib ünvansız söyüşlər söyməyə, kafedə olan digər müştərilər qarşısında saymazyana hərəkətlər etməyə başlamışlar. Bir müddət keçdikdən sonra Abdullətifin əli ilə öz tərəfində olan bakal və digər əşyaları sıyırıb qəsdən yerə ataraq sındırdığını görmüşdür. Abdullətifin arxasınca Natiqdə eyni qayda da masada olan pivə və digər əşyaları masadan sıyırıb yerə atmış və əşyalar sınmışdır. Bunu görən Elnur onlara yaxınlaşıb etdikləri hərəkətin düzgün olmadığını bildirmişdir. Onlar da Elnura sındırılmış əşyaların pulunu verəcəklərini bildirmişlər. Elnur onlar ilə danışan zaman Natiq əynindəki şalvarın sağ yan cibindən itilənmiş formada olan dəmir parçasını çıxarıb Elnurun üzərinə gəlmiş, Elnuru vurmaqla hədələməyə başlamış, sonra onun qolundan bir dəfə vurmasını görmüşdür. Həmin vaxt kafedə 7-8 nəfər müştəri olmuş, onlar Abdullətif və Natiqin hərəkətlərin narahat olub masadan yarımçıq qalxaraq kafeni tərk etmişlər. Bundan sonra Elnur Fikrət adlı polis əməkdaşına zəng edib hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Fikrət həmin kafeyə gəlib Abdullətif və Natiqin ünvansız söyüşlər söydüyünü, əşyaların sınmasını görüb onlara yaxınlaşaraq etdikləri hərəkətlərə son qoymaqlarını, kafedən çıxıb getməklərini bildirmişdir. Abdullətif və Natiq Fikrətin sözlərindən daha da aqresivləşməyə başlamış, Abdullətif Fikrətin üzərinə gəlib onun yaxasından tutaraq onu hədələmiş və sonra onu vurmaq istəmiş və bu zaman Fikrət özünü müdafiə etmək üçün Abdullətifin yaxasından tutmuşdur. Natiq Fikrətin üzərinə gedib əlindəki dəmir ilə onu vurmaq istəmiş, lakin həmin vaxt Elnur Natiqə yaxınlaşıb onun Fikrətə yaxınlaşmasına icazə verməmişdir. Bundan sonra Fikrət Abdullətifi qolundan tutub kafedən çölə çıxarmışdır. Natiq isə əlindəki dəmir ilə qoluna vurmağa başlamış, sonra isə Natiq özü kafedən çıxmışdır. Həmin vaxt ətrafda xeyli insan olmuşdur. O, insanları görüb yenidən öz qolunu doğramağa başlamış və daha sonra “ Gənclik” restoranına doğru qaçmaga başlamışdır. Fikrət Natiqin qaçmasını görüb onun arxasınca qaçdıqda Abdullətif boşluqdan istifadə edib oradan uzaqlaşmışdır. Həmin vaxt PPX-nin avtomobili gəlmişdir. Elnur PPX-nin əməkdaşlarına yaxınlaşıb hadisə barədə məlumat vermiş, polis əməkdaşları Abdullətifin qaçdığı istiqamətdə gedib onu saxlayaraq polis maşınına əyləşdirmişlər. Daha sonra isə kafeyə qayıtmışdır. Əlavə olaraq bildirmişdir ki, hadisə 01.06.2021-ci il tarixdə saat 12:50 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Miraj” adlı kafedə baş vermiş və təxminən 15-20 dəqiqə davam etmişdir. Natiq və Abdullətifi tanımamış, onlarla ədavət və düşmənçiliyinin olmamışdır. Onlar heç bir əsaslı səbəb olmadan sadəcə sərxoş halda özlərini idarə edə bilməyib həmin hadisəni törətmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2003-cü ildən DİO-da işləyir. Polis Şöbəsinin rəisinin təsdiq etdiyi təlimata əsasən 01 iyun 2021-ci il tarixdə səhər saat 09:00-dan axşam saat 21:00-dək PPX-i Bölüyünün 2-ci tağım komandiri vəzifəsində işləyən Şahid3 və sürücü polis nəfəri Şahid4 ilə birlikdə Şəki şəhərində xidmətdə çıxmışlar. Həmin gün xidmətdə olduğu müddətdə, saat 13:00 radələrində sürücü polis nəfəri Şahid4 idarə etdiyi «Fiat Doblo» markalı avtomobilə Şəki şəhəri, Sabit Rəhman küçəsi ilə hərəkətdə olan zaman, bazarın yanından keçəndə «Miraj» kafesinin qarşısına çoxlu adamların toplaşdığını və orada səs-küy olduğunu görmüşlər. Sürücü polis nəfəri avtomobili kənara verib saxlamış və birlikdə avtomaşından düşüb adamların toplaşdığı yerə yaxınlaşanda Natiq adlı şəxs söyüş söyərək adamların arasından keçib qaçmışdır. Onlar Natiqin əvvəlcədən hansı hərəkətlərə yol verdiyini bilməmiş, kafenin girişinə tərəf getmiş, bu vaxt Abdullətif adlı şəxsin də adamların arası ilə qaçdığını görmüşlər. Yenə də konkret nə baş verdiyini bilməmişlər. Əməliyyat müvəkkili işləyən Zərərçəkmiş şəxs2 də onların arxasınca qaçmışdır. Onlar yaxınlaşıb nə baş verdiyini soruşanda Miraj kafesinin sahibi Elnur adlı şəxs hadisə barədə məlumat vermiş, Natiq və Abdullətifin kafedə oturub nalayiq söyüşlər söydüklərini, Abdullətif stolun üstündə olan pivə bakallarını və digər qabları qəsdən yerə salıb sındırdığını, Natiqin də ona qoşulub stolun üstündə olan bakalı qəsdən yerə salıb sındırdığını, sonra da onun üstünə hücum edib əlindəki dəmir kəsici alətlə onun qoluna xəsarət yetirdiyini bildirmişdir. Abdullətif də əməliyyat müvəkkili Fikrətin əlindən çıxıb qaçmışdır. Hadisə barədə dəqiq məlumat aldıqdan sonra birlikdə Abdullətif və Natiqin qaçdıqları istiqamətə gedib onları axtarmağa başlamış, lakin onların heç birini tapa bilməmişlər. Lakin Calğalıbulaq küçəsində yerləşən 5 mərtəbəli binadan bir qədər qabaqda Abdullətifi görmüş, onu saxlayıb xidməti avtomobilə mindirib Şəki ŞRPŞ-nə gətirərək növbəti hissəyə təqdim etmişlər. Natiq adlı şəxsin tapılması üçün ərazini gəzib axtarmağa başlamış, saat təxminən 16:00 radələrində Gənclik kafesinin arxa tərəfindəki avtomobil dayanacağına baxan zaman orada dayanmış Mersedes Vita markalı avtomaşının altında Natiqin gizləndiyini görüb oradan çıxarmışlar və gətirib polis Şöbəsinin Növbətçi hissəsinə təqdim etmişlər. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlayıb Polis Şöbəsinə gətirən zaman hər ikisi sərxoş vəziyyətdə olmuşlar. Şöbə rəhbərliyi tərəfindən hadisə vaxtı Təqsirləndirilən şəxs2 əlində olan dəmir parçasının tapılması üçün göstəriş verilmiş, Təqsirləndirilən şəxs2 tapdıqları avtomobilin ətrafına baxan zaman hadisə vaxtı, Təqsirləndirilən şəxs2 əlindəki dəmir parçasının orada olduğunu müəyyən etmiş, bu barədə şöbə rəhbərliyinə məruzə etmişdir. Həmin yerə baxış keçirmək üçün müstəntiq gəlmiş, onun və tərəfindən dəvət edilmiş iki nəfər hal şahidinin iştirakı həmin yerə baxış keçirib dəmir parçasını götürüb müvafiq qaydada qablaşdırmış, bu barədə protokol tərtib edilmiş, o, və hal şahidləri baxış protokolunu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid3 23.09.2021-ci il tarixdə məhkəməyə teleqram vuraraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini göstərmişdir. O, ibtidai istintaq zamanı digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Üzrlü səbəbdən məhkəmə iclasına gəlməyən, lakin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə iclas zalında elan olunmaqla tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, fərdi qaydada sürücü işləyir. 31.05.2021-ci il tarixdə idarə etdiyi «Ford Tranzit» markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınına Gəncə şəhərindən un yığdırıb Şəki şəhərinə yola düşmüş, həmin gün gecə Şəki şəhərində yerləşən bazarın yanına çatıb avtomaşını saxlayıb evə getmişdir. Səhəri gün bazara gəlib avtomaşının arxasını mağazanın qapısının qarşısına vermiş, orada olan fəhlələr unu mağazaya boşaltmağa başlayanda, saat 11:00 radələrində çay içmək üçün «Miraj» kafesinə getmişdir. Həmin vaxt dostu Rüstəm Qədimov da kafeyə gəlib çıxmış, onunla birlikdə həmin kafedə oturub çay içib söhbət etmişlər. Təxminən 40-50 dəqiqədən sonra Rüstəm çıxıb getmiş, o, isə tək oturub maşın boşalmasını gözləmişdir. Oturduğu stoldan qabaqdakı stolda iki nəfər cavan oğlan oturub pivə içmiş və bir-biriləri ilə söyüşlə danışmışlar. Dostu çıxıb gedəndən sonra mobil telefonuna baxmış və həmin şəxslərə fikir verməmişdir. Təxminən 5-10 dəqiqədən sonra Abdullətif əli ilə stolun üstündə olan əşyaları yerə dağıtmış və həmin əşyalar yerə düşüb sınmışdır. Onların sərxoş olmasını, bir-biriləri ilə söyüşlə danışdıqlarını və stolun üstündə olan əşyaları yerə atıb sındırdıqlarını görüb kafedən çıxmışdır. Çölə çıxsa da kafenin qarşı tərəfində dayanmışdır. Kafedə olan səsküyə və həmin oğlanların etdikləri hərəkətə görə kafedə əyləşmiş digər müştərilər də onun arxasnca çölə çıxmışlar. Çöldə olduğu müddətdə kafenin içərisində həmin oğlanların yüksək səslə danışmaları və söyüş söymələri eşidilmişdir. Bir müddət sonra polis əməkdaşları gəlib kafeyə daxil olmuşdur. Onlar yüksək səslə danışaraq söyüş söymüşdür. Sonradan adını bildiyi Natiq adlı oğlan qaçaraq kafedən çölə çıxmış, əlində dəmir parçası olmuş, dəmir parçasını gah qoluna sürtmüş, gah da qarın nahiyəsinə çəkmişdir. Daha sonra isə o, qaçaraq oradan uzaqlaşmışdır. Bundan başqa ifadəsində Abdullətif və Natiq adlı şəxslərin pivə içdiklərini gördüyünü, əvvəl onların stoluna tam fikir vermədiyini, sonradan qablar yerə düşəndə stolun üstündə əsasən pivə bakalı olduğunu gördüyünü, həmçinin stolun üstündə olan boşqab, duz qabı və sair qablar da sındığını, həmin şəxslərin nə vaxtdan oturduqlarını bilmədiyini, ancaq kafeyə gələndə onlar oturub pivə içdiklərini bildirdiyini, Abdullətifin hansı səbəbə qabları sındırdığını bilmədiyini, Abdullətif və Natiq adlı şəxslərin xidmətçi ilə mübahisə etdiklərini eşitdiyini, lakin onların kafenin işçilərinə qarşı fiziki zor göstərəcəkləri ilə hədələmələrini və ya zor göstərmələrini görmədiyini, diqqətinin mobil telefonda olduğunu, bu hərəkətlərin təxminən 15-20 dəqiqə müddətində davam etdiyini, kafedə əyləşmiş müştərilərin narahat olub arxasınca çölə çıxdıqlarını, kafenin iş rejiminin pozulduğunu, kafedə təxminən 7-8 nəfər olduğunu, onları tanımadığı üçün adlarını qeyd edə bilmədiyini, Natiq adlı şəxsin əlində dəmir parçası olduğunu, həmin dəmir parçasını qoluna və qarın nahiyəsinə sürtdüyünü, ancaq onun qolundan və qarın nahiyəsindən qan gəldiyini görmədiyini, həmçinin o, dəmir parçasını əlinin içrisində tutduğu üçün nə cür dəmir parçası olduğunu tam görə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş X5 məhkəməyə bildirmişdir ki, 15 yaşı var. Atası Təqsirləndirilən şəxs2, anası isə Musayeva (Həsənova) Pərvanə Fərahim qızıdır. X6 adında bir qardaşı da vardır. Yusif 15.02.2008-ci il tarixdə anadan olmuşdur. Yusiflə atadan ögey qardaşdırlar. Lakin Yusifin ata adı da Natiq yazılmışdır. Atası Natiq tutulana kimi onunla birlikdə və onun himayəsində yaşamışlar. İşdə olan 01 iyun 2021-ci il tarixli hadisə yerinə baxış protokolunda görünür ki, Şəki şəhəri, M.Müşfiq küçəsi ilə S.Rəhman küçəsinin kəsişməsində yerləşən “Miraj” kafesinə baxış keçirilmiş, keçirilmiş baxış zamanı kafenin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən sındırılmış əşyaların kafenin zal hissəsində olmuş, həmin qalıqları sellofan torbaya yığılaraq götürülmüşdür. (İş v. İ cild, s. 6-13) İşdə olan Sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 01.06.2021-ci il tarixli, 141 nömrəli protokolunda göstərmişdir ki, Təqsirləndirilən şəxs1 orta dərəcəli sərxoş olması müəyyən edilmişdir. (İş v. İ cild, s.14) İşdə olan Sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 01.06.2021-ci il tarixli, 142 nömrəli protokolunda göstərmişdir ki, Təqsirləndirilən şəxs2 orta dərəcəli sərxoş olması müəyyən edilmişdir. (İş v. İ cild. s. 29) İşdə olan 01 iyun 2021-ci il tarixli baxış protokolunda görünür ki, Şəki şəhəri, M.Müşfiq küçəsində yerləşən Gənclik kafesinin arxa hissəsindəki avtomobil dayanacağına Təqsirləndirilən şəxs2 tapıldığı avtomobilin ətrafına baxış keçirilmiş, baxış zamanı hadisə zamanı onun əlində olan 01 ədəd dəmir parçası aşkar edilmiş, həmin dəmir parçası müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. (İş v. i cild, s. 136-142) İşdə olan DİN-nin BƏSİİ-dən 09.06.2021-ci il tarixdə daxil olmuş Təqsirləndirilən şəxs2 barəsindəki tələbnamədən görünür ki, o, Şəki rayon Məhkəməsinin 23.01.2002-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Həmçinin Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəmənin 21.12.2006-cı il tarixli hökmü ilə CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum edilmiş, 15.08.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o Şəki rayon Məhkəməsinin 26.08.2015-ci il tarixli hökmü ilə CM-nin 221.2.1, 221.2.2, 315.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Şəki rayon Məhkəməsinin 22.05.2018-ci il tarixli qərarı ilə cəzası 05 il müddətinə endirilmiş, 22.01.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (İş v. İ cild, s. 213-214). Qeyd olunanlar işə əlavə edilmiş Şəki rayon məhkəməsinin 26.08.2015-ci il tarixli hökmü və Şəki rayon Məhkəməsinin 22.05.2018-ci il tarixli qərarında da öz əksini tapmışdır. İşdə olan DİN-nin BƏSİİ-dən 09.06.2021-ci il tarixdə daxil olmuş Təqsirləndirilən şəxs1 barəsində tələbnamədən görünür ki, o Şəki rayon məhkəməsinin 27.08.2020-ci il tarixli hökmü ilə 29,177.2.3, 177.2.2, 177.2.3, 177.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 10 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (İş v. İ cild, s. 215-216). Qeyd olunanlar işə əlavə edilmiş Şəki rayon məhkəməsinin 27.08.2020-ci il tarixli hökmündə də öz əksini tapmışdır. İşdə olan 05.06.2021-ci il tarixli, 224 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol dirsək oynağının yumşaq toxumalarının əzilməsi, travmatik şişkinliyi, ağrı hesabına hərəkət məhdudluğu, sol saidin sıyrığı bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, müddəti qərarda qeyd edilən 05.06.2021-ci il tarixinə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. (İş v. İİ cild, s. 33-35) İşdə olan 05.06.2021-ci il tarixli, 222 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki;

1. Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sağ və sol said nahiyələrinin, qarnın ön divarının çapıqlaşmış və qartmaqla örtülü köhnə kəsilmiş yaraları iti kəsici əşyanın və ya alətin (əşyalatın və ya alətlərin) təsirindən əmələ gəlmişdir, çapıqlaşmış yaraların müddəti 15 günə qədər müddətə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir.

2. Təqsirləndirilən şəxs2 məhkəmə tibbi ekspertiza zamanı qarnın ön divarında aşkar edilmiş qırmızımtıl rəngli, bir-birinə paralel iki ədəd cızıqlar iti uclu və iti ülgüclü əşyanın və ya əşyaların təsirindən törənmişdir, müddəti müayinədən bir günə qədər vaxta uyğun gəlir, xəsarətlərin özü-özünə yetirilməsi mümükündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan 05.06.2021-ci il tarixli, 223 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: hər iki saidin köhnə kəsilmiş yaraların çapıq izləri iti kənara malik olan kəsici əşyanın (alətin) təsirindən törənmişdir, xəsarətlərin özü-özünə yetirmə zamanı əmələ gəlməsi istisna edilmir, müddəti müayinədən altı ay-bir ildən əvvələ uyğun gəlir, qərarda qeyd edilən 01.06.2021-ci il tarixinə uyğun deyildir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan 13.08.2021-ci il tarixli, 17/595 saylı məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet kəsicilik xassəsi olmayan, nisbətən deşici xassəyə malik dəmir parçasıdır, soyuq silah hesab edilmir. Ekspertiza xərci 30.60 manat təşkil edir. İşdə olan 17 avqust 2021-ci il tarixli 474 №-li məhkəmə-psixiatrik ekspertizanın rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (İş v. İİ cild, c. 87-89) İşdə olan 11 avqust 2021-ci il tarixli 454 №-li məhkəmə-psixiatrik ekspertizanın rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 21.1ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (İş v.İİ cild, s. 90-91) İşdə olan əşyanın tanınmaya təqdim etmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 hadisə zamanı Təqsirləndirilən şəxs2 ona xəsarət yetirdiyi və Zərərçəkmiş şəxs2 hədələdiyi 01 ədəd dəmir parçasını ona təqdim edilən digər dəmir parçaları arasında tanımışdır. (İş v.İİ cild, c. 20-22) İşdə olan əşyanın tanınmaya təqdim etmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 hadisə zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi və onu hədələdiyi 01 ədəd dəmir parçasını ona təqdim edilən digər dəmir parçaları arasında tanımışdır. (İş v. İİ cild, c. 23-25) İşdə olan “Şəki RMX” PHŞ-dən 25.06.2021-ci il tarixdə daxil olmuş 780 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və Şəki şəhəri, H.Əliyev prospekti 21/4 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 Şəki RMX-nın PHŞ-in narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdurlar. (İş v. İİ cild,s. 5) İşdə olan Şəki rayon Psixiatriya Xəstəxanasından 22.06.2021-ci il tarixdə daxil olmuş 681 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. - Şəki şəhəri, H.Əliyev prospekti 21/4 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 04.04.2020-ci il tarixdə Şəki rayon Psixiatriya Xəstəxanasına ambulator müraciət etmiş, dəqiqləşdirilməmiş nevrotik pozuntular diaqnozu müəyyən edilmişdir. (İş v. İİ cild. s.10) İşdə olan ünvan 8 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 və ünvan 9 yaşayan Zərərçəkmiş şəxs2 Şəki RMX-nın PHŞ-in narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdurlar. (İş v. İİ cild. c. 148) Şəki rayon Psixiatriya Xəstəxnasından daxil olmuş məktubdan görünür ki, Şəki şəhəri, N.Nərimanov küçəsi ev 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 və ünvan 9 yaşayan Zərərçəkmiş şəxs2 Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdurlar. (İş v. İİ cild 161) İşdə olan Şəki Bazar ASC-dən daxil olmuş məktubdan görünür ki, məktubda qeyd edilmiş əşyaların 01.06.2021-ci il tarixinə orta satış qiyməti aşağıdakı kimidir:

1. bir ədəd bakalın orta satış qiyməti 6 (altı) manat ( 8 ədəd X 6 man= 48 man)

2. bir ədəd külqabının orta satış qiyməti 4(dörd) man ( 2 ədəd X 4man=8 man)

3. bir ədəd boşqabın orta satış qiyməti 29iki) man (6 əd X 2man=12man)

4. bir ədəd komplekt formada duz qabının orta satış bazar qiyməti 4 (dörd) manat təşkil edir. (İş v. İİ cild. s. 30) İşdə olan 05.06.2021-ci il tarixli, 67 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanında yaşayır və xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. (İş v. İ cild, 201-203) İşdə olan Təqsirləndirilən şəxs2 barəsində olan 10.08.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şəki şəhəri, H.Əliyev prospekti 21/4 ünvanında yaşayır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. (İş v.İİ cild, s. 31- 33) İşə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 12.03.2006-cı ildə anadan olmuş X5 və 15.02.2008-ci ildə anadan olmuş X6 adlarında iki övladı vardır. İşdə olan 01.06.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” 1760 saylı Protokol və 751 saylı Qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə 20:15-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 01.06.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” 1767 saylı Protokol və 756 saylı Qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə 23:05-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Şəki rayon məhkəməsinin 02.06.2021-ci il tarixli, 4(075)-37/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 01.06.2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İşdə olan Şəki rayon məhkəməsinin 02.06.2021-ci il tarixli, 4(075)-38/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 01.06.2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək işə əlavə edilmiş Şəki İcra və Probasiya Şöbəsindən daxil olmuş 15 noyabr 2021-ci il tarixli, 1366 saylı məktubdan görünür ki, Şəki Rayon Məhkəməsinin 1(075)-50/2020 saylı, 27 avqust 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Bildirilmişdir ki, hökmün icrası barədə göstəriş 18 sentyabr 2020-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzasının əvvəli 24 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Məhkumun cəzası 19 avqust 2022-ci il tarixində başa çatır. Şəki Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 4(075)-38/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə, yəni 01 iyun 2021-ci il tarixdən hesablanmaqla 01 sentyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Şəki Rayon Məhkəməsinin 1(075)-50/2020 saylı, 27 avqust 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 iyun 2021-ci il tarixədək çəkilməmiş qalan hissəsi 1 (bir) il 2 (iki) ay 19 (on doqquz) gündür. Məhkum qeydiyyata alındığı 24 sentyabr 2021-ci il tarixdən 01 iyun 2021-ci il tarixədək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan 8 (səkkiz) ay 7 (yeddi) gününü çəkmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, onlara obyektiv hüquqi qiymət verərək, Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittiham tam sübuta yetirilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin, Təqsirləndirilən şəxs1 əməlində isə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrinin tərkibi vardır. Onların əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onlar cinayət törətməkdə təqsirlidirlər və onlara Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 sonuncu məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda yenidən qəsdən az ağır cinayət əməli törətdiyi üçün əməlində cinayətin residivi mövcuddur. Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olması CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən onun himayəsində 1 azyaşlı uşağının olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin hər birinin ayrı-ayrılıqda ondan şikayət və tələbinin olmamasını, həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli Qərarı). CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxsə istinad edilən CM-nin 221.3-cü maddəsi ilə müəyyən edilmiş daha ciddi cəza növü azadlıqdan məhrum etmə olmaqla son həddi 5 il olduğundan ona bu maddə ilə təyin olunacaq cəza müvafiq olaraq həmin müddətin yarısından, yəni 2 il 6 aydan az ola bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, o əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olan şəxs hesab edilərək eyni zamanda məhkumluğu eyni xarakterli əməl olan CM-nin 221.2.1, 221.2.2, həmçinin 315.2-ci maddələri üzrə yarandığından məhkəmə belə nəticəyə gəlir ki, ona əməlində olan residivə görə cəza təyin edilməklə, cəzanın məqsədinə nail olmaq mümkündür. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 221.3-cü maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaq şərtilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs2 həbsdə olma müddəti cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin başlanğıcı 01.06.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edərkən qeyd edir ki, o əvvəllər azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum olunduğundan CM-nin 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi mövcud olmayacaqdır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin hər birinin ayrı-ayrılıqda ondan şikayət və tələbinin olmamasını, həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 bundan əvvəl Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2, 315.2 və 66.3-cü maddələri ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Şəki Rayon Məhkəməsinin 26.08.2015-ci il tarixli qərarı ilə hökmlə təyin olunmuş cəzası Şəki Rayon Məhkəməsinin qərarı ilə 05 ilə endirilməsi və cəzasının sonu ilə 22.01.2020-ci ildə azad olunmasını diqqətdə saxlamaqla, bunlardan nəticə çıxarmaması qənaətinə gəlir. Məhkəmə Təqsirləndirilən şəxs1 bundan əvvəl Azərbaycan Respublikası CM-nin 29.177.2.3, 177.2.2, 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə Şəki Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli hökmü ilə 01 il 10 ay 26 gün azadlığının məhdudlaşdırılmasını diqqətdə saxlamaqla, bunlardan nəticə çıxarmaması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs1 həbsdə olma müddəti cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin başlanğıcı 01.06.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respubliksı CİM-nin 51-2.2-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Qanunun bu müddəasından çıxış edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin əvvəli 01 iyun 2021-ci il tarixdə seçildiyindən barəsində olan qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti azadlığın məhdudlaşdırılması cəzasının icrası müddətinə hesablanmamalıdır. Yəni Təqsirləndirilən şəxs1 barəsində olan azadlığın məhdudlaşdırılması cəzaları CM-nin 68.1.1-1-ci maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu tarixinədək çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs1 Şəki Rayon Məhkəməsinin 1(075)-50/2020 saylı, 27 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının onun şübhəli şəxs qismində tutulduğu 01 iyun 2021-ci il tarixinədək çəkilməmiş qalan 1 (bir) il 2 (iki) ay 19 (on doqquz) gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla hesablandıqda aydın olur ki, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) ay, 9 (doqquz) gün 12 (on iki) saata bərabər olur. CM-nin 69.1-ci maddəsində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmənin, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmənin, hərbi xidmət üzrə məhdudlaşdırmanın, islah işlərinin, azadlığın məhdudlaşdırılmasının, intizam xarakterli hərbi hissədə saxlamanın, azadlıqdan məhrum etmənin müddətləri aylarla və illərlə, ictimai işlərin müddəti isə saatlarla hesablanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 69.1-ci maddəsində nəzərdə tutulmuş cəza növlərinin dəyişdirilməsi və ya toplanması, habelə cəzanın hesaba alınması zamanı müddətlər günlərlə hesablana bilər. Göründüyü kimi Şəki Rayon Məhkəməsinin 1(075)-50/2020 saylı, 27 avqust 2021-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdə cəza riyazi olaraq 7 (yeddi) ay, 9 (doqquz) gün 12 (on iki) saata bərabər olur. CM-nin 69.1 və 69.2-ci maddələrinin tələbləri baxımından isə azadlıqdan məhrum etmə cəzasının növünün dəyişdirilməsi və ya toplanması, habelə cəzanın hesaba alınması zamanı müddətləri illər, aylar və yaxud da günlərlə hesablana bilər. Belə olduqda məhkəmə hesab edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxs1 əvəz edilməklə üzərində saxlanılan 7 (yeddi) ay, 9 (doqquz) gün 12 (on iki) saat azadlıqdan məhrumetmə cəzasının 12 (on iki) saatı təqsirləndirilən şəxsin xeyrinə təfsir edilərək hesablanmaqla onun xeyrinə şərh edilməli, Təqsirləndirilən şəxs1 üzərində yalnız 7 (yeddi) ay, 9 (doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanmış hesab edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şəki ŞRPŞ-nin Təminat Hissəsinə təhvil verilmiş 01 ədəd dəmir parçası və hadisə yerinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş sınmış əşyaların qalıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 72 manat maddi ziyanın ödənilməməsi və mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza xərci olan 30.60 manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə,

Hökm etdi:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək bir il üç ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Şəki rayon məhkəməsinin 27.08.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan bir il, iki ay, on doqquz gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günün azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla yeddi ay, doqquz gün müddət CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq bir il, altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli çəzaçəkmə müəssisələrində çəksin. Cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 01.06.2021-ci il tarixindən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli çəzaçəkmə müəssisələrində çəksin. Cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 01.06.2021-ci il tarixindən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şəki ŞRPŞ-nin Təminat Hissəsinə təhvil verilmiş 01 ədəd dəmir parçası və hadisə yerinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş sınmış əşyaların qalıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 72 manat maddi ziyanın ödənilməməsi və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 30.60 manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən, elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Sədrlik edən: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar