Məhkəmə qərarları › İş №1(075)-92/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-92/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-92/2022 14.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1984-cü ildə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilmiş, işləməyən, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu, Baş Göynük kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evin mətbəxində atası Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sol göz nahiyyəsinə qəsdən yumruq ilə vurmaqla sol alt və üst göz qapaqlarının travmatik şişkinliyi, yumşaq toxumasının əzilməsi, hematoması, gözün ağlı qişasına qansızma. göz yarığının daralması, sol gicgah və sol yanaq nahiyəsinin travmatik şişkınliyi, yumşaq toxumasının əzilməsi, hematoması xəsarətləri ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa qəsdən yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Baş Göynük kəndinin “Qarasov” adlanan hissəsində atası və anası ilə birlikdə yaşayır. Fındıq bağları olduğundan anası ilə birlikdə fındıq yığıb satmaqla dolanırlar. xx.xx.2022-ci –il tarixdə axşam saatlarında atası Balabey yemək yediyi zaman ondan bağdan fındıq yığmaqda köməklik göstərməsini, bacısı oğlunun toyu üçün pul lazım olduğunu demişdir. Anası da atasına fındıq yığmamasını, özünün xəstə olduğunu və xəstəxana xərclərinin çıxacağını demişdir. Bu vaxt atası Balabey anasına qarşı nalayiq ifadə işlətmiş, həmçinin əlini onun ağzına atmışdır. O, da atasının sifət nahiyəsindən bir dəfə yumruq vurmuşdur. Bundan sonra isə atası Balabey evi tərk etmiş və həmin axşam bacısıgildə gecələmişdir. Əməlindən peşman olduğunu, hal-hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, hadisə zamanı zərərçəkmişə heç bir maddi zərər dəymədiyini, zərərçəkmiş şəxsin onu bağışlamasını bildirib, bunları nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. O, məhkəməyə bu barədə yazılı ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Baş Göynük kəndinin “Qarasov" adlanan hissəsində oğlu Zaur və arvadı Məlahətlə birlikdə yaşayır. xx.xx.2022ci il tarixdə axşam saatlarında nəvəsinin ona verdiyi yeməyi yeyən zaman, Zaura fındıq bağından bir az fındıq yığıb bacısı oğlunun toyu üçün pul etmək istədiyini demiş və Zaurdan ona fındıq yığması üçün kömək etməsini bildirmişdir. Zaur isə anası ilə birlikdə özlərinin xərclərinin çox olduğunu, fındıq yığmaqda kömək etməyəcəklərini və ona pul verməyəcəklərini demişlər. O, Zaura evin böyüyü olduğunu və ona köməklik göstərmələrini demiş, Zaur isə onun üstünə hücum çəkmiş, sifət nahiyəsindən bir neçə dəfə yumruq vuraraq onu yerə yıxmışdır. Ayağa durmaq istədiyi zaman arvadı Məlahət Zaurun onu yenidən vurmasına icazə verməmiş, o, da evdən çıxıb qızının yaşadığı evə gedərək orada gecələmişdir. Sabahı gün DİN-nin “102” xidmətinə oğlu Zaurun onu döyməsi ilə bağlı müraciət etmişdir. Hadisə nəticəsində ona heç bir maddi zərər dəymədiyini, Təqsirləndirilən şəxs bağışladığını və təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirib, təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdi və bu haqda məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid ifadə verərək bildirdi ki, Baş Göynük kəndinin “Qarasov” adlanan hissəsində əri Balabey və oğlu Zaurla birlikdə yaşayırlar. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Balabey yeməyini yeyən zaman bacısının oğlunun toy məclisi üçün pul lazım olduğunu, Zaur və onun isə köməklik göstərmələrini tələb etmişdir. O, da həmin vaxt özünün xəstə olduğunu, müalicəsi üçün pul lazım olduğunu demişdir. Bu vaxt Balabey ona əsəbiləşib nalayiq ifadə işlədərək onu təhqir etmişdir. Oğlu Zaur isə atası Balabeyin bu ifadəsinə dözməyib Balabeyi yemək yediyi zaman sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. O, da oğlu və ərini ayırmış, sonra isə Balabey evdən çıxıb getmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X1 Şəki rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 379 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər –sol alt və üst göz qapaqlarının travmatik şişkinliyi, yumşaq toxumasının əzilməsi, hematoması, gözün ağlı qişasına qansızma, göz yarığının daralması, sol gicgah və sol yanaq nahiyəsinin travmatik şişkinliyi, yumşaq toxumasının əzilməsi, hematoması bərk küt əşyanın təsirindən törənmişdir, xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, müddəti qərarda qeyd edilən xx.xx.2022-ci il tarixinə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Balabey oğlu Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 40.2.1-ci maddəsi tətbiq edilməklə məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. Həmçinin Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(075)-72/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci və 70.3-cü maddələri tətbiq edilmiş və ona təyin edilmiş həmin cəza 6 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(075)-71/2019 saylı qərarı ilə şərti tətbiq etmə ləğv edilməklə Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(075)-72/2018 saylı hökmü ilə təyin edilmiş cəzanın icra edilməsi qərara alınmış, xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 18 avqust 2022-ci il tarixli, 826 nömrəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Balabey oğlu xəstəxananın dispanser müşahidəsində yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi işinin materiallarında mövcud olan və biri digərini tamalayan sübutlar vasitəsi ilə (təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadəsi ilə və s.) tam təsdiq olunsa da, məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs qarşı CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət təqbinə xitam verilməli və təqsirləndirilən şəxs həmin maddə ilə məsuliyyətdən azad olunmalıdır. Belə ki, CM-nin 73.2-ci maddəsində bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, cinayət qanunvericiliyinin sözügedən maddəsində imperativ olaraq nəzərdə tutulmuşdur ki, həmin maddədə əks olunan hər hansı cinayət əməllərindən birini törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdirsə, cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nın 59.1-ci maddəsinə, əməlindən səmimi peşman olmasını CM-nın 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 40.3. 43.1.2, 43.3, 383 və 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbayan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şəki rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar