Məhkəmə qərarları › İş №1(075)-92/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-92/2025

26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-92/2025 26.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçiləri Şəki Regional Vəkil Bürosunun vəkili X3, Müdafiəçi3, Zərərçəkmiş şəxs Abduəli qızının, vəkili Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Şəki şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti qətimkan tədbiri seçilmiş . Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları, izahat və ifadələr: İbtidai istintaq orqanı tərəfindən qarşı irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs qəsdən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və belə zorun tətbiq olunması hədəsi ilə müşayiət edilən hərəkətlər edib qəsdən qərəzli xuliqanlıq cinayət əməlini törətmişdır. Belə ki, o, 09 aprel 2025-ci il tarixdə, saat 09:30 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən, ictimai yer hesab edilən mərkəzi bazarda işlədiyi paltar mağazası ilə qonşuluqda olan paltar mağazasında işləyən Zərərçəkmiş şəxs onun anası Şahid1 mağazanın qarşısına paltarlar asmasını irad tutmasını cüzi səbəb kimi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, ətrafda çoxsaylı adamların gur olduğu yerdə, cəmiyyətdə insanlar arasında bərqərar olmuş adət vəənənələrlə, hüquq və əxlaq normaları ilə müəyyən edilən birgəyaşayış və davranış qaydalarının qərəzli şəkildə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, həmin vaxt ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, insanların qorxu və narahatçılıq hissi keçirmələrinə səbəb olmaqla, özünü ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması, o, cümlədən mərkəzi bazarda ətrafda olan mağazaların iş rejiminin 10-15 dəqiqə müddətində pozulması, bazarda olan vətəndaşların narahatlıqlarına səbəb olan hərəkətlər edib, ətrafda olan insanlara məhəl qoymayıb Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlətməklə və nalayiq söyüşlər söyərək, habelə onu döyəcəyi ilə hədələməklə və qəsdən əli ilə sonuncuya çoxsaylı zərbələr vurmaqla döş qəfəsinin ön səthində sıyrıqlar, sol mil-bilək oynağının oynaq hərəkətlərinin məhdudluğu ilə müşayiət olunan yumşaq toxumaların əzilməsi, sol said nahiyyəsində hematoma, sağ əlin İİ barmağının əsas falanqasında şişkinlik kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qəsdən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə çəkişməsi zamanı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barəsində olan mülki iddiası icraata qəbul edilmişdir. Məhkəmənin baxış iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, peşman olduğunu qeyd etdi. O, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmənin baxış iclasında təqsirləndirilən şəxsin müdafiəçiləri çıxış edərək, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməsini xahiş etdilər. Məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs və vəkili məhkəmədən, mülki iddiasının təmin edilməsini, ədalətli qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən bazar ərazisində qadın paltarlarının satışı ilə məşğul olur. Bazarda onun qonşuluğunda Zərərçəkmiş şəxs da qadın paltarlarının satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs ilə onun qızı Təqsirləndirilən şəxs arasında təxminən üç il olar ki, münaqişə vardır. Aralarında baş vermiş münaqişə səbəbindən bir neç dəfə bir-birilərindən polis şöbəsinə şikayət etmişlər. xx.xx.2025-ci il tarixdə səhər təxminən 09 radələrində Zərərçəkmiş şəxs paltarları onun mağazasının qarşısına asmağa başlamışdır. O, Zərərçəkmiş şəxs etiraz etsə də Zərərçəkmiş şəxs onun etirazına məhəl qoymamışdır. Belə olduqda o, paltarları götürüb qırağa qoymuş, Zərərçəkmiş şəxs isə qaytarıb yerinə qoymuşdur. Onlar arasında mübahisə yaranmış və o, gedib Zərərçəkmiş şəxs mağazanı icarə verən şəxsə bu barədə məlumat vermək istəmişdir. Lakin həmin şəxsi tapmadığı üçün geri qayıtmışdır. Təxminən 1-2 dəqiqə sonra qızı Təqsirləndirilən şəxs yanınıa gəlmiş və Zərərçəkmiş şəxs asdığı paltarları asdığı yerdən götürüb yerə atmışdır. Bu zaman Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bunu qəbul etməyən qızı Təqsirləndirilən şəxs əsəbiləşib Zərərçəkmiş şəxs üzərinə hücum etmiş, o, Esmiranı saxlaya bilməmiş və dava-dalaş yaranmışdır. O, qızı ilə Zərərçəkmiş şəxs ayırmaq istəsə də, gücü çatmadığı üçün həmin şəxləri ayıra bilməmişdir. Bundan sonra bazarda olan tanımadığı şəxslər qızı ilə Zərərçəkmiş şəxs ayırmışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində anası Şahid1 ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən Bazar ərazisndə Şahid2 qadın ayaqqabıları satdığı mağazada satıcı işləyir. xx.xx.2025-ci il tarixdə təxminən saat 09 radələrində mağazada işdə olan zaman Şahid2 anası Şahid1 ilə Zərərçəkmiş şəxs mübahisə etdiyini eşitmişdir. Mağazasının qabağında dayanıb baxanda görmüşdür ki, Zərərçəkmiş şəxs paltarları asdığı yer Şahid1 mağazasının qarşına düşdüyü üçün aralarında sözlə mübahisə edirlər. Təxminən 20 dəqiqəyə yaxın onlar sözlə mübahisə etmişlər. Həmin vaxt Şahid1 qızı Təqsirləndirilən şəxs anasının yanına gəlmişdir. Bu zaman Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs asdığı paltarları dağıtmış və Zərərçəkmiş şəxs üzərinə gedərək əlbəyaxa dava etməyə və əl zərbələri ilə bir-birini vurmağa başlamışlar. O, bazarda satıcı işləyən Şahid4la birlikdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ayırmışlar və Təqsirləndirilən şəxs oradan uzaqlaşdırmışlar. Bundan əlavə olaraq Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş dava-dalaşın təxminən 3-4 dəqiqə ərzində davam etdiyini, həmin vaxt Zərərçəkmiş şəxs boynunda qızıl boyunbağı olmasını görmədiyini ifadəsində qeyd etmişdir. Şahid4 məhkəmə iclasında iştirak edə bilmədiyindən ibtidai istintaqda bildirdiyi ifadəsi elan edilmişdir. Onun ifadəsi Şahid3 ifadəsi ilə eyniməzmunludur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Abduəli qızının şikayəti əsasında Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsinə dair protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 09:30 radələrində Təqsirləndirilən şəxs ilə mübahisə etdiyi, Təqsirləndirilən şəxs onu vurduğu yeri dəqiq göstərmiş, hadisə yerinin Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən, ictimai yer hesab edilən mərkəzi bazar olması müəyyən edilmiş, baxış zamanı videomüşahidə kamerasından görüntülər diskə köçürülməklə götürülmüş, bu barədə protokol tərtib edilməklə hadisə yerinin foto şəkilləri çəkilmişdir. (i.v. 8-10) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 94 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertiza zamanı aşkar edilmiş xəsarətlər- döş qəfəsinin ön səthində sıyrıqlar, sol mil-bilək oynağının oynaq hərəkətlərinin məhdudluğu ilə müşayiət olunan yumşaq toxumaların əzilməsi, sol said nahiyyəsində hematoma, sağ əlin İİ barmağının əsas falanqasında şişkinlik (yumşaq toxumaların əzilməsi) küt əşyanın təsirindən əmələ gələ bilərdilər, müddəti qərarda qeyd edilən xx.xx.2025-ci il tarixinə uyğun gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v. 28) X2 daxil olmuş xx.xx.2025-ci il tarixli, 548 nömrəli məktubdan görünür ki, Şəki şəhəri, Səfərov küçəsi, ev 15 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. (i.v.104) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.105) Şəki RMX PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 970 nömrəli məktubdan görünür ki, Şəki şəhəri, Səfərov küçəsi, ev 15 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin Narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. (i.v.106) Şəki şəhər İHB-nin 1 nömrəli SİƏD üzrə nümayəndəliyinin “Dağ dibi” məhəllə nümayəndəsindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır, barəsində nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. (i.v.108-109) Şəki şəhər İHB-nin Kiş kənd İ.Ə.D üzrə icra nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Şəki rayonu, Kiş kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (i.v.110-111) İş üzrə hadisə günü kamera görüntüləri proses iştirakçılarının – ittiham və müdafiə tərəfinin iştirakı ilə tədqiq edildi. Təqsirləndirilən şəxsin işlədikləri bazarda zərərçəkmiş şəxs ilə dalaşması və zərərçəkmiş şəxsə bədən xəsarətləri yetirməsi aşkar görünür. Zərərçəkmiş şəxsin bədən xəsarətləri alması fotolardan görünür. Şəki Regional Vəkil Bürosu ilə Zərərçəkmiş şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli hüquqi yardım haqqında müqavilədə xidmət haqqı 600 manat ödənilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2 ədəd qızıl sep və kloun bazar dəyəri 777 manat təşkil edir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə ilk növbədə qeyd edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, özünü CM-in 221.1-ci maddəsi ilə təqsirli bilir. Əməlindən peşmandır. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1 və 39.1.12-ci maddələrinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5 və 5.1-ci bəndlərinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); İİ hissəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs (əməli) həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. CM-in 15.2-ci maddəsinə əsasən Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qadın olduğundan və onun törətdiyi, CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5 və 5.1-ci bəndləri həmin şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Məhkəmə qeyd edir ki, xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. CM-in 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 72-ci bəndinə əsasən yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və Şahid1 2500 maddi ziyan, 600 manat hüquqi xidmətlərə görə, 144,30 manat dövlət rüsumunun əvəzi müştərək qaydada, mənəvi zərərin əvəzi kimi Təqsirləndirilən şəxs 10000 manat, Şahid1 5000 manat pulun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə mülki cavabdeh kimi Təqsirləndirilən şəxs tanınmış, mülki iddia ona aid hissədə icraata qəbul edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən aldığı tibbi müayinə və müalicələrlə bağlı, müalicələrinin davam etməli olması və hadisə nəticəsində sepinn və kolunun qırılıb itməsi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim etməmiş, ittihamda həmin məbləğlər təsdiq edilməmişdir. İttiham aktında maddi ziyan olmadığı müəyyən edilmişdir. Buna görə də mülki iddianın maddi zərərlə bağlı olan hissəsi təmin edilməməlidir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-in 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanının ödənilməsi barədə mülki iddia verməklə həmin maddədə göstərilən digər məsələlər üzrə tələblər irəli sürməklə yanaşı, ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Mənəvi zərər bir tərəfdən hüquqazidd əməl nəticəsində şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Mənəvi zərərin yaranması ilə nəticələnən hüquqazidd əməlin xarakteri qəsdin obyekti, hüquqpozmaların növü, ağırlıq dərəcəsi və təqsirin forması ilə xarakterizə olunur. Hüquqazidd əməlin obyektini şəxsiyyət hüquqları təşkil edir. Bu əməlin xarakteri onun müdaxilə etdiyi şəxsiyyət hüquqlarının növlərindən asılı olaraq dəyişə bilər. Belə ki, bundan asılı olaraq şəxsə vurulan mənəvi zərərin həcmi fərqli ola bilər. Zərərvuranın hüquqazidd əməlin törədilməsində təqsirinin formasından, yəni qəsd və ya ehtiyatsızlıqla törədilməsindən asılı olaraq, şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulu, habelə təzminatın həcmi fərqləndirilməlidir. Hazırkı iş üzrə işdə olan sübutlar təqsirləndirilən şəxsin ictimai qaydanı pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə sağlamlığına qəsdən yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsini təsdiq edir. Zərərçəkmiş şəxsin aldığı həmin xəsarətlər nəticəsində zərərçəkmiş şəxsə mənəvi zərərin vurulması danılmazdır. Məhkəmə qeyd edir ki, hadisədən sonra zərərçəkmiş şəxsin mənəvi sarsıntı və iztirab keçirməməsi mümkünsüzdür. Buna görə də mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 5000 (beş min) manat mənəvi zərərin əvəzi tutulmalıdır. Beləliklə, CPM-in 39.1.12-ci maddəsinə əsasən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, iddiaçı Zərərçəkmiş şəxs Abduəli qızının cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iddiası qismən təmin edilməli, cavabdeh Təqsirləndirilən şəxs 5000 (beş min) manat mənəvi zərərin, 600 (altı yüz) manat hüquqi xidmətlərin göstərilməsi ilə bağlı vəkilə ödənilən xidmət haqqının və 76 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5676 (beş min altı yüz yetmiş altı) manat pul alınaraq Zərərçəkmiş şəxs Abduəli qızına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərcləri yoxdur. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İddiaçı Zərərçəkmiş şəxs Abduəli qızının cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iddiası qismən təmin edilsin. Cavabdeh Təqsirləndirilən şəxs 5000 (beş min) manat mənəvi zərərin, 600 (altı yüz) manat hüquqi xidmətlərin göstərilməsi ilə bağlı vəkilə ödənilən xidmət haqqının və 76 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5676 (beş min altı yüz yetmiş altı) manat pul alınaraq Zərərçəkmiş şəxs Abduəli qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar