Məhkəmə qərarları › İş №1(075)-93/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-93/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-93/2023 11.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirаkı ilə 18 avqust 1978-ci il tarixdə Şəki rayonu, Baş Şabalıd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, X3 İdarəsində mühəndis-hidrotexnik vəzifəsində xidmət edən, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Baş Şabalıd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondаn ötrü ki, qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 10 may 2023-cü il tarixdə, saat 19 radələrində yaşadığı Şəki rayonunun Baş Şabalıd kəndində həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs yaşadığı evin qarşısındakı küçədə sonuncunun ona həyətinə gedən su xəttini təmir etmədiyindən nəvəsinə məxsus evin həyətini su basması, həmçinin suyun asfalt yola ziyan vurmasını irad bildirməsi səbəbindən aralarında həmin şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs əli ilə zərbələr vurmaqla sonuncuya sol dirsək nahiyəsinin yumşaq toxumalarının əzilməsi, travmatik şişkinliyi, sol saidin qançırı, sağ biləyin, sağ əlüstü nahiyənin, sağ saidin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əmisi Şahid həyat yoldaşıdır və onunla qonşuluqda yaşayırlar. Şahid qızı Sevincin oğlu Əhmədə yaşadığı kənddə onunla qonşuluqda ev tikmişdir. Onun evindən təxminən 100 metr yuxarıda həmin küçədə yaşayan kənd sakinlərinin evinin içməli su ilə təmin olunması üçün su çəni yerləşdirilmişdir. Həmin çəndən hər bir yaşayış evinə ayrıca su xətti aparılıb ki, həmin xəttlər küçədə Bəkirin nəvəsi Əhmədin həyətinin divarının qarşısından keçir. 10 may 2023-cü il tarixdə axşam tərəfi işdən çıxıb Baş Şabalıd kəndinə yaşadığı evə getmiş, qapının qarşısında maşından düşdükdə atası Əzəddinin küçədə qapının qarşısında dayandığını görmüşdür. Küçə ilə su axdığı üçün su çəninə tərəf gedərkən Bəkirin nəvəsi Əhmədin evinin arxasından keçən hissədə onun evinə gələn su xəttinin çıxarıldığını və suyun küçəyə axdığını görmüşdür. Həmin vaxt Bəkir əmisinin yuxarıdan, onun həyat yoldaşı Vahidənin isə həyətlərinin qapısından çıxıb ona tərəf gəldiklərini görmüşdür. Vahidə su xəttinin onların divarın yanından keçməsini, axan suların onlara ziyan vurmasını bəhanə edib əlindəki dəmir parçası ilə onun üstünə tərəf gəlib ucadan qışqırmış və mübahisə etməyə başlamışdır. Bəkir əmisi isə onun qolundan tutub kənara çəkmişdir. Həmin vaxt Vahidə Bəkirin üstünə qışqırıb qolunun ağrıdığını deyərək qolunu buraxmasını istəmişdir. Bəkir əmisi su borusunu özünün çıxardığını demişdir. Bu zaman atası Əzəddin də onların yanına gəlmiş və onu evlərinə göndərmişdir. Həmin vaxt onlara heç nə demədən evə getmişdir. Həmin vaxtdan sonra əmisi Bəkiri və həyat yoldaşı Vahidəni bir neçə dəfə kənddə görsə də, aralarında hər hansı mübahisə olmamışdır. O, Zərərçəkmiş şəxs ilə mübahisə zamanı onun ünvanına söyüş söymədiyini, həmçinin onu vurmadığını, ona hər hansı bir xəsarət yetirmədiyini, Vahidənin özünün əlində dəmir parçası ilə onun üstünə gələrkən Bəkir əmisinin onun qolundan tutub kənara çəkdiyini, mübahisə zamanı əmisi Bəkirin və atası Əzəddinin həmin yerdə olduqlarını bildirmişdir. Bildirmişdir ki, mübahisə etmək niyəti olmayıb, zərərçəkmiş şəxsə xəsarət yetirməyib, işdən evə gəlib istirahət etmək istəyib. O, cinayət törətməyib, lakin hər bir halda peşmandır, özünün və övladlarının ali təhsilli olmasını nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə bildirmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Bəkirin qardaşı Əzəddinin oğludur və onunla qonşuluqda yaşayır. Yaşadığı evin yaxınlığında, həmçinin Şahmarın evinin qonşuluğunda nəvəsi Əhməd Bəkirova ev tikmişlər. Hərdən qızı Sevinc və Əhməd kəndə gəlib həmin evdə yaşayırlar. Əhmədin evinin həyətinin divarının kənarından qonşuların su xətləri aparılmışdır. Həmin su xətləri tez-tez sıradan çıxır, su isə divarın dib hissəsi ilə həyətə axır və ziyanlıq vurur, eyni zamanda asfalt örtüyün üstü ilə axıb asfaltı yararsız hala salmışdır. Ona görə də, Bəkir və o, dəfələrlə Şahmara, atasına, həmçinin digər qonşulara evlərinə gedən su xətlərinə nəzarət etmələri barədə məlumat vermişlər. xx.xx.2023-cü il tarixdə Bəkir onu çağırıb su xəttini bağlamaq üçün məftil gətirməsini demiş, həmin vaxt Əzəddinlə Bəkir normal söhbət etmişlər. Bir neçə dəqiqə sonra Şahmar da, həmin yerə gəlmiş və aqressiv halda onlardan nə olduğunu soruşmuşdur. Ona su xəttini vaxtında yenisi ilə əvəz etmək lazım olduğunu izah etmiş, bu zaman Şahmar daha da aqressivləşib yüksək səslə üstünə qışqırıb nəvəsi Əhmədin və onun ünvanına nalayiq söyüşlər söyüb onları təhqir etməyə başlamışdır. Həyat yoldaşı Bəkir ona irad bildirib danışığını tənzimləməsini tələb etmiş, Şahmarın atası Əzəddin isə ona heç nə demədən sakit dayanmışdır. Şahmar onun üstünə gəlmiş, biləyindən tutub bərk sıxmış, daha sonra dirsək nahiyəsi ilə qollarına, dirsəyinə vuraraq xəsarətlər yetirmişdir. Onu buraxmasını xahiş etdikdə həyat yoldaşı Bəkir dərhal onlara tərəf gəlmiş və Şahmarı ondan aralamışdır. Bəkir Şahmara iradını bildirib oradan uzaqlaşdırmışdır. Şahmar onu döyərkən yanlarında həyat yoldaşı Bəkir və Şahmarın atası Əzəddinin olmuşdur. Şahmar içkili olduğundan etdiklərini bilməmişdir. Təqsirləndirilən şəxslə ölənədək barışmayacaq, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. . Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı Əzəddinin oğludur və onunla qonşuluqda yaşayır. Hərdən aralarında sözlə mübahisələri olmuşdur. Belə ki, Şahmar və ailə üzvləri heç bir səbəb olmadan onlarla mübahisələr etmişlər. Lakin həmişə o, Şahmarı bağılamışdır. Yaşadığı evin yaxınlığında, həmçinin Şahmarın evinin qonşuluğunda nəvəsi Əhməd Bəkirova ev tikmişlər. Hərdən qızı Sevinc və Əhməd kəndə gəlib həmin evdə yaşayırlar. Əhmədin evinin həyətinin divarının kənarından qonşuların su xətləri aparılmışdır. Həmin su xətləri tez-tez sıradan çıxır, su isə divarın dib hissəsi ilə həyətə axır və ziyanlıq vurur, eyni zamanda asfalt örtüyün üstü ilə axıb asfaltı yararsız hala salmışdır. Ona görə də dəfələrlə Şahmara, atasına, həmçinin digər qonşulara evlərinə gedən su xətlərinə nəzarət etmələri barədə məlumat vermişlər. xx.xx.2023-cü il tarixdə evdən küçəyə çıxdıqda nəvəsinin evinin divarının arxasından keçən su xətlərindən birinin yararsız hala düşdüyünü və suyun divarın dib hissəsi ilə axdığını görmüşdür. Həmin vaxt qardaşı Əzəddin də, onun yanına gəlmişdir. Onlar suyun boşuna axıb su çəninin də boşalması barədə danışarkən Əzəddinin oğlu Şahmar həmin yerə onların yanına gəlmiş və aqressiv halda onlardan nə olduğunu soruşmuşdur. Həyat yoldaşı Vahidə ona su xəttini vaxtında yenisi ilə əvəz etmək lazım olduğunu izah edib suyun yerə axmamasını və nəvəsinin həyətinə də ziyan vurmamasını demişdir. Bu zaman Şahmar daha da aqressivləşib yüksək səslə onların üstünə qışqırıb nəvəsi Əhmədin və onların ünvanına nalayiq söyüşlər söyüb onları təhqir etməyə başlamışdır. O, Şahmara irad bildirib danışığını tənzimləməsini tələb etmiş, Şahmarın atası Əzəddin isə ona heç nə demədən sakit dayanmışdır. Şahmar isə anidən təhqiredici sözlər işlədərək Vahidənin üstünə getmiş və onun biləyindən tutub bərk sıxdıqda Vahidə ondan qolunu buraxmasını tələb etmişdir. Daha sonra isə Şahmar dirsək nahiyəsi ilə Vahidənin qollarına, dirsəyinə vuraraq xəsarətlər yetirmişdir. O, dərhal onlara tərəf gedib Şahmarı Vahidədən aralamış, lakin Şahmar sakitləşməyib onun ünvanına təhqiredici sözlər işlədərək ona “vicdanına, ağ saçına tüpürüm” ifadələrini demişdir. O, isə Şahmara irad bildirib Polis orqanlarına məlumat verəcəyimi dedikdə, Şahmar üstünə qışqırıb polisə məlumat verəcəyi halda evini yandıracağını demişdir. Daha sonra oradan uzaqlaşıb evlərinə getmişdir. Gələcəkdə Şahmarın hər hansı xoşagəlməz hadisələrə yol verməsindən narahat olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. İş materiallarına əlavə edilmiş 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə qonşusu Təqsirləndirilən şəxs arasındakı mübahisə və sonuncunun Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsi hadisəsi Şəki rayonu, Baş Şabalıd kəndində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısındakı küçədə baş vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 173 nömrəli məhkəmə-tibbi ekspertizanın rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol dirsək nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, travmatik şişkinliyi, sol saidin qançırı, sağ biləyin, sağ əlüstü nahiyənin, sağ saidin sıyrıqları bərk-küt əşyanın təsirindən yaranmışdır, xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, müddəti müayinədən bir günə qədər vaxta olmaqla, qərarda qeyd edilən xx.xx.2023-cü il tarixinə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin Baş Göynük kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 728 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Şəki rayonu, Baş Şabalıd kəndində yaşayır, Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 4532 nömrəli məktubdan görünür ki, Şəki rayonu, Baş Şabalıd kəndində qeydiyyatda olmaqla yaşayan 1978-ci il təvəllüdlü Bəkirov X1 Şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli 748 nömrəli məktubdan görünür ki, Şəki rayonu, Baş Şabalıd kəndində qeydiyyatda olmaqla yaşayan 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. İş materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədər görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkumluq qeydə alınmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə məhkəmə tənqidi yanaşır və məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Onun həmin cinayəti törətməsi zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspertin rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmadığını bildirsə də, zərərçəkmiş şəxsin ifadəsi, Şahid ifadəsi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 173 nömrəli rəyi, hadisə yerinə baxış protokolu və digər istintaq materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən yüngülləşdirici və Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə yuxarıda sadalanan halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də, cəzanın məqsədinə uyğundur. Cinayət Məcəlləsinin 49.1-ci və Cəzaların İcrası Məcəlləsinin 43-45-ci maddələrinin tələblərinə uyğun olaraq təyin edilmiş cəza təqsirləndirilən şəxsin iş yeri üzrə çəkilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı gündən hesablanmalı, təyin edilmiş cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yerin İcra və Probasiya şöbəsinə həvalə edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından 20 (iyirmi) faiz dövlət nəfinə pul tutulmaqla, 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun aylıq qazancının 20 (iyirmi) faizinin dövlət nəfinə tutulduğu gündən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar