Məhkəmə qərarları › İş №1(075)-95/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-95/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-95/2021 14.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о, qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda dövriyyəsi qanunla qadağan edilən psixotrop maddələrin siyahısına daxil edilmiş metamfetamini əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.615 qram çəkidə dövriyyəsi qanunla qadağan edilən psixotrop maddələrin siyahısına daxil edilmiş metamfetamini özünün şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib, üzərində saxlayıb daşımış, 28 may 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki şəhər-rayon X4 Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbirləri nəticəsində o, həmin gün saat 00:30 radələrində Şəki-Oğuz avtomobil yolunun sol kənarında yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında idarə etdiyi «KİA Optima» markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla X11 Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Şəki şəhəri, X9 prospekti 1 saylı ünvanda yerləşən Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutulub həmin tarixdə saat 02:43-dən üzərinə keçirilmiş şəxsi axtarış zaman əynindəki boz rəngli şalvarın sağ qabaq cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 0.615 qram dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxil edilmiş metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, metamfetamini Bakı şəhərində onlayn şəkildə almışdır. Belə ki, o, müəyyən telefon nömrəsinə Whatsapp proqramı vasitəsi ilə yazıb ona metamfetamin lazım olduğunu bildirmişdir. Həmin nömrəni istifadə edən tanımadığı şəxs də ona kart nömrəsi verib yazaraq bildirmişdir ki, pulu həmin kart hesabına köçürsın. O, özü istifadə etmək üçün lazım olan qədər metamfetamin almaq məqsədi ilə həmin karta pul göndərmiş, sonra ona metamfetaminin götürəcək yer barədə məlumat verilmiş, o da gedib həmin yerdən metamfetamini götürmüşdür. Sonuncu dəfə 27 may 2021-ci il tarixdə Bakı şəhərində Whatsapp proqramı vasitəsi ilə 60 manat dəyərində metamfetamin sifariş verib, 60 manat pulu verilən kart nömrəsinə göndərdikdən sonra həmin gün axşam saat 18 radələrində Bakı şəhərinin Bakıxanov qəsəbəsi ərazisində metamfetamini əldə etmişdir. 27 may 2021-ci il tarixdə iki gün müddətinə icarəyə götürdüyü «KİA Optima» markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla istirahət etmək məqsədilə Şəki rayonu istiqamətinə yola düşmüşdür. Şəki şəhərinin giriş hissəsində yol polis əməkdaşları onu saxlatmışdır. Yol polis əməkdaşı onun sənədlərini yoxlayan zaman digər şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib maşına baxış keçirmişlər və daha sonra qoluna qandal vurub onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə təhqiqatçı onu şübhəli şəxs qismində tutub üstündə olan əşyaları çıxarıb təqdim etməsini bildirmişdir. O da üzərində olan mobil telefonunu, avtomaşının açarını və içərisində metamfetamin olan sellofan bükülünü təqdim etmişdir. Ayrı-ayrılıqda telefon və metamfetamin sellofanla birlikdə ağ rəngli zərfə qoyulub bağlanıb möhürlənmişdir. Möhürlənmiş zərflərin üzərində digər iştirakçılarla birlikdə o da imza etmişdir. Avtomobildən baxış zamanı şübhəli heç nə aşkar olunmamışdır. O, etdiyi hərəkətdən peşmandır, bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir, islah yoluna qədəm qoymasını nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Tural adlı şəxsin Şəki şəhəri ərazisində narkotik vasitə qəbul etməsi, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 28 may 2021-ci il tarixdə, gecə saat 00:30 radələrində Şəki şəhəri Oğuz şossesində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin X11 Bölməsinin Yol patrul xidmətinin inspektorları Şahid4 və Şahid3 tərəfindən idarə etdiyi «KİA» markalı avtomobillə saxlanmışdır. YPX əməkdaşları Təqsirləndirilən şəxs sənədlərini yoxlayan zaman ona yaxınlaşıb özünü təqdim edib polis əməkdaşları olduğunu bildirib, ona narkotik vasitə əldə etməsi, özündə saxlamaqla daşıması və narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib həmin məlumatın yoxlanılması məqsədilə birlikdə polis şöbəsinə getməsini təklif etmişdir. Şöbədə vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən Tural Məmmədov şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkiliş aparmaqla üstünə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman təhqiqatçı Turala üstündə olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif etmişdir. Tural əynindəki şalvarın cibindən bir ədəd mobil telefonu, ağ rəngli sellofan bükülüdə olan kütləni və avtomobil açarını çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı Turaldan masanın üstünə qoyduğu əşyaların nə olduğunu və kimə məxsus olduğunu soruşduqda Tural masanın üzərinə qoyduğu mobil telefonun ona məxsus olduğunu, açarın icarəyə götürüb sürdüyü «KİA» markalı avtomobilin olduğunu, sellofan bükülünün içərisindəkinin psixotrop maddə olduğunu və özü istifadə etmək məqsədi ilə Bakı şəhərində onlayn şəkildə 60 manata aldığını bildirmişdir. Təhqiqatçı Turalın masanın üstünə qoyduğu sellofan bükülüdə olan ağ rəngli maddəni sellofanla birlikdə zərfə qoyub bağlayıb möhürləmiş, həmçinin mobil telefonun da iş üçün sübuti əhəmiyyəti kəsb edə biləcəyini nəzərə alıb ayrıca zərfə qoyub bağlayıb möhürləmişdir. Hər iki zərfin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Bundan sonra videoçəkiliş davam etdirilməklə Turalın icarəyə götürüb idarə etdiyi «KİA» markalı avtomobilə polis şöbəsinin həyətində baxış keçirilmişdir. Baxış zamanı avtomaşından şübhə doğuran heç nə aşkar edilməmişdir. Sonda təhqiqatçı şəxsi axtarış və baxış keçirilməsi ilə bağlı protokol tərtib edib ucadan oxumuş, düz yazıldığı üçün protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs saxlanılan zaman onun avtomobilinə və üzərinə baxış keçirilməmiş, qoluna qandal vurulmamışdır. Məhkəmə iclasında tədqiq olunmaqla elan olunan Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, “Tural” adlı şəxsin Şəki şəhəri ərazisində narkotik vasitə qəbul etməsi, saxlaması və satışı ilə məşğul olması barədə 27 may 2021-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri zaman müəyyən olunmuşdur ki, “Tural” adlı şəxs xx.xx.1988-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Daxil olmuş həmin əməliyyat məlumat tərəfindən rəsmiləşdirilmişdir. Belə ki, daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, həmin qrupa rəhbərlik etmək Şahid2 həvalə edilmişdir. Qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. 27 may 2021-ci il tarixdə gecə məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs ağ rəngli «KİA» markalı avtomobillə Şəki şəhərinə doğru hərəkət edir. 28 may 2021-ci il tarixdə, gecə saat 00:30 radələrində Şəki şəhəri Oğuz şossesində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin X11 Bölməsinin Yol patrul xidmətinin inspektorları Şahid4 və Şahid3 tərəfindən idarə etdiyi «KİA» markalı avtomobillə saxlanmışdır. YPX əməkdaşları Təqsirləndirilən şəxs sənədlərini yoxlayan zaman ona yaxınlaşıb özünü təqdim edib polis əməkdaşları olduğunu bildirib, ona narkotik vasitə əldə etməsi, özündə saxlamaqla daşıması və narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib həmin məlumatın yoxlanılması məqsədilə birlikdə polis şöbəsinə getməsini təklif etmişdir. Tural Məmmədov vəziyyəti başa düşüb etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmiş, Tural Məmmədovun polis şöbəsinə gətirilən şəxslərin qeydiyyatı jurnalında qeydiyata alınması və üzərində şəxsi axtarış aparılaraq qanunamüvafiq qaydada tədbir görülməsi üçün Şahid2 şöbə rəisinə raportla məruzə etmişdir. Həmin raportun icrası təhqiqatçı Hafiz Kərimova həvalə edildiyindən, Tural Məmmədov növbətçi hissəyə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata götürüldükdən sonra onu təhqiqatçının xidməti iş otağına aparmışlar. Təhqiqatçı xidməti iş otağında Tural Məmmədovun hüquqlarını, eləcə də müdafiəçi tutmaq hüququnun olmasını izah edərək vəkillərin siyahısı ilə tanış etmiş, sonuncu vəkillərdən Müdafiəçi seçdiyi üçün təhqiqatçı həmin vəkili xidməti iş otağına dəvət etmişdir. Təhqiqatçı tərəfindən Tural Məmmədov şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələrini izah edilməklə bərabər proses iştirakçılarına etiraz etmək hüququnu da izah edib, video çəkiliş aparmaqla üstünə şəxsi axtarış aparılacağını bildirmiş, Tural Məmmədov da etiraz etməmişdir. Bundan sonra Turalın üstünə şəxs axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman təhqiqatçı Turala üstündə olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif etmişdir. Bundan sonra Tural əynindəki boz rəngli şalvarın sol qabaq cibindən bir ədəd ağ rəngli mobil telefonu, şalvarın sağ qabaq cibindən ağ rəngli sellofan bükülüdə olan kütləni və avtomobil açarını çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı Turaldan üstündə başqa əşya olubolmadığını soruşduqda sonuncu üstündə başqa heç olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı Turalın üstünü axtarmış, lakin heç nə aşkar edilməmişdir. Təhqiqatçı Turaldan masanın üstünə qoyduğu əşyaların nə olduğunu və kimə məxsus olduğunu soruşduqda, Tural masanın üzərinə qoyduğu mobil telefonun ona məxsus olduğunu, açarın icarəyə götürüb sürdüyü «KİA» markalı avtomobilin olduğunu, sellofan bükülünün içərisindəkinin psixotrop maddə olduğunu və özü istifadə etmək məqsədi ilə Bakı şəhərində onlayn şəkildə 60 manata aldığını bildirmişdir. Təhqiqatçı Turalın masanın üstünə qoyduğu sellofan bükülüdə olan ağ rəgli maddəni sellofanla birlikdə zərfə qoyub bağlayıb polis şöbəsinin «53» saylı möhürü ilə möhürləmiş, həmçinin mobil telefonun da iş üçün sübuti əhəmiyyəti kəsb edə biləcəyini nəzərə alıb ayrıca zərfə qoyub bağlayıb möhürləmişdir. Hər iki zərfin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Bundan sonra videoçəkiliş davam etdirilməklə Turalın icarəyə götürüb idarə etdiyi «KİA» markalı avtomobilə polis şöbəsinin həyətində baxış keçirilmişdir. Baxış zamanı avtomaşından şübhə doğuran heç nə aşkar edilməmişdir. Bundan sonra videoçəkiliş dayandırılıb iştirakçılara nümayiş etdirilmişdir. Sonda isə təhqiqatçı şəxsi axtarışın və baxışın keçirilməsi ilə bağlı protokol tərtib edib ucadan oxumuş, düz yazıldığı üçün protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, 28 may 2021-ci il tarixdə, gecə saat 00:30 radələrində Şəki şəhəri Oğuz şossesində YPX inspektoru Şahid3lə birlikdə xidmətdə olduğu vaxt Şəki ŞRPŞ-nin X1 əməliyyat müvəkkili Şahid2 onlara yaxınlaşıb, ağ rəngli «KİA» markalı avtomobilin gəlib həmin küçədən keçəcəyini, həmin avtomobilin sürücüsünün narkotik vasitəni saxlamaqla satışında şübhəli olduğunu bildirib həmin avtomobili saxlatmağı xahiş etmişdir. Elə bu vaxt ağ rəngli «KİA» markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görüb həmin avtomobilin sürücüsünə saxla işarəsi vermişdir. Sürücü avtomobili yolun kənarına verib saxlamış, o, sürücüyə adını həmin vaxt bildiyi Təqsirləndirilən şəxs yaxınlaşıb sənədləri təqdim etməsini bildirəndə X1 əməkdaşları Şahid2 və Şahid1 yaxınlaşıb Tural Həsənova polis əməkdaşları olduqlarını, onun narkotik vasitə əldə etməsi, üstündə saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib həmin məlumatın yoxlanılması məqsədilə polis şöbəsinə dəvət etmişlər. O, orda olduğu müddətdə avtomobilə baxış keçirilməmiş, Turalın qoluna qandal vurulmamışdır. Bundan sonra, o və iş yoldaşı Şahid3 gedib başqa postda xidmətini davam etdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 28 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 28 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd selofan bükülüdə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 28 may 2021-ci il tarixli, 17/382 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs … müdafiəçi…iştirakçılar» sözləri və imzaları yazılmış zərfin içərisində 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 0.615 qram olan maddə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına» (İ siyahı, İİ bənd, sıra № 27) daxil olan metamfetamindir. Metamfetaminin təmiz çəkisi – 0.615 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq – 0.565 qram. (Aparılmış tədqiqatın dəyəri 69.10 (altmış doqquz manat on qəpik) manat təşkil edir). 29 may 2021-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 234.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. 29 may 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və o, Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. Axtarışda olan şəxsin tutulması barədə 13 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Şəki ŞRPŞ-nin İstintaq Bölməsinə təqdim edilmişdir. Şəki Rayon Məhkəməsinin 14 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 ay 18 gün müddətinə, yəni 13 avqust 2021-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. X3 Hüquqi Şəxsi tərəfindən verilmiş 4701 №li, 02 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. Bakı şəhər Narkoloji Mərkəzinin 2191 №li, 22 iyun 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Narkoloji Mərkəzində qeydiyyatda deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 31 avqust 2021-ci il tarixli, 1026 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamindən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzаb çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Nаrkоlоji kabinetdə profilaktiki qeydiyyаtа аlınmаsı məsləhət görülür. DİN-in BƏSİİ-dən daxil olmuş 05 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. 9 saylı Mənzil Komunal İstismar Sahəsi tərəfindən verilmiş 85 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs оğlu Bakı şəhəri, Əhməd Cavad küçəsi, ev 4, mənzil 16da qeydiyyatdadır. “Yasamal 43” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş 07 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 9c, 1028-ci məhəllədə yerləşən yaşayış binasının 153 saylı mənzilinin sakinidir. 9 saylı Mənzil Komunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla, yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş metofetaminin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan metofetaminin istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında saxlanılan zaman onun avtomobilinə və üzərinə baxış keçirilməsi, qollarına qandal vurularaq polisə aparılmasını bildirsə də, qeyd olunan hal araşdırılmış, digər şahid ifadələri ilə inkar olunmuş və nəticə etibarı ilə təsdiqini tapmamışdır. Məhkəmə göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi qeyd olunan xüsusatlara tənqidi yanaşır. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 234.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran və CMnin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Lakin məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, ilk dəfə məhkum olunmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib ilk gündən etirafedici ifadələr verməsini, ailə vəziyyətini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 28 may 2021-ci ildən 29 may 2021-ci ilədək müddət 24 saatdan çox olduğuna görə 2 gün və həbsdə saxlandığı 13 avqust 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixədək 02 ay 01 gün olmaqla, ümumiyyətlə 02 ay 03 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 04 ay 06 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 0.565 qram olan metamfetamin məhv edilməli, bir ədəd "Lenova" markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69.10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 02 (iki) ay 03 (üç) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 04 (dörd) ay 06 (altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalında həbsdən azad edilsin, hökm qanuni qüvvəsini alanadək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 0.565 qram olan metamfetamin məhv edilsin, bir ədəd "Lenova" markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69.10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar