Məhkəmə qərarları › İş №1(075)-96/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-96/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-96/2023 27.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükülünün içərisində olan 6 ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda çəkiləri 1,37 qram, 1,35 qram, 1,88 qram, 1,62 qram, 1,71 qram və 2,26 qram olmaqla ümumi təmiz çəkisi 10,19 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, daşıyaraq üzərində saxlamış, 23 iyun 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər- Rayon Polis Şöbəsinin X9 əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün Şəki rayonu, Çayqaraqoyunlu kəndi ərazisində yerləşən “Socar” yanacaqdoldurma məntəqəsəinin yaxınlığında saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinin X9 inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq 23 iyun 2023-cü il tarixdə, saat 15:21 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən həmin 01 ədəd sellofan bükülünün içərisində olan 6 ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda çəkiləri 1,37 qram, 1,35 qram, 1,88 qram, 1,62 qram, 1,71 qram və 2,26 qram olmaqla ümumi təmiz çəkisi 10,19 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitə olan marixuana istifadə etmiş, lakin bir müddət istifadə etməsə də təxminən üç-dörd gün əvvəl yenidən narkotik vasitə olan marixuanadan istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində yaşadığı Mingəçevir şəhərində yerləşən H. Əliyev adına parka getmiş, parkın içərisində yerləşən kafedə oturmuş və həmin vaxt tək olmuşdur. Kafedə pivə içən zaman yan masada olan söhbəti eşitmiş, həmin masada tanımadığı bir nəfər şəxs narkotik barədə danışmışdır. Həmin şəxs masadan qalxandan sonra ona yaxınlaşmış və ona narkotik varsa məndə qəbul etmək istəyirəm demişdir. Həmin şəxslə 30 manata razılaşmış və 30 manatı həmin şəxsə vermiş, həmin şəxs də pulu ondan alıb getmişdir. Parkın içində oturacaqda əyləşib pulu verdiyi şəxsi gözləmiş, təxminən 15-20 dəqiqə sonra həmin şəxs gəlmiş və ona sellofan bükülüdə marixuana vermişdir. Sellofan bükülünün içərisində 6 ədəd ağ kağıza bükülmüş marixuana olmuşdur. Bundan sonra evə getmiş, axşam saat 21 radələrində evdən çıxmış və şəhərin dram teatr yerləşən ərazisində sakit bir yer tapmış, ətrafda heç kim olmamışdır. Sellofan bükülünü açmış və narkotikdən az miqdarda götürüb istifadə etmiş, qalan narkotik vasitəni də cibinə qoyaraq evə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Oğuz rayonuna getmək üçün evdən çıxmış, bu məqsədlə Şəki avtobusuna minmiş, narkotik vasitə də cibində olmuşdur. Oğuz rayonuna getməkdə məqsədi orada yaşamasını bildiyi “Elxan” adlı əsgər yoldaşının yanına getmək olmuşdur. Fikirləşmiş ki, Oğuz rayonunda yaşayan əsgər yoldaşını tapsa onunla birlikdə narkotik vasitədən istifadə etsin, lakin, onun fikrindən xəbəri olmamışdır. Təxminən 1 saat sonra Şəki rayonu, Çayqaraqoyunlu kəndi ərazisində yerləşən “Socar” yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtobusdan düşmüş, həmin yerdən başqa maşınla Oğuz rayonuna getmək istəmişdir. Şəki rayonu, Çayqaraqoyunlu kəndi ərazisində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında dayandığı zaman iki mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını, onlarla birlikdə Şəki Şəhər Rayon Polis Şöbəəsinə getməli olduğunu bildirmişlər. Polis işçilərinə razılıq verib onlarla birlikdə polis bölməsinə getmiş, həmin vaxt sellofan bükümdə narkotik vasitə olan marixuana üstündə olmuşdur. Polis şöbəsinə gəldikdən sonra ona narkotik vasitə əldə etməsi barədə məlumat daxil olduğundan onun üstünə videoçəkilişlə şəxsi axtarış aparacaqları bildirilməklə Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin içərisindən özünün seçdiyi "Elbrus" müəllimin iştirakı ilə onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmiş, sonra polis əməkdaşlarının iştirakı ilə üstünə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükülünü və əynindəki qara rəngli şalvarın arxa sağ cibindən 2 ədəd 5 manatlıq pul əskinasını çıxarıb stolun üstünə qoymuşdur. Bundan başqa üzərindən başqa heçnə aşkar edilməmişdir. Aşkar edilmiş 06 ədəd kağız bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu demişdir. Bundan sonra təhqiqatçı içərisində narkotik vasitə marixuana olan 06 ədəd ağ rəngli kağız bükülünü zərfə qoyaraq zərfi möhürləmiş və digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra heç bir təzyiqə məruz qalmamışsır. O, aradabir narkotik vasitədən istifadə edir, ancaq heç zaman narkotik vasitə satmamış, digər formada kiməsə verməmiş və belə bir məqsədi də olmamış, həmin narkotik vasitəni özü qəbul etmək üçün əldə etmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin X9 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə “Röyal” adlı şəxsin Şəki rayonu ərazisində narkotik vasitlərin qəbulu, satışı və üzərində saxlanılması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, həmin məlumat barədə raportla işlədiyi Şəki ŞRPŞ-nin rəisinə məruzə etmişdir. Bundan sonra əməliyyat axtarış tədbiri keçirilməsi barədə tapşırıq verilmiş, bununla əlaqədar o, dərhal həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul etmiş, əməliyyat məlumatının yoxlanılmasına rəhbərlik ona və həmin tədbirdə iştirak etmək üçün Şəki ŞRPŞ-nin Sarıca PB-nin PPX-nin polis nəfəri, polis serjantı Şahid2, Sarıca PB-nin PPX-nin polis nəfəri, polis serjantı Şahid3 əməliyyat qrupunun üzvü olması barədə əmrlə tapşırılmışdır. Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs ətrafında onlar tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı onun ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəki rayonu, Çayqaraqoyunlu kəndi ərazisində yerləşən "Socar" yanacaq doldurma məntəqəsinin yaxınlığında onlar tərəfindən saxlanılaraq onun Şəki rayonu ərazisində narkotik vasitlərin qəbulu, satışı və saxlanılması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmasını bildirərək Şəki ŞRPŞ-nin Sarıca PB-nə dəvət olunmuşdur. Həmin şəxs heç bir etiraz etmədən polis bölməsinə gəlməyə razı olmuşdur. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə X10 xidməti iş otağında ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulacağını, ona hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi seçmək hüququnun olmasını izah edərək Şəki Regional Vəkil Bürosunun vəkillərinin adları və mobil nömrələri olan siyahını təqdim etmiş, həmin şəxs vəkillərdən Müdafiəçi hüquqlarının müdafiəsi üçün seçərək onun dəvət edilməsini xahiş etmişdir. Sonra təhqiqatçı tərəfindən Müdafiəçi zəng olunaraq PŞ-nə dəvət olunmuş, eyni zamanda təhqiqatçı tərəfindən şəxsi axtarış zamanı videoçəkiliş aparması üçün PŞ-nin PPXB-nün polis nəfəri, Qiyam Səfərəliyev dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra təhqiqqatçı X12 Kərimovu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutmuş və bundan sonra onların iştirakları ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd içərisindəki kağız bükümlər olan sellofanı, sağ arxa cibindən pul əskinazlarını çıxararaq masanın üzərinə qoymuşdur. Bundan başqa onun üzərindən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə sellofanda qoyduğu kağız bükümləri göstərərək narkotik olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl kütləni dünən Mingəçevir şəhərində saat 18- 19 radələrində H.Əliyev adına parkda tanımadığı şəxsdən 30 manat müqabilində aldığını, bir hissəsini götürüb axşam üç dəfə istifadə etdiyini bildirmişdir. X10 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər yaşıl rəngli kütləni üzərində saxlamaqda məqsədinin nə olduğunu soruşduqda həmin şəxs uzun müddətdir narkotik vasitə istifadə etdiyini, aşkar olunmuş narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin 06 ədəd kağız bükülülər zərfin içərisinə yerləşdirmiş və zərfin üzəri Şəki ŞRPŞ-nin zərfləri üçün nəzərdə tutulmuş 53 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində 02 ədəd 5 manatlıq pul əskinazları iş üçün əhəmiyyət kəsb etmədiyindən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün təhqiqatçı tərəfindən dayandırılmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Siyabər oğlunun ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:35-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdə saat 13:00-da Şəki Şəhər-Rayon Polis şöbəsinin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan və Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı DVD diskdən görünür ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir əşya və ya predmet aşkar edilməsi məqsədi ilə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki 01 ədəd sellofan bükülünün içərisində olan 06 ədəd ağ rəngli kağız bükümlərdə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilib götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 24 iyun 2023-cü il tarixli 17/501 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə" yazısı, adları və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd sellofana bükülmüş 06 (altı) ədəd kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri- 1,37 qr, 1,35 qr, 1,88 qr, 1,62 qr, 1,71 qr və 2,26 qr, ümumi çəkiləri 10,19 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 06 (altı) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Rəyin təsviri hissəsində göstərilmişdir ki, marixuananın ümumi təmiz çəkisi - 10,19 qram olmuş, cəmi tədqiqata -0,12 qram sərf edilmiş, - 10,07 qram qalıq qalmışdır. Məhkəmə-narkoloji ekspertizasının 18 iyul 2023-ci il tarixli 1219 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitəni hardan və kimdən əldə etməsi, kimlərlə birlikdə narkotik vasitə istifadə etməsi, başqa cinayətlərdə iştirakının olub-olmaması, kimlərə narkotik vasitə satması, ümumiyyətlə narkotik vasitənin satışı ilə məşğul olub-olmaması, həyat tərzi, maraq dairəsi, spirtli içkilərə meyilli olubolmaması, yaxın münasibətdə olduğu şəxslərin əhatə dairəsini, həmçinin Təqsirləndirilən şəxs Oğuz rayonunda yaşadığını qeyd etdiyi Elxan adlı əsgərlik yoldaşınının şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi mümkün olmamışdır. Bu istiqamətdə tədbirlərimiz davam etdirilir. Gələcəkdə müsbət nəticə əldə edilərsə Sizə əlavə məlumat veriləcəkdir. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işi başlanması rədd edilsin və onun təqirsizliyini təsdiq edən sənədlərin surətəri çıxarılaraq ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurara göndərilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə ********* nömrəli cinayət işindən material ayrılsın, materiala şəxsi axtarış və maddi sübutun götürülməsi barədə protokolun, təqsirləndirilən şəxsin ifadəsinin və 24 iyun 2023-cü il tarixli 17/501 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsinini rəyinin surəti əlavə edilərək icra edilməsi üçün Mingəçevir Rayon Polis Şöbəsinə göndərilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar ediklərək götürülmüş 10,19 qram olmuş, tədqiqatdan sonra 10,07 qram qrudulmuş marixuana maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-nə məsul saxlanca verilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin həmin qərarla Təqsirləndirilən şəxs üzərinə və hadisə yerinə baxış zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-ci il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairəsi üzrə Mənzil Komunl Təsərrüfatı İstehsalat və Abadlaşdırma birliyinin xx.xx.2023-cü il tarixli 250 nömrəli arayışlarından və xasiyyətnaməsindən görünür ki, Kərimov X7 şəhəri, H.Əliyev prfospekti, ev 88/13 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər-X1 xx.xx.2023-cü il tarixli 458 nömrəli məktubundan görünür ki, Kərimov X7 şəhər X2 psixiatrik müşahidəsində olmamış və müraciət etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Mingəçevir Şəhər Rayonlararası Narkoloji dispanserinin xx.xx.2023-cü il tarixli 468 nömrəli məktubundan görünür ki, Kərimov X7 Şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə etməsi və daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunması (CM 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.3-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-3.1-ci maddəsində nəzərdə tutulmuş Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə-narkoloji ekspertizanın 18 iyul 2023-ci il tarixli 1219 nömrəlirəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdən 25 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 10,07 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Mingəçevir şəhər ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut - Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 10,07 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X5, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar