Məhkəmə qərarları › İş №1(075)-97/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-97/2023

28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-97/2023 28.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxx 1979-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, orta təhsilli, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.2-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 03 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, tutulan günə kimi həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,489 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 24 iyun 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X1 və Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki şəhəri, X8 küçəsində yerləşən Bəxtiyar Vahabzadə adına mədəniyyət parkının yaxınlığında saxlanılaraq Şəki şəhəri, X8 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər- Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 13:48 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, əldə edib üzərində daşıyaraq saxladığı, bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,489 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvələr Azərbaycan Resublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə, sonuncu dəfə isə CM-nin 177.2.3, 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuş və 30 dekabr 2022-ci il tarixdə isə cəzasının çəkilməmiş qalan 03 ay 24 gün hissəsindən vaxtından əvvəl azad olunmuşdur. Həbsdən çıxandan sonradan böyrəyindən əməliyyat olunduğu üçün narkotik vasitələrdən istifadə etməmişdir. 24 iyun 2023-cü il tarixdə təxminən saat 11:00 radələrində Şəki şəhəri, M.Axundov küçəsində yerləşən B.Vahabzadə adına parkın yaxınlığında olan zaman iki mülki geyimdə əvvəlcdən tanıdığı Fikrət və Coşqun adlı polis əməkdaşları ona yaxınlaşaraq əl-qolunu burub zorla Şəki ŞRPŞ-nə gətirmişlər. Şöbədə olan zaman ona tədbir keçirməli olduqlarını və ona verdikləri heroini cibinə qoyub baxış zamanı etiraf etməsə evindən küllü miqdarda narkotik vasitə çıxardıb onu daha ağır cinayətlə yükləyəcəklərini bildirmişlər. Bundan sonra qorxduğundan üzərinə video çəkiliş vasitəsi ilə baxış keçirilən zaman narkotik vasitə olan heroinin ona məxsus olduğunu, həmin narkotik vasitəni 5-6 gün əvvəl Şəki Rayon Mərkəzi Xəstəxanasının qarşısındakı dayanacağın yaxınlığında yerdən tapdığını və özü istifadə etmək üçün üstündə saxladığını yalandan bildirərək hər şeyi boynuna almışdır. Bundan başqa onu polis şöbəsinə gətirən polis əməkdaşları Fikrət və Coşqun olsa da, üzərinə baxış keçirilərkən Pərviz və Coşqun olmuşdur. Sonda təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirmədiyindən günhkar olmadığını bildirərək, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahin oğlu göstərdi ki, o, Şəki Şəhər-Rayon Polis Şöbəsinin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023cü il tarixdə ona "Rəhman" adlı şəxsin Şəki şəhərində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və istifadə etməsi barədə əməliyyatı məlumatı daxil olmuşdu. Ona görə daxil olmuş məlumatın yoxlanılması və "Rəhman" adlı şəxsin cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması üçün 24 iyun 2023-cü il tarixdə PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Şöbə rəhbərliyi tərəfindən əməliyyat tədbirinin keçirilməsinə razılıq verildikdən sonra Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 11:35 radələrində Şəki şəhəri, M.Axundov küçəsində yerləşən B.Vahabzadə adına istirahət parkının yaxınlığında küçədə saxlanılaraq PŞ-nə dəvət edilmişdir. PŞ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınmış və üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi üçün PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Bundan sobnra müdafiəçi dəvət edilmiş və Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və bundan sonra onların iştirakları ilə video-çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə, yəni ciblərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz jiletin sol cibindən bir ədəd cib dəsmalını, jiletin sağ cibindən öz şəxsiyyət vəsiqəsini, bir ədəd alışqanı, əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd sellofan bükülünü çıxarıb stolun üstünə qoymuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Rəhman cib dəsmalını, şəxsiyyət vəsiqəsi, alışqanı və heroin olan sellofan bükülünü təqdim edib, hamısının ona məxsus olduğunu, sellofan bükülüdəki maddənin heroin olduğunu, həmin narkotik vasitəni 5-6 gün əvvəl Şəki RMX-nın qarşısındakı dayanacağın yaxınlığında yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Sellofan bükülü açıb iştirakçılara göstərdikdə bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin maddə zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin o, göstərmişdir ki, Təqsirləndirilən şəxs ətrafıdnda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, onun üstündən aşkar olunmuş narkotik vasitəni harada və kimlərdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müəvəkkili Şahid1 Şahid2 Şahin oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” haqqında 24 iyun 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə oxşar qəhvəyi rəngli maddə aşkar edilib götürülmüşdür. “Şübhəli şəxsin tutulması haqqında” 24 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Şəki Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 iyun 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə-kimyəvi-bioloji ekspertizasının 24 iyun 2023-cü il tarixli, 17/503 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində « Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut…» sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi - 1,489 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respubilkasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövrüyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxildir.(İ siyahı) Mingəçevir şəhər Rayonlararası Narkoloji Disponserdən daxil olmuş 04 iyul 2023-cü il tarixli, 479 nömrəli məktubdan görünün ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən «opoidlərin qəbulu nəticəsində yaranan psixi davranış pozuntuları, asıllıq sindiromu» diaqnozu ilə Mingəçevir şəhər Rayonlararası Narkoloji Disponserdə qeydiyyatda durur. Şəki rayon Psixiatriya xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 849 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının disponser müşahidəsində yoxdur. Məhkəmə-narkoloji ekspertizasının 22 iyul 2023-cü il tarixli, 1239 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan heroindən sui- istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə verilmiş əməlliyyat tapşırığının xx.xx.2023-cü il tarixli, 3-13-108/2-21285/2023 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs uzun müddətdir narkotik vasitə qəbul edir. O, cümlədən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədən zaman kənar şəxslərin məlumatı və iştiraklarının olmaması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş naroktik vasitənin mənbəyini, narkotik maddəni başqa şəxslərə satıbzsatmamasını, digər cinayət əməllərini töpədib-törətməməsini, həmçinin başqa şəxslərlə birlikdə narkotik maddə qəbul edib-etməməsini keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respubilkası Səhiyyə Nazirliyi Gəncə şəhər X6 29 avqust 2023-cü il tarixli, 530 nömrəli məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmir. O, hazırkı cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və içtimai təhlükəlliyini dərk etmiş və hərəkətlərini idarə edə bilmişdir, bu səbəbdən cinayət əməlini törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubilkası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxsin vəsatəti əsasında məhkəmə sorğusu ilə AccessBank QSCdən alınmış video görüntüyə baxış keçirilən zaman görünür ki, 24 iyun 2023-cü il tarixdə saat 10:00-dan 15:00-dək olan saatlarda Təqsirləndirilən şəxs Şəki şəhəri, M.Axundov küçəsində yerləşən B.Vahabzadə adına istirahət parkının yaxınlığında olan küçədə polis əməkdaşları tərəfindən saxlanıması anın görüntüsü həmin ərazi üzrə olan təhlükəsizlik kameralarına düşməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs hansı plis əməkdaşları tərəfindən saxlanımasını müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 04 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni Şəki RMX-nın qarşısındakı dayanacağın yaxınlığında yerdən tapdığını bildirsə də əldə etdiyi mənbə istintaqa məlum olmayan mənbə kimi qiymətləndirilib həmin xüsusat üzrə cinayət işinin başlanması rəd edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı zərfin içərisində ümumi çəkisi tədqiqatdan sonra qalmış 1.439 (İlkin çəkisi 1.489 qram) qram narkotik vasitə olan heroin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı məlumat mövcuddur. Belə ki, o Şəki rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, Şəki rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş 4 ay 1 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, bundan başqa Şəki rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.2-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 03 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş və xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman döyülməkdən qorxduğunu, narkotik vasitəni üzərinə götürməsə daha ağır cinayətlə onu ittiham edəcəklərini, ona müxtəlif təzyiqlər göstərildiyini, bu səbəbdən də ilkin ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin onun olmaması barədə ifadə verdiyini bildirsə də, təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəklişdən görünür ki, Təqsirləndirilən şəxs vəkilinin və digər şahidlərin iştirakı ilə üzərinə baxış keçirildiyini və həmin vaxtı narkotik vasitələrin onun üzərindən aşkar olunaraq təsdiq etdiyini və həmin vaxtı ona hər hansı təzyiq və hədənin olmadığı müşahidə edilmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı polis əməkdaşları tərəfindən hər hansı işgəncə, qanunazidd və qeyri-insani davranışlara yol verilməsi, həmçinin polis əməkdaşları tərəfindən zorakılıq hərəkətlərinin edilməsi barədə hər hansı bir müraciəti olmadığından bildirdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs döyülməsi və ya onu üzərində hər hansı işgəncənin olmasını müəyyən etmək üçün məhkəmə sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş tibbi kitabçalardan görünür ki, onun Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerinə qəbul edilərkən, eyni zamanda barəsində seçilmiş “həbs” qətimkan tədbirinin icrası zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətin X2 daxil olarkən bədən üzərində hər hansı zorakılıq və zədənin olmaması müəyyən edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs nəinki şəxsi axtarış zamanı, daha sonra müstəntiq tərəfindən şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən də narkotik vasitələrin onun olmasını etiraf etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bildirdikləri işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Rəhma Xəlilovun ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri işin faktiki hallarına uyğun olduğundan, onun həmin ifadələri daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Şəki şəhər “Nuxa” məhəllə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə Şaki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 257a ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə xarakterizə olunur. Şəki Rayon Məhkəməsinin 1(075)-21/2020 saylı, 18 may 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-1215/2022 saylı, 30 dekabr 2022-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilərək cəzadan şərti olaraq 3 (üç) ay 24 (iyirmi dörd) gün vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, Azərbaycan Respublikası CMnin 18.2.1-ci maddəsinə əsasən onun barəsində cinayətin residivini yaradır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, eləcə də Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.3-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-3.1-ci maddəsində nəzərdə tutulmuş Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə-narkoloji ekspertizasının 22 iyul 2023-cü il tarixli, 1239 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan narkotik vasitə olan təmiz qalıq çəkisi 1,439 qram olan heroin, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə də maddi sübut kimi tanındığından, həmin cinayət işi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək, qeyd olunan maddi sübut Şəki ŞRPŞ-də saxlanılmalı və hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 24 iyun 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Şəki Şəhər - Rayon Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 1,439 qram olan heroin məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin və AcessBank tərəfindən təqdim edilmiş 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, xx.xx.2023-cü il tarixli ekspertiza tədqiqatının dəyəri 69,10 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 24 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut – Şəki Şəhər - Rayon Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 1,439 qram olan heroin məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 69,10 manat (altməş doqquz manat on qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar