Məhkəmə qərarları › İş №1(075)-98/2022

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-98/2022

03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-98/2022 03.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X7 üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirаkları ilə xx xxxxxx 2000-ci ildə Bakı şəhərində аnаdаn olmuş, Azərbаycаn Respublikаsı vətəndаşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanda qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Kristal Abşeron 1, bina 19, mənzil 222 ünvanında yaşayan, bаrəsində polisin nəzarəti altına vermə qətimkаn tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM-nin) 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötəri ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 2,320 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə edib üzərində daşıyaraq saxlamış, 18 iyun 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki şəhər-rayon X4 Mübarizə Qrupunun və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbirləri nəticəsində həmin gün Şəki şəhəri, Sülh küçəsində saxlanılaraq Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 10:24 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki tünd qara rəngli idman şalvarının sol yan cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,320 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun illərdir Bakı şəhərində yaşasada xalası və dayısıgil Şəki şəhərində yaşayırlar. Bir neçə ay bundan əvvəl baş vermiş yol nəqliyyat hadisəsi zamanı dayısı oğlu Elmir Məmmədov xəsarət almış və aldığı xəsarətlərə görə şikəst olmuşdur. Ara-sıra Şəki şəhərinə gəlmiş və onunla hal-əhval etmişdir. 15 iyun 2022-ci il tarixdə xəstə dayısı oğlu Elmir Məmmədovu görmək üçün Şəki şəhərinə gəlmiş, bir neçə gün dayısıgildə qaldıqdan sonra Şəki şəhəri, Sülh küçəsində fərdi yaşayış evində yaşayan xalası Aybəniz Məmmədovanın yaşadığı evə qonaq getmişdir. 18 iyun 2022-ci il tarixdə səhər saatlarında siqaret çəkmək üçün xalası Aybəniz Məmmədovaya məxsus evin darvaza qapısı önünə, küçəyə çıxmışdır. Darvaza qapısından kənarda dayanıb siqaret çəkərkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmişlər və onun adını, soyadını soruşmuşlar. O, adını, soyadını dedikdən sonra polis əməkdaşları onun narkotik vasitə əldə etməsi, üzərində saxlamaqla istifadə etməsi barədə onlara məlumat daxil olduğunu və onlarla birlikdə Polis Şöbəsinə getməsini tələb etmişlər. O, da etiraz etməyərək şöbəyə getmişdir. Polis şöbəsinə gəldikdən sonra ona vəkillərin siyahısı təqdim edilmiş, Müdafiəçi özünə vəkil seçmişdir. Vəkil dəvət olunandan sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzfələrini izah etmişdir. Şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin və polis işçilərinin iştirakı ilə üstündə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təhqiqatçı üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif etmiş, o, da üzərində tünd qara rəngli idman şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükülüdə qəhvəyi rərgli narkotik vasitə olan tiryəki və sağ yan cibindən isə 2 ədəd 1 manatlıq pul əskinazlarını çıxarıb masanın üzərinə qoymuşdur. Həmin narkotik vasitəni, o, xx.xx.2022-ci il tarixdə təxminən 17 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən İnşaatçılar metrostansiya yaxınlığında tanımadığı şəxsdən özü istfadə etməsi üçün 1 ədəd sellofan bükülüdə 10 manata almış və üzərində saxlamışdır. Üzərindən başqa heç nə aşkar olunmamışdır. Təhqiqatçı narkotik vasitəni haradan əldə etdiyini soruşduğunda o, Şəki şəhərinə gələrkən Bakı şəhərində tanımadığı şəxsdən 10 manata aldığını və aldığı narkotik vasitədən bir dəfə istifadə etdiyini qeyd etmişdir. Təqdim etdiyi bükülü təhqiqatçı tərəfindən açılıb baxıldığında bükülüdə qəhvəyi rəngli tiryək aşkar edilmişdir. Sonra isə şəffaf sellofan bükülüdə olan narkotik vasitə, yəni qəhvəyi rəngli kütlənin narkotik vasitə olub-olmaması, çəkisi və mənşəyinin müəyyən edilməsi məqsədi ilə təhqiqaçı tərəfindən, ekspertiza tədqiqatına göndərilməsi üçün 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərfin ağzı zərflər üçün nəzərədə tutulan möhürü ilə möhürlənib götürülmüşdür. Təhqiqatçı üzərindən aşkar olunmuş 02 ədəd 1 manatlıq pul əskinzalarını özünə qaytarmışdır. Bütün bunlardan sonra təhqiqatçı videoçəkilişin nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü videoçəkilişi dayandırmışdır. Videoçəkiliş dayandırıldıqdan sonra nümayiş etdirilmiş, həmin videoçəkilişə baxmış, heç bir vəsatət və etirazı olmadığını bildirmişdir. Təhqiqatçı bu barədə protokol yazaraq ucadan oxumuş, heç bir etirazı və vəsatətinin olmadığını bildirərək həmin protokola imza etmişdir. Peşman olduğunu, məhkəmədən ona köməklik edilməsini, yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, o, Şəki şəhər-rаyon Polis Şöbəsinin PPX-nin polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə “Cavad” adlı şəxsin Şəki şəhəri ərazisində narkotik vasitlərin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Şəki ŞRPŞnin NMQ-nin əmıəliyyat müvəkkili, Şahid1 və məndən ibarət əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri davam etdirilmişdir. Abşeron rayon sakini Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbiri zamanı onun Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəki şəhəri, Sülh küçəsi adlanan ərazinin yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-nə dəvət edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, bundan sonra onların iştirakı ilə videoçəkilişdən istifadə etməklə onun üstünə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükülüdə qəhvəyi rəngli narkotik vasitə olan tiryəki və sağ yan cibindən isə 02 ədəd 01 manatlıq pul əskinazlarını çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı üzərindən aşkar edilmiş əşyaları götürüb bir-bir təqdim etməsini təklif edərkən sellofan bükülü nə olmasını və hardan əldə etməsini soruşanda Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükülüdə narkotik vasitə olan tiryək olduğunu və bir ilə yaxındır narkotik vasitə istifadə etdiyini bildirmişdir. Təhqiqatçı bir daha Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsini soruşduğunda o, Şəki şəhərinə gələrkən Bakı şəhərində tanımadığı şəxsdən 10 manata aldığını və aldığı narkotik vasitədən bir dəfə istifadə etdiyini bildirmişdir. Aşkar olunan narkotik vasitə, yəni qəhvəyi rəngli kütlənin narkotik vasitə olub-olmaması, çəkisi və mənşəyinin müəyyən edilməsi məqsədi ilə təhqiqaçı tərəfindən, ekspertiza tədqiqatına göndərilməsi üçün həmin kütlə 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərfin ağzı Şəki ŞRPŞ-nin zərflər üçün nəzərdə tutulan 53 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Təhqiqatçı üzərindən aşkar olunmuş 02 ədəd 1 manatlıq pul əskinazlarını özünə qaytarmış, sonra təhqiqatçı videoçəkilişi nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü dayandırmış, videoçəkiliş dayandırılaraq kompyuterdə nümayiş etdirilmiş, digər iştirakçılarla birlikdə heç bir əlavə və şikayətləri olmadığını bildirdikdən sonra bu barədə təhqiqаtçı tərəfindən protokol yazılaraq ucadan oxunmuşdur. Bütün iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaqda verdiyi ifadə elan olunmaqla tədqiq edildi. Şahid1 ibtidai istintaq zamanı eyni məzmundа ifаdə verərək Şahid2 göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 18 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsgəndər oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış aparılması və mаddi subutun götürülməsi barədə 18 iyun 2022-ci il tаrixli protokolundаn görünür ki, həmin tаrixdə Şəki Şəhər-Rаyon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir əşya və ya predmet aşkar edilməsi məqsədi ilə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki tünd qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə kimyəvi ekspertizаnın 18 iyun 2022-ci il tаrixli 17/500 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş narkotik vasitə bənzər kütlə...” sözləri yazılmış zərfin içərisindəki 1(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 2,320 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Rəyin təsviri hissəsində göstərilmişdir ki, tiryəkin təmiz çəkisi- 2,320 qr., tədqiqata sərf edildi- 0,050 qr., qalıq – 2,270 qr. (Aparılmış tədqiqatın dəyəri 102.12 manat təşkil edir). 19 iyun 2022-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs İsgəndər оğlu CM-nin 234.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. 19 iyun 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs İsgəndər oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və o, Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tаrixli xx/xx-11353 №-li məktubundаn görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzdə müailicədə olmamış və qeydiyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tаrixli 8037 №-li məktubundаn görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada qeydiyyatda yoxdur. Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-X2 İstismarı Təmiri Birliyinin 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmiri Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2311 nömrəli аrаyışıdаn görünür ki, Məmmədov X6 şəhəri, H.Əliyev prospekti, Kristal Abşeron 1, bina 19, mənzil 222 ünvanda yaşayır. DİN-nin BƏSİİ-dən dаxil olmuş tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəki Şəhər-Rаyon Polis Şöbəsinə verilmiş əməliyyаt tаpşırığının cаvаbındа göstərilmişdir ki, keçirilmiş əməliyyаt-аxtаrış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni hardan, kimdən alması, kimlərlə birlikdə narkotik vasitə istifadə etməsi, başqa cinayətlərdə iştirakının olub-olmaması, kimlərə narkotik vasitə satması, ümumiyyətlə narkotik vasitənin satışı ilə məşğul olub-olmaması, həyat tərzi, maraq dairəsi, spirtli içkilərə meyilli olub-olmaması, yaxın münasibətdə olduğu şəxslərin əhatə dairəsini, onun üzərindən aşkar olunmuş narkotik vasitə olan tiryəki Bakı şəhəri, Yasamal rayonu ərazisində İnşaatçılar metrostansiyası yaxınlığında aldığı tanımadığı şəxsin şəxsiyyəti və olduğu yerin müəyyən edilməsi mümkün olmаmışdır. Məhkəmə-narkoloji ekspertizаnın 06 iyul 2022-ci il tаrixli 951 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkdən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxaraq, bu sübutlara və məhkəmə baxışında ittihamın nəticələrinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsini, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2,320 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək əldə edib üstündə saxlayaraq daşımışdır. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edilərək təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilinməsi hаqdа mötəbər nəticəyə gəlmək üçün kifаyət qədər sübutlаr toplаnаrаq bu sübutlаr məhkəmə iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar tiryək üçün 0,5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10.1, 349.4-cü maddələrinə əsasən, məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsi). Göstərilən prosessual hüquq normalarının tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə, o, deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri-digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsi). Cinayət Prosessual Məcəllənin 125.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: Həmin Məcəllənin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; Həmin Məcəllənin 125.2.9-ci maddəsinə əsasən məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda Həmin Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Barbera, Messaga və Habordo İspaniyaya qarşı” məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifələrini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, həmin məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Təqsirləndirilən şəxs, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2,320 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək əldə edib üstündə saxlayaraq daşıması, bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, video çəkiliş və işdə olan və məhkəmə iclasında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Oxşar məsələləri tənzimləyən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X8rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Eyni zamanda Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd edilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Həmin Məcəllənin 41.2-ci mаddəsinə görə, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə müvafiq olaraq, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə məhkum olunmasını, səmimi peşmançılıq hissi keçirməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunan halları nəzərə almaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 18 iyun 2022-ci ildən 19 iyun 2022-ci ilədək həbsdə saxlandığı müddət 24 saatdan çox olduğundan 2 gün kimi qəbul edilməklə və CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 102.12 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspert rəyindən sonra təmiz çəkisi 2,270 qram olan narkotik vasitə - tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs İsgəndər oğlunun 18 iyun 2022-ci il tarixdən 19 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət 24 saatdan çox olduğuna görə 2 (iki) gün müddət, 01 (bir) günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə 102.12 (yüz iki manat on iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert rəyindən sonra təmiz çəkisi 2,270 qram olan narkotik vasitə - tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar