Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-102/2023 17.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs- X2, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1976-cı il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, evli, Kəlbəcər rayonu, Zəylik kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, Şəmkir rayonu, Günəşli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 19 iyul 2022-ci il tarixdə, saat 11 radələrində Şəmkir rayonu, Günəşli kəndinin ərazisində qardaşı İbrahim Dünyamalıyevin istifadəsində olan 0,80 ha biçənək torpaq sahəsindən digər qardaşı oğlu Asəf Dünyamalıyev tərəfindən icazəsiz istifadə edildiyinə görə aralarında yaranmış şəxsi münasibətlər zəminində qarşılıqlı dava-dalaş zamanı sonuncunun onu vurması səbəbindən ondan qisas almaq niyyəti ilə əl zərbələri ilə qəsdən vurub X4 burun nahiyəsinin qançırları kimi sağlamlığa zərər vurmayan və sol gözaltı nahiyənin hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 19 iyul 2022-ci il tarixdə Şəmkir rayonu, Günəşli kəndində xəstə qardaşı İbrahimə məxsus biçənək sahəsində digər qardaşının oğlu Asəfi görmüşdür. Həmin vaxt Asəfə “bu yerdən mən istifadə edirəm, bəs sən burada nə edirsən?”-demiş, Asəf isə cavabında ona “sən kimsən?”-demişdir. Bundan sonra Asəf həmin yerdən gedərək bir qədər sonra atası Eldar ilə birlikdə onun yanına gəlmişdir. Bu zaman onlar arasında mübahisə yaranmış və əsəbiləşərək qardaşı oğlu Asəfi vuraraq xəsarət yetirmişdir. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışaraq razılıq əldə etmişdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisidir, aralarında normal münasibətləri olmuşdur. 19 iyul 2022-ci il tarixdə yaşadıqları Günəşli kəndinin bələdiyyəsi tərəfindən onlara verilmiş biçənəyə getmişdir. Həmin yerə getdikdən biraz sonra əmisi Səməndər də oraya gəlmiş və ona “bu yer mənimdir, sən burada nə edirsən?”-deyərək onu işləməyə qoymamış və təhqir etmişdir. Bu zaman əmisi ilə aralarında mübahisə yaranmış və əmisi Səməndər onun üz nahiyəsinə yumuruq ilə vurmuş və o, xəsarət alaraq yerə yıxılmışdır. Bundan sonra əmisi Səməndər oradan uzaqlaşmışdır. O isə hadisə baş verən yerdən evlərinə tərəf gedərkən atası Eldar ilə rastlaşmış, baş verənləri ona danışmış, daha sonra Şəmkir Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Sonradan isə atası ilə birlikdə polis şöbəsinə gələrək baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. Bununla belə hadisədən sonra dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 19 iyul 2022-ci il tarixdə saat 11 radələrində oğlu Asəf kənd bələdiyyəsinin onlara vermiş olduğu biçənək sahəsindəki otu biçmək üçün Günəşli kəndindəki biçənəyə getmiş, bir müddət sonra Asəf onun mobil telefonuna zəng vuraraq əmisi Təqsirləndirilən şəxs onu döyməsini və yanına getməyini demişdir. Bundan sonra oğlu Asəfin yanına getmiş, biçənək sahəsinin yaxınlığında Asəf ilə rastlaşmışdır. Həmin vaxt oğlu Asəfin üzü qanlı olmuş, bu səbəbdən dərhal onu Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. O, hadisə yerində olmamış, lakin Asəf əmisi Səməndər tərəfindən döyülməsini ona demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, 19 iyul 2022-ci il tarixdə oğlu Asəf istifadələrində olan Şəmkir rayonu, Günəşli bələdiyyəsi tərəfindən verilmiş biçənək sahəsində işləmək üçün həmin yerə getmiş, bundan təxminən 3-4 saat sonra əri Eldara zəng edərək əmisi Təqsirləndirilən şəxs tərəfindən döyülməsini demişdir. Bundan sonra əri Eldar oğlunun yanına getmiş, həmin vaxt Asəfin üst-başının çirkli vəziyyətdə olmasını görmüşdür. Sonradan əri ilə oğlu evə gəlmiş, həmin vaxt oğlu Asəfin üzündə qan ləkələrinin olmasını görmüşdür. Bundan sonra əri Eldar Asəfi tibbi yardım almaq üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, kiçik ailə dolanışıqları üçün mal-qara təsərrüfatları var və onunla dolanırlar. Şahid1 onun qaynı, Asəf Dünyamalıyev isə onun oğludur, onlarla aralarında normal müasibətləri yoxdur. 19 iyul 2022-ci il tarixdə Şəmkir rayonu, Günəşli kəndində bələdiyyə tərəfindən onlara biçənək sahəsi verildiyindən, həmin sahədə əri Səməndər işləmək üçün getmişdir. Bu zaman digər xəstə qaynına məxsus olan, onların istifadələrində olan sahəyə qaynı oğlu Asəf gələrək ot biçmək istəmiş, o isə öz sahələrindən xeyli aralıda ot yığmışdır. Bir müddətdən sonra uzaqdan diqqət yetirəndə ərinin mübahisə etdiyini görmüşdür. Həmin yerə gələndə Səməndərin üz nahiyəsində xəsarətlərin olmasını görmüş, Səməndər həmin xəsarətlərin qardaşı oğlu Asəf tərəfindən yetirilməsini bildirmişdir. Həmçinin, onların mübahisə etməklərinə səbəb Asəfin onların istifadələrində olan ot sahəsini biçməyə çalışması olmuşdur. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Günəşli kənd bələdiyyəsində çalışır. Təqsirləndirilən şəxs tanıyır, onunla normal münasibətləri olmuşdur. Eldarın oğlu Asəf də kənd sakinidir, bundan başqa Eldar və Səməndərin özlərindən başqa İsa və İbrahim adlı qardaşları da var. İbrahim ruhi xəstədir və o, qardaşı Təqsirləndirilən şəxs himayəsində yaşayır. Günəşli kəndində bələdiyyənin mülkiyyətində olan torpaqlardan təxminən 0.80 ha ərazi, digər Kəlbəcər rayonundan olan məcburi köçkünlərə verildiyi kimi, İbrahimə də istifadəyə verilmişdir. İbrahim də Səməndərin himayəsində olduğundan ona verilən torpağı Səməndər istifadə etmişdir. O, kənd ərazisində olan zaman 21 iyul 2022-ci il tarixdə söz-söhbətdən eşitmişdir ki, Səməndər və onun qardaşının oğlu Asəf birbirilə mübahisə etmiş və mübahisə nəticəsində Asəf xəsarət almışdır. Lakin aralarındakı mübahisənin nə səbəbə baş verməsi barədə dəqiq məlumatı olmamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Şəmkir rayonu, Günəşli kəndidir. Həmin kənddə X2 döyüldüyü yerə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 20 iyul 2022-ci il tarixli, 836 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərburun nahiyəsinin qançırları və sol gözaltı nahiyənin hematoması küt əşyaların təsirindən törənmişlər, törəmə müddətləri 19 iyul 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol gözaltı nahiyənin hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, burun nahiyəsinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Həmçinin, tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nin Yeni-Göyçə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Ona görə də, onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdəislah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb ona vurduğu zərəri aradan qaldırsa da, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamə ilə müəyyən edilir ki, əvvəllər Şəmkir RPŞ-nin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Belə olan halda Təqsirləndirilən şəxs əvvəllər qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən bir dəfə azad edildiyi üçün, hazırki cinayət işi üzrə onun cinayət məsuliyyətindən azad edilməsi halı istisna edilir və məhkəmə, ona təqsirli bildindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-102/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-102/2023
17.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver