Məhkəmə qərarları › İş №1(076)-102/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-102/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-102/2024 21.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Tovuz rayonu Əyyublu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olmaqla yaşayan, tərəfimdən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Belə ki, o, 31 may 2023-ci il tarixdə saat 14 radələrində Şəmkir rayonu Bayramlı kəndi ərazisində yerləşən Şahid2 icarə əsasında işlətdiyi çayxanada şəxsi münasibətlərin pozulması zəminində yəni, həmin kənd sakinləri Zərərçəkmiş şəxs və qardaşı Şahid1 ilə aralarında 30 may 2023-cü il tarixdə baş vermiş mübahisə zamanı onu qəsdən döyərək sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirmələri və mobil telefon danışığı zamanı ünvanına nalayiq söyüşlər söyərək onu təhqir etmələri səbəbindən yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla iki dəfə vuraraq ona üst dodağın dəri hissəsinin sol yarısının əzilmiş-çapılmış yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, həmçinin alt çənə sümüyünün sol tərəf mental, sağ tərəf çənə bucağı nahiyyəsinin yerini dəyişmiş sınıqları ilə müşaiyət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən sağlamlığa az-ağır zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə baxışı iclasında ifadəsində göstərdi ki, 30 may 2023-cü il tarixdə saat təxminən 18 radələrində Samir ona zəng edib, onunla görüşmək istədiyini bildirdiyi üçün Samirlə Şəmkir rayonu Zəyəm qəsəbəsində görüşmüş və kafelərin birində oturaraq yemək yeyib, həmdə söhbət etmişdir. Həmin vaxtı Samirin yanında onun tanımadığı bir nəfər yaşlı adam olmuş, həmin vaxtı Samirlə yaşlı adam spirtli içki qəbul etmişlər, o, isə spirtli içki qəbul etmədiyindən yalnız yemək yemişdir. Təxminən bir saat oturduqdan sonra işi olduğu üçün oradan çıxıb yaşadığı kəndə getmiş, Samirgil isə kafedə qalmışlar. Həmin günü saat təxminən 24 radələrində Samirin qardaşı Eynur ona zəng edərək onunla işi olduğunu, açıq kafe olarsa oturub söhbət etməyi təklif etmişdir. O da özünə məxsus “Mersedes” markalı 20CO567 dövlət qeydiyyat nişanlı avtomobili ilə kəndin ərazisində baxdıqda kənddə yerləşən “İstanbul” kafenin açıq olmasını görmüş, bu barədə Samir və Eynura məlumat verərək özü isə otaqların birində oturub Samiri və qardaşını gözləmişdir. Bir qədər sonra Eynur gələrək otaqda oturmuş, bir neçə dəqiqə sonra isə Samir gəlib otağa daxil olmuş, orada Eynur onun dostu olan Əfqanla təxminən 15 gün əvvəl aralarında narazılıq baş verməsi, Əfqanın onlardan Tovuz rayonu Qovlar polis şöbəsinə şikayət etməsini deyərək Əfqanın arxasınca əxlaqsız küçə söyüşləri söyməyə başlamış, Eynura Əfqanla yaxın münasibətləri olduğunu, kimsənin arxasınca söyüş söyməməsini bildirmişdir. Lakin onun bu sözü Samirə xoş gəlməmiş, onunla mübahisə etməyə başlamış, mübahisə zamanı Samir sərxoş olduğundan onu başa düşməmişdir. Hətda mübahisə davam edərkən Samir ona söyüş söymüş, həmin vaxtı Samir yumruqla sol gözünə vurmuş, Eynur isə qardaşını müdafiə edərək yumruqla sifətinə zərbələr vurmuşdur. Həmin vaxtı onların yanında heçkim olmamış, Samirə və qardaşına gücünün çatmayacağını başa düşüb masanın üzərində olan araq şüşəsini götürüb yaxın gələcəkləri halda onları vuracağını bildirmiş, bundan sonra qorxub geri çəkilərək avtomobilə əyləşib oradan getmişlər. Bundan sonra öz avtomobilinə əyləşərək yaşadığı evə getmiş, evə getdikdən sonra Samirlə Eynur ona zəng edərək təhqir etməyə başlamışlar. O, Samirə və Eynura fikir vermədən telefonunu söndürüb yatmışdır. Ertəsi günü yəni 31 may 2023-cü il tarixdə səhər saat 11 radələrindən Eynur və Samir hərəsi öz mobil telefonlarından ona zəg edərək təhqir edərək qorxaq olduğunu, kişi olmadığını bildirərək onunla təkbətək görüşüb söhbət etməyi təklif etmişlər. O, Samir və qardaşından uzaq durmağa çalışmışdır. Lakin Samir və qardaşı sakitləşməyərək dayanmadan ona zəng edərək onu Bayramlı kəndinə görüşə çağırmışlar. Sonda təhqiredici sözlərə dözə bilməyib, avtomobilinə əyləşərək Şəmkir rayonu Bayramlı kəndinə Eynurun dediyi çay evinə getmişdir. Həmin gün saat 14 radələrində oraya çatıb, Eynurun olduğu otağa girmiş, Eynur ayaq üstə dayanmış, Eynura onun ünvanına söyüş söyməsinə və günahı olmadığı halda onu vurmasına görə irad bildirmişdir. Eynur isə “layiqindi söyürdük” demişdir. Bundan sonra Eynur ona nəyə görə problemi olduğu dostu Əfqan adlı şəxsi müdafiə etməsini soruşmuş, o, isə Əfqanın işinə qarışmadığını söyləmişdir. Həmin vaxtı Samirdə içəri daxil olmuş, Samirin yanında kimsə olmamış, Samir gələn kimi əvvəllər 100 manat borclu olduğunu nəyə görə həmin pulu vermədiyini deyərək ünvanına söyüş söymüş, bu səbəbdən aralarında mübahisə yaranmış və ona söydüyü üçün yumruqla Samirin sifətindən bir dəfə vurmuşdur. Samiri vurduğu üçün Eynur da ünvanına nalayiq söyüşlər söyərək üstünə getmiş, o, isə özünü qorumaq üçün Eynurdan cəld tərpənərək ayağa qalxıb, yumruqla Eynurun sifətindən yəni ağız nahiyyəsindən bir dəfə vurmuş, lakin Eynurun yenidən üzərinə yeridiyini görüb, yenidən yumruqla çənə nahiyyəsindən vurmuş və Eynur zərbənin təsirindən yerə yıxılmışdır. Lakin o, Eynur və Samirin ayağa qalxıb üzərinə gəldiklərini gördükdə, oradan çıxıb avtomobilinə əyləşmiş və qaçaraq oradan uzaqlaşmışdır. 30 may 2023-cü il tarixdə Samir və Eynurla aralarında yaranan mübahisə zamanı hər ikisi onu yumruqla sifətindən vurmuş, 31 may 2023-cü il tarixdə isə onu heçkim vurmamış, əslində isə Samirlə Eynur onu vurmaq istədikdə hər ikisini vurub qaçmışdır. 30 may 2023-cü il tarixdə İstanbul kafesində aralarında dava olduğu zaman kafedə heç kim olmamış, mübahisə isə otaqda baş vermiş, onların səsini eşidib köməyə gələn də olmamışdır. Bu səbəbdən araq şüşəsini götürüb, onu təkrar vuracaqları halda araq şüşəsi ilə vuracağını bildirmişdir. 31 may 2023-cü il tarixdə Şəmkir rayonu Bayramlı kəndində aralarında dava baş verdiyində isə çayxanada kənar şəxslər, yəni çayxananı işlədən şəxslər olsa da həmin şəxslər müdaxilə etməmişlər. Hadisə təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. O, Samir və Eynurun yanına tək getdiyini, hər iki hadisədə tək olduğunu, İstanbul kafesində də tək olduğu üçün onu Samir və qardaşı Eynur onu döymüşlər. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışaraq razılıq əldə etmişdir. Himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı var və ailənin yeganə qazanc gətirən şəxisidir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, 30 may 2023-cü il tarixdə axşam saatlarında böyük qardaşı Samir Tovuz rayonuna getmək istədiyini, Tovuz rayonu Əyyublu kəndindən olan Mais adlı şəxsin ona pul borclu olduğunu, borcu götürmək üçün getmək istədiyini bildirmiş, Samirin içkili olduğunu, gedib orada dava salacağını düşündüyündən özündə oraya gedəcəyini bildirmiş, Samirdən idarə etdiyi avtomobilin açarlarını götürüb avtomobili özü idarə etmiş, Maisin olduğu Tovuz rayonu Əyyublu kəndində yerləşən kafeyə getmiş, kafeyə çatanda Mais otaqların birində tək oturmuş və Maislə görüşmüşlər. O, Maisin Samirdən at aldığını, həmin ata görə Maisin Samirə 100 manat borcu qaldığını və həmin pulu vermədiyini müəyyən etmişdir. Onlar Maislə söhbət edərkən Samirlə Maisin arasında mübahisə başlamış, mübahisə zamanı Mais ayağa qalxıb onları vurmaq istədikdə, Samirlə Maisi vurmuşlar. Bundan sonra Mais oradan boş araq şüşəsi götürərək yenidən üzərlərinə gəlmiş, lakin Maislə söhbət edərək sakitləşdirmiş, baş vermiş anlaşılmazlığa görə Maisdən üzr istəmiş və bundan sonra oradan çıxıb evə getmişlər. 31 may 2023-cü il tarixdə günorta saatlarında Mais onun mobil telefonuna zəng edərək qardaşı Samirin ailəsinin ünvanına söyüş söydüyünü bildirmiş, telefon danışığı zamanı Maisə aralarında mübahisə yaranmış, daha sonra söhbəti aydınlaşdırmaq üçün Maisi kəndə çağırmış, bir qədər sonra Mais zəng edərək kəndin mərkəzində olduğunu, çayxanada oturduğunu, oraya gəlmələrini söyləmişdir. O, evdən çıxaraq həmin çayxanaya getmiş, Maislə görüşmüş, sonra Maisə çayxanada otaqların birində əyləşməyi təklif etmiş, birlikdə otağa daxil olmuşlar. O, çay sifariş vermiş, masanın baş ucunda əyləşmiş, Mais də masanın digər tərəfindən əyləşmişdir. Bir qədər sonra Samirdə gəlib Maisin sol tərəfində oturmuşdur. Mais söhbətə başlamış, lakin Maislə Samirin arasında yenidən mübahisə yaranmış, bir birilərinə söymüşlər. Həmin anda Mais qəfildən Samirin sifətindən yumruqla vurmuş, Samir zərbədən yerə yıxılmış, o, stoldan qalxaraq “ay Mais nə edirsən” deyərək Maisə tərəf getmiş, Maisə isə onun sifət nahiyyəsindən zərbə ilə vurmuşdur. Zərbə anında çənəsinin qırıldığını bilmiş, onu kim vurduğuna çevrilib baxmaq istədikdə ikinci zərbə ağzından dəymiş, bundan sonra heç nə xatırlamamışdır. O, özünə gəldikdə isə yaşadığı evdə olduğunu, çənəsinin qırıldığını görmüşdür. Bundan sonra birinci Şəmkir şəhərində yerləşən hərbi hospitala getmiş, sonra Şəmkir rayon mərkəzi xəstəxanasına, daha sonra isə Gəncə şəhərinə xəstəxanalarına getmişdir. Bundan sonra Bakı şəhərində Respublika Klinik xəstəxanasına gedərək orada əməliyyat olunmuşdur. O, Maisi qardaşından aralamaq üçün üzərinə gedərkən vuracağını düşünüb Mais onu vurmuşdur. Aralarında olan narazılıqlara görə Mais qardaşı Samiri vurmuş, üzərinə gedib Maisi vurmaq istədikdə Mais də onu vurub qaçmışdır. Maislə aralarında olan mübahisə zəminində bir birilərinin ünvanına nalayiq söyüşlər söymüşlər. Hadisədən sonra Maisin dostları arxasınca gəlmiş, həmin şəxslərlə aralarında sözlü mübahisə baş vermiş, əsəbi olduğu üçün həmin vaxtı ərizəsində Mais və yanındakı şəxslərin onu və qardaşı Samiri döydüklərini göstərmiş, əslində isə həmin şəxslər onu və qardaşı Samiri döyməmişlər. Onlar arasında baş vermiş mübahisə çay evindəki ayrıca otaqda baş vermiş, Mais qaçıb gedəndən sonra çay evini işlədən Sakit gəlib onu ayağa qaldırmışdır. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Maisi təxminən bir-iki il olar tanıyır. Maislə daha çox qardaşı Eynurun yaxın münasibətləri olmuşdur. Təxminən 10 ildir Eynurla Mais bir birini tanıyırlar. Bu müddətdə də onların arasında heç bir ədavət və ya düşmənçiliyik olmamışdır. Təxminən iki il əvvəl Mais ona çoban iti hədiyyə etmiş, lakin 15 gün sonra gələrək iti 200 manata istədiklərini bildirmiş, o, isə Maisə bir quzu verə biləcəyini demiş, Mais də onunla razılaşmışdır. Təxminən iki üç ay sonra Mais oğlu ilə onun işlədiyi təsərrüfata gəlmiş, Mais ondan oğlu bəyəndiyi üçün at balasını, yəni dayçanı istəmişdir. O, dayçanı iki yüz manata sata biləcəyini söyləmiş, Mais də dayçaya 100 manat verəcəyini bildirmiş və hər ikisi razılaşmışlar. Lakin Mais üzərində pul olmadığını, pulu başqa vaxt verəcəyini demişdir. O, razılaşdığı üçün Mais də dayçanı götürüb getmişdir. Bir neçə dəfə Maisdən pul istəsə də Mais onun pulunu verməmişdir. Sonuncu dəfə isə bu ilin may ayının sonunda pulunu verəcəyini bildirmişdir. 30 may 2023-cü il tarixdə Şəmkir rayonu Düyərli kəndindən olan Nürəddin adlı şəxslə Şəmkir rayonu Zəyəm qəsəbəsində oturub yemək yedikləri zaman Maisə zəng edərək dəvət etmiş, bir qədər sonra, yəni təxminən saat 21 radələrində Mais onların yanına gəlmiş, Maisi çağırmaqda məqsədi həmdə ona olan borcunu istəmək olmuşdur. Mais gəlib onların yanında əyləşdikdən sonra yağış yağmağa başladığı üçün ailə üzvləri zəng edərək ot tayasının üstünün örtmək üçün Maisi çağırmışlar. Mais də masadan durub getmişdir. Onlar yemək yeyərək spirtli içki qəbul etmiş, bundan bir qədər sonra Nürəddinlə özü də kafedən çıxıb getmişlər. Saat təxminən 23 radələrində yaşadığı Bayramlı kəndində olduğu zaman qardaşı Eynuru görmüş, Eynur ondan Maisin borcunu verib-vermədiyini soruşmuş, o, Eynura Maisin borcunu vermədiyini bildirmiş, Eynur Maisə zəng edib, onun kasıb olduğunu, niyə borcunu vermədiyini soruşmuş, Maisdə “gələrsən söhbət edərik” dediyi üçün Eynura məxsus VAZ 2106 markalı avtomobillə Tovuz rayonu Əyyublu kəndinə Maislə görüşmək üçün getmişlər. Onlar Əyyublu kəndində “İstanbul” restoranında Maisla görüşmüş, orada söhbət etdikləri zaman sözləri çəp gəldiyi üçün aralarında dava baş vermiş, özü və qardaşı Eynur Maisi yumruqla vurmuşlar. Mais isə masanın üzərindən araq şüşəsi götürüb onları vurmaq istədikdə otaqdan çıxıb avtomobilə əyləşib kəndə getmişlər. Ertəsi günü Maisə zəng edərək yenidən borc barədə soruşduqda aralarında yenə də mübahisə yaranmış, bundan bir qədər sonra Eynur ona zəng edərək Maisin kəndə gələcəyini, özlərinin isə kənddə olan Sakitin işlətdiyi çay evində olacaqlarını bildirmişdir. Həmin gün saat təxminən 14 radələrində həmin çay evinə getmiş, çay evinə çatdıqda orada Mais və Eynurun kənarda masa arxasında əyləşdiyini görmüşdür. Həmin vaxtı Maislə Eynur mübahisə etdiyini də görmüşdür. Bu zaman Maisə irad bildirmiş, aralarında yenidən mübahisə başlamış, həmin anda da Mais onun sifət nahiyyəsindən bir dəfə yumruqla vurmuş, zərbə dəyən kimi yerə yıxılıb, özünü itirmiş, özünə gəlib ayağa qalxdıqda Eynurun da yerdə uzanıqlı vəziyyətdə olduğunu, ağzından qan gəldiyini görmüş, orada olan ofisiantın köməkliyi ilə Eynura su verib, üzünü yuyaraq yardım göstərmiş, Eynur özünə gəldikdən sonra Eynuru xəstəxanaya aparmışdır. 30 may 2023cü il tarixdə mübahisə yarandığı zaman Maisi yumruqla vurduğu üçün yenidən aralarında yaranmış mübahisə zamanı Mais onu vurub xəsarət yetirmişdir. Mübahisə zamanı Mais onu vurduğu üçün Eynur da Maisi vurmaq istəmiş, lakin Mais cəld tərpənərək Eynuru yumruqla çənəsindən vurub qaçmışdır. 31 may 2023-cü il tarixdə Şəmkir rayonu Bayramlı kəndində aralarında olan mübahisə zamanı Təqsirləndirilən şəxs tək gəlmiş, yanında heçkim olmamışdır. O, əsəbi olduğu üçün həmin vaxtı ərizəsində Mais və yanındakı şəxslərin onları döydüyünü göstərmiş, əslində isə hadisədən sonra Maisin dostları arxasınca gəlmiş, həmin şəxslərlə aralarında sözlü mübahisə baş vermiş, lakin həmin şəxslər onu və qardaşı Eynuru döyməmişlər. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid3 və Şahid2 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu Zəyəm Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkumluq həyatı yaşamamış, psixi xəstəliklər keçirməmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Tovuz rayonu Əyyublu kənd sakini Mayis Abbasovla yaxın dostluq münasibətlərində olmuş, mütəmadi olaraq görüşmüş və telefon əlaqəsi saxlamışdır. xx.xx.2023-cü il tarixdə Maislə əlaqə saxlamaq məqsədilə mobil nömrəsinə zəng vurmuş, Mais telefona cavab vermədiyinə görə oğlu İsaxın telefonuna zəng etmiş, İsax ona telefonda atasının evdə olmadığını, Şəmkir rayonu Bayramlı kəndindəki çayxanada dalaşdığını, telefonuna cavab vermədiyini, telefonun dalaşdığı yerdə qala biləcəyini güman etdiyini bildirmiş, o, Maisin arxasınca həmin ünvana getmək qərarına gəlmiş, Şəmkir rayonu Bayramlı kəndinə həmin çayxanaya çatmış, avtomobildən düşüb çayxananı işlədən adını bilmədiyi şəxsdən nə baş verdiyini xəbər almış, Maislə Samir və Eynur qardaşları arasında dava olduğunu məlum olmuşdur. O, Maisin telefonunun çayxanada qalıb-qalmamasını soruş, çayxanadan telefonu ona verməmişlər. Maisin isə Samiri və Eynuru vurub daha sonra qaçdığını bildirmişlər. Sonra isə Maisin çayxanada dalaşdığına görə izahatının alınması üçün Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə çağırıldığı barədə məlumat aldıqdan sonra Maisin arxasınca Zəyəm PB-nə getmiş və hadisə barədə izahat vermişdir. O, baş vermiş hadisənin şahidi olmamış, yalnız hadisədən sonra həmin yerə getmişdir. O, çayxanaya gedərkən orada hər hansı əşyanın dağıdılması və sındırılmasını görməmiş, çayxananın səliqəsi də pozulmamış, kənd sakinləri çayxanada əyləşib çay içərək söhbət etmişlər. O, yalnız çayxananı işlədən şəxsdən hadisə barədə soruşmuş, Maisin telefonunu axtarmış, sonra isə oradan çıxıb Maisin Zəyəm polis bölməsində olduğunu öyrənmiş və Maisin arxasınca polis bölməsinə getmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu Bayramlı kəndində ailə üzvləri ilə birgə yaşayır. Əvvəllər məhkumluq həyatı yaşamamış, psixi xəstəliklər keçirməmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Bayramlı kəndində yerləşən həmin kənd sakini Şükür Nadir oğluna məxsus çayxananı aralarında olan şifahi razılığa əsasən icarəyə işlədir, çayxanada mövsümlə əlaqədar pivə satılır. xx.xx.2023-cü il tarixdə çayxanada olduğu vaxt tanıdığı həmkəndlisi Zərərçəkmiş şəxs çayxanaya gəlib içəri daxil olmuş və çayxananın içərisində bağlı kabinetdə oturub çay sifariş vermişdir. O, Eynurun sifarişi ilə çay vermiş, bundan bir qədər sonra Eynurun qardaşı Samir də gəlmiş, çay dəmləmək üçün kürsunün arxasında oturduğu vaxt kabinetdə Elnurla və qardaşı Samirlə oturmuş bir nəfərin kabinetdən çıxıb qaçdığını və avtomobilə oturub uzaqlaşdığını görüb, Eynurun oturduğu kabinetə daxil olduqda Eynurun kabinetin içərisində yerdə halsız, huşsuz vəziyyətdə sifəti qanlı olduğunu görmüş, çayxanada başqa kabinetdə oturmuş həmkəndliləri Sərxan və Orxan qardaşlarını köməyə çağırmış, birlikdə Eynuru ayağa qaldırıb stulda oturdub üz-başını yuyaraq özünə gəlməsinə kömək etmiş, Eynur özünə gəldikdən sonra çənəsinin qırıldığını hiss etdiyini dilə gətirmiş və çayxananın tərk edib uzaqlaşmışdır. Daha sonra Tovuz rayon sakini Mais adlı şəxsin Samir və Eynuru döyərək çayxanadan qaçıb getdiyini öyrənmişdir. Mais gedəndən sonra adını bilmədiyi dostu Maisin mobil telefonunu axtarmaq üçün gəlmiş, lakin Maisin telefonu çayxanada qalmamışdır. O, çayxanada olduğu vaxt Eynur və digərlərinin oturub çay içdikləri kabinetdən hər hansı səs küy, dava-dalaş, qarışıqlıq səsləri eşitməmiş, həmin vaxt hava yağışlı olmuş, çayxanada başqa kabinetdə həmkəndliləri Sərxan Orxan qardaşları oturmuşmuş, həmin şəxslər də hər hansı səs eşitməmişlər. Eynura kömək etməsi üçün Sərxan və Orxanı da çağırmış, hadisə qısa müddətdə baş vermiş, belə ki, Samir çayxanaya daxil olandan təxminən 3 dəqiqə sonra adını sonradan bildiyi Mais adlı şəxsin qaçaraq getməsi onda şübhə yaratdığı üçün əyləşdikləri kabinetə getmiş və hadisəni görmüşdür. Hadisə onun və digər şəxslərin narahatçılığına səbəb olmamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mübahisə edərək dalaşdıqları, Şəmkir rayonu Bayramlı kəndində yerləşən çayxanaya baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 05 iyul 2023-cü il tarixli 761 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər – üst dodağın dəri hissəsinin sol yarsının əzilmiş-çapılmış yarası, alt çənə sümüyünün sol tərəf mental, sağ tərəf çənə bucağı nahiyyəsinin yerini dəyişmiş sınıqları küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 31 may 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə üst dodağın dəri hissəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, alt çənə sümüyünün sol tərəf mental, sağ tərəf çənə bucağı nahiyyəsinin yerini dəyişmiş sınıqlar isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Tovuz Rayon Polis Şöbəsinin xx.xx.2022–ci il tarixli qərarı ilə zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı ödədiyi üçün cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin materiallarında olan Tovuz RİHB–nin Əyyublu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Tovuz RİHB–nin Əyyublu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2008-ci il təvəllüdlü X3 adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa az ağır zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1– ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN– :**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar