Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-103/2025 14.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2,, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştiraklrı ilə, xx.xx.1961–ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Şəmkir rayonu, A.Seyfəli kəndində kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 16 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Şəmkir rayonu Seyfəli kəndinin mərkəzində ət satışı ilə məşğul olan Zərərçəkmiş şəxs ona pivə almasını tələb etdikdən sonra sonuncunun onun tələbini yerinə yetirməkdən imtina etməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, küçədə olan çoxsaylı şəxslərin 10- 15 dəqiqə ərzində narahatçılıqlarına, ətrafa toplaşmasına səbəb və şərait yaradaraq qəsdən qərəzli xuliqanlıq hərəkətləri etməklə istintaqla əldə edilməsi mümkün olmayan dəmir parçasını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ət mağazasının giriş qapısında və pəncərəsində olan şüşələri sındırmaqla özgənin əmlakını qəsdən zədələyib ona 75 (yetmiş beş) manat məbləğində maddi ziyan vurmuş, sonra öz qanunsuz hərəkətlərini davam etdirərək həmin dəmir parçası ilə onu sakitləşdirmək üçün ət mağazasından küçəyə çıxmış Zərərçəkmiş şəxs sol əlinə qəsdən zərbə ilə vuraraq sonuncuya sol əlin ovuz səthinin əzilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirməklə silah qismində istifadə edilən əşyanı tətbiq etməklə qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib əməlindən peşman olduğunu bildirib məhkəmə baxışı iclasında ifadəsində göstərdi ki, Şəmkir rayonu, Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, özünə məxsus həyətyanı sahəsində təsərrüfatla məşğul olur. Zərərçəkmiş şəxs təxminən iki ildir ki, tanıyır. Ramiz kəndin mərkəzində qəssəbxana işlədir və Ramizlə münasibəti yaxşı olmuşdur, heç bir düşmənçilik və ədavəti olmamışdır. Spirtli içkilərdən istifadə edəndir. Hadisə günü içkili olmuşdur, qəssabxanaya yaxın kafedə 2 şüşə pivə içmişdir. Pivə içmək ona pis təsir etmiş və ani anda ayılmışdır ki, Ramizlə mübahisə edir. Lakin həmin vaxt mübahisənin necə yaranmasını xatırlamır. Kafenin yanına keçmiş və yerdən dəmir parçası götürmüşdür. Qəssəbxananın qarşısına getmiş və əlində olan dəmir parçası ilə qəssəbxananın şüşələrini sındırmışdır. Lakin Ramiz qəssəbxanadan çölə çıxmamış, həmin anda orada Şəmkir RPŞ-nin PPX-nin avtomobili gəlmiş və avtomobildən düşən polis əməkdaşları onu avtomobilə qoyaraq Şəmkir RPŞ-yə gətirmişlər. Hadisə vaxtı sərxoş olmuşdur və aralarındakı mübahisənin necə yaranmasını xatırlamır. Dəmir parçasının hadisə yerində kafenin yanında yerdən götürmüşdür. Həmin dəmiri hara atdığımı xatırlmır və təqdim edə bilmir. Ət dükanının qapısında və yanında olan pəncərədə olan şüşələri sındırmışdır. Hadisə təxminən 2-3 dəqiqə olmuş və həmin vaxt orada Ramiz və ondan başqa təxminən 10-15 nəfər olmuşdur. Lakin həmin şəxslərin kim olmasını xatırlamır. Bundan başqa ora polis əməkdaşları da gəlmiş və onu Şəmkir RPŞ-yə gətirmişlər. O, əlində olan dəmir parçası ilə zərərçəkmişi vurmamışdır, sadəcə qəssabxananın şüşələrini qırmışdıər. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxslə barışıq əldə edərək ona dəymiş ziyanı tamamilə ödəmiş, onun heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Abbaslı kəndində ailə üzviləri ilə birlikdə yaşayır, evlidir, üç övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi sahibkarlıqla məşğul olur, fiziki şəxs kimi vergi ödəyicisidir, belə ki, qəssabdır, Şəmkir rayonu Seyfəli-Çinarlı yolunun kənarında, Seyfəli kəndi ərazisində, kəndin mərkəzində X1 məxsus ət dükanını icarə əsasında işlədir. Ət dükanını səhər 06:30 radələrində açır, saat 19 radələrində isə bağlayır. İşçi yoxdur, tək işləyir. Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır, belə ki, o, Seyfəli kəndində yaşayır, o, də həmin kənddə 20 ildən çoxdur ki, ət dükanı işlədir. Münasibəti yaxşı olmuşdur, heç bir ədavət, düşmənçiliyi və aralarında narazıçılığı olmamışdır. Hüseyn heç bir yerdə işləmir, spirtli içkilərə meyillidir. Çox vaxt sərxoş olur, hətta bəzən ərkyana ona pivə almağını xahiş edir, o, da onun istəyini həyata keçirir. 16 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində ət dükanında olmuş, dükanın qarşısında olan tut ağacının altında əyləşmişdir. Həmin vaxt Hüseyn ora gəlmiş və ona baxan zaman sərxoş olduğu açıq-aşkar hiss edilmişdir. Hüseyn ondan ona pivə almağını istəmiş, o, isə “almıram” demişdir. Lakin Hüseyn ondan əl çəkməyərək ona pul verməyini, Rusiyada omnun kimi çoxunun başına torba keçirdiyini deyib bu formada söhbətlər edərək onu hədələmiş, o, da ona Seyfəli kəndində artıq yaşadığını, Rusiyada da öz həmkəndlilərinin başına oyun açdığını demiş, bu səbəbdən aralarında sözlü mübahisə yaranmış, lakin orada olan şəxslər ona Hüseynin sərxoş olduğunu, ona baş qoşmamağını deyib onu sakitləşdirmişlər və o, dükana getmişdir. Təxminən yarım saat müddət keçmiş, yanına heyvanını aldığı Seyfəli kənd sakini Razim gəlmiş, ondan 6 baş iribuynuzlu heyvan almışdır və Razimlə hesabat apararaq onun pulunu vermiş, dükanın qapısı isə örtülü olmuş, dükanda ikisindən başqa heç kim olmamışdır. Həmin anda dükanın önündə olan şüşələr sınmış və baxdıqda Hüseynin əlində olan profil deyilən dəmir parçası ilə dükanın mağazasının şüşələrini sındırmasını görmüşdür. Eyni zamanda Hüseyn səs-küy salaraq onun əleyhinə söylənir, lakin nə deməsini başa düşmürmüş. Hüseyn dükanın qapısında olan şüşəni, eyni zamanda ön tərəf pəncərəsində olan şüşələri sındırmış, o, fürsət tapıb çölə çıxan zaman Hüseyn əlində olan dəmir parçası ilə onun başına vurmaq istəmiş, o, sol əlini yuxarı qaldıraraq zərbənin qarşısını almaq istədikdə dəmir əlimi kəsmişdir. Daha sonra isə yerdə olan dəmir vedrəni də götürüb ona tərəf atmış və o, əli ilə dəmir vedrənin də qarşısını almışdır. Hüseyn dayanmadan onun üzərinə gəlir, o, da onun qabağından qaçırmış. Həmin vaxt Hüseynin yaratdığı dava-dalaşa təxminən 10-15 nəfər şəxs tamaşaya yığılmış, yoldan avtomobil ilə keçən şəxslər də dayanıb bu hadisəyə tamaşa etmişdir. Hüseyn daha sonra qaçaraq öz məhləsinə getmiş, yenidən onun üstünə gələrək onu öldürəcəyini demiş, həmin vaxt orada dava-dalaşı görən Şəmkir RPŞ-nin ərazidə xidmət aparan PPX-nin polis əməkdaşları yaxınlaşmış və Hüseyni nizam intizama dəvət etmişlər, lakin Hüseyn polis əməkdaşlarına da tabe olmayaraq sakitləşməmiş, buna görə də polis əməkdaşları onu tutub aparmışlar. Bundan sonra yaralanmış əlinə tibbi yardım göstərilməsi üçün Şəmkir rayon mərkəzi xəstəxanasına getmiş, eyni zamanda hadisə barədə Şəmkir RPŞ-yə ərizə ilə müraciət etmişdir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, 20 ildən çoxdur ki, Şəmkir rayonu Seyfəli kəndi ərazisində ət dükanı işlədir və Hüseyn də həmin kənd sakinidir. Lakin Hüseynin daimi iş yeri yoxdur, mütəmadi olaraq kənd mərkəzinə çıxır və kənd camaatı kimi onunla da normal münasibəti yaranmışdır, heç bir narazılığı olmamışdır. 16 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində Hüseyn sərxoş vəziyyətdə ona pivə almağını, daha sonra isə pivə almaq üçün ona pul verməyini istəmiş, onun istəyini yerinə yetirmədiyi üçün onunla mübahisə yaratmış, guya Rusiyada onun kimi çoxunun başına oyun açdığını deyib sərxoş olduğundan lazımsız sözlər danışmış, o, da ona cavab verərək Rusiyada elə öz kəndlilərinin başına oyun açdığını demişdir. Lakin onun bu sözündən kinlənmiş, lakin o, mübahisəni yarımçıq qoyub dükana keçmişdir. Bu səbəbdən Hüseyn mağazanın şüşələrini sındırmış və onun əlini yaralamışdır. Hüseynin ət dükanının şüşələrini sındırması, onu öldürməklə hədələməsi, ona xəsarət yetirməsi təxminən 15 dəqiqə müddətdə davam etmişdir. Həmin vaxt xeyli adam ora toplaşaraq Hüseynin hərəkətlərini müşahidə etmiş, hətta Hüseyn o qədər səs-küy salmışdır ki, yoldan keçən avtomobillər də dayanıb hadisəyə tamaşa etmişlər. Bu hadisəni həmin vaxt aldığı heyvanların hesabatını onunla ət dükanında aparan səhv etmirsə əsl adı İsmayıl olan Razim görmüşdür. Oğlu Elnur isə bir neçə dəqiqə sonra ora gəlmişdir. Ora çox adam toplaşmış, lakin kim olduqlarını bilməmişdir. Onların hamısı yoldan keçən şəxslər olmuşdur. Hüseynin hərəkətlərini həmin vaxt orada xidmət aparan iki nəfər polis əməkdaşları da görmüşdür. İşlətdiyi ət dükanı X1 məxsusdur, onunla arasında icarə müqaviləsi var, şüşələrin sındırılması ilə ziyan ona dəymişdir. Hüseyn ət dükanın qapısında olan 70 x 110 sm, 70 x 15 sm, pəncərədə olan 70 x 25 sm, 20 x 25 şüşələrini sındırmışdır. Şüşələr tək qat şəffaf adi materiallı şüşə olmuşdur. Şüşələrin sındırılması ilə ona 75 manat ziyan dəymişdir. Hüseyn ona xəsarət yetirdiyi dəmir parçası təxminən 1 metr uzunluğunda kvadrat formalı, içi boş profil deyilən dəmir olmuşdur. Lakin hadisə vaxtı həmin dəmirin necə olmasını bilməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayə və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, rəsmi iş yeri yoxdur, fərdi olaraq maldarlıqla məşğuldur. Mahiyyət üzrə bildirmişdir ki, əvvəlki adı Razim olmuşdur, lakin sonradan məhkəmə qərarı ilə adını dəyişərək İsmayıl etmişdir, lakin yenə də kənd camaatı onu Razim olaraq tanıyır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır, onlar hər ikisi ilə münasibəti yaxşı olmuşdur, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Hüseyn onun həmkəndlisidir, Ramiz isə uzun illərdir ki, kənddə ət mağazası işlədir. Hüseyn mütəmadi olaraq spirtli içki qəbul edir, bunu hamı bilir. 16 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində kəndin mərkəzində, Ramizin işlətdiyi ət mağazasında olmuş, səbəb isə Ramizə satdığı heyvanların pulunu almaq olmuşdur. Mağazada Ramizlə pul sayan vaxt anidən olaraq Hüseyn əlində olan dəmir parçası ilə çöldə dayanıb qəssəbxananın şüşələrini sındırmış və qışqıraraq Ramizi çölə çağırmışdır. Hüseyn pəncərənin bütün şüşələrini sındırmış və o, Ramizlə çölə çıxmış, Ramiz Hüseynin əlində olan dəmir parçasını onun əlindən almaq istədikdə Hüseyn onun sol əlinə vuraraq xəsarət yetirmişdir. Hüseyn bir neçə dəqiqə də səs-küy saldıqdan sonra həmin yerdə avtomobil təmir sexi işlədən Elşən Hüseyni tutub sakitləşdirməyə çalışmış, o, oradan çıxıb getmişdir. Sonradan isə eşitmişdir ki, onu polis əməkdaşları aparmışdır. Hadisə vaxt Hüseyn ayaq üstə dura bilməmiş və onun sərxoş olması açıq-aşkar hiss olunmuşdur. Lakin onun Ramizlə arasında nə problemi olmasını bilməmişdir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Hüseyn əlində olan dəmir parçası ilə ət mağazasının şüşələrini sındırmış, onlar mağazadan çölə çıxdıqda isə həmin dəmirlə Hüseynin sol əlinə xəsarət yetirmişir. Hadisə onun gözləri önündə baş vermişdir. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş və Hüseynin şüşələri sındırmasına və səs-küy salmasına görə ətrafa xeyli sayda adam toplaşmışdır. Hətta yoldan keçən avtomobillər də dayanıb hadisəyə baxmışlar. Hadisə vaxtı Elşən adlı həmkəndlisi Hüseyni sakitləşdirməyə çalışmışdır. Hüseynin əlində olan dəmir parçası təxminən 1 metr uzunluğunda dəmir olmuşdur. Lakin hadisə vaxtı həmin dəmirin necə olmasını bilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki övladı var, rəsmi iş yeri yoxdur, fərdi olaraq Şəmkir rayonu Aşağı Seyfəli kəndinin mərkəzində icarə əsasında sex götürüb orada avtomobil təmiri ilə məşğul olaraq dolanır. Mahiyyət üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onlarla münasibəti yaxşı olmuşdur. Hüseyn onun həmkəndlisidir, Ramiz də uzun illərdir ki, kənddə ət satışı ilə məşğul olur. 16 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində kəndin mərkəzində olan çayxanada olan zaman Ramizin obyektinin qarşısından səs-küy eşidib çölə çıxmış, həmin vaxt Hüseynin sərxoş vəziyyətdə Ramizin işlətdiyi ət mağazasının şüşələrini sındırmasını və Ramizə də xəsarət yetirməsini görmüşdür. O, ora gec gəlmiş, gəldikdə Hüseynin polis əməkdaşları tərəfindən avtomobilə mindirilərək aparılmasını görmüşdür. Daha sonra isə dava-dalaşa yığışmış camaat oradann dağılış, o, da çayxanaya getmişdir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, hadisənin baş verdiyi anda orada olmadığından hadisənin səbəbi barədə bir söz deyə bilməz, lakin sonradan öyrənmişdir ki, Hüseyn sərxoş vəziyyətdə atasından ona pivə almasını istəmiş, atası almadıqda isə onunla sözlü mübahisə etmiş, sonradan isə dəmir götürüb gələrək mağazanın şüşələrini sındırmış və Ramizə xəsarət yetirmişdir. Ümumiyyətlə isə Hüseyn spirtli içkilərə meyilli biridir. Hadisə vaxtı çayxanadan səs-küy eşidib demək olar ki, hadisənin sonuna çatmışdır. Lakin sonradan öyrəndiyinə görə təxminən 10-15 dəqiqə davam etmişdir. Həmin vaxt ətrafa təxminən 10 nəfər şəxs toplaşmış, hətta obyekt kəndin əsas yolunun kənarında olduğundan həmin vaxt yoldan keçən şəxslər də dayanıb hadisəyə baxmışlar. Həmin şəxslərin kim olmasını bilmir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Polis şöbəsinin PPXB-nün polis nəfəri vəzifəsində, polis serjantı rüstbəsi ilə xidmət edir. Şəmkir rayonu, Seyfəli kənd sakini Şahid5 əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır, onu xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 16 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində Şəmkir RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid1yla 9506 saylı avtopatrul ilə Şəmkir rayonu Seyfəli kəndi ərazisində xidmətdə olan zaman kənd mərkəzindən keçən zaman camaatın toplaşmasını, səs-küy olmasını görüb ora yaxınlaşdıqda onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı vətəndaş Zərərçəkmiş şəxs ət mağazasının şüşələrini sındırmış, eyni zamanda ona xəsarət yetirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuş və səs-küy salaraq söyüşlər söymüş, eyni zamanda Zərərçəkmiş şəxs isə əli qan olmuşdur. Onlar Təqsirləndirilən şəxs nizam-intizama dəvət etmiş, lakin o, onların qanuni tələbiminə tabe olmamış, bu səbəbdən onu Şəmkir rayon polis şöbəsinə gətirmiş və aidiyyəti üzrə növbətçi hissəyə təhvil vermişdir. Eyni zamanda əməliyyat qrupunun üzvləri Zərərçəkmiş şəxs şikayət ərizəsini qəbul etmişlər.Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, onlar hadisə yerinə yaxınlaşan zaman artıq Təqsirləndirilən şəxs ət mağazasının şüşələrini sındırmış və Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Onlar Təqsirləndirilən şəxs səs-küy salmasına və onların qanuni tələblərinə tabe olmadığı üçün polis şöbəsinə gətirmişlər. Lakin həmin vaxt ət mağazasının şüşələrinin yerdə olmasını, Zərərçəkmiş şəxs isə əlinin qan olmasını görmüşlər. Həmin vaxt Hüseyn özü də həm şüşələri sındırmasını, həm də Ramizə xəsarət yetirməsini etiraf etmişdir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, hadisə zamanı Hüseynin əlində təxminən bir metr uzunluğunda əyri dəmir parçası olmuş və həmin dəmiri onları görən zaman yerə tullamış, daha sonra isə dəmirin necə olmasını bilməmişdir.Hadisə yeri kəndin mərkəzidir, eyni zamanda gediş-gəliş yolunun kənarıdır, həmçinin ət mağazasının yanında çayxana var. Həmin vaxt ətrafa təxminən 15 nəfər şəxs toplaşmışdır. Məhkəmə, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid1 və Şahid4 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 da Şahid5 ilə eyni məzmunlu ifadə verərək, özünə aid olan hissədə eyni xüsusatları göstərmişdir. İş üzrə şahid olan Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Şəmkir rayonu, Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki övladı var, heç bir yerdə işləmir. Mahiyyət üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır, atası uzun illərdir ki, Şəmkir rayonu, Seyfəli kəndində ət mağazası işlədir. Təqsirləndirilən şəxs isə uzun müddətdir ki, tanıyır, onunla normal münasibəti olmuşdur. 16 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində kəndin mərkəzinin yaxınlığında olmuş, həmin vaxt atasının ət mağazasının yerləşdiyi mərkəzdə səs-küy olmasını eşitmiş, camaat ora yığışmışdır. O, dərhal ora gəlmiş, ora çatdıqda qəssabxananın şüşələrinin yerdə olmasını, atasının sol əlinin isə qan olduğunu görmüş, polis əməkdaşları isə Hüseyni PPX avtomobilinə mindirirmişlər, Hüseynin hərəkətlərindən aşkar formada sərxoş olması bilinirmiş. Hadisə barədə maraqlandıqda ona məlum olmuşdur ki, bir neçə dəqiqə əvvəl Hüseyn qəssabxananın qarşısına gələrək şüşələrini dəmir parçası ilə sındırıb atasını çölə çağırmış, atası çölə çıxdıqda isə həmin dəmir parçası ilə sol əlinə xəsarət yetirmişdir. Bundan sonra polis əməkdaşları Hüseyni aparmış, camaat oradan dağılışmış, atası isə əlinə tibbi yardım göstərilməsi üçün Şəmkir rayon mərkəzi xəstəxanasına getmişdir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, hadisənin baş verdiyi anda orada olmadığından hadisənin səbəbi barədə bir söz deyə bilməz, lakin sonradan atasından öyrənmişdir ki, Hüseyn sərxoş vəziyyətdə atasından ona pivə almasını istəmiş, atası almadıqda isə onunla sözlü mübahisə etmiş, sonradan isə dəmir götürüb gələrək mağazanın şüşələrini sındırmış və atasına da xəsarət yetirmişdir. Hadisə onun sonradan öyrəndiyinə görə təxminən 10-15 dəqiqə davam etmiş və Hüseynin şüşələri sındırmasına və səs-küy salmasına görə ətrafa xeyli sayda adam toplaşmışdır. Ora gedəndə də camaat orada olmuş, lakin onlardan yalnız Razimi və Elşəni tanıyır. Digər şəxsləri tanımır. Hüseynin əlində olan dəmir parçasını o, görməmiş, o, gələndə polis əməkdaşları Hüseyni avtomobilə mindirirmiş və həmin vaxt Hüseynin əlində dəmir olmamışdır, təxminən 1 metr uzunluğunda dəmir olmuşdur. Lakin hadisə vaxtı həmin dəmir parçasının hara yoxa çıxmasını bilməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Şəmkir rayonu Abbaslı kəndində yerləşən, Çinarlı-Seyfəli yonunun sol kənarında Zərərçəkmiş şəxs məxsus ət dükanına baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 17 sentyabr 2024-cü il tarixli 893 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər – sol əlin ovuc səthinin əzilmiş yarası KÜT əşyanın təsirindən, ola bilsin ki, dəmir parçası ilə yetirilmişdir, yetirilmə müddəti 16 sentyabr 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2008-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhküm edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.2024-cü il tarixdə, saat 18:00-da şübhəli şəxs olaraq tutulmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli Şəmkir Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə almanın əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokolundan görünür ki, Əliyev X4 rayonu, Seyfəli kəndinin mərkəzində yerləşən Zərərçəkmiş şəxs məxsus ət mağazasını göstərərək hadisə yerini istintaq hərəkətinin iştirakçılarına göstərmiş və onun istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli Şəmkir Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, həbsə almanın əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186.1 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CM-nin 39.1.2ci maddəsinə əsasən rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 510 və 535-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istisna etməmişdir. Şəmkir Rayon Poliklinikasının xx.xx.2024–cü il tarixli arayışından görünür ki, Əliyev X4 Rayon Poliklinikasında psixiatrik kabinetdə qeydiyyatda dayanmır. xx.xx.2010-cu il tarixdən narkoloji kabinetdə Narkomaniya diaqnozu ilə qeydiyyatda dayanır. Şəmkir RİHB-nın Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, onunla barışıq əldə etmiş və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Səhiyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 17 mart 2025-ci il tarixli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlinə görə ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda- iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təsdiq edilərək tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilməmiş, zərərçəkmiş şəxsi dəmir parçası ilə vurmadığını bildirmiş, lakin iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdiyi ifadələri, işdə olan üzləşdirmə protokolu ilə, biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadə ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdür. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri isə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz zərərçəkmiş şəxs və şahidlərin ifadələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlnunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 22.1-ci maddəsinə əsasən anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. 22.2-ci maddəsinə əsasən anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Həmin qərarın 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsin əməllində CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əvvəllər məhkum edilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 30 oktyabr 2024–cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Şəmkir rayon vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 162 (bir yüz altmış iki) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 381 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 162 (bir yüz altmış iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ**********7037693263, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-103/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-103/2025
14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver