Məhkəmə qərarları › İş №1(076)-105/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-105/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-105/2025 10.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştiraklrı ilə, xx.xx.1977-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, içsiz, subay, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Ə.Əliyev prospekti, ev-218, mənzil-3 ev-44 ünvanında qeydiyyatda olan və həbs edilənədək həmin ünvanda yaşamış, istintaq dövründə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, barəsində başqa iş üzrə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və zamanda Şəmkir rayonu, Dəllər qəsəbəsində, yolun kənarından taparaq narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir rayonu, Zəyəm qəsəbəsinə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis X11 bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdə, saat 18:00-da Şəmkir rayonu, Zəyəm qəsəbəsinin ərazisində saxlanılaraq Şəmkir rayon polis X11 bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4 tərəfindən üstü yoxlanılarkən əynində olan qara rəngli donun sağ yan cibindən kustar üsulla hazırlanmış, 1 ədəd siqaret falqasına bükülmüş təmiz çəkisi 0,821 qram, xeyli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 23 sentyabr 2024-cü il tarixdə Şəmkir rayonu, Posanlı yaşayış massivində, yolun kənarından taparaq narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir rayonunun ərazisinə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə, saat 17:20-də Şəmkir rayonu, Posanlı yaşayış massivi ərazisində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid6 tərəfindən üstü yoxlanılarkən əynində olan ağ rəngli gödəkcənin sağ yan cibindən kustar üsulla hazırlanmış, 1 ədəd siqaret qutusunda təmiz çəkisi 6,94 qram, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə üzərindən aşkar olunan narkotik vasitə ona aid olmamışdır. Beləki həmin tarixdə adını İska kimi tanıdığı şəxs ona zəng vuraraq Şəmkir rayonuna çağırmışdır. O, Şəmkir rayonuna gəldikdən sonra onu Şəmkir Rayon Polis X11 Bölməsinə aparmışlar və orada Şahid3 tərəfindən ona narkotik vasitə verilərək onun həbs olunmayacağı bildirilmişdir. O, daha əməli etiraf edəcəyini bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmış və Şahid3 tərəfindən cibinə qoyulan narkotik vasitə olan heroin aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və o da protokola imza etmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olunmamış, o, onların təsiri altında olduğundan ilkin ifadəsində istintaq zamanı üzərindən götürülən narkotik vasitənin özünə məxsus olmasını və tapdığını və özündə saxladığını bildirmişdir. Əslində onun üzərindən aşkar olunmuş narkotik vasitə ona aid olmamış, onun cibinə polis əməkdaş Şahid3 tərəfindən qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Posanlı yaşayış massivində olan zaman küçədə olan istixananın yanı ilə piyada hərəkətdə olanda yerdən bir ədəd kibrit qutusunu görmüş, əyilib götürdüyü zaman əvvəllərdə marixuana istifadə etdiyi üçün içərisində marixuana olduğunu anlamış və istifadə etmək üçün özündə saxlamışdır. Həmin kibrit qutusu üzərində olanda Şəmkir RPŞ-nin əməkdaşları onun yanında dayanmışlar və üzərində olan narkotik vasitəni olmasını bildirərək təhvil vermişdir. Həmin narkotik vasitə olan marixuana elektron tərəzidə çəkilmiş və 9 qram təşkil etmişdir. O, narkotik vasitə olan heroini 2024-cü ilin sentyabr ayının ilk on günlüyündə Şəmkir rayonu, Dəllər qəsəbəsində yolun kənarından tapmışdır. Qurudulmuş marixuananı isə xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Posanlı yaşayış massivindən tapmışdır. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamışdır. O, özündə narkotik vasitə olmasını heç kimə deməmiş, bunu heç kim bilməmişdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis X11 bölməsinin əməliyyat müvəkkili vəzifəsində polis kiçik leytenantı rütbəsi ilə xidmət edir. Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev prospekti, ev 218, mənzil 3də yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar tanıyır. 06 sentyabr 2024-cü il tarixdə Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən ona daxil olmuş məlumat barədə Şəmkir rayon Polis X11 bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir RPŞ-nin Zəyəm PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid3 rəhbərliyi ilə, ondan və Şəmkir RPŞnin Zəyəm PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 18:00 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Zəyəm qəsəbəsində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağı bildirmişlər, həmin vaxt Şəmkir RPŞ-nin inspektor kriminalisti, polis baş leytenantı X4 tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli donun sağ yan cibindən 1 (bir) ədəd siqaret falqasına bükülmüş narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş və kütlə elektron tərəzidə çəkilən zaman çəkisinin 1,12 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni Gəncə şəhərindən tapdığını və öz istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Həmin kütlə onun tərəfindən falqa ilə birlikdə zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis X11 bölməsinə gətirmiş və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin Zəyəm PB-in rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərfi Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Peyman Mirzəyevə təqdim etmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Peyman Mirzəyevə təqdim etmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Peyman Mirzəyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid5 oğlu Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində polis kiçik leytenantı rütbəsi ilə xidmət edir. Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev prospekti, ev 218, mənzil 3-də yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar tanıyır. 23 sentyabr 2024-cü il tarixdə Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən ona daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfimdən qəbul edilmiş qərara əsasən Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 rəhbərliyi ilə, ondan və Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 17:20 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Posanlı yaşayış massivində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirilmiş, həmin vaxt Şahid2 tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli ot kütləsini təqdim etmişdir. Təqsirləndirilən şəxs üst yoxlamasından sonra hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin kütləni Şəmkir rayonu, Posanlı yaşayış massivindən yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxlamasını bildirmiş, həmin kütlə tərəfimdən kağız bükümlərlə birlikdə zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirilmiş və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərfi Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Elnur Sadıqova təqdim edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Elnur Sadıqova təqdim edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Elnur Sadıqov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu Şahid6 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və saxlanılan şəxsin üstünün yoxlanılmasına dair” 23 sentyabr 2024–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir şəhəri, Posanlı yaşayış massivində saxlanılaraq saxlanıldığı yerdə üstü yoxlanılmış və onun əynindəki ağ rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunda olan marixuanaya bənzər kütləni təqdim etmişdir aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş çəkilərək protokola əlavə olunmuşdur. “Baxış keçirilməsi barədə” 23 sentyabr 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, 23 sentyabr 2024-cü il tarixdə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Elnur Sadıqov tərəfindən Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı üzərindən aşkar edilərək qablaşdırılmış içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlənin olduğu zərfə baxış keçirilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş, video çəkilərək protokola əlavə edilmişdir. “Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi barədə qərar şıxarılmış şəxsin şübhəli şəxs qismində tanınması haqqında” 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 24 sentyabr 2024–cü il tarixli 16/989 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,94 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 06 sentyabr 2024–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Zəyəm qəsəbəsində saxlanılaraq saxlanıldığı yerdə üstü yoxlanılmış və onun əynindəki qara rəngli donun sağ yan cibindən 1 (bir) siqaret falqasına bükülmüş olan heroinə bənzər kütləni təqdim etmişdir aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş çəkilərək protokola əlavə olunmuşdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.2024-cü il tarixdə şübhəli şəxs olaraq tutulmuşdur. “Baxış keçirilməsi barədə” 06 sentyabr 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, 06 sentyabr 2024-cü il tarixdə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Peyman Mirzəyev tərəfindən Şəmkir RPŞ-nin Zəyəm PB-nin əməliyyat müvəkkili Şahid4 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı üzərindən aşkar edilərək qablaşdırılmış içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu zərfə baxış keçirilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş, video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 07 sentyabr 2024–cü il tarixli 16/950 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs... » sözləri və imzalar olan kağız paketdəki 1(bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,821 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2024-cü il tarixində Şəmkir RPŞ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 08 sentyabr 2024-cü il tarixli 859 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadənin yerində yoxlanılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Posanlı yaşayış massivində və Şəmkir rayonu, Dəllər qəsəbəsində narkotik vasitəni tapdığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və onun istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 20 noyabr 2024–cü il tarixli, 1877 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui–istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər Məhkəməsinin xx.xx.2025–ci il tarixli, 1(125)–23/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi alt) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Gəncə şəhər Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görunur ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)-23/2025 nömrəli, xx.xx.2025-cü il tarixli hökmün icrası barədə hakimin göstərişi “17” fevral 2025-ci il tarixdə şöbənin icraatına daxil olmuş, lakin, məhkum Təqsirləndirilən şəxs barəsində Gəncə Şəhər Məhkəməsinin 4(125)-47/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçildiyi üçün qeydiyyata alınmamışdır. Beləliklə, məhkum Təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkməmişdir. Məhkəmə iclasında anten dairəsi ilə bağlı DVD disk baxış keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs ilə İsqa adlı şəxs arasında xx.xx.2025-ci il tarixə telefon danışıqları müəyyən edilməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu ildə anadan olmuş Məhəmməd adlı bir nəfər yetkinlik yaşına çatmayan uşağı var. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, hazırki cinayəti törətməməsini bildirsə də, iş üzrə şahidlərin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdikləri ifadələri biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadələr ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı videoçəkiliş vasitəsilə vəkilin iştirakı ilə üzərində axtarış aparılan zaman, eləcədə təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf etmiş, bununla bağlı tərtib edilmiş protokolu könüllü imzalamış, habelə ibtidai istintaq zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2024–cü il tarixdə saxlanılmış, xx.xx.2024–cü il tarixdə isə işin istintaqını aparan müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sərbəst şəkildə ifadə verərək narkotik vasitəni tapdığı yeri göstərmişdir. Bu isə bir daha onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün məhkəmə istintaqı zamanı özünü müdafiə xarakterli ifadə vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri isə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz şahidlərin ifadələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahılar”ın İ siyahının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6,94 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahılar”ın İ siyahısının 83-cü qrafasına əsasən təmiz halda 0,15 qram kustar üsulla hazırlanmış heroini şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,821 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən, təkrar narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla eyni cinayətini törətməsini isə həmin Məcəllənin 61.1.1–ci maddəsinə əsasən iş üzrə onun cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə hazırda da azadlıqdan məhrum etmə cəzasının çəkməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 1(125)-23/2025 saylı hökmü ilə məhkum olunsa da, o, hazırki iş üzrə cinayət əməlini həmin hökmdən əvvəl törətmişdir. Buna görə də ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, qeyd olunan hökmlə müəyyən edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 1(125)-23/2025 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin iş üzrə xx.xx.2024–cü il tarixdən xx.xx.2024–cü il tarixədək və hazırkı iş üzrə xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 10 sentyabr 2025–ci il tarixdən hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Şəmkir rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,771 qram narkotik vasitə olan heroin və 6,91 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 04 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 62, 80 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və onun hazırda başqa iş üzrə həbsdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 29 saata görə 204 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləsi əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikiası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə şəhər Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası, hazırki hökmlə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, ona qəti olaraq 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs 04 gün şübhəli şəxs qismində tutulduğu müddət ona qəti olaraq təyin edilmiş 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 il 01 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilsin, onun başqa cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin və o, narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, 0,771 qram narkotik vasitə olan heroin və 6,91 qram çəkidə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs şəxsi axtarışının, narkotik vasitənin təqdim edilməsinin və təqsirləndirilən şəxsin ifadəsinin videoçəkilişinin görüntülərinin köçürüldüyü 04 ədəd DVD- R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinim materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 62,80 manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 200 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar