Məhkəmə qərarları › İş №1(076)-108/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-108/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-108/2024 03.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1981–ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayında Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində yerləşən kanalın kənarında yabanı halda bitmiş çətənə bitkisinin yarpaqlarından toplamaqla qurudub satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı bir ədəd kağız paketə yığaraq üzərində saxlamaqla daşımış, Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdə, saat 16:05 radələrində narkotik vasitələrin istifadəsində və saxlamasında şübhəli bilindiyindən, Şəmkir rayonu, Qaracəmirli kənd ərazisində şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız paketdə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 8,92 qram, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam etdirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlədən başqa yaşadığı Şəmkir rayonu, Qaracəmirli kənd ərazisində yerləşən sahibsiz açıq torpaq sahəsində olan yarım tikilidə saxladığını bildirdiyi üçün Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən həmin yarım tikiliyə baxış keçirilmiş, baxış zamanı sahibsiz açıq torpaq sahəsində olan yarımtikilinin içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan şəffaf rəngli sellofan torbada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 395 qram, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Narkotik vasitə istifadəçisidir, əvvəllər bir neçə dəfə narkotik vasitə qəbul etmişdir. 18 yanvar 2024-cü il tarixdə günorta saatlarında Şəmkir rayonu, Qaracəmirli kəndində olan zaman polis əməkdaşları onu saxlayaraq Şəmkir Rayon Polis Şöbəsinin Kür polis bölməsinə gətirmişlər. Sonra onun üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. O, əynindəki boz rəngli cins şalvarın sağ yan cibində olan ağ rəngli kağızı təqdim etmiş, kağız polis əməkdaşı tərəfindən açılmış, içərisindən narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Marixuanaya bənzər kütlə elektron tərəzi ilə çəkilən zaman ağ rəngli kağız ilə birlikdə ümumi çəkisi 10.71 qram təşkil etmişdir. Təqdim etdiyi kütlə ekspertiza üçün qablaşdırılmış, polis əməkdaşı üzərinə şəxsi axtarış aparmış, təqdim etdiyi kütlədən başqa hər hansı bir narkotik vasitə psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Həmçinin onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən özünə məxsus bir ədəd qara rəngli Nokia markalı mobil telefon aşkar edilmiş və həmin mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək protokol tərtib edilmiş, o, protokola imza çəkmişdir. Onun üzərinə şəxsi axtarış aparılan zaman o, Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində sahibi olmayan açıq torpaq sahəsində olan yarımtikilidə narkotik vasitə olan marixuana saxladığını bildirdiyindən həmin yarımtikiliyə baxış keçirilmişdir. Baxış zamanı həmin yarımtikilidə ona məxsus içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan şəffaf rəngli sellofan torba aşkar edilmiş, şəffaf rəngli sellofan torba polis əməkdaşı tərəfindən açılan zaman içərisindən narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Marixuanaya bənzər kütlə elektron tərəzi ilə çəkilən zaman şəffaf rəngli sellofan torba ilə birlikdə ümumi çəkisi 405 qram təşkil etmişdir. Hazırda əməlindən peşmandır. İki övladı hərbi xidmətdədir və ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 18 yanvar 2024-cü il tarixdə Şəmkir rayon polis şöbəsinə Şəmkir rayonu, Qaracəmirli kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat Şəmkir RPŞ-nin Kür PB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4 tərəfindən şöbə rəhbərliyinə məruzə olunmuş və əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün Şəmkir RPŞ-nin Kür PB-nin əməliyyat müvəkkili, polis mayoru X3 rəhbərliyi altında onun, Kür PB-nin sahə nəfəri, polis baş serjantı X4, Kür PBnin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün o və əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs müəyyən etmək məqsədi ilə Şəmkir şəhəri ərazisinə çıxmışlar. xx.xx.2024-cü il tarixdə saat 16:05 radələrində Təqsirləndirilən şəxs Şəmkir rayonu, Qaracəmirli kəndində olarkən avtomobili kənarda saxlamış və onlar avtomobildən düşərək Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. O, Şəmkir rayonu, Qaracəmirli kənd sakini Təqsirləndirilən şəxs olduğunu, lakin üzərində heç bir sənədinin olmadığını bildirmişdir. Həmin vaxt onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olduğunu bildirərək barəsində olan məlumatların yoxlanılması və şəxsiyyətini dəqiqləşdirilməsi məqsədi ilə Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nə dəvət etmişlər. Onlar xidməti avtomobilə oturaraq birlikdə Şəmkir RPŞ-nə gəlmişlər, Şəmkir RPŞ-nə gəldikdən sonra Müdafiəçi və onların iştirakı ilə təhqiqatçı, polis kapitanı Müşfiq Şahmuradov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı predmet və ya əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı kağıza bükülmüş narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş, təqdim edilən kütlə elektrik tərəzidə çəkilmiş və çəkisinin 10,71 qram olması müəyyən edilmiş, kütlə kağız zərfə qablaşdırılaraq DİN-nin 118 nömrəli möhürü ilə möhürlənmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən qara rəngli “Nokia” markalı mobil telefon aşkar edilmiş və həmin mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində sahibi olmayan açıq torpaq sahəsində olan yarımtikilidə narkotik vasitə olan marixuana saxladığını bildirmiş, Şəmkir RPŞ-nin TB-nin təhqiqatçı, polis kapitanı Müşfiq Şahmuradov, Müdafiəçi, Təqsirləndirilən şəxs və əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs bildirdiyi Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində sahibi olmayan açıq torpaq sahəsinə getmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs həmin yarımtikilidə narkotik vasitə, psixotrop maddə və prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı predmet və ya əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs bu təklifdən sonra sahibsiz açıq torpaq sahəsində olan yarımtikilidə içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə olan şəffaf rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisində marixuanaya bənzər kütlə aşkar edilmişdir. Kütlə sellofan torba ilə birlikdə elektrik tərəzidə çəkilmiş və çəkisinin 405 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə kağız zərfə qablaşdırılaraq DİN-nin 118 nömrəli möhürü ilə möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuanaya bənzər kütləni 2023-cü ilin sentyabr ayında Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisindəki su arxının kənarında olan çətənə kollarından yığdıqdabn sonra qurudaraq şəxsi istifadəsi üçün sahibsiz açıq torpaq sahəsində olan yarımtikilidə saxladığını bildirmişdir. Onlar birlikdə ətrafa baxış keçirmişlər, lakin əlavə narkotik vasitə, psixotrop maddə, onların prekursorları eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bununla da baxış yekunlaşmış, müvafiq protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı və Şəmkir rayonu, Qaracəmirli kənd ərazisində yerləşən yarımtikiliyə baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülər diskə köçürülmüş, eləcə də, foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1, X4 və Şahid4 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması barədə” 18 yanvar 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ– nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız bükümündə olan, təmiz çəkisi 10.71 qram çəkidə narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqıında” 18 yanvar 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, 18 yanvar 2024-cü il tarixdə Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Müşviq Şahmuradov tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində sahibsiz açıq torpaq sahəsində olan yarımtikliyə baxış keçirilmişdir. Baxış zamanı sahibsiz açıq torpaq sahəsində olan yarımtiklidən içərisində narkotik vasitə olan ümumi çəkisi 405 qram miqdarda qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 19 yanvar 2024–cü il tarixli 16/91 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə kağızla birlikdə 10,71 qram” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 8,92 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələır olan şətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs Şəmkir rayonu Qaracəmirli kəndi ərazisində açıq torpaq sahəsində saxladığı narkotik vasitə olan marixuanaya bənzər kütlə sellofan torba ilə birlikdə 405 qram” yazı və imzalar olan sellofan paketdə təmiz çəkisi 395 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(076)- 16/2024 saylı qərarından görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən açıq torpaq sahəsində olan yarımtikliyə baxış keçirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəmkir Rayon Polis Şöbəsinin Kür PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4 18 yanvar 2024cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 30 yanvar 2024–cü il tarixli, 137 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui–istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2024– cü il tarixli arayışından görünür ki, Rzayev X7 Rayon Poliklinikasında psixiatrik və narkoljoi kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Şəmkir RİHB-nın Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşdə olan Şəmkir RİHB-nın Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ailə tərkibi haqda arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində anası, arvadı və üç nəfər uşağı var. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı ağırlaşdırılan halların olmaması və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcdir olunmadan, ona Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00– dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa cinayət işinin materiallarında olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1–ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 8,72 qram 394,8 qram qurudulmuş narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 2 ədəd DVD disk və təqsirləndirilən şəxs qismində dindirilərkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 1 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 60,80 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 21 (iyirmi bir) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 126 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 yanvar 2024–cü il tarixdən 20 yanvar 2024–cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab olunan və Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 8,72 qram 394,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 2 ədəd DVD disk və təqsirləndirilən şəxs qismində dindirilərkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 60,80 (altmış manat səksən qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 126 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar