Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-109/2025 17.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, X16 Elxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X7, Təqsirləndirilən şəxs X17 və onun müdafiəçisi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979–cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, işsiz, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)- 294/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 02 il, 02 ay, 26 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Tovuz rayonu, Almalıtala kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhrəsə bağı, bina 13, mənzil 42-də yaşayan, barəsində Şəmkir Rayon Məhkəməsinin 13 noyabr 2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilən şəxs X2 yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə oğurluq etmək məqsədilə 22 iyun 2024-cü il tarixdə saat 12 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Şəmkir Mərkəzi Bazarda Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi qadın ayaqqabısı satış mağazasında heç kimin olmamasından istifadə edərək müştəri qismində daxil olaraq saxlanc yeri olan piştaxtanın altında qanunsuz daxil olaraq orada saxlanılan Zərərçəkmiş şəxs məxsus əl çantasını götürüb içərisindəki 10 (on manat) dəyərində üzərində “GG” yazısı olan pul qabını içərisində 255 (iki yüz əlli beş) manat dəyərində 1 (bir) tay üç qram ölçüdə 583 əyarlı qızıl tananı, 1200 (min iki yüz) Azərbaycan manatını, Azərbaycan Mərkəzi Bankının həmin tarixə olan məzənnəsi ilə 1,70 manat dəyərində 1 (bir) ABŞ dollarını və 19,50 manat dəyərində 1000 (min) Rus rublunu gizli talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs 1486,20 (min dörd yüz səksən altı manat iyirmi qəpik) manat məbləğində zərər vurub saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs X10 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs X14 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, özünü CM -nin 177-ci maddəsi ilə təqsirli bilir, belə ki, o saxlanc yerindən oğurluq etməmişdir. Heç bir yerdə işləmir, heç bir işlə məşğul deyil. Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuşdur. Mahiyyət üzrə bildirmişdir ki, 22 iyun 2024-cü il tarixdə səhər saatlarında Şəmkir şəhərinə gəlmiş və saat 12 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Şəmkir rayon bazarına getmişdir. Həmin vaxt maddi vəziyyəti yaxşı olmamış, bazarda gəzən vaxt qadın ayaqqabı mağazasına daxil olmuş, həmin vaxt mağazada heç kimin olmadığını görüb oğurluq etmək qərarına gəlmişdir. Piştaxtanın altında qadın əl çantasını görmüş, çantanın ağzını açaraq içərisində olan pulqabını götürüb cibinə qoyub mağazadan çıxmış, bundan sonra bazardan çıxmış və pulqabının içərisinə baxdıqda pulqabında həm rus pulu, həm yerli pul ilə ümumilikdə xatırlamasına görə ya 120, ya da 190 manat civarında pul olmasını görmüş, həmin pulu götürüb cibinə qoymuşdur. Bundan başqa pulqabında sənədlər və pul qabı olmasını görmüş, pulu götürdükdən sonra pulqabını bir kənara qoymuşdur ki, orada olan şəxslər pulqabını tapanda sahibinə qaytarsın. Bundan sonra isə oradan Gəncə şəhərinə getmiş, pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Samirə qismən düz danışır, 22 iyun 2024-cü il tarixdə saat 12 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Şəmkir rayon bazarında olan zaman qadın ayaqqabı satışı mağazasında daxil olub orada olan piştaxtanın altında olan qadın əl çantasında olan pulqabını götürüb bazardan çıxmış, pulqabında olan xatırlamasına görə 120 ya 190 manat pulu götürmüşdür. Pulqabını isə içərisində olan sənədlərin sahibinə çatması üçün yolkənarına qoymuşdur. O, pulqabından 1200 manat pul götürməmiş, həmçinin pulqabında qızıl tana olmamışdır. Oğurluğu tək törətmiş, heç kimin köməyindən istifadə etməmişdir. Başqa heç bir cinayət törətməmişdir. Hazırda əməlindən peşmandır, ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona CMnin 177.1-ci maddəsinin sanksiyasında göstərilmiş yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir şəhəri, Rövşən Rəhimov küçəsi ev 28-də yaşayır, hazırda subaydır, bir övladı var. Uzun illərdir ki, Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən Şəmkir rayon bazarında qadın ayaqqabı satışı mağazası işlədir. Mağazada satıcı işləmir, satışı özü edir. 22 iyun 2024-cü il tarixdə saat 12 radələrində mağazanın qapısını alver etmək üçün açıq qoyub qonşuluqda geyim mağazası işlədən Rahilə ilə söhbət etmiş, həmin vaxt bir nəfər tanımadığı qız uşağı onlara yaxınlaşaraq mağazadan bir nəfər çıxmasını demiş, o, dərhal mağazaya qayıtmış, mağazada heç kim olmamışdır. Şübhələnərək piştaxtanın altında olan əl çantasına baxdıqda ağzında olan sepin açıq olmasını görmüş, çantaya baxdıqda içərisində olan pul qabımın olmamasını görmüşdür. Qeyd etmişdir ki, çantanın ağzı bağlı formada ora qoymuşdur, onun pul qabında dəyərli əşya olaraq 1200 manat pul və bir tay qızıl tana, digər əşyalardan isə şəxsiyyət vəsiqəsi, VÖEN vəsiqəsi, bank kartları olmuşdur. O, dərhal çölə çıxaraq Rahiləyə bu barədə demiş, lakin həmin kişini nə qədər axtarsa da tapa bilməmişdir. Təxminən 1 saat sonra tanımadığı bir uşaq onun pul qabını özünmə gətirmiş, pul qabının içəsirində özünə məxsus şəxsiyyət vəsiqəsi, vergi ödəyicisi vəsiqəsi, bank kartları olmuş, lakin 1200 manat pul və bir ədəd qızıl tana pul qabında yox olmamışdır. O, başa düşmüşdür ki, mağazasında oğurluq edən şəxs onun pulqabında olan 1200 manat pulu və bir ədəd qızıl tananı götürdükdən sonra pulqabını tullamışdır. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, eyni zamanda Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, mağazasından oğurluq edən şəxsi görməmişdir, lakin sonradan bazarda müşahidə kameralarına baxdıqda mağazasına daxil olmuş kişini görmüşdür. Oğurluq olduğu vaxt o, qonşu mağazada Rahilə ilə söhbət etmişdir. Naməlum şəxs ona məxsus mağazada piştaxtanın altında olan əl çantasında olan pulqabını oğurlamış, pulqabında olan 1200 manat pul və bir ədəd qızıl tananı götürdükdən sonra pulqabını bazarda tullamışdır. Bank kartlarına heç bir müdaxilə edilməmişdir.Ona məxsus bir tay qızıl tana təxminən 3 qram ölçüdə, 583 əyarlı, rus qızılı olmuşdur, üzərində parlaq qaş olmuşdur, orta bazar qiyməti 200 manat olar. Oğurluq nəticəsində ona təxminən 1400 manat ziyan dəymişdir. Əlavə dindirmə zamanı verilmiş sualların mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, ona məxsus pulqabından həqiqətən də 1200 manat pul, bir tay qızıl tana, 1000 rubl Rus pulu və 1 ABŞ dolları oğurlanmışdır. İlkin ifadəsində Rus rublu və ABŞ dollarını göstərməmiş, məqsədi isə xırdaçılığa getmək istəməməyi olmuşur. Həmin Kamran adlı şəxs onun 1200 manat pulunu və qızıl tanamı qaytarsa ondan şikayət etməz. Kamran yalan deyir, məsuliyyətdən yayınmaq, ya da məsuliyyətini yüngülləşdirmək üçün guya 100-200 manat arası pul oğurlamasını bildirmişdir. Pulqabında olan qızıl tananın bir tayını çoxdan itirmişdir, bir tayını isə itirməmək üçün pulqabına qoymuşdur. Pulqabımda olan 1000 rubl və 1 ABŞ dolları pulu isə uzun illərdir ki, ehtiyat üçün orada saxlayır. O, bazarda olan iş yoldaşları ilə lotoreya oynuyur, yəni hər ay növbəli şəkildə bir adama pul verirlər. Hadisə günü isə lotoreya pulunu almışdır. Lotoreya oynuyan şəxsləri dindirilmələri üçün təqdim edə bilər. Bundan başqa Kamranın yalan deməsini və pulqabından 1200 manat AZN, 1000 RUBL, 1 ABŞ dolları və 1 tay qızıl tana oğurlamasını onun üzünə qarşı da deyə bilər. pulqabımın üzərində “GG” yazısı var, brend markalı deyil, pulqabımı 10 manata almışdır. Hazırda ona dəymiş maddi ziyan ödənilməmiş, onunla barışıq əldə etməmişdir. Odur ki məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəmkir şəhəri, Həzi Aslanov küçəsi ev 49-da ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, üç övladı var, rəsmi iş yeri yoxdur, fərdi olaraq Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən bazarda icarə əsasında qadı geyimləri mağazası işlədərək dolanır. Mahiyyət üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla yaxşı münasibəti var, Samirə də mənimlə qonşu mağazada qadın ayaqqabısı satır. 22 iyun 2024-cü il tarixdə saat 12 radələrində mağazada olmuş, həmin vaxt Samirənin çantasından pulqabının oğurlanmasını eşitmiş, maraqlanan zaman ona məlum oldu ki, Samirə digər mağaza qonşusu Rahilə ilə söhbət edən zaman naməlum şəxs mağazada heç kimin olmamasından istifadə edərək mağazaya daxil olaraq piştaxtanın altında olan Samirəyə məxsus əl çantasında olan pulqabını oğurlamışdır. Həmin vaxt Samirəyə məxsus pulqabında 1200 manat pul, 1 tay qızıl tana, 1000 Rus rublu, 1 ABŞ dolları pul olmuşdur. Təxminən iki-üç saat sonra bir nəfər şəxs Samirənin pulqabını ona gətirərək yaxınlıqda olan avtovağzal ərazisindən tapmasını, pulqabında olan şəxsiyyət vəsiqəsindəki şəkildən Samirəni tapmasını deyərək pulqabını ona vermiş, Samirə pulqabına baxan zaman sənədlərinin pulqabında olmasını görmüş, lakin nağd pullar və qızıl tana pulqabında olmamışdır. Bundan başqa qeyd etmişdir ki, bazarda işləyən satıcılarla birlikdə lotoreya oynuyurlar, belə ki, aylıq olaraq 300 manat pulu növbəli şəkildə yığıb bir nəfərə verirlər. Pulun verilmə vaxtı hər ayın 15-dən başlayır, təxminən 10 gün davam edir. İyun ayında pulu götürmək növbəsi isə Samirədə olmuş, Samirə pulu oğurlanan zaman artıq 4 nəfərdən lotoreya pulunu almışdır, ona görə də əminliklə deyə bilər ki, Samirənin həmin vaxt pulqabında 1200 manat pul olması doğrudur. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, həmin şəxs yalan deyir, əminliklə deyə bilər ki, Samirədə həmin vaxt 1200 manat pul olmuşdur. Çünki yuxarıda qeyd etdiyi kimi həmin ayın lotoreya pulunu Samirə almış və o, dörd nəfərdən 300 manatdan olmaqla ümumilikdə 1200 manat pulu almışdır. Məhkəmə baxışı iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsindən müəyyən edilmişdir ki, Şəmkir şəhəri, X13 M.Əhmədov küçəsində ailə üzvləri ilə birlikdə yaşayır, duldur, dörd övladı var, rəsmi iş yeri yoxdur, fərdi olaraq Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən bazarda icarə əsasında qadın geyimləri mağazası işlədərək dolanır. Mahiyyət üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla yaxşı münasibəti var, Samirə də onunla qonşu mağazada qadın ayaqqabısı satır. 22 iyun 2024-cü il tarixdə saat 12 radələrində Samirə onun mağazasında olmuş, həmin vaxt başı qarışmış, Samirə mağazasına doğru getmiş, səs-küy saldıqda ona yaxınlaşmış və ona məlum olmuşdur ki, Samirə onunla söhbət edən zaman naməlum şəxs mağazada heç kimin olmamasından istifadə edərək mağazaya daxil olaraq piştaxtanın altında olan Samirəyə məxsus əl çantasında olan pulqabını oğurlamışdır. Həmin vaxt Samirəyə məxsus pulqabında 1200 manat pul, 1 tay qızıl tana, 1000 Rus rublu, 1 ABŞ dolları pul olmuşdur. Təxminən iki-üç saat sonra bir nəfər şəxs Samirənin pulqabını ona gətirərək yaxınlıqda olan avtovağzal ərazisindən tapmasını, pulqabında olan şəxsiyyət vəsiqəsindəki şəkildən Samirəni tapmasını deyərək pulqabını ona vermişdir, Samirə pulqabına baxan zaman sənədlərinin pulqabında olmasını görmüş, lakin nağd pullar və qızıl tana pulqabında olmamışdır. Bundan başqa qeyd etmişdir ki, bazarda işləyən satıcılarla birlikdə lotoreya oynuyurlar, belə ki, aylıq olaraq 300 manat pulu növbəli şəkildə yığıb bir nəfərə verirlər. Pulun verilmə vaxtı hər ayın 15-dən başlayır, təxminən 10 gün davam edir. İyun ayında pulu götürmək növbəsi isə Samirədə olmuş, Samirə pulu oğurlanan zaman artıq 4 nəfərdən lotoreya pulunu almışdır, ona görə də əminliklə deyə bilər ki, Samirənin həmin vaxt pulqabında 1200 manat pul olması doğrudur. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, həmin şəxs yalan deyir, əminliklə deyə bilər ki, Samirədə həmin vaxt 1200 manat pul olmuşdur. Çünki yuxarıda qeyd etdiyi kimi həmin ayın lotoreya pulunu Samirə almış və o, dörd nəfərdən 300 manatdan olmaqla ümumilikdə 1200 manat pulu almışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus, Şəmkir şəhəri, 20 Yanvar küçəsində, Şəmkir Mərkəzi Bazarında yerləşən qadın ayaqqabısı mağazasına baxış keçirilərək protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək fotocədvəl halında protokola əlavə edilmiş, eyni zamanda X9 cinayət əməlini törətdikdən sonra qaçaraq oradan uzaqlaşmasını əks etdirən görüntü müşahidə kameralarından əldə edilərək CD diskə köçürülüb protokola əlavə edilmişdir. xx.xx.2024–cü il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd, qara rəngli, üzərində qızılı rəngli metal hərflərlə “GG” yazısı olan, üzərində qırmızı rəngli kəmər formalı xətt olan pulqabı götürülmüş, bu zaman Zərərçəkmiş şəxs pulqabının ona məxsus olmasını, 22 iyun 2024-cü il tarixdə çantasından məhz həmin pulqabının oğurlanmasını, hadisədən bir neçə saat sonra tanımadığı şəxsin pulqabını gətirib ona verməsini və bazarın yaxnlığından tapdığını deməsini bildirmiş, həmin pulqabını təqdim etmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. xx.xx.2024–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yerinə baxış keçirilən zaman müşahidə kameralarından əldə edilmiş videogörüntünün əks olunduğu 01 ədəd CD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, 01 ədəd CD disk: ağ rəngdədir, üzərində göy rəngdə ""CD-R", "52x" yazıları vardır. Diskin içərisindəki məlumatlara baxmaq üçün komputerin "DVD ROM"una daxil etdikdə, 01 ədəd fayl aşkar edilmişdir. Həmin fayla baxış keçirən zaman 07 saniyə davam edən videogörüntü olması müşahidə edilmişdir. Videogörüntüdən görünmüş ki, bir nəfər şəxs qaçaraq bazarın içərisində gedir. Şəmkir RPŞ-nin CAB-nin əməkbaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin şəxsin X14 olması müəyyən edilmişdir. 13 noyabr 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs X9 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və həmin vaxt Kamran Quliyev hadisə vaxtı olan davranışlarını hadisə yerində əyani surətdə göstərərək öz ifadəsini bir daha təsdiq etmişdir. Həmçinin, çəkilmiş fotoşəkillərlə fotocədvəl tərtib edilərək protokola əlavə edilmişdir. 12 noyabr 2024-cü il tarixli “Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə X14 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ona məxsus çantada olan pulqabından 1200 manat AZN, 1000 RUBL, 1 ABŞ dolları və 1 tay qızıl tana oğurlamasını Kamran Quliyevin üzünə qarşı deyərək sonuncunu bir daha ifşa etmişdir. 12 noyabr 2024-cü il tarixli “Sənədlərin cinayət işinə əlavə olunması haqqında” protokoldan görünür ki, cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq "Acer" markalı kompyuter ilə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi olan https://www.cbar.az/currency/rates saytına daxil olunaraq 22 iyun 2024-çü il tarixdə 1 Rus Rublunun və 1 ABŞ dollarının Azərbaycan manatı ilə olan məzənnəsinə baxılmışdır. Həmin tarixə uyğun olaraq müəyyən edilmişdir ki, 1 rus Rublu 0,0195 manat, 1 ABŞ dolları isə 1,7000 manatdır. Həmin sənədləri "CANON" markalı printerlə çap edilərək cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 sentyabr 2024-cü il tarixli, 9/6876 nömrəli rəyində göstərilmişdir ki, 01 ədəd 03 qram ölçüdə, 583 əyyarlı bir tay tananın 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 255,00 manat müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X3 rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə, 02 il 06 ay nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, Goranboy rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə, 02 il 06 ay nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, Tovuz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması, 01 il 08 ay nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay 26 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-294/2022 nömrəli hökmünün surətindən görünür ki, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 02 il, 03 ay, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM -nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il, 02 (iki) ay, 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Nevroloji Dispanserinin xx.xx.2024–cü il tarixli arayışından görünür ki, X14 dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024–cü il tarixli arayışından görünür ki, X14 dispanserdə qeydiyyatda durmur. Tovuz rayon RİHB–nin Qəribli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X1 İƏD üzrə nümayəndəliyinin Almalıtala kəndində qeydiyyatda olmağına baxmayaraq ərazidə yaşamır, onun haqqında heç bir şikayət daxil olmamışdır. Bu Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən: 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmn Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə məxsus pul qabından cəmi 120 və ya 190 manat pulun oğurlanması barədə ifadəsinə tənqidi yanaşır və bunu özünümüdafiə xarakterli ifadə kimi hesab edir. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. (19-cu bənd); anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. (20-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülərək onun zərərçəkmiş şəxsə ümumilikdə 1486 manat 20 qəpik məbləğində zərər vurub saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etməsi müəyyən edilmişdir. İttiham onunla əsaslandırılmışdır ki, X14 müştəri qismində daxil olduğu mağazada saxlanc yeri olan piştaxtanın altına qanunsuz daxil olaraq orada saxlanılan zərərçəkmişə məxsus əl çantasını götürüb içərisindən 10 (on manat) dəyərində üzərində “GG” yazısı olan pul qabını içərisində 255 (iki yüz əlli beş) manat dəyərində 1 (bir) tay üç qram ölçüdə 583 əyarlı qızıl tananı, 1200 (min iki yüz) Azərbaycan manatını, Azərbaycan Mərkəzi Bankının həmin tarixə olan məzənnəsi ilə 1,70 manat dəyərində 1 (bir) ABŞ dollarını və 19,50 manat dəyərində 1000 (min) Rus rublunu gizli talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs 1486,20 (min dörd yüz səksən altı manat iyirmi qəpik) manat məbləğində zərər vurub saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı mağazada olan piştaxtanın altını əsassız olaraq saxlanc yeri kimi hesab etmişdir. Lakin, məhkəmə qeyd edir ki, piştaxtanın altı saxlanc yeri hesab edilə bilməz, belə ki, mövcüd qanunvericiliyə görə başqa saxlanc yerinə müxtəlif maddi dəyərləri talamadan, xarab olmadan, təbiətin kortəbii qüvvələrindən qorumaq və saxlamaq üçün təchiz edilmiş, uyğunlaşdırılmış və ya nəzərdə tutulmuş xüsusi qurğular və ya sahələr aid edilir. Bunlar istənilən əmlakın- pulun, qiymətli metalların və daşların, hazır əmtəələrin, xammalın və s., saxlanması üçün nəzərdə tutulmuş qurğular ola bilər (məsələn, seyflər, metal şkaflar, konteynerlər, xüsusi çənlər, mühafizə olunan dəmir yol vaqonları, soyuducu qurğular, bankomatlar və s.) Göründüyü kimi, piştaxtanın nə altı nə də ki, üstü saxlanc yeri hesab edilmir, və yuxarıda sadalanan xüsusiyyətlərin heç birinə malik deyildir. İş materiallarında olan baxış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdəndə görünür ki, mağazada olan piştaxtanın alt hissəsi hər hansı maddi dəyərlərin saxlanması və qorunması üçün istifadə edilmir və hər bir tərəfi açıq olduğuna görə hər hansı bir əşyaların gizlin saxlanması üçün istifadədə edilə bilməzdi. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları təhlil edib və bir-biri ilə müqayisə edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X9 əməli saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama kimi deyil, (Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi), sadə oğurluq kimi qiymətlindirilməli və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından X14 törətdiyi əmələ görə cəzalandırılmalıdır Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Odur ki, məhkəmə qeyd edir ki, X9 hazırda təqsirləndirildiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab edildiyindən onun əməlində residiv müəyyən olunmayacaqdır. Təqsirləndirilən şəxs X9 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs X9 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, X10 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X14 CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı,cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 11 noyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut hesab olunan 01 ədəd CD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, iş üzrə maddi sübut olan, Zərərçəkmiş şəxs məxsus 01 ədəd, qara rəngli, üzərində qızılı rəngli metal hərflərlə “GG” yazısı olan, üzərində qırmızı rəngli kəmər formalı xətt olan pulqabının qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat X8 dövlət büdcəsinə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı X10 göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 96 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X9 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.1-ci maddəsinə tövsif edilsin. X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 noyabr 2024–cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan, 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan, 01 ədəd pulqabı sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul X8 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. X10 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 96 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum X14 hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-109/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-109/2025
17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver