Məhkəmə qərarları › İş №1(076)-11/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-11/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-11/2024 05.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zahib oğlunun, təqsirləndirilən şəxs X3 və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci ildə Şəmkir rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Şəmkir şəhəri, M.Qəhrəmanov küçəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 15 avqust 2022-ci il tarixdə saat 19 radələrində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində Təqsirləndirilən şəxs əvvəllər aralarında mülk mübahisəsi ilə əlaqədar yaranmış şəxsi münasibətlər zəminində baş vermiş dava-dalaş zamanı Zərərçəkmiş şəxs sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurulması barədə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 avqust 2022-ci il tarixdə saat 19 radələrində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində mərhum qardaşının arvadı Şahid1 Sadıq qızı ilə həmin evin mülkiyyət hüququnun kimə məxsus olması səbəbindən aralarında uzun müddət davam edən münaqişənin davamı olaraq yaranmış mübahisə zamanı Şahid1 tanışı Zərərçəkmiş şəxs mübahisəyə müdaxilə edərək Şahid1 tərəfini saxlaması səbəbindən qəsdən əli ilə onu itələyərək və sağ ayağına bir dəfə təpiklə vuraraq ona sağ bazunun orta üçdə birinin ön səthinin qançırları ilə müşayət olunan sağlamlığa zərər vurmayan xəsarətlər, həmçinin sağ ayağın 1-ci barmağının proksimal falanqasının başının yerdəyişmiş, qopmuş sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə ümumilikdə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək öz müdafiəsi üçün əsassız dəlillər gətirərək ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi bacısı X1 məxsusdur. Mərhum qardaşı Aydın Qralovun arvadı Şahid1 heç bir əsas olmadan həmin evin ona məxsus olduğunu iddia edir. X7 Şəmkir rayonu Əhmədli kəndində yaşadığı üçün ona məxsus həmin evə və həyətə onlar nəzarət edirlər. Həmin evin həyətində oğlu Təbriz Qərəlov üçün ev tikdirmiş, ancaq həmin evdə də yaşayış yoxdur. 15 avqust 2022-ci il tarixdə saat 18 radələrində Şəmkir-Seyfəli yolunun kənarında işlədiyi istilikxanada olan zaman arvadı Şahid2 ona zəng edərək Gülnarə, onun bacısı və tanımadığı başqa bir qadının ünvan 5 ünvanında yerləşən evin həyətinə gəldiklərini, evin və həyətin onlara məxsus olduğunu bildirərək onunla dava etdiklərini və onu döydükələrini demişdir. Bu barədə məlumat vermək üçün Şəmkir rayon polis şöbəsinə gəlmiş, orada bacısı Zərəngülün bu barədə 102 xidmətinə zəng edərək məlumat verdiyini və polis əməkdaşlarının həmin ünvana getdiklərini bilmiş, o da həmin ünvana getmişdir. Oraya gedən zaman Gülnarə Qərəlova, onun bacısı Gülnaz, tanışları Zərərçəkmiş şəxs və arvadı Şahid2 həmin evin həyətində olmuşlar. O, gələndən 2 dəqiqə sonra polis əməmkdaşları da həyətə gəlmişlər. Gülnarəgil mübahisə etdikləri üçün polis əməkdaşları onları həyətdən çıxartmış və onları polis şöbəsinə dəvət etmişlər. Onunla Zərərçəkmiş şəxs arasında heç bir mübahisə olmamış, Ceyranı onu vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs xəsarət aldığını görməmiş, onun məhkəmə-tibbi ekspertizasının rəyində göstərilən xəsarətləri hansı şəraitdə aldığını bilmir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şəmkir şəhərində yaşayan Şahid1 tanıyır, ataları “kirvə” olmuşlar. 30 iyul 2022-ci il tarixdə Şəmkir şəhərində olan zaman Gülnarə ona məhrum ərindən qalan evi 60.000 manata satdığını demiş, Sumqayıt şəhərində yerləşən evini sataraq həmin evi almaq istəmişdir. Gülnarənin satmaq istədiyi, ünvan 6 ünvanında yerləşən evə baxmaq üçün 01 avqust 2022-ci il tarixdə həmin ünvana getmişlər. Evin qonşuluğunda Gülnarənin keçmiş qaynı Qafqaz Qaralovun da evi yerləşir. Gülnarəyə məxsus olan evdə olan zaman Qafqaz Qaralov, onun arvadı Səfa və bacısı oraya gələrək onları nalayiq söyüşlərlə təhqir edib həyətdən çıxartmışlar. Hətta Qafqazın arvadı Səfa onun şəhid həyat yoldaşının ünvanına da söymüş, bununla bağlı Şəmkir rayon polis şöbəsinə şikayət etmişdir. 15 avqust 2022-ci il tarixdə saat 18 radələrində Gülnarə ilə birlikdə ona məxsus olan həmin evə getmiş, təxminən yarım saatdan sonra səs-küy eşidib həyətə çıxmışlar. Qafqaz Qaralov, onun arvadı Şahid2, oğlu Qurban Qaralov və bacısı Zərəngülün həyətdə olduqlarını görmüşlər. Onlar Gülnarənin və onun ünvanına nalayiq sözlər demişlər. Qafqaz və arvadı Səfa Gülnarənin üstünə gedərək Gülnarəni əlləri ilə vuraraq döymüşlər. Harayçılıq etmək istəyən zaman Qafqaz və arvadı Səfa onun üstünə gəlmiş, əlləri ilə onun bədəninin müxtəlif nahiyyələrinə vurmuş, Qafqaz təpiklə onun sağ ayağına vuran zaman sağ ayağının baş barmağından möhkəm ağrı hiss etmiş, sonradan sağ ayağının baş barmağının sındığını bilmişdir. Ondan sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və onları Şəmkir rayon polis şəbəsinə dəvət etmişlər. Həmin mübahisə zamanı o, Şahid1, Qafqaz Qaralov, onun arvadı Şahid2, oğlu Qurban Qaralov və Qafqazın bacısı Zərəngül orada olmuş, mübahisə təxminən 15-20 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında yerləşən ev Şəmkir rayonu Əhmədli kəndində yaşayan baldızı Zərəngül Qərəlovaya məxsusdur. Həmin evin yanında, Təbriz küçəsi 25 ünvanında oğlu Təbriz üçün ev tikdirmişlər, ancaq həmin evdə də yaşayış yoxdur. Oğlu Təbrizin evinin həyəti ilə baldızı Zərəngülə məxsus evin həyəti ümumidir. Mərhum qaynı Aydın Qaralovun arvadı Şahid1 heç bir əsas olmadan baldızı Zərəngülə məxsus həmin evin ona məxsus olduğunu iddia edir. Gülnarə Sumqayıt şəhərində yaşayan tanışı Zərərçəkmiş şəxs ilə birləşib həmin evi baldızı Zərəngüldən almaq istiyirlər. Zərərçəkmiş şəxs özünü şəhid ailəsi kimi təqdim edərək bu addan istifadə edir. Ceyran yalandan deyir ki, güya Gülnarədən həmin evi alıb, halbu ki, evin Gülnarəyə aidiyyatı yoxdur. 15 avqust 2022-ci ildə saat 17 radələrində həmin evin həyətində olan zaman Zərərçəkmiş şəxs, Şahid1 və onun bacısı Gülnaz həyətə gəlmişlər. Ceyran onun kürəyindən tutaraq həyətdən çıxmasını tələb etmiş və evi Gülnarəyə 30.000 manat pul ödəyərk aldığını demişdir. Əri Təqsirləndirilən şəxs zəng edərək polislərə məlumat verməsini demiş, baldızı Zərəngül isə DİN-nin 102 xidmətinə zəng edərək Gülnarəgilin onun evinə oğurluğa girmələri barədə məlumat vermişdir. Təxminən 30-40 dəqiqədən sonra əri Qafqaz, ondan 2 dəqiqə sonra isə polis əməkdaşları oraya gəlmiş, onları polis şöbəsinə dəvət etmişlər. Həmin mübahisə zamanı o, Şahid1, onun bacısı Gülnaz və Zərərçəkmiş şəxs orada olmuş, əri Təqsirləndirilən şəxs sonradan oraya gəlmiş, oğlu Qurban isə ümumiyyətlə orada olmamışdır. Onlar Şahid1 və Zərərçəkmiş şəxsm vurmamış, onlara xəsarət yetirməmişlər. Zərərçəkmiş şəxsnm xəsarət aldığını görməmiş, onun hansı şəraitdə aldığını bilmir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş, Şahid1 ifadəsində göstərmişdir ki, həyat yoldaşı X5 2020-ci ildə vəfat edənə kimi ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşamışlar. Ondan sonra qaynı Təqsirləndirilən şəxs həyat yoldaşının adına olan həmin evi öz əlinə keçirmək istəyir, buna görə onu evdən qovmuşlar. Yaşamağa yeri olmadığı üçün iki ildir küçələrdə, yeməkxanalarda, kimlərinsə evində qalır. 01 avqust'222-ci il tarixdə ünvan 3 ünvanında olan zaman qohumları Zərərçəkmiş şəxs onlara qonaq gəlmiş, həmin vaxtı qaynı Təqsirləndirilən şəxs, onun arvadı Səfa, oğlu Qurban və bacısı Zərəngül evin onlara məxsus olduğunu bildirərək evdən çıxmasını tələb etmişlər. Aralarında baş vermiş mübahisə zamanı onlar onun və Ceyranın ünvanına nalayiq sözlər deyərək təhqir etdikləri üçün 102 xidmətinə müraciət etmiş, ondan sonra qorxduğu üçün evinə getməmişdir. 15 avqust 2022-ci il tarixdə evinə getmək istəmiş və Ceyrana zəng edərək onunla birlikdə evə getməsini xahiş etmişdir. Həmin günü saat 18 radələrində Zərərçəkmiş şəxs və bacısı Şahid3 ilə birlikdə Təbriz küçəsi, 29 ünvanında yerləşən evinə getmişdir. Orada olan zaman qaynı Qafqaz, onun arvadı Səfa, oğlu Qurban və bacsı Zərəngül oraya gələrək onlarla mübahisə etməyə başlamışlar. Qaynı Qafqaz və onun arvadı Şahid2 onun üzərinə gələrək həyətdən çıxıb getməsini tələb etmiş, həmin vaxtı Şahid2 əlləri ilə onun başına, sifətinə və bədəninin müxtəlif nahiyyələrinə vuraraq onu döymüşdür. Zərərçəkmiş şəxs araya girib harayçılıq etmək istəyən zaman Təqsirləndirilən şəxs onu itələmiş və təpiklə Ceyranın ayağına vuraraq onu nalayiq sözlərlə təhqir etmişdir. Təqsirləndirilən şəxs təpiklə Zərərçəkmiş şəxs sağ ayağına zərbə vuran zaman Ceyranın sağ ayağının birinci barmağı sınmışdır. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək onları polis şöbəsinə dəvət etmişlər. Mübahisə vaxtı o, Zərərçəkmiş şəxs, bacısı Şahid3, qaynı Təqsirləndirilən şəxs, onun arvadı Şahid2, onların oğlu Qurban Qərəlov və Qafqazın bacısı Zərəngül orada olmuşlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 da, bacısı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, 15 avqust 2022-ci il tarixdə saat 19 radələrində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində Təqsirləndirilən şəxs əvvəllər aralarında mülk mübahisəsi ilə əlaqədar yaranmış şəxsi münasibətlər zəminində baş vermiş dava-dalaş zamanı Zərərçəkmiş şəxs sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurması faktına görə toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Şəmkir rayon MTE və PA şöbəsinin məhkəmə-tibbi ekspertizası üzrə 17 avqust 2022-ci il tarixli 980 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən bədən səthində aşkar edilmiş xəsarətlər - sağ bazunun orta üçdə birinin ön səthinin qançırları və sağ ayağın 1-ci barmağının proksimal falanqasmın başının yerdəyişmiş, qopmuş sınığı küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 15 avqust 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ ayağın 1 -ci barmağının proksimal falanqasmın başının yerdəyişmiş, qopmuş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir, sağ bazunun orta üçdə birinin ön səthinin qançırları isə sağlamlığa zərərə vurmayan xəsarətlər olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işi üzrə icraat 20 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 30 dekabr 2022-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaq davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyətinin Şəmkir Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 may 2023-cü il tarixli,5-76-1/2-02Ç-76/2023 saylı xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs orta təhsillidir, ailəlidir və himayəsində üç övladı var. Təqsirləndirilən şəxs, ünvan 10 ünvanda qeydiyyatda olmaqla yaşayır, onun barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İstintaq zamanı törətdiyi cinayət əməli kifayət qədər sübutlarla təsdiq olunduğundan 30 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 30 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə göndərilmiş ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs şikayətçidir və ona həbslə bağlı cəza verilməsini xahiş etmişdir. Həmçinin cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs və şahidlər Şahid3 və Şahid1 barəsində məhkəmə məcburi gətirilmələri barədə qərar qəbul edilib icra edilməsi üçün aidiyyəti üzrə polis idarələrinə göndərilməsinə baxmayaraq onların məhkəmədə iştirakını təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyi və iş materialları ilə sübut olunur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddələrin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini və ilk dəfə ehtiyatsızlıqdan cnayət törətməsini şəxsiyyətini müsbət xarakterizə edən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini və bundan sonra onun davranışını, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, fərdi əməklə məşğul olaraq ailəsini dolandırmasını və müsbət xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini və təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aylıq qazancından dövlət nəfinə müəyyən məbləğdə pul tutulmaqla islah işləri növündə cəzaya məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs aylıq qazancından dövlət nəfinə 05 (beş) faiz məbləğdə pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar