Məhkəmə qərarları › İş №1(076)-111/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-111/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-111/2024 16.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə 11 avqust 1974-cü il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirib dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, əvvəllər hərbi qulluqçu kimi xidmət etdiyi üçün əlaqələrinin geniş olduğunu bildirərək, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Şəmkir rayon sakini Zərərçəkmiş şəxs övladı X3 və kürəkəni X4 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinin birinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə düzəldəcəyinə söz verib, onun etibarından sui-istifadə etməklə aldadaraq 2021-ci ilin noyabr ayında, dəqiq məlum olmayan tarixlərdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Görüş” kafesində vahid niyyətlə əvvəlcə 9.500 (doqquz min beş yüz) manat, bir neçə gündən sonra isə əlavə olaraq 231 (iki yüz otuz bir) manat olmaqla, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 9.731 (doqquz min yeddi yüz otuz bir) manat məbləğində nəğd pulunu, yəni xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsla Şəmkir şəhərində təsadüfən tanış olmuşdur. Polad ondan oğlunu və kürəkənini müddətdən artıq qulluq edən hərbi qulluqçu kimi işlə təmin etməsinə köməklik istəmişdir. O da kürəkəni və oğlunu hərbi qulluqçu kimi işlə təmin etmək məqsədilə Şəmkir şəhərində yerləşən “Gorüş” kafesində hər biri üçün 5.000 (beş min) manat, yəni cəmi 10.000 (on min) manat pul istəmişdir. 2021-ci ilin noyabr ayında Polad ona cəmi 9.731 (doqquz min yeddi yüz otuz bir) manat, yəni əvvəlcə oğlunu və kürəkənini işə qəbulu üçün 9.500 manat, sonra əlavə olaraq 231 manat pul vermişdir. Amma o, Poladın oğlunu və kürəkənini işə düzəldə bilməmişdir. Həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Poladdan aldığı 9.731 manat pulu 2022-ci ilin yanvar ayında qaytaracağına söz vermiş, amma qaytara bilməmişdir. 2022-ci ilin yanvar ayının 21-də o, Poladla yenidən Şəmkir şəhərində “Görüş” kafesində görüşmüş, Polada onun 9.731 (doqquz min yeddi yüz otuz bir) manat pul borcu olması barədə öz xətti ilə yazılmış kağız vermiş və razılaşmışlar ki, onun hərbidən aldığı təqaüd kartını Polada versin və hər ay həmin kartdan 500 (beş yüz) manat pul çıxarmaqla Polada olan borcunu ödəsin. Polad ona məxsus təqaüd kartından 2 ay, hər ay 500 manat olmaqla, cəmi 1.000 manat pul məxaric etmişdir. Sonra isə o, kartın qabağını bağlatmışdır. Bundan sonra isə qalan 8.731 manat pulu verə bilmədiyi üçün Zərərçəkmiş şəxs onun haqqında Şəmkir RPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmandır. Özü uzun müddət hərbi qulluqçu olmuş, zabit kimi ordu sıralarında hərbi xidmət etmiş, həmçinin oğlu da İİ Qarabağ Müharibəsində iştirak etmişdir. Eləcə də, səhhətində problemlər var və ürək xəstəliyindən əziyyət çəkir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əslən Ağsu rayonundan olan Təqsirləndirilən şəxs qardaşı Nizaminin qonşusu və keçmiş hərbi qulluqçu kimi tanıyır. Təsadüfi görüşlərdən birində Ziyadla aralarında yaranmış münasibətlərdən ona məlum olmuşdur ki, Ziyad onun oğlunu və kürəkənini müddətdən artıq qulluq edən hərbi qulluqçu kimi işlə təmin edə bilər. Kürəkənini və oğlunu hərbi qulluqçu kimi işlə təmin etmək məqsədilə Ziyad ondan Şəmkir şəhərində yerləşən “Görüş” kafesində hər biri üçün 5.000 (beş min) manat olmaqla, cəmi 10.000 (on min) manat pul istəmişdir. 2021-ci ilin noyabr ayında o, Ziyada cəmi 9.731 (doqquz min yeddi yüz otuz bir) manat, yəni əvvəlcə oğlunun və kürəkəninin işə qəbulu üçün 9.500, sonra əlavə olaraq 231 manat pul vermişdir. Amma Ziyadın ona verdiyi sözü, sövdələşmələri baş tutmamış, oğlunu və kürəkənini hərbi qulluğa işə düzəldə bilməmişdir. Ziyad ondan aldığı 9.731 manat pulu 2022-ci ilin yanvar ayında qaytaracağına söz vermiş, amma qaytara bilməmiş, o da Ziyada bir qədər vaxt vermişdir. 2022-ci ilin yanvar ayının 1-də o, ailə üzvləri ilə məsləhətləşdikdən sonra belə qərara gəlmişlər ki, pulu Ziyada kimsənin yanında verməmiş, hər hansı şəkildə aralarında müqavilə, sənədləşmə olmamış, hesabına köçürməmişdir. Ona Ziyadın əli ilə yazılmış sənəd lazım olacaq, yoxsa o, gələcəkdə Ziyada bu qədər pulu verdiyini sübut edə bilməyəcəkdir. 2022-ci ilin yanvar ayının 21-də o, Ziyadla yenidən Şəmkir şəhərində “Görüş” kafesində görüşmüş, Ziyaddan ona 9.731 (doqquz min yeddi yüz otuz bir) manat pul borcu olması barədə Ziyadin öz əli ilə yazılmış kağız almış, elə oradaca belə razılaşmışlar kı, Ziyad ona hərbidən aldığı təqaüd kartını ona öz razılığı ilə verir və o, hər ay həmin kartdan 500 (beş yüz) manat pul çıxarmaqla Ziyadın ona olan borcundan çıxır və Ziyad ona olan borcunu ödəyib qurtarır. Ziyadın kartından 2022-ci ilin may və iyun aylarında hər ay 500 manat olmaqla, cəmi 1.000 manat pulu həyat yoldaşı Nazilə çəkmiş, iyul ayında kartı həyat yoldaşı Nazilə bankomata salanda kartın bloklanmasını görmüşdür. Ziyada zəng vurmuşdur ki, kartla bağlı vəziyyəti izah edsin, telefonu bağlı olduğuna görə o, Ziyadın arvadı ilə danışa bilmiş, arvadı Ziyadın Bakı şəhərində olduğunu dilə gətirmiş, o kartın fəaliyyətsizləşdirildiyni ifadə etmiş, kartın Ziyadın deyil, yalandan qardaşının fəaliyyətsizləşdirdiyini demişdir. Bundan sonra Ziyadın pulu qaytarmadığını görmüş və barəsində polisə şikayət etmişdir. Lakin hadisədən sonra Ziyad ona dəymiş ziyanı tamamilə ödəmiş, o da sonuncunu bağışlayaraq barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid Firuddin qızı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs isə tanıyır, onunla aralarında düşmənçilik və ədavətləri yoxdur. Təqsirləndirilən şəxs keçmiş hərbiçidir. 2021-ci ildə həyat yoldaşı Zərərçəkmiş şəxs oğlu Pərvin və kürəkənləri Rövşəni hərbiyə düzəltməyə qərara gəlmiş, bu səbəbdənə Təqsirləndirilən şəxs ilkin olaraq 9.500 manat, sonra isə əlavə 231 manat pul vermişdir. İşi düzəldə bilmədiyi üçün həyat yoldaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onlara borcu olması barədə əl yazısı ilə kağız yazdırmış və Təqsirləndirilən şəxs söz vermişdir ki, pulu 2022-ci ilin fevral ayında tam şəkildə ödəyəcəkdir. Pulu ödəyə bilmədiyi üçün Təqsirləndirilən şəxs onlara təqaüd kartını vermişdir. O, təxminən 2 ay müddətində Təqsirləndirilən şəxs məxsus plastik kartdan hər ay 500 manat olmaqla, cəmi 1.000 manat pul məxaric etmişdir. Sonra isə Təqsirləndirilən şəxs qeyd olunan plastik kartı bağladaraq deaktiv etmişdir. Bundan sonra həyat yoldaşı onun haqqında Şəmkir RPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2023– cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan 3 nömrəli Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021– ci il tarixli 1(076)–69/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1992–2001–ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətə başlamış, müvafiq komissiya tərəfindən mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin adlı siyahısında 1834–cü sıradadır. Cinayət işinin materiallarında olan ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “ürək çatmamazlığı” diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Ç.Abdullayev adına Elmi–X1 Çıxarışından görünür ki, Təqsirləndirilən şəxs “ Dilafron kardoloji qulaqcıqların titrəməsi, xroniki ürək çatmamazlığı” diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirib dələduzluq cinayət əməlini törətmişdir. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM– in 178.2.4–cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 178.2.4–cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4– cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui–istifadə etmə və ya aldatma yolu ilə talamaqda ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, eləcə də, özünün hərbi qulluqçu olmasını, uzun müddət ordu sıralarında zabit kimi hərbi xidmət etməsini, oğlunun İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını, səhhətində problemləri olmasını və hazırda ürək xəstəliyindən əziyyət çəkməsini həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı ağırlaşdırılan halların olmaması və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.2.4–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin cərimə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 23 noyabr 2023–cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Şəmkir RPŞ–nin MSY–dən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddət 2 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4–cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4.000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM–in 69.4–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 noyabr 2023–cü il tarixdən 23 noyabr 2023–cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınmaqla, ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində 3.800 (üç min səkkiz yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının icrası yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar