Məhkəmə qərarları › İş №1(076)-117/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-117/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-117/2024 11.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçiləri–Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə 23 avqust 1996–cı il tarixdə Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.1, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar və xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş, həmçinin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 10 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində ictimai yer hesab edilən Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndinin mərkəzində yerləşən “OBA” marketin qarşısında 0,8 promil alkoqol sərxoşluğu vəziyyətində həmin kənd sakini X3 ilə heç bir əsaslı səbəb olmadan sözlə mübahisə edərək, küçədə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, küçədə olan şəxslərin 10-15 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli xuliqanlıq hərəkətləri etməklə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan metal materialdan olan kəsici alət-rezaqla qəsdən Zərərçəkmiş şəxs2 sol qolundan vuraraq ona, sol saidin orta üçdə birinin arxa səthinin kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, həmin vaxt ictimai borcunu yerinə yetirməklə onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan Şəmkir rayonu, Dəllər- Daşbulaq kəndində yaşayan Zərərçəkmiş şəxs1 onu nizam-intizama dəvət etməsindən hiddətlənərək özünün qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib üzərində daşıdığı istintaqa məlum olmayan metal materialdan olan kəsici alətrezaqla xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 üzünün sol nahiyəsindən zərbə ilə qəsdən vuraraq ona, həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sol üz sinirinin travmatik zədələnməsi ilə müşayiət olunan sol qulaq seyvanının ön səthinin, sol gicgah nahiyəsinin və sol yanağın kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır xəsarət yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmçinin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və X3 hər ikisi onun həmkəndliləridir. Onlarla münasibəti həmişə yaxşı olmuşdur. 10 dekabr 2023-cü il tarixdə, saat 13 radələrində yaşadıqları Şəmkir rayonu, Dəllər- Daşbulaq kəndinin mərkəzində yerləşən Şahin adlı şəxsə məxsus çayxanada həmkəndliləri Aşot və Arıq ləqəbli Samir adlı şəxslər ilə müxtəlif növ spirtli içkilər qəbul edərək, sərxoş olmuşdur. Daha sonra həmin tarixdə, saat 21 radələrində Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndinin mərkəzində yerləşən çayxanın və “OBA” marketin qarşısında digər həmkəndlisi Rauf adlı şəxs ilə yenidən spirtli içikilər qəbul etmişdir. Həmin vaxt o, sərxoş vəziyyətə düşdüyü üçün metal materialdan olan kəsici alət rezaqla həmkəndlisi Şahin adlı şəxsin üz nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. O, sərxoş olması səbəbilə adlarını dəqiq xatırlamadığı kənd sakinlərinin hadisə yerinə toplaşarkən, əlində olan metal materialdan ibarət kəsici alət rezaqla digər həmkəndlisi Rauf adlı şəxsin sol qol nahiyəsinə xəsarət yetirmişdir. Daha sonra o, sərxoş vəziyyətdə yaşadıqları evə getmişdir. O, yaşadıqları evə çatdıqdan 10-15 dəqiqə sonra polis əməkdaşları onun yaşadığı ünvana gələrək, ona həmkənliləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 kəsici alət olan rezaqla xəsarət yetirməyini bildirərək, onu Şəmkir Rayon Polis Şöbəsinə gətirmişlər. O, sərxoş olduğundan etdiyi hərəkətlərin iqtidarında olmayaraq həmkəndliləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xəsarət yetirmişdir. Həmin vaxt sərxoş olduğu üçün hadisə yerinə toplaşan şəxslərin kim olmalarını, rezaqı (kağız kəsən) haradan əldə etməsini və hadisədən sonra həmin kəsici alət olan rezaqı (kağız kəsən) hara qoyduğunu xatırlamır. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmiş, onlarla barışmışdır və onları ondan heç bir şikayət və tələbi yoxdur. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Özü İİ Qarabağ müharbə iştirakçısı olmaqla müharibə veteranıdır. Müharibədən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə tərtif edilmişdir. Odur ki, ifadəsində göstərdiyi halları nəzəra alaraq, məhkəmədən ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və X3 hər ikisi onun həmkəndliləridir. Onlarla münasibəti həmişə yaxşı olmuşdur. 10 dekabr 2023-cü il tarixdə, saat 22 radələrində yaşadıqları Şəmkir rayonu, Dəllər- Daşbulaq kəndinin mərkəzində yerləşən “OBA” marketin qarşısında həmkəndlisi Təqsirləndirilən şəxs ilə görüşən zaman o, Təqsirləndirilən şəxs spirtli içkilərdən içərərk sərxoş vəziyyətə olmasını və digər həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə mübahisə etməsini görmüşdür. O, Təqsirləndirilən şəxs sərxoş olmasını gördüyü üçün ona mübahisə etmədən yaşadıqları evlərinə getməsini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onunla razılaşıb evlərinə getmək istəyən zaman Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə yenidən mübahisə etməyə başlayarkən, o, onları aralaşdırmaq məqsədi ilə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 aralarına keçən zaman qəfildən Təqsirləndirilən şəxs onun sol sifət nahiyəsindən kəsici alətlə vurmuşdur. Daha sonra o, aldığı xəsarətdən huşunu itirmiş və özündə olmamışdır. Sonra adlarını dəqiq xatırlamadığı həmkəndliləri onu Şəmkir rayon Mərkəzi xəstəxanasına aparmışlar. Dava-dalaş zamanı həmin hadisə yerinə kənd sakinləri toplaşmalarını görmüş, lakin o, həmin vaxt aldığı xəsarətlərin küt ağrılarından həmin hadisə yerinə toplaşmış kənd sakinlərinin adlarını xatırlamır. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, o da sonuncunu bağışlayaraq barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs hər ikisi onun həmkəndliləridir. Onlarla münasibəti həmişə yaxşı olmuşdur. 10 dekabr 2023-cü il tarixdə, saat 22 radələrində yaşadıqları Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndinin mərkəzində yerləşən “OBA” marketin qarşısına gəlmişdir. Həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə adlarını xatırlamadığı kənd sakinləri ilə sözlə mübahisə etdiyini görmüşdür. O, özüdə spirtli içkilərdən qəbul etdiyi üçün sərxoş olmuşdur. O, Təqsirləndirilən şəxs yaxınlaşıb ona sərxoş olmasını bildirərək, onu yaşadıqları evlərinə aparmaq istəmişdir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə kəsici alətlə onun sol qol nahiyəsindən vurmuşdur. Təqsirləndirilən şəxs onu vurduqdan sonra o, dərhal hadisə yerindən getmişdir. O, sərxoş olduğu üçün Təqsirləndirilən şəxs ona xəsarət yetirməsini hadisədən 3-5 dəqiqə sonra hiss etmişdir. Daha sonra qol nahiyəsində ağrılar olduğunu görən zaman adını xatırlamadığı həmkəndlisi ilə Şəmkir rayon Mərkəzi xəstəxanasına gəlmişdir. Şəmkir rayon Mərkəzi xəstəxanasına gəldikdən sonra orada olan kənd sakinlərindən eşitmişdir ki, Təqsirləndirilən şəxs sonra digər həmkəndlisi Zərərçəkmiş şəxs1 üz nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ona və Zərərçəkmiş şəxs1 xəsarət yetirib dava-dalaş edən zaman sərxoş olduğu üçün hadisə yerinə toplaşmış kənd sakinlərinin adlarını xatırlamır. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışıq əldə etmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hər üçü onun həmkəndliləridir. 10 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində yaşadıqları Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndinin mərkəzində yerləşən “OBA” marketin qarşısında olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs ilə qarşılaşmışdır. O, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmasını görmüş və uca səslə ünvansız küçə söyüşləri söyməsini eşitmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs kəsici alətlə həmkəndlisi Zərərçəkmiş şəxs1 sol üz və qulaq nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs yaxınlaşıb onun əlində olan kəsici aləti ondan alıb zərərsizləşdirmək istəyən zaman Təqsirləndirilən şəxs əlində olan kəsici aləti digər həmkəndlisi Zərərçəkmiş şəxs2 sol qol nahiyəsindən vuraraq ona da xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə əlində olan kəsici aləti özündən 10-15 metr uzaq məsafəyə ataraq yerə uzanmışdır. Zərərçəkmiş şəxs1 sol üz nahiyəsindən güclü qan axmışdır. Daha sonra adını xatırlamadığı kənd sakini Zərərçəkmiş şəxs1 avtomobilə əyləşdirərək, Şəmkir rayon Mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hər üçü onun həmkəndliləridir. 10 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində yaşadıqları Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndinin mərkəzində yerləşən “OBA” marketin qarşısında olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onun olduğu yerə yaxınlaşmasını görmüşdür. O, Təqsirləndirilən şəxs həmin vaxt uca səslə qışqırmasını görmüşdür. Bu vaxt “OBA” marketin yaxınlığında adlarını xatırlamadığı kənd sakinlərinin yanında Təqsirləndirilən şəxs əlində olan kəsici alətlə Zərərçəkmiş şəxs2 sol qolundan və Zərərçəkmiş şəxs1 isə sol üz və qulaq nahiyyəsindən vuraraq onlara xəsarət yetirmişdir. Daha sonra Təqsirləndirilən şəxs uca səslə onu çağırmışdır. O, da Təqsirləndirilən şəxs əlində olan kəsici alətə və onun sərxoş olmasına görə qorxaraq hadisənin baş verdiyi yerdən uzaqlaşmışdır. Zərərçəkmiş şəxs1 ondan köməklik istəyərək, üzünü yumaq üçün su istəmişdir. O, dərhal “OBA” marketin içərisinə keçib su götürüb Zərərçəkmiş şəxs1 vermişdir. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurması səbəbilə aldığı xəsarətlərin çoxluğundan Zərərçəkmiş şəxs1 üz nahiyəsindən axan qanı dayandırmaq mümkün olmamışdır. Bir qədər sonra sutkanın qaranlıq vaxtı olduğu üçün tanımadığı kənd sakinlərindən biri Zərərçəkmiş şəxs1 Şəmkir rayon Mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hər üçü onun həmkəndliləridir. Yaşadıqları kənddə o, el arasında Aşot ləqəbi ilə tanınır. 10 dekabr 2023-cü il tarixdə, saat 13 radələrində yaşadıqları Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndinin mərkəzində yerləşən çayxanada o, həmkəndliləri Təqsirləndirilən şəxs və Arıq ləqəbli Şahid4 Oktay oğlu ilə spirtli içki qəbul etmişlər. Lakin onun həmin vaxt işi olduğu üçün Təqsirləndirilən şəxs və Şahid4 sağollaşaraq yaşadığı evə getmişdir. Ancaq 11 dekabr 2023-cü il tarixdə, saat 10 radələrində adlarını xatırlamadığı kənd sakinlərindən eşitmişdir ki, Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində sərxoş vəziyyətdə həmkəndliləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əlində olan kəsici alət rezaqla (kağız kəsən) vuraraq onlara müxtəlif dərəcəli xəsarətlər yetirmişdir. 14 dekabr 2023-cü il tarixdə, saat 13 radələrində isə Zərərçəkmiş şəxs2 ilə yaşadıqları kəndin mərkəzində görüşən zaman o, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona və Zərərçəkmiş şəxs1 kəsici alət olan rezaqla (kağız kəsən) xəsarət yetirməsinin səbəbini soruşan zaman Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs onu və Zərərçəkmiş şəxs1 sərxoş vəziyyətdə əlində olan kəsici alət rezaqla vurmasını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 Oktay oğlu da Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 11 dekabr 2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyi Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndinin mərkəzində yerləşən OBA marketin qarşı tərəfinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan 10 dekabr 2023–cü il tarixli 363 saylı sərxoşluq vəziyyətinin müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs1 alkoqol sərxoşluğu olmamışdır. Cinayət işinin materiallarında olan 10 dekabr 2023–cü il tarixli 364 saylı sərxoşluq vəziyyətinin müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs2 0,9 pro milli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 10 dekabr 2023–cü il tarixli 364 saylı sərxoşluq vəziyyətinin müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs 0,8 pro milli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin 12 dekabr 2023-cü il tarixli, 1455 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni səthində aşkar edilmiş xəsarətlər – sol üz sinirinin travmatik zədələnməsi ilə müşayət olunan sol qulaq seyvanının ön səthinin, sol gicgah nahiyəsinin və sol yanağın kəsilmiş yarası İTİ kənarlı əşya ilə ola bilsin ki, kəsici alət rezakla yetirilmişdir, yetirilmə müddəti 10 dekabr 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığıa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 12 dekabr 2023-cü il tarixli, 1456 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər – sol saidin orta üçdə birinin arxa səthinin kəsilmiş yarası İTİ kənarlı əşya ilə ola bilsin ki, kəsici alət rezakla yetirilmişdir, yetirilmə müddətləri 10 dekabr 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 02 fevral 2024-cü il tarixli, 16/164 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs2 götürülmüş gödəkçənin səthində olan 01 ədəd zədə və Zərərçəkmiş şəxs1 götürülmüş poluverin səthində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşik xassəyə malik olan predmetin (o, cümlədən, bıçağın (rezaqın) və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində soldan sağa doğru istiqamətlənərək yaranmağa xarakterik kəsilmə zədələridir. Təqdim olunan Zərərçəkmiş şəxs1 götürülmüş gödəkçənin, köynəyin və maykanın üzərində mexaniki zədə aşkar edilmədi. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və PA ETT birliyinin 12 dekabr 2023-cü il tarixli 1455 və 1456 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş paltarın səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, Zərərçəkmiş şəxs1 bədənində yerləşən “sol üz sinirinin travmatik zədələnməsi ilə müşayət olunan sol qulaq seyvanın ön səthinin, sol gicgah nahiyəsinin və sol yanağın kəsilmiş yarası” və “sol saidin orta üçdə birinin arxa səthinin kəsilmiş yarası” xəsarətləri ilə uyğun olaraq Zərərçəkmiş şəxs1 götürülmüş poluverin səthində olan 01 ədəd zədə və Zərərçəkmiş şəxs2 götürülmüş gödəkçənin səthində olan 01 ədəd zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarətlər üst-üstə düşür. Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 11 yanvar 2024-cü il tarixli, 11 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin ölçüb-biçmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Dəllər-Daşbulaq kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqdan notarial qaydada yazılmış ərizələrdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilmiş, onlar təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığının məktubundan görünür ki, Təqsirləndirilən şəxs xidmət müddətində nümunəvi xidmət etdiyinə görə komandanlıq tərəfindən onun ailəsinə təşəkkür məktubu göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığından verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət müddətində hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş M/V 113732 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müddətsiz müharibə veteranı vəsiqəsi verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-5998 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2716 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-45561 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini və onlarla barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla müharibə veteranı olmasını, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə tərtif edilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.2.2, 127.2.3 və 221.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulan hədlərdə, hər bir cinayətə görə ayrılıqda azadlıqdan məhrum etmə cəzası təyin olunmasını, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, habelə İİ Qarabağ müharbə iştirakçısı olmaqla hazırda müharibə veteranı olmasını, müharibə dövründə göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə tərtif edilməsini nəzərə alaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra əməlinin ictimai təhlükəli xarakterini dərk edərək, zərəçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş, onlarla razılıq əldə etmiş, törətdiyi əmələ görə peşman olduğunu bildirmiş, bununla da o, əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirmişdir. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra öz hərəkətləri ilə islah olunduğunu sübut etmişdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışdır və o, hazırda təyin edilmiş cəzasını real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə qanunun yuxarıda qeyd olunan göstərişinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olan poluver və Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olan gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra sahiblərinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 31.50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. İş üzrə mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.3-cü maddələri nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 31,50 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olan poluver və Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olan gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra sahiblərinə qaytarılsın. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar