Məhkəmə qərarları › İş №1(076)-129/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-129/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-129/2025 20.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəmkir Rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1961-cı il tarixdə Çəmbərək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Şəmkir rayonu Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin rəisi vəzifəsində içləyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayon, Dəllər qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Şəmkir rayonu Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin rəisi vəzifəsində işlədiyi 06 sentyabr 2019-cu il tarixdən hazırki dövrədək vəzifəli şəxs olmaqla müəssisənin balansında olan mənzil fondunun düzgün texniki istismarını və təmirini təmin etmək vəzifəsinə əsasən «Qaz təchizatı. Layihələndirmə normaları»nın (AzDTN 2.13-1) “Əlavə 5. Yanma məhsullarının kənarlaşdırılması” başlığının 12-ci bəndinin tələblərinə uyğun olaraq ünvan 2 ünvanında yerləşən və Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin balansında olan yaşayış binasının tüstü bacasının yoxlanılaraq müvafiq tədbirlərin görülməsini təmin etməli və «Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası»nın 3.1, 3.2 bəndlərinin tələblərinə əsasən, yaşayış binasında ildə bir dəfə müayinənin keçirilərək mövcud nöqsanları aşkar etməli olduğu halda həmin tələblərə əməl etməyib üzərinə düşən xidməti vəzifələrini yerinə yetirməmiş, 09 aprel 2024-cü il tarixdə, saat 10 radələrində ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşamış, xx.xx.1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs həmin ikimərtəbəli binanın damında Şahid3 evinə gedən su borularını təmir edərkən yaşayış binasının tüstü bacasının üzərinin bağlanması, binanın mənzillərindən tüstü bacasına birləşdirilmiş qaz cihazlarının istifadəsi zamanı yaranan yanma məhsullarının binanın damına dolması nəticəsində Zərərçəkmiş şəxs orqanizminə tənəffüs yolları vasitəsi ilə daxil olan dəm qazından zəhərlənməsi nəticəsində hadisə yerində ölmüş, beləliklə də Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla işinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ilə əlaqədar fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm ziyan vurulmasına, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla səhlənkarlıq cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 2005-ci il tarixdən faktiki olaraq tutduğu vəzifədə, yəni Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin rəisi olaraq çalışır. İstismar müəssisəsinin rəisi olaraq onun əsas vəzifəsi müəssisənin balansında olan mənzillərin illik kirayəsinin toplanması, həmin pulların təyinatı üzrə toplanması və sakinlərə aidiyyəti üzrə arayışların verilməsindən ibarətdir. Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin balansında 14 ədəd ümumi yaşayış binası və 110 ədəd fərdi yaşayış evi vardır. Həmin ümumi yaşayış binalarında ümumillikdə 327 mənzil vardır. Həmin evlərin təxminən 25 ədədi xüsusi mülkiyyətə keçmişdir. Onun vəzifəsi həmin evlərin fasadına və ümumi vəziyyətinə nəzarət etməkdir. Həmin mənzillərdə və fərdi yaşayış evlərində qaz, su, işıq və kanalizasiya xəttinə nəzarət etmək onun səlahiyyəti deyildir. 09 aprel 2024-cü il tarixdə baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, hadisə baş verən günü o, xidməti otağında olmuşdur. Saat 10 radələrində qaz idarəsinin işçisi ona zəng edərək xidməti ərazisi olan ünvan 2 ünvanında yerləşən yaşayış binasının damında adını sonradan bildiyi Zərərçəkmiş şəxs işləyərkən öldüyünü söyləmişdir. O, dərhal hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda, orada heç kim olmamışdır. Belə ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Zərərçəkmiş şəxs meyitini binanın damından düşürüb Təcili tibbi yardım xidmətinin avtomobilinə mindirib morqa aparmışlar. Hadisə baş verən yaşayış binası 1969cu il tarixdə inşa edilmişdir. Şəmkir şəhəri, Zaur Abbasov küçəsində sözügedən yaşayış binasının yanında 6 ədəd əlavə yaşayış binası vardır ki, həmin binalar da Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin balansında olmaqla 1969-cu il tarixdə inşa edilmişdir. Həmin binalar köhnə olduğu üçün əsaslı təmirə ehtiyacı olmuşdur. Buna görə də 2016-cı ilin əvvəllərində Dəllər qəsəbə Mənzil İstismar müəssisəsi olaraq onlar həmin 7 ədəd yaşayış binasının əsaslı təmiri üçün Şəmkir rayon İcra Hakimiyyətinə sifariş vermişlər. Onların sifarişi icra hakimiyyətində qiymətləndirilərək qəbul olunmuşdur. Daha sonra tender keçirilərək podratçı şirkət müəyyənləşdirilmişdir. Belə ki, binaların əsaslı təmirini "xxxx" MMC şirkəti həyata keçirmişdir. Şirkət təxminən 2-3 ay ərzində 7 ədəd binanı əsaslı təmir edərək, yəni binanın dam örtüyünü, fasadını, pəncərələrini, binaya giriş qapılarını və blokları əsaslı təmir etmişlər. 2016-cı ilin aprel ayında 7 ədəd bina, o cümlədən hadisə baş verən 2 saylı binanın təmiri tam başa çatmışdır. Binanı 2 nömrəli aktla Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin baş mühəndisi Şahid1 təhvil almışdır. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2014-2020-ci illərdə Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin baş mühəndisi olaraq çalışmışdır. Baş mühəndis olaraq onun əsas vəzifəsi Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin balansında olan yaşayış binaları və fərdi yaşayış evlərinin texniki vəziyyətinə nəzarət etmək, vətəndaşların istismarla bağlı şikayətlərində göstərdikləri problemləri aradan qaldırmaqdan ibarətdir. Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin balansında 14 ədəd ümumi yaşayış binası və 110 ədəd fərdi yaşayış evi vardır. Həmin ümumi yaşayış binalarında ümumillikdə 327 mənzil mövcuddur. Həmin evlərin təxminən 25 ədədi xüsusi mülkiyyətə keçmişdir. 09 aprel 2024-cü il tarixdə hadisə olan günü, o, evdə olmuşdur. Belə ki, o, 2020-ci ilin dekabr ayından təqaüdə çıxmışdır. Hadisədən bir neçə gün sonra,o, ünvan 2 ünvanında yerləşən yaşayış binasının damında adını sonradan bildiyi Zərərçəkmiş şəxs işləyərkən öldüyünü öyrənmişdir. Hadisə baş verən yaşayış binası 1969-cu il tarixdə inşa edilmişdir. Şəmkir şəhəri, Zaur Abbasov küçəsində sözügedən yaşayış binasının yanında 6 ədəd əlavə yaşayış binası vardır ki, həmin binalar da Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin balansında olmaqla 1969-cu il tarixdə inşa edilmişdir. Həmin binalar köhnə olduğu üçün əsaslı təmirə ehtiyac olmuşdur. Buna görə də 2016-cı ilin əvvəllərində Dəllər qəsəbə Mənzil İstismar müəssisəsi olaraq onlar həmin 7 ədəd yaşayış binasının əsaslı təmiri üçün Şəmkir rayon İcra Hakimiyyətinə sifariş vermişlər. Onların sifarişi icra hakimiyyətində qiymətləndirilərək qəbul olunmuşdur. Daha sonra tender keçirilərək podratçı şirkət müəyyənləşdirilmişdir. Belə ki, binaların əsaslı təmirini "xxxx" MMC şirkəti həyata keçirməli olmuşdur. Təmirə ümumi rəhbərliyi Şəmkir rayon İcra Hakimiyyəti nəzarət etmişdir. Şirkət təxminən 2-3 ay ərzində 7 ədəd binanı əsaslı təmir edərək, yəni binanın dam örtüyünü, fasadını, pəncərələrini, binaya giriş qapılarını və blokları əsaslı təmir etmişlər. Şirkət binaların dam örtüyünü əsaslı şəkildə dəyişmişdir. 2016-cı ilin aprel ayında 7 ədəd bina, o cümlədən hadisə baş verən 2 saylı binanın təmiri tam başa çatmışdır. Binanı 2 nömrəli aktla Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin rəisi Təqsirləndirilən şəxs birbaşa rəhbərliyi və iştirakı ilə, o, təhvil almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 2015-2020-ci illərdə "xxxx" MMC şirkətində iş icraçısı olaraq çalışmışdır. İcraçı olaraq əsas vəzifəsi şirkətin apardığı təmir işlərində ustaların işinə nəzarət etməkdən ibarət olmuşdur. 09 aprel 2024-cü il tarixdə baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, baş vermiş hadisə ilə bağlı onun xeyli müddət sonra məlumatı olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər tanımamış və heç bir yerdə görməmişdir. 2016-cı ilin əvvəlində Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin balansında olan ünvan 4 ünvanında yerləşən yaşayış binası Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin sifarişi əsasında "xxxx" MMC şirkəti tərəfindən əsaslı təmirə başlanmışdır. Belə ki, şirkət təxminən 2-3 ay ərzində binanı əsaslı təmir edərək, yəni binanın dam örtüyünü, fasadını, pəncərələrini, binaya giriş qapılarını və blokları əsaslı təmir etmişdir. Təmir işləri şirkətlə Dəllər qəsəbə Mənzil İstismar müəssisəsi arasında bağlanmış müqavilə əsasında həyata keçirilmişdir. Şirkətin sözügedən təmir işlərinə şirkətin iş icraçısı olaraq, o, nəzarət etmişdir. Binanın dam örtüyü azbes şiferlə örtülmüşdür. Onlar həmin şiferləri söküb yerinə metal asinkov şiferlə əvəz olunmuşdur. Dam örtüyünə 3 ədəd havalandırma qəfəsləri quraşdırılmışdır. Bundan başqa binanın giriş blokları təmir olunmuş, blokların qapıları dəmir qapılarla əvəz olunmuş, pəncərələr dəyişdirilmiş və binanın fasadı rənglənmişdir. 2016-cı ilin aprel ayında təmir işləri bitdikdən sonra bina Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinə təhvil verilmişdir. Belə ki, bina 2016-cı il tarixli, 2 saylı aktla Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinə təhvil verilmişdir. Həmin akt təhvil verən qismində, o, təhvil alan qismində isə Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin baş mühəndisi Şahid1 tərəfindən imzalanmışdır. Şahid4 ifadəsində bundan başqa onu da göstərmişdir ki, hadisə baş verən Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin balansında olan və ünvan 4 ünvanında yerləşən yaşayış binası Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin sifarişi əsasında "xxxx" MMC şirkəti tərəfindən əsaslı təmir olunaraq dam örtüyü dəyişdirilmiş və dam örtüyünə 3 ədəd havalandırma qəfəsi quraşdırılmışdır. Həmin havalandırma qəfəslərinin təmizliyinə nəzarət etmək Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin vəzifəsidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən 4 il müddətdir ki, tanıyır. Belə ki, o, Şəmkir şəhəri, Kraz Yolunda yerləşən “Alqış” kafesində qabyuyan işləyir. Zərərçəkmiş şəxs isə orada bağban kimi çalışmışdır. O, əri və övladlarını olmadığı üçün tək yaşayır. Buna görə də evin bəzi təmir işlərini görə bilməmişdir. Onun yaşadığı mənzilin hamam otağının tavanından su axmışdır. O, binanın damında olan su çənlərinin borularından su sızdığını başa düşmüşdür. Lakin o, özü dama çıxıb borunu düzəldə bilməmişdir. Belə olan halda o, mərhum Zərərçəkmiş şəxs su sızan yeri düzəltməsini xahiş etmişdir. Azər də razılaşmışdır. 2024-cü ilin fevral ayının sonlarında Azər onun yaşadığı evə gəlmişdir. Azər tikinti mağazasından şlanq da almışdır. Azər 20 manat müqabilində boruları düzəldə biləcəyini söyləmişdir. O da razılaşmışdır. Azər dama çıxıb təxminən 15-20 dəqiqə işlədikdən sonra çənin borularını yeniləmişdir. Azər boruları düzəltdikdən sonra su sızması kəsilmişdir. 09 aprel 2024-cü il tarixdə, saat 09:45 radələrində Azər yenidən onun yaşadığı evə gələrək su çəninin borularını müvəqqəti olaraq düzəltdiyini və yenidən çıxıb tam olaraq düzəltməli olduğunu demişdir. O, Azərə daha suyun sızmadığını, buna görə də təkrar düzəltməsinə ehtiyac olmadığını söyləmişdir. Lakin, Azər razılaşmamış və yenidən binanın damına çıxmışdır. O da Azərin arxasınca gedib dama qalxan dəmir pilləkənin yanında dayanmışdır. Təxminən 15 dəqiqə keçdikdən sonra o, Azəri səsləməyə başlamışdır. Lakin Azər onun çağırışına səs verməmişdir. Belə olan halda o, narahat olduğu üçün Təcili tibbi yardım xidmətinə zəng etmişdir. Təxminən 10 dəqiqə sonra Təcili tibbi yardım xidmətinin əməkdaşları gələrək dama çıxmış və Azərin ürəyinin dayanaraq öldüyünü söyləmişlər. Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlmişdir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Zərərçəkmiş şəxs meyitini binanın damından düşürüb Təcili tibbi yardım xidmətinin avtomobilinə mindirib morqa aparmışlar. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə hadisə yerini müayinə edib getmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2008-ci il tarixdən bu sahədə və faktiki olaraq tutduğu vəzifədə, yəni “Azəriqaz” İB, Şəmkir RQİİ Şəmkir rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində qaz təsərrüfatının nəzarətçisi olaraq çalışır. Nəzarətçi olaraq onun əsas vəzifəsi xidməti ərazisi üzrə sayğaclara nəzarət edilməsi, abonentlərin aylıq sərfiyyatları üzrə borcların bildirişlərinin paylanması və sayğaclara edilmiş müdaxilələri aşkar edib qarşısının alınmasından ibarətdir. O, 09 aprel 2024-cü il tarixdə baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, hadisə olan günü o, xidməti ərazisində bildiriş paylamışdır. Saat 10 radələrində iş yoldaşı ona zəng edərək xidməti ərazisi olan ünvan 2 ünvanında yerləşən yaşayış binasının damında adını sonradan bildiyi Zərərçəkmiş şəxs işləyərkən öldüyünü söyləmişdir. O, dərhal hadisə yerinə getmişdir. O, hadisə yerinə çatdıqda, xeyli sayda polis əməkdaşları və insanların toplaşdığını görmüşdür. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Zərərçəkmiş şəxs meyitini binanın damından düşürüb Təcili tibbi yardım xidmətinin avtomobilinə mindirib morqa aparmışlar. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə hadisə yerini müayinə edib getmişlər. Hadisə baş verən ünvan 2 ünvanında yerləşən yaşayış binasında olan abonentlərin sayğaclarına nəzarət etmək onun vəzifə borcu olmasına baxmayaraq, binanın damında olan tüstü bacalarına və vintilizasiyasına nəzarət etmək onun vəzifə təlimatına aid deyildir. Yaşayış binalarının damında olan tüstü bacalarına və vintilizasiyasına nəzarət etmək mənzil kommunal idarəsinin səlahiyyətinə aiddir. Belə ki, yaşayış binasının üzəri dəmir şiferlə örtüldüyündən sahə nəzarətçisi olaraq o, müdaxilə edə bilmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 27 iyun 2024-cü il tarixli 3-16-16/2-10/3488 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasının tüstü bacasının üzərinin bağlanması, binanın mənzillərindən tüstü bacasına birləşdirilmiş qaz cihazlarının istifadəsi zamanı yaranan yanma məhsullarının binanın damına dolmasına gətirib çıxarmışdır ki, həmin hal hadisənin baş verməsinin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «Qaz təchizatı. Layihələndirmə normaları»nın (AzDTN 2.13-1) “Əlavə 5. Yanma məhsullarının kənarlaşdırılması” başlığının 12-ci bəndinin və «Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası»nı 3.1, 3.2 bəndlərinin tələbləri pozulmuşdur. ünvan 2 ünvanında yerləşən yaşayış binasının tüstü bacasının yoxlanılaraq müvafiq tədbirlərin görülməsi təmin edilmədiyinə görə, «Qaz təchizatı. Layihələndirmə normaları»nın (AzDTN 2.13-1) “Əlavə 5. Yanma məhsullarının kənarlaşdırılması” başlığının 12-ci bəndinin tələbləri binanı istismar edən təşkilatın vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaş(lar)ı tərəfindən pozulmuşdur. Hadisə baş vermiş yaşayış binasında ildə bir dəfə müayinənin keçirilərək mövcud nöqsanların aşkar edilməsi təmin edilmədiyinə görə, «Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası»nın 3.1, 3.2 bəndlərinin tələbləri qaz paylayıcısının vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaş(lar)ı tərəfindən pozulmuşdur. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda mərhum Zərərçəkmiş şəxs özü tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. (səh. 75-80) Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının 09 aprel 2024-cü il, 16 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb dəm qazı ilə zəhərlənmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, Zərərçəkmiş şəxs ölümü meyitin meyitxanada müayinəyə başlanmasından 1-2 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs orqanizminə dəm qazı tənəffüs yolları vasitəsi ilə daxil olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində karboksihemoqlobindən başqa, digər hər hansı bir zəhərləyici maddə aşkar edilməmişdir. (səh. 47-51) İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 09 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şəmkir şəhərinin mərkəzindən 25 kilometrlik məsafədə, ünvan 2 ünvanında yerləşən yaşayış binasının damıdır. İş materiallarına əlavə edilmiş meyitə baxış keçirilməsi haqqında 09 aprel 2024-cü il tarixli protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon icra hakimiyyəti başçısının 06 sentyabr 2019-cu il tarixli, 398 nömrəli sərəncamından görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2019-cu il tarixdən hazırkı dövrədək Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin rəisi vəzifəsində çalışır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon icra hakimiyyəti başçısının aparatının 20 dekabr 2024-cü il tarixli, 5-76/2-9-29-135/2024 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hal-hazıradək Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin rəisi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs işlədiyi müddətdə əmək və icra intizamına riayət etmiş, vəzifə öhdəliklərini layiqincə yerinə yetirmişdir. İş materiallarına əlavə edilmiş “Yerinə yetirilmiş təmir işlərinin qəbulu aktı”nın surətindən görünür ki, 2016-cı ilin aprel ayında ünvan 2 ünvanında yerləşən yaşayış binası təmir olunduqdan sonra Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin baş mühəndisi Şahid1 tərəfindən "xxxx" MMC şirkətində iş icraçısı Şahid4 təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən təsdiq edilmiş Şəmkir rayonu, Dəllər qəsəbəsi Təsərrüfat hesablı Mənzil Kommunal Təsərrüfatı təmiri İstehsalat istismar sahəsinin nizamnaməsinin surətindən görünür ki, müəssisənin mənzil fondunun düzgün texniki istismarını və təmirini təmin etmək kimi əsas vəzifələri vardır. İş materiallarına əlavə edilmiş “Mənzil İstismar Müəssisəsinin rəisinin vəzifə təlimatı”dan görünür ki, rəisin Mənzil İstismar Müəssisəsinin bütün fəaliyyətlərinə rəhbərlik etmək və müəssisənin effektiv işləməsini təmin etmək və mənzil kompleksi və ya binaların texniki və estetik vəziyyətinin yaxşılaşdırılmasına dair tədbirlər görmək kimi vəzifələri vardır. Cinayət materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2024–cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisəsini törətməməsi, yəni sonuncunu hadisə ilə bağlı özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən ekspertizanın rəyləri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin rəisi vəzifəsində işlədiyi vəzifəli şəxs olmaqla işinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ilə əlaqədar fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm ziyan vurulmasına, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla səhlənkarlıq etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin rəisi vəzifəsində işlədiyi 06 sentyabr 2019-cu il tarixdən hazırki dövrədək vəzifəli şəxs olmaqla müəssisənin balansında olan mənzil fondunun düzgün texniki istismarını və təmirini təmin etmək vəzifəsinə əsasən «Qaz təchizatı. Layihələndirmə normaları»nın (AzDTN 2.13-1) “Əlavə 5. Yanma məhsullarının kənarlaşdırılması” başlığının 12-ci bəndinin tələblərinə uyğun olaraq ünvan 2 ünvanında yerləşən və Dəllər qəsəbə Mənzil İstismar müəssisəsinin balansında olan yaşayış binasının tüstü bacasının yoxlanılaraq müvafiq tədbirlərin görülməsini təmin etməli və «Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası»nın 3.1, 3.2 bəndlərinin tələblərinə əsasən, yaşayış binasında ildə bir dəfə müayinənin keçirilərək mövcud nöqsanları aşkar etməli olduğu halda həmin tələblərə əməl etməyib üzərinə düşən xidməti vəzifələrini yerinə yetirməmiş, 09 aprel 2024-cü il tarixdə, saat 10 radələrində ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşamış, xx.xx.1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs həmin ikimərtəbəli binanın damında Şahid3 evinə gedən su borularını təmir edərkən yaşayış binasının tüstü bacasının üzərinin bağlanması, binanın mənzillərindən tüstü bacasına birləşdirilmiş qaz cihazlarının istifadəsi zamanı yaranan yanma məhsullarının binanın damına dolması nəticəsində Zərərçəkmiş şəxs orqanizminə tənəffüs yolları vasitəsi ilə daxil olan dəm qazından zəhərlənməsi nəticəsində hadisə yerində ölmüş, beləliklə də Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla işinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ilə əlaqədar fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm ziyan vurulmasına, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla səhlənkarlıq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 314.2–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən ilk dəfə az ağır cinayət törətməsini və iş yeri üzrə müsbət xarakteriza olunmasını, ehtiyatsızlıqdan cinayət törətməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli qulluq mənafeyi əleyhinə olmaqla, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 23-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə bir-birindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir. Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək dövlət və yerli özünüidarəetmə orqanlarında, o cümlədən özəl hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı(CPM-198.1.), ekspertiza tədqiqatının dəyəri 100 ( bir yüz ) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 18 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinsin və CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən özəl hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Cəzasın əvvəli məntəqə tipli cəzaçəkmə müəssisələrində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən özəl hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 18 saat hüquqi yardıma görə 138 (bir yüz otuz səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar