Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-130/2025 28.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991–ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Sabirabad Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 1(056)-126/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancından 20 faiz pul dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 244.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında ,açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə və saxlama məqsədilə X3 məxsus, şifahi razılaşma ilə icarə əsasında işlətdiyi Şəmkir şəhəri, Krazyolu yaşayış massivində yerləşən “Cəfərqulunun kafesi” adlı ictimai iaişə obyektinin hamam otağını zəruri məişət əşyaları və yataq dəsti ilə təchiz edərək, 16 avqust 2024-cü il tarixdə 10 manat məbləğində pulun müqabilində Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində yaşayan Şahid1 ilə Şəmkir rayonu, Əliyaqublu kəndində yaşayan Şahid2 cinsi əlaqədə olmaları üçün həmin hamam otağını onların istifadəsinə verməklə, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə və saxlama cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 2007-ci ildə ailə həyatı qurmuşdur. 2 azyaşlı övladı var. 2023-cü il Sabırabad rayonunda yerləşən Elçin adlı şəxsə məxsus kafeni icarəyə götürüb işlətmişdir. Həmin kafede ondan başqa 2 nəfər adını xatırlamadığı xanımda işləmişdir. O, həmin kafedə əxlaqsız yuva təşkil edərək qazanc əldə etmişdir. Əxlaqsız yuva təşkil etdiyi üçün DİN-nin İnsan alverinə qarşı mübarizə idarəsinin əməkdaşlarının keçirtdiyi tədbir nəticəsində barəsində cinayət işi başlanılmış və həmin cinayət işi Sabirabad rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərarı ilə barəsində islah işləri cəzası tətbiq edilmişdir. 2024-cü ilin iyul ayında o, işləmək üçün Şəmkir rayonuna gəlmişdir. Gəldikdən sonra o, Gülbənizlə tanış olmuşdur. Sonra isə o, Şəmkir rayonu Kraz yolunda yerləşən “Cəfərqulu” kimi tanıdığı kafeni Mehman adlı şəxsdən şifahı razılıq əsasında icarəyə götürmüşdür. Kafedə o, həmdə ofsiant kimi işləmişdir. 16 avqust 2024-cü il tarixdə sonradan adını bildiyi Yaşar adlı şəxs kafeyə yeyib içməyə gəlmişdir. Yaşar gəldikdən sonra təxminən 5-10 dəqiqədən sonra tanıdığı Gülbənizdə kafeyə gəlmişdir. O, Yaşarın əyləşdiyi stola əyləşib yeyib içməyə başlamışlar. Gülbəniz ona yaxınlaşaraq bildirmiş ki, Yaşar onunla görüşmək isdəyir. O, da ona bildirmiş ki, kafedə otaq yoxdu. Oda ona bildirmiş ki, hamamda onunla görüşə bilər və Yaşardan aldığı puldan 10 manat ona verəcəyini bildirmişdir. O, da Gülbənizlə razılaşmışdır. Gülbəniz Yaşarla hamam otağında cinsi əlaqədə olduqdan sonra aldığı puldan 10 manat ona vermişdir. Pulu ona verdikdən sonra Yaşar kafeni tərk edib çıxıb getmişdir. Gülbəniz isə kafedə qalmış və təxminən 15-20 dəqiqədən sonra isə çıxıb getmişdir. Sonra isə Yaşar kafedə pulunu itirdiyini bildirdikdən sonra onun etdiyi əməldən Şəmkir RPŞ-nin əməkdaşlarının məlumatı olmuşdur. Şifahı razılıq əsasında işlətdiyi kafeni 2024-cü ilin avqust ayında Mehman adlı şəxsdən icarəyə götürmüşdür. O, şifahı razılıq əsasında işlətdiyi kafedə cinsi əlaqə olmamışdır. O, 16 avqust 2024-cü il tarixdə icarə əsasında işlətdiyi kafedə sonradan adını bildiyi Yaşar və tanışı Gülbənizin cinsi əlaqədə olmasına şərait yaratmışdır. Gülbəniz Yaşarla cinsi əlaqədə olduqdan sonra əldə etdiyi qazancdan ona cinsi əlaqədə olduqları yer üçün 10 manat pul vermişdir. Yaşar adlı şəxsin pulunun itməsi ilə bağlı onun heç bir məlumatı olmamışdır. Hazırda əməlindən peşmandır, ailədə yeganə qazanc gətirən şəxsdir. Himayəsində iki nəfər azlaşlı uşaqları var. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, tanışı Gülbəniz kafeyə o çağırmamış, Gülbəniz özü ona yaxınlaşaraq adını sonradan bildiyi Yaşar adlı şəxsin onunla görüşmək istədiyini bildirmişdir. O da, Gülbənizlə Yaşarın kafenin hamam otağında cinsi əlaqədə olmalarına icazə verib, buna görə Gülbənizdən 10 manat pul almışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu Əliyaqublu kəndində yaşayır. Heç bir yerdə işləmir. Ailəsini dolandırmaq üçün o, pul müqabilində cinsi əlaqədə olur. Təqsirləndirilən şəxs təxminən 2024-cü ilin iyul ayından tanıyır. Tanıdığı müddətdə aralarında düşmənçilik və ədavətləri olmamışdır. 2024-cü ilin avqust ayının 12-də Təqsirləndirilən şəxs Şəmkir rayonu Kraz yolundan yerləşən “ Cəfərqulunun “ kafesi kimi tanınan kafeni şifahi razılıq formasında icarəyə götürüb işlətmişdir. 16 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək bildirmiş ki, kafedə müştəri var cinsi əlaqədə olmaq üçün xanım axtarır. Ona bildirmiş ki, dur gəl kafeyə o, Ayşənin dəvəti ilə qeyd edilən kafeyə getmişdir. Kafeyə daxil olduqdan sonra sonradan adını bildiyi Yaşar adlı şəxsin stolunda əyləşmişdir. Yaşarla yeyib içdikdən sonra sonuncu onunla cinsi əlaqədə olmaq isdədiyini bildirmişdir. O, da Yaşara 40 manat müqabilində cinsi əlaqədə olacağını bildirmişdir. Yaşar onunla razılaşdıqdan sonra o, bu barədə Ayşənə məlumat vermişdir. Ayşəndə onunla razılaşmışdır. Onlar kafenin hamam hissəsinə keçib 1 (bir) dəfə qoruyucu ilə cinsi əlaqədə olmuşlar. Cinsi əlaqədə olduqdan sonra Yaşar ona 40 manat pul vermişdir. Pulu verdikdən sonra Yaşar kafeni tərk edib getmişdir. O, da Yaşardan aldığı 40 manat puldan 10 manatını Ayşənə vermişdir. Sonra isə Yaşar kafedə pulunu itirdiyi barədə DİN-nin 102 xidmətinə zəng etdikdən sonra o, Yaşarla Ayşənin icarə əsasında işlətdiyi kafedə cinsi əlaqədə olmağını etiraf etmişdir. Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi kafedə 1 dəfə pul müqabilində cinsi əlaqədə olmuşdur. Əldə etdiyi gəlirdən 10 manat pulunu Təqsirləndirilən şəxs vermişdir. O axırıncı dəfə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi kafedə Yaşar adlı şəxslə cinsi əlaqədə olmuşdur. Yaşardan aldığı 40 manat puldan 10 manatını Ayşənə vermişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16 avqust 2024-cü il tarixdə axsam saatlarında Şəmkir rayonu Krazyolu massivində yerləşən “Cəfərqulunun“ kafesi kimi tanıdığı yeməkxanaya getmişdir. Kafedə əyləşib yeyib içməyə başlamışdır. Kafeni işlədən sonradan adını bildiyi Ayşənə və kafedə olan digər bir qadına bildirmişdir ki, o cinsi əlaqədə olmaq istəyir. Onlar isə ona 5-10 dəqiqə gözləməyini bildirmişdir. Təxminən 10 dəqiqədən sonra Ayşən onun yanına gələrək cinsi əlaqədə olmaq üçün xanım təşkil edəcəyini bildirmişdir. Təxminən 20-25 dəqiqədən sonra adını sonradan bildiyi Gülbəniz kafeyə daxil olmuş və onun stoluna əyləşmişdir. Onlar birlikdə spirtli içki qəbul etməyə başlamışlar. Söhbət əsnasında Gülbəniz ona bildirmiş ki, 40 manat müqabilində onunla cinsi əlaqədə ola bilər. O, da Gülbənizlə razılaşmışdır. O, 40 manat pulu Gülbənizə verdikdən sonra onunla cinsi əlaqədə olmaq üçün kafedə olan hamam otağına keçmişlər. O, Gülbənizlə 1 dəfə cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olduqdan sonra o, kafeni tərk edib yaşadığı ünvana getmişdir. Təqsirləndirilən şəxsə Gülbənizin pul verməsini görməmiş, Gülbəniz ona kiməsə pul verəcəyini deməmiş, cinsi əlaqədə olduqları otağa onları Ayşən yox digər adını bilmədiyi bir orta yaşlı bir qadın salmışdır. Ayşənə sadəcə kafedə yeyib içdiyi hesabın pulunu vermişdir. Məhkəmə iclasında sədrlik edən tərəfindən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan və ona yalan ifadə verməyə cinayət məsuliyyəti daşıması barədə yenidən xəbərdarlıq edildikdən sonra Şahid1 ibtidai istintaq zamanı verdi ifadəsini təsdiq etdiyini bildirir. Məhkəmə iclasında Şahid1 ifadəsi elan edildikdən sonra ona ifadələri arasında olan ziddiyyətləri nə ilə izah edə biləcəyinə dair sual ünvanlandıqda Şahid1 hadisədən uzun zaman ötdüyünü, bildirərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Şəmkir rayonu, Krazyolu massivində Gədəbəy rayonu istiqamətində yolun sağ tərəfində yerləşən kafeyə baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə fotoşəkillər çəkilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsə AR CM-nin 244.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs, X1 və Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 243-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması müəyyən edilmədiyindən həmin maddə ilə barələrində cinayət təqibinin baçlanılması rədd edilmiş, X2 əməlində Azərbaycan Respublikası CM-nin 244-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması müəyyən edilmədiyindən həmin maddə ilə barəsində cinayət təqibinin baçlanılması rədd edilmiş, Şahid2 fahişəliklə məşğul olmasına görə barəsində əməlində Azərbaycan Respublikası İXM-nin 308-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat açılması məqsədil qərarın surəti Şəmkir RPŞ-nə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verilmiş etirafedici ifadələri, məhkəmə iclası zamanı verdiyi qismən etiraf edici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində göstərilən «əxlaqsızlıq yuvaları» ifadəsi fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış, bu məqsədlə ödənişli və ya ödənişsiz əsaslarla istifadə olunan yaşayış və ya qeyri-yaşayış sahəsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət tərkibi əxlaqsızlıq yuvalarının təşkil edilməsi, saxlanılması və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsi müvafiq olaraq həmin əməllər üçün bu Qərarda qeyd olunan əlamətlər mövcud olduqda yaranır və həmin əməllərin hər hansı birinin bir dəfə törədilməsi bu maddə ilə cinayət tərkibini yaradır. Həmin qərarda göstərilmişdir ki, əxlaqsızlıq yuvalarının təşkil edilməsi fahişəliklə məşğul olmaq üçün istifadə etmək məqsədi ilə ev, bina və sair yer axtarma (alma, icarəyə götürmə), onu yararlı vəziyyətə gətirmə və uyğunlaşdırma (təmir etmə, mebel, məişət avadanlığı və sair ilə təchiz etmə), fahişəliklə məşğul olan şəxsləri, eləcə də müştəriləri seçmə hərəkətlərinin yerinə yetirilməsi hesab edilir. Əxlaqsızlıq yuvaları yaşayış (ev, mənzil, bağ) və ya qeyri-yaşayış (qaraj, tikililərin zirzəmisi, çardağı), o cümlədən stasionar (ev) və ya səyyah (gəminin kayutası, qatarın kupesi və s.) yerlərdə təşkil oluna bilər. Qanunverici əxlaqsızlıq yuvasının fəaliyyətə başlayıb-başlamamasından asılı olmayaraq, onun təşkil edilməsinə görə cinayət məsuliyyəti müəyyən etmişdir. Belə ki, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılır. Əxlaqsızlıq yuvaları saxlanılması isə onun təşkil edilməsindən sonra fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış yerin fəaliyyəti ilə bağlı xərclərin ödənilməsini, həmin yerin ödənişli və ya pulsuz verilməsini və onun fəaliyyətini təmin etmək üçün digər tədbirlərin (yerin təmizlənməsi, mühafizənin, yataq dəstləri və s. təmin edilməsi) görülməsini nəzərdə tutur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 23 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2024-cü il tarixdə, saat 02:35-də tutulmuşdur. “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 24 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Şəmkir rayon prokuroru tərəfindən imtina edilmişdir. “Başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi haqqında” 24 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir və o, dərhal saxlandığı Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. “Sabirabad Rayon Məhkəməsinin” 15 noyabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancından 20 faiz pul dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. “Sumqayıt şəhər Probasiya Şöbəsinin” 16 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Sabirabad Rayon Məhkəməsinin 1(056)-126/2023 nömrəli hökm və cəzanın icra edilməsi barədə göstəriş xx.xx.2024-cü il tarixdə verilmiş, lakin Təqsirləndirilən şəxs ona təyin edilmiş islah işləri növündə cəzanı çəkməmişdir. “Şəxsiyət vəsiqələrinin” surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 olmaqla himayəsində iki azyaşlı uşağı var. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs iki azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yümgülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 244.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Salyan rayon Probasiya Şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu 01 (bir) gün müddət ona təyin ediləcək islah işləri cəzasının 04 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin CM–in 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş islah işləri növündə cəzasının çəkilməmiş hissəsini qismən birləşdirməklə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, hər ay qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 noyabr 2024-cü il tarixdən 24 noyabr 2024-cü il tarixədək tutulduğu 01 gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası Azərbaycan Respublikası CM-in 67.1 və 67.2-ci maddələrinə müvafiq olaraq hazırkı hökmlə təyin edilmiş cəza ilə birləşdirilsin və üzərində qəti olaraq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Salyan rayon Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə video çəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-130/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-130/2025
28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver