Məhkəmə qərarları › İş №1(076)-134/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-134/2025

10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-134/2025 10.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1964–cü il tarixdə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Ucar şəhəri, Abbas Səhhət küçəsi, ev 19 yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 14 iyun 2024-cü il tarixdə, saat 11 radələrində Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “MY-Telekom” telefon mağazasına daxil olaraq, orada qapısı açıq vəziyyətdə olan şüşə vitrinin içərisindən 01 (bir) ədəd 530 (beş yüz otuz) manat dəyərində, Koreya Respublikasının istehsalı, **********54893 və **********54895 imei kodlu, saz vəziyyətdə olan, istifadə olunmuş, lakin işlək vəziyyətdə “Samsung A23” markalı mobil telefonu gizli talayaraq Zərərçəkmiş şəxs2 530 (beş yüz otuz) manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 17 iyun 2024-cü il tarixdə, saat 12 radələrində Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “EPA” adlı ətir mağazasına gedərək, mağazanın başqa saxlanc yeri hesab edilən siyirməsinin qapağını açıb oraya qanunsuz daxil olaraq siyirtmədə olan pul qabından Türkiyə Respublikasının istehsalı olan, 585 əyarlı, 31,5 qram çəkidə 2677 manat (31,5 qram x 85 manat) dəyərində olan qızıl boyunbağını gizli talayaraq, Zərərçəkmiş şəxs1 2677 (iki min altı yüz yetmiş yeddi) manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. O, Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. 14 iyun 2024-cü il tarixdə, saat 11 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “MY-Telekom” telefon mağazasına daxil olaraq, sonradan şəxsiyyəti ona Zərərçəkmiş şəxs2 kimi məlum olan şəxsə yaxınlaşıb özünə məxsus “Real-mi C21” markalı mobil telefonunu göstərərək, həmin telefonu satmaq istəməyini bildirmişdir. Zərərçəkmiş şəxs2 onun təqdim etdiyi “Real-mi C21” markalı mobil telefona baxaraq 45 (qırx beş) manata ala biləcəyini demişdir. O, da Zərərçəkmiş şəxs2 ilə razılaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 ondan şəxsiyyət vəsiqəsini tələb etmişdir ki, özü üçün qeydlər aparsın. O, da öz şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. Zərərçəkmiş şəxs2 ondan şəxsiyyət vəsiqəsini götürüb kserosurətini çıxarıb ondan “Real-mi C21” markalı mobil telefonu aldığı üçün qeydlər aparmağa başlamışdır. Həmin müddət ərzində o, Zərərçəkmiş şəxs2 başının qarışıq olmasını gördüyü üçün onun işlətdiyi telefon mağazasında vitrində olan 01 (bir) ədəd “Samsung A23” markalı mobil telefonu oğurlayaraq cibinə qoymuşdur. Daha sonra o, Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd “Samsung A23” markalı mobil telefonu oğurlamağını Zərərçəkmiş şəxs2 görməməsinə əmin olduqdan sonra ona satdığı “Real-mi C21” markalı mobil telefonun 45 (qırx beş) manat pulunu alıb mağazadan çıxmışdır. Zərərçəkmiş şəxs2 məxsus oğurladığı 01 (bir) ədəd “Samsung A23” markalı mobil telefonu 2024-cü ilin iyun ayının sonlarında Bakı şəhər ərazisində tanımadığı şəxsə 80 (səksən) manat satmışdır. Bundan əlavə o, Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs1 ilə 14 iyun 2024-cü il tarixdə, saat 11:30 radələrində onun işlədiyi Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “EPA” ətir mağazasında tanış olmuşdur. Belə ki, həmin tarixdə, saat 11:30 radələrində o, Zərərçəkmiş şəxs1 işlədiyi “EPA” ətir mağazasına daxil olaraq istifadə etdiyi mobil telefonun enerjisinin bitməsini deyərək, həmin mobil telefonunu enerji blokuna qoşmağı ondan xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ondan istifadəsində olan mobil telefonunu götürərək, enerji blokuna qoşmuşdur. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 Bakı şəhər sakini olmağını bildirərək, özünə məxsus yük avtomobili vasitəsi ilə xarici ölkələrə yük daşımağını demişdir. Daha sonra o, istifadəsində olan mobil telefonunu götürmüş və Zərərçəkmiş şəxs1 işlədiyi ətir mağazasından çıxaraq getmişdir. 17 iyun 2024-cü il tarixdə, saat 11 radələrində o, Zərərçəkmiş şəxs1 işlədiyi Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “EPA” ətir mağazasına yenidən getmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 maddi cəhətdən çətinliklərinin olmasını bildirərək, ondan əl borcu olaraq 100 (yüz) manat pul istəmişdir. Zərərçəkmiş şəxs1 da ona köməklik edə biləcəyini deyrərək, özünə məxsus olan pul qabından 40 (qırx) manat pulu çıxaraq ona verib qalan 60 (altmış) manat pulu isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid kart hesabında pulunun olmasını bildirərək, özünə məxsus plastik pul kartını Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Bankomata” daxil etməklə əldə edib verəcəyini bildirmişdir. Beləliklə də Zərərçəkmiş şəxs1 onu işlədiyi ətir mağazasında tək qoyaraq özünə məxsus plastik pul kartını götürüb 60 (altmış) manat pulu “Bankomatdan” çıxarmaq üçün getmişdir. Həmin tarixdə, saat 12 radələrində o, Zərərçəkmiş şəxs1 işlədiyi ətir mağazasında yerləşən saxlanc yeri hesab edilən stolun siyirməsində olan pul qabına baxan zaman orada 01 (bir) ədəd qızıl boyunbağının olmasını görüb həmin qızıl boyunbağını götürərək cibinə qoymuşdur. Daha sonra Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd boyunbağını oğurlamağını heç kimin görməməsinə əmin olduqdan sonra Zərərçəkmiş şəxs1 işlədiyi “EPA” ətir mağazasından çıxaraq üzü Şəmkir şəhər 20 Yanvar küçəsində yerləşən avtovağzala gedib oradan avtubusla Bakı şəhərinə getmişdir. 2024-cü ilin iyun sonunda Zərərçəkmiş şəxs1 məxsus oğurladığı 01 (bir) ədəd boyunbağını Bakı şəhər ərazisində yerləşən Binə Ticarət Mərkəzində tanımadığı 2 nəfər qadına 1800 (min səkkiz yüz) manata satmışdır. Təqsirləndirilən şəxs verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, 14 iyun 2024-cü il tarixdə, saat 11 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “MY-Telekom” telefon mağazasına daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd “Samsung A23” markalı mobil telefonu oğuralayaraq əldə edən zaman həmin oğurluq hadisəsini törətməyindən heç kimin məlumatı olmamasını və həmin hadisəni törədən zaman onu heç kimin görməməsini, Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd “Samsung A23” markalı mobil telefonu oğuralayaraq 2024-cü ilin iyun ayının sonlarında Bakı şəhər ərazisində tanımadığı şəxsə 80 (səksən) manata satmasını, lakin həmin şəxsin şəxsiyyəti barədə heçnə bilməməsini, 17 iyun 2024-cü il tarixdə, saat 11 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “EPA” ətir mağazasına daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd qızıl boyunbağını oğuralayaraq əldə edən zaman həmin oğurluq hadisəsini törətməyindən heç kimin məlumatı olmamasını və həmin hadisəni törədən zaman onu heç kimin görməməsini, Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd qızıl boyunbağını oğuralayaraq 2024-cü ilin iyun ayının sonlarında Bakı şəhər ərazisində yerləşən Binə Ticarət Mərkəzində tanımadığı 2 nəfər qadına 1800 (min səkkiz yüz) manata satmasını, lakin həmin şəxslərin şəxsiyyətləri barədə heçnə bilməməsini demişdir. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxslərə dəymiş ziyan tərəfindən ödəmişdir. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, fərdi əmək kimi Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “EPA” ətir mağazasında ətir satmaqla gəlirini əldə edir. Ailəlidir 1 övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Şikayətinin mahiyyəti üzrə bildirmişdir ki, Ucar şəhər sakini Təqsirləndirilən şəxs ilə 14 iyun 2024-cü il tarixdə işlədiyi ətir mağazasında tanış olmuşdur. Belə ki, həmin tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs onun işlədiyi Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “EPA” ətir mağazasına gələrək, istifadəsində olan mobil telefonun enerjisinin bitməsini deyərək, həmin mobil telefonunu enerji blokuna qoşmağı ondan xahiş etmişdir. O, da Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonunu enerji blokuna qoşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ona Bakı şəhər sakini olmasını bildirərək, özünə məxsus yük avtomobili vasitəsi ilə xarici ölkələrə yük daşımasını demişdir. Daha sonra Təqsirləndirilən şəxs özünə məxsus mobil telefonunu götürərək, onun işlədiyi ətir mağazasından getmişdir. 17 iyun 2024-cü il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs onun işlədiyi Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “EPA” ətir mağazasına yenidən gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona maddi cəhətdən çətinliklərinin olmasını bildirərək, ondan əl borcu olaraq 100 (yüz) manat pul istəmişdir. O, da Təqsirləndirilən şəxs köməklik etmək qərarına gəlmişdir. Bu səbəbdən də o, pul qabından 40 (qırx) manat pulu çıxaraq Təqsirləndirilən şəxs verib qalan 60 (altmış) manat pulu isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid kart hesabını Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Bankomata” daxil etməklə əldə edib verəcəyini bildirmişdir. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs işlədiyi ətir mağazasında tək qoyaraq özünə məxsus plastik pul kartını götürüb 60 (altmış) manat pulu “Bankomatdan” çıxarmaq üçün getmişdir. Həmin tarixdə, saat 12 radələrində o, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Bankomatdan” 100 (yüz) manat pul əldə edərək, işlədiyi ətir mağazasına qayıtmışdır. Lakin həmin vaxt Təqsirləndirilən şəxs onun işlədiyi ətir mağazasında olmadığını görmüşdür. O, dərhal işlədiyi mağazada yerləşən saxlanc yeri hesab edilən stolun siyirməsində olan pul qabına baxan zaman özünə məxsus 31,5 qram çəkisi olan 3400 (üç min dörd yüz) manat dəyərində qızıl boyunbağının yerində olmamasını görmüşdür. Həmin vaxt o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan xatırlamadığı mobil nömrəsinə zəng edən zaman Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsinin sönülü olmasını bilmişdir. Daha sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, onun işlədiyi Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “EPA” ətir mağazasından qızıl boyunbağının oğurlanması barədə məlumat vermişdir. Təxminən 5-10 dəqiqədən sonra onun işldəyi ətir mağazasına Şəmkir rayon Polis şöbəsinin polis əməkdaşları gəlmişlər. Həmin vaxt o, Şəmkir rayon Polis şöbəsinin əməkdaşlarına ona məxsus ətir mağazasına Təqsirləndirilən şəxs gəlməsini və Təqsirləndirilən şəxs ondan əl borcu olaraq pul istədiyi üçün plastik pul kartı ilə yaxınlıqda yerləşən “Bankomatdan” pul çıxartmaq üçün getməyini və qayıdan vaxt isə Təqsirləndirilən şəxs işlədiyi ətir mağazasında olmadığını və 3400 (üç min dörd yüz) manat dəyərində qızıl boyunbağının oğurlanmasını bildirmişdir. Hadisənin baş verdiyi gündən təxminən 5-10 gün sonra Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, Şəmkir rayon Polis şöbəsinin əməkdaşları onu axtarmalarını və işlədiyi sözü gedən ətir mağazasından oğurladığı 3400 (üç min dörd yüz) manat dəyərində qızıl boyunbağını ona qaytaracağını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ona məxsus 3400 (üç min dörd yüz) manat dəyərində qızıl boyunbağını ona geri qaytarmamışdır. Zərərçəkmiş şəxs1 verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, 17 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, özünə məxsus qızıl boyunbağının oğurlanmasını bildirən zaman o, əsəbi olduğu üçün həmin qızıl boyunbağının 4500 (dör min beş yüz) manat dəyərində olmasını bildirməsini və ona məxsus qızıl boyunbağının Təqsirləndirilən şəxs tərəfindən oğurlaması nəticəsinə ümumilikdə ona 3400 (üç min dörd yüz) manat məbləğində maddi ziyanlıq dəyməsini bildirmişdir Məhkəməyə çağırılmasına baxmayaraq, Zərərçəkmiş şəxs2 məhkəmədə iştirakı təmin edilməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Zərərçəkmiş şəxs2 həmin ifadəsinə əsasən, o, Şəmkir şəhəri, X5 küçəsi, ev 31 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ailəlidir 2 övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, o, 2018-ci ilin təxminən may ayından 2024-cü ilin avqust ayınadək olan müddət ərzində Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “MY- Telekom” telefon mağazasını icarə əsasında işlətmişdir. 14 iyun 2024-cü il tarixdə, saat 11 radələrində sonradan şəxsiyyəti ona Təqsirləndirilən şəxs kimi məlum olan şəxs Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “MY-Telekom” telefon mağazasına daxil olaraq, ona yaxınlaşıb “Real-mi C21” markalı telefonu göstərək, həmin telefonu satmaq istəməsini bildirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs ona təqdim etdiyi “Real-mi C21” markalı telefona baxaraq həmin telefonu 45 (qırx beş) manata ala biləcəyini demişdir. Təqsirləndirilən şəxs da onunla razılaşmışdır. O, da Təqsirləndirilən şəxs qeydiyyat aparmaq üçün özünə məxsus şəxsiyyət vəsiqəsini tələb etmişdir. Təqsirləndirilən şəxs da öz şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb, həmçinin ondan “Real-mi C21” markalı telefonu almaq haqqında qeydlər aparmağa başlamışdır. Həmin müddət ərzində Təqsirləndirilən şəxs onun işlətdiyi telefon mağazasında olan satlıq telefonlara baxırmış. Daha sonra o, Təqsirləndirilən şəxs həmin “Real-mi C21” markalı mobil telefon alıb ona 45 (qırx beş) manat nəğd olaraq pul vermişdir. Daha sonra Təqsirləndirilən şəxs onun işlətdiyi “MY- Telekom” telefon mağazasından çıxaraq getmişdir. 15 iyun 2024-cü il tarixdə işlədiyi “MY- Telekom” telefon mağazasında vitrində olan telefonlara baxan zaman orada 01 (bir) ədəd “Samsung A23” markalı mobil telefonun yerində olmamasını aşkar etmişdir. Həmin “Samsung A23” markalı mobil telefonun kim tərəfindən oğurlanmasını müəyyən etmək məqsədilə həmin telefon mağazasına quraşdırılmış müşahidə kameralarına baxan zaman ona məxsus “Samsung A23” markalı mobil telefonunu 14 iyun 2024-cü il tarixdə, saat 11 radələrində həmin “Real-mi C21” markalı telefonu ona 45 (qırx beş) manata satan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını görmüşdür. Zərərçəkmiş şəxs2 verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, 14 iyun 2024-cü il tarixdə, saat 11 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “MY-Telekom” telefon mağazasından Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış ona məxsus “Samsung A23” markalı mobil telefonun oğurlanmasını heç kimin görməməsini, o, həmin oğurluq hadisəsi baş verdikdən bir gün sonra yəni 15 iyun 2024-cü il tarixdə işlətdiyi həmin telefon mazasında vitrində olan telefonlara baxan zaman ona məxsus “Samsung A23” markalı mobil telefonun oğurlanmasını bilməsini, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış ona məxsus mobil telefon “Samsung A23” markalı, **********54893 və **********54895 İMEİ kodlu, saz vəziyyətdə olan, Koreya dövlətinin istehsalı olmuş və təxminən 2 ay istifadə edilmiş mobil telefon olmasını Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış ona məxsus “Samsung A23” markalı mobil telefonun oğurlanması nəticəsində ona 530 (beş yüz otuz) manat məbləğdə maddi ziyanlıq dəyməsini bildirmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: 15 iyun 2024-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, 15 iyun 2024-cü il tarixdə Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Elşad Vəliyev tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “MY- Telekom” telefon mağazasına baxış keçirilmiş, bu barədə protokol tərtib olunmaqla hadisə yerinin fotoşəkilləri çəkilmişdir. 17 iyun 2024-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, 17 iyun 2024-cü il tarixdə Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Pirverdiyev tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “EPA” ətir mağazasına baxış keçirilmiş, bu barədə protokol tərtib olunmaqla hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 noyabr 2024-cü il tarixli, 9/8328 nömrəli rəyin nəticə hissəsindən məlum olur ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən, Türkiyə istehsalı olan, 585 əyarlı, 31,5 qram çəkisi olan qızıl boyunbağının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə 2024-cü ilin iyun ayına olan qiyməti təxminən 2677,00 manat (31,5 qram x 85 manat) müəyyən olunur. 13 dekabr 2024-cü il tarixli mütəxəssis rəyindən məlum olur ki, mütəxəssisə məlumatları təqdim edilmiş Koreya dövlətinin istehsalı, iki ay istifadə edilmiş, saz vəziyyətdə olan “Samsung A23” markalı mobil telefonun 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilir. 23 dekabr 2024-cü il tarixli ifadənin yerində yoxlanılması istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “MY- Telekom” telefon mağazasından Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd “Samsung A23” markalı telefonu gizli talayaraq oğuraldığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və 23 dekabr 2024-cü il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. 23 dekabr 2024-cü il tarixli ifadənin yerində yoxlanılması istintaq hərəkətinin protokolundan Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “EPA” ətir mağazasından Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd qızıl boyunbağını gizli talayaraq oğuraldığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və 23 dekabr 2024-cü il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. 20 sentyabr 2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdə, saat 11 radələrində Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “MY-Telekom” telefon mağazasından sonuncuya məxsus 01 (bir) ədəd “Samsung A23” markalı mobil telefonu və 17 iyun 2024cü il tarixdə, saat 12 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi “EPA” ətir mağazasında olan pul qabından sonuncuya məxsus 01 (bir) ədəd qızıl boyunbağını oğurlayaraq həmin hadisələri törədərkən, ona köməklik edilməmiş o, qeyd edilən hadisələri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməmiş və Təqsirləndirilən şəxs Şəmkir rayon ərazisində başqa cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs oğurlayaraq əldə etdiyi 01 (bir) ədəd “Samsung A23” markalı mobil telefonu və 01 (bir) ədəd qızıl boyunbağını satdığı naməlum şəxslərin şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019 –cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2025-ci il tarixli, 1(004)-105/2025 saylı Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun 21 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və 23 may 2024-cü il tarixdən 25 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, cəmi 04 gün təyin edilən cəzadan çıxılmış, onun üzərində 02 il 02 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanlmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 05 sentyabr 2024-cü il tarixdən hesablanmalı olması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 01 ədəd CD disk şəffaf rəngdədir, üzərində "Bingo", "CD-R", "2x-56X" yazıları vardır. Diskin içərisindəki məlumatlara baxmaq üçün komputerin "DVD ROM"una daxil etdikdə, 01 ədəd "VİD 20241110 123448" adlı fayl aşkar edildi. Həmin fayla baxış keçirən zaman 01:20 dəqiqə davam edən videogörüntü olması müşahidə edildi. Videogörüntüdən göründü ki, görüntü telefon mağazasının tavanından asılmış müşahidə kamerası vasitəsilə çəkilir. Təqsirləndirilən şəxs telefonla danışa-danışa (ya da telefonla danışması barədə görüntü yaradaraq) şüşə vitrinin qapısını açır, həmin vitrində "Samsung A23" markalı mobil telefonu götürüb əlində saxlayır, bir neçə saniyə sonra isə mobil telefonu əynində olan şalvarın sol yan cibinə qoyur, həmin vaxt ətrafa baxaraq heç kimin onu görmədiyinə əmin olmaq istəyir. Bir neçə saniyə sonra isə mağazanı tərk edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil İstismar Hissəsi 3 nömrəli Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəmkir Rayon Poliklinikasının xx.xx.2024–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoljoi kabinetdə qeydiyyatda dayanmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təsdiq edilərək tam sübuta yetirilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3–cü maddələri ilə düzgün tövsif edilmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlnunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə məhkum olunsa da, o, hazırki iş üzrə cinayət əməlini həmin hökmdən əvvəl törətmişdir. Buna görə də ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, qeyd olunan hökmlə müəyyən edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla ona qəti cəza müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş 05 sentyabr 2024-cü il tarixdən hesablanmalı və onun hazırda azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı cəmi 04 gün ( 21 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək və 23 may 2024-cü il tarixdən 25 may 2024-cü il tarixədək) ona qəti olaraq təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd disk DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 50 manat Təqsirləndirilən şəxs dövlət büdcəsinə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ona Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 1(004)-105/2025 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək və 23 may 2024-cü il tarixdən 25 may 2024-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün ona qəti olaraq təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın, onun üzərində 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2024–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd disk DVD cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar