Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-137/2025 15.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Şəmkir rayon, Dəllər qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəmkir rayon, Dəllər qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə istintaqa məlum olmayan vaxtda Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən subartezian quyusunun yaxınlığından “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı tapıb satış məqsədi olmadan qanunsuz olaraq əldə etdərək üzərində saxlamaqla Şəmkir rayonu Dəllər qəsəbəsinə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə, saat 15:00-da Şəmkir rayonu, Dəllər qəsəbəsində idarə etdiyi VAZ 21074 markalı **-AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə birlikdə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin içəri sol yan hissəsindən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 425 qram, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayır, heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Təxminən bir neçə il olar ki, narkotik vasitə hesab olunan marixuanadan istifadə edir. Özünə məxsus VAZ 21074 markalı **-AA- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə taksi fəaliyyəti göstərir. xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində yerləşən subartezian quyusunun yaxınlığında olarkən yerdə qara rəngli sellofan torba tapmış, açıb baxanda narkotik vasitə hesab olunan marixuananı aşkar etmişdir. Marixuananı istifadə üçün əynimdə olan qara rəngli gödəkcənin sol içəri yan hissəsində gizlədib avtomobillə əyləşib Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində hərəkətə başlamışdır. Saat 15 radələrində idarə etdiyi VAZ 21074 markalı **-AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini polis əməkdaşları Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində saxladıb onu avtomobillə birlikdə Şəmkir rayon Polis şöbəsinə gətirmişlər. Şəmkir RPŞ-də ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şöbədə olan zamanı ona təhqiqatçı tərəfindən müdafiəçi təqdim edilmiş, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmamışdan əvvəl üzərində narkotik vasitə və onun prekursorları eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi tələb edilmişdir. O, üzərində olan qara rəngli gödəkcənin sol içəri yan hissəsində gizlətdiyi sellofan torbada olan narkotik vasitə marixuana kimi tanıdığı kütləni təqdim etmişdir. Sellofan torba polis əməkdaşı tərəfindən açılan zaman içərisindən narkotik vasitə olan marixuana aşkar edilmişdir. Marixuana elektron tərəzi ilə çəkiləndə 495 qram təşkil etmişdir. Təqdim etdiyi kütlə ekspertiza üçün zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra polis əməkdaşı onun üzərinə şəxsi axtarış aparmış, lakin təqdim etdiyi kütlədən başqa hər hansı bir narkotik vasitə psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Şəmkir RPŞ-nin şöbəsinin duracağında olan VAZ 21074 markalı **-AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilmiş və avtomobildən hər hansı bir narkotik vasitə psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və o, da protokola iştirakçılarla birlikdə imza etmişdir. O, narkotik vasitənin alqı satqısı ilə məşğul deyil. Ona qarşı Şəmkir RPŞ-nə hər hansısa bir zorakılıq tətbiq edilməmişdir. Etdiyi əməldən peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2009-cu ildən DİO-da, 2020-ci ildən isə tutduğu vəzifədə xidmət edir. Şəmkir rayonu, Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs xidməti işimlə əlaqədar olaraq tanıyır. 13 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün tərəfindən rayon polis şöbəsinin rəisinə raportla müraciət edilmiş, RPŞ-nin rəisi tərəfindən razılıq verildikdən sonra tərəfindən tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilərək əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Qrupa rəhbərlik CAB-nin rəisi Şahid2 həvalə edilmişdir. Əməliyyat qrupu ondan, Şəmkir RPŞ-nin CAB-ın rəisi Şahid2 və polis nəfəri, polis serjantı Şahid3 ibarət olmuşdur. Əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Dəllər qəsəbəsinə gedilmişdir. Qəsəbə ərazisində Təqsirləndirilən şəxs saat 15:00 radələrində idarə etdiyi VAZ 2107 markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir. Şəmkir RPŞ-nin inzibati binasında təhqiqat bölməsinin təhqiqatçısı Peyman Mirzəyev tərəfindən çağırılmış vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Aparılmış təhqiqatın nəticəsində onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd sellofan bükümdə 495 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxsi axtarışdan sonra Təqsirləndirilən şəxs məxsus VAZ 2107 markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə təhqiqatçı Peyman Mirzəyev tərəfindən vəkil Müdafiəçi, saxlanılan Təqsirləndirilən şəxs və onların iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs məxsus avtomobildə narkotik vasitə, dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Qalib oğlu və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış aparılması barədə” 13 mart 2024-cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərində olan qara rəngli gödəkçənin sol yan içərisindən rəngli sellofan təqdim etmiş, Sellofan açılan zaman içərisindən yaşıl rəngli marixuanaya bənzər kütlə aşkar edilmiş, kütlə elektron tərəzidə ölçülən zaman sellofanla birlikdə təmiz çəkisi 495 qram olması müəyyən edilmişdir. Narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının 14 mart 2024-cü il tarixli, 16/348 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuanaya bənzər kütlə... » yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli polietilen paketdə təmiz çəkisi 425 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş siyahıya (1-ci siyahıya) daxildir. (Qeyd: marixuana təmiz çəkisi 425 qram tədqiqata sərf edildi-0,2 qr, qalıq – 424,8 qram) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin ambulator məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2024-cü il tarixli, 606 nömrəli rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2020-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)- 113/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilmiş, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin tərkibinin olması sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə əlavə ittiham elan edilməsi rədd edilmişdir. Şəmkir rayon Dəllər qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. “Şübhəli şəxsi tutma haqqında” 13 mart 2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 15 mart 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 15 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Şəmkir Rayon Məhkəməsinin 4(076)-78/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 02 ay müddətinə, yəni 13 avqust 2024-cü il tarixədək uzadılmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı (kannabis) əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bu iş həbsdə saxlanıldığı 05 ay müddət ona təyin olunmuş cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli 15 avqust 2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 424.8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 28 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardıma görə cəmi 196 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 30.40 manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: KOD- 210005, VÖEN–**********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 05 (beş) ay müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan Şəmkir Rayon Polis Şöbəsinin Saxlanc anbarında saxlanılan 424,8 qram qurudulmuş marixuana məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərdiyi 28 saat hüquqi yardıma görə 196 (bir yüz doxsan altı) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-137/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-137/2025
15.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver