Məhkəmə qərarları › İş №1(076)-141/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-141/2023

15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-141/2023 15.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə xx xxxxxx 2001–ci il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 03 fevral 2022–ci il tarixdə, saat 19 radələrində sürücülük vəsiqəsi olmadan texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi, X5 adına olan VAZ–21011 markalı, 51–BB–179 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu, Mahmudlu kəndində 40 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33–cü maddəsinin 4–cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan və həmin Qanunun 36–cı maddəsinin 1–ci hissəsinin 3–cü bəndinin tələblərinə əsasən hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolayrıcından dönərkən qarşıda piyadanın yolu sağdan sola doğru keçməsini nəzərə almalı, avtomobili sola doğru istiqamətləndirməməli və avtomobilin öz hərəkət zolağı ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda həmin tələblərə riayət etməyərək, idarə etdiyi VAZ– 21011 markalı avtomobil ilə hərəkətini davam etdirib yolayrıcına daxil olaraq yolun hərəkət hissəsini sağdan sola doğru keçməkdə olan piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan sonuncuya sağ baldır sümüklərinin açıq yerini dəyişmiş sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarəti yetirməklə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol– nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, 03 fevral 2022–ci il tarixdə saat təxminən 17 radələrində atası Rizvan xəstə olduğundan anası Şahnazla birlikdə həkim yoxlanışına getmişdir. Onlar həkimə getdikdən sonra o, evdə tək qalmış, evin həyətində olan VAZ–21011 markalı, ** BB *** nömrə nişanlı minik avtomobilin içərisində bir qədər oturmuşdur. Daha sonra avtomobilin mühərrikini bir neçə dəfə işə salmış və avtomobillə kənd ərazisinə çıxaraq avtomobil idarə etmək qərarına gəlmiş, avtomobili idarə edərək həyətdən çıxdıqdan sonra sağa doğru hərəkət edərək kəndin ərazisində olan beşinci küçə adlanan istiqamətdə hərəkət etmişdir. O, atasıgilin qarşısına çıxmaq məqsədilə həmin istiqamətdə hərəkət etmişdir. Avtomobili idarə edərək 5–ci küçəyə çatdıqdan sonra yol ayrıcına çatdıqda tormoz vermədən yol ayrıcına daxil olmuşdur. O, yol ayrıcına daxil olan zaman təxminən ondan 7–8 metr aralıda olan, sonradan adını bildiyi Zərərçəkmiş şəxs yolu keçdiyini görmüşdür. O, Xəyaləti görən zaman Xəyalət yavaş–yavaş hərəkət edərək əlində telefonla danışaraq hərəkət edib yolu keçmişdir. O, Xəyaləti görən zaman yolun orta hissəsində yolun sol kənarına doğru hərəkət etmişdir. Xəyaləti gördükdə həyəcanlanaraq avtomobilin idarə etməsini itirmişdir. Avtomobilin idarəetməsini itirdiyi üçün avtomobil yolun soluna doğru istiqamətlənmişdir. Xəyalət təxminən iki metr qabağa doğru hərəkət edərək yolun sol kənarına su kanalı olan yerə çatmağına təxminən yarım metr qalmış idarə etdiyi avtomobil ilə ona çataraq onu vurmuşdur. Xəyaləti vurduqdan sonra avtomobilin əyləclərindən ortada olan əyləci tormoz əyləcini taparaq sıxmışdır. Bundan sonra avtomobil hərəkətini dayandırmış və avtomobilin mühərrikini söndürmüşdür. O, avtomobili dayandırdıqdan sonra düşərək Xəyalət yaxınlaşıb ona kömək etmişdir. Xəyalətə yaxınlaşan zaman onun atası Telman və anası Qərənfil həmin yerə çatmışlar. Onlar həmin vaxt Xəyalətə kömək edib onu qaldıraraq sahibini tanımadığı avtomobilə mindirmişdir. Onlar getdikdən sonra idarə etdiyi VAZ–21011 markalı, ** BB *** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilini işə salaraq həmin yerdən uzaqlaşıb yaşadığı evin həyətinə gətirmişdir. Avtomobillə yaşadığı evin qarşısına çatdıqda saxlamaq istədikdə avtomobili saxlaya bilməyərək orada olan daşların üzərinə sürmüş və avtomobil daşların üzərinə çıxaraq dayanmışdır. O, avtomobildən düşüb təkrar hadisə yerinə geri qayıtmışdır. Həmin yerə qayıdıb avtomobil tapıb Xəyalətin ardı ilə getmək istəmiş, bu zaman sonuncunun anası Qərənfilin tanımadığı avtomobilə minərək getmək istədiyini görmüşdür. O, da həmin vaxt xəstəxanaya getmək istəmiş, lakin Qərənfil onun bərk qorxduğunu gördüyü üçün ona xəstəxanaya getməməyini demişdir. O, bundan sonra avtomobildən düşmüş, həmin yerdən yaşadığı evə qayıtmışdır. Həmin gün təxminən bir saat keçdikdən sonra polis əməkdaşları yaşadığı ünvana gəlmişlər. Onlar ona avtomobillə adam vurduğu yeri göstərməyini demiş, o da polislərlə birlikdə hadisə baş verən yerə gedib həmin yerdə hadisəni izah edib hadisə yerini göstərmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə gedərək sərxoşluq müayinəsindən keçmişdir. O, hadisədən əvvəl avtomobili təxminən 40 km/saat sürətlə idarə etmiş, yol ayrıcına daxil olan zaman onun olduğu yerdən təxminən 7–8 metr məsafədə Xəyalətin piyada yolun sağından soluna doğru hərəkət etdiyini və yolun orta hissəsində olduğunu görmüşdür. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla razılıq əldə edərək barışmışdır. Ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 03 fevral 2022–ci il tarixdə təxminən saat 19 radələrində yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində atası Telman və anası Qərənfil ilə birlikdə kənd ərazisində hərəkət edərək qohumlarının xeyir işi olduğu üçün həmin xeyir işə getmişlər. Onlar birlikdə kənd ərazisində hərəkətdə olan zaman yolda anası Qərənfil yolun digər tərəfi ilə hərəkət etmiş, o və atası Telman isə yolun digər tərəfi istiqamətdə hərəkət etmişlər. Kənd ərazisində beşinci küçə adlanan istiqamətdə hərəkət edən zaman yol ayrıcı olan hissəni keçib bir qədər qabağa çatdıqda arxadan avtomobil gəldiyini hiss etmiş, həmin vaxt atası yolun kənarına doğru çəkilmişdir. O, isə yolun kənarına doğru çıxmaq istədikdə anidən arxadan avtomobil onu vuraraq onu avtomobilin üzərində təxminən dörd–beş metr qabağa apararaq yerə çırpmış, daha sonra avtomobil ondan təxminən beş–altı metr qabağa gedib dayanmışdır. Həmin vaxt avtomobili idarə edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Heydər avtomobili dayandırdıqdan sonra avtomobildən düşərək ona yaxınlaşıb kömək etmiş, onu ayağa qaldıraraq “narahat olma, heç bir şey yoxdur”– demişdir. Həmin vaxt atası Telman və anası Qərənfil həmin yerə çatmışlar. Onlar həmin vaxt ona kömək edib onu qaldıraraq sahibini tanımadığı avtomobillə xəstəxanaya aparmağa çalışmışlar. Heydər onun atası Telman və anası Qərənfilə kömək edərək avtomobilə mindirib xəstəxanaya aparmağa çalışmışdır. Həmin vaxt anası Qərənfil onun avtomobilə minməsinə mane olaraq onun onlarla birlikdə getməsinə razılıq verməmişdir. Bundan sonra atası Telman onu tanımadığı avtomobillə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. Daha sonra onu həmin gün Gəncə şəhəri 3 nömrəli mərkəzi şəhər xəstəxanasına və daha sonra isə Mərkəzi Klinikaya apararaq müalicə etdirmişlər. Təqsirləndirilən şəxs hadisədən əvvəl avtomobili Şəmkir rayonu, Mahmudlu kəndinin içərisində təxminən 30–40 km/saat sürətlə idarə etmiş, o, avtomobili onun arxa hissəsindən idarə edərək gəldiyi üçün onun konkret sürətini bilməmişdir. Lakin onu vurduqdan sonra təxminən beş–altı metr qabağa getdiyi üçün onun avtomobili 30–40 km/saat sürətlə idarə etdiyini düşünmüşdür. Hadisədən sonra ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, 03 fevral 2022–ci il tarixdə təxminən saat 19 radələrində yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində oğlu Xəyalət və arvadı Qərənfil ilə birlikdə kənd ərazisində hərəkət edərək qohumlarının xeyir işi olduğu üçün həmin xeyir işə getmişlər. Onlar birlikdə kənd ərazisində hərəkətdə olan zaman yolda arvadı Qərənfil yolun digər tərəfi ilə hərəkət etmiş, o və oğlu Xəyalət isə yolun digər tərəfi istiqamətdə hərəkət etmişlər. Kənd ərazisində beşinci küçə adlanan istiqamətdə hərəkət edən zaman yol ayrıcı olan hissəni keçib bir qədər qabağa çatdıqda arxadan avtomobil gəldiyini hiss etmiş, həmin vaxt o, yolun kənarına doğru çəkilmişdir. Xəyalət isə yolun kənarına doğru çıxmaq istədikdə anidən arxadan avtomobil onu vuraraq onu avtomobilin üzərində təxminən dörd–beş metr qabağa apararaq yerə çırpmış, daha sonra avtomobil ondan təxminən beş–altı metr qabağa gedib dayanmışdır. Həmin vaxt avtomobili idarə edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Heydər avtomobili dayandırdıqdan sonra avtomobildən düşərək Xəyalətə yaxınlaşıb kömək etmişdir. Həmin vaxt o və arvadı Qərənfil də həmin yerə çatmışlar. Onlar həmin vaxt Xəyalətə kömək edib onu sahibini tanımadığı avtomobillə xəstəxanaya aparmışlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X1 da şahid X8 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 03 fevral 2022–ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şəmkir rayonu, Mahmudlu kəndində yerləşir. Hadisə yerində yolun hərəkət hissəsi düz torpaq yoldur və yolun vəziyyəti qurudur. Yol örtüyünün eni 8 metrdir. Hərəkət zolaqlarının sayı iki, hərəkət hissəsinin eni 8 metrdir. Yol hərəkət hissəsi torpaq yol olmaqla heç bir yol hərəkət nişanları yoxdur. Hadisə yeri yolun sağdan və soldan hərəkət hissəsi başa çatdıqdan sonra 1 metr enində yol çiyini ehtiyat hissə olmaqla həmin hissə bitdikdə yaşayış evləri vardır. Yol nişanları quraşdırılmamışdır. Yol nəqliyyat hadisəsi nəticəsində vurulan piyadaların sayı bir nəfərdir. Avtomobilin hərəkət istiqmətinə münasibətdə piyada yolun hərəkət hissəsinin sol kənar hissəsinin qurtaracağından 2 metr məsafədə hərəkət hissəsində vurulmuşdur. Hadisə yerində tormozloma izləri yoxdur. Təqsirləndirilən şəxs idarə etdiyi VAZ–21011 markalı, 51–BB–179 dövlət nömrə qeydiyyat nişanlı minik avtomobili ilə Şəmkir rayonu, Mahmudlu kəndinin içərisində 5–ci küçə adlanan istiqamətdə hərəkətdə olmuşdur. Nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri yoxdur. Eləcə də, hadisə yerində fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə tibb–ekspertinin 29 oktyabr 2022–ci il tarixli, 1321 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər–sağ baldır sümüklərinin açıq yerini dəyişmiş sınığı küt əşyaların təsirindən törənmişlər, yol–nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 03 fevral 2022–ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol–nəqliyyat hadisələri ekspertizaları şöbəsi ekspertinin 26 sentyabr 2022–ci il tarixli, 8/2299 nömrəli rəyindən görünür ki, VAZ–21011 markalı, 51–BB–179 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36–cı maddəsinin 1–ci hissəsinin 3–cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33–cü maddəsinin 4–cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən piyadanın hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Cinayət işinin materiallarında olan 03 fevral 2022–ci il tarixli sərxoşluq vəziyyətinin müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu olmamışdır. Cinayət işinin materiallarında olan və Tovuz RQİ və TBŞ–nin 11 noyabr 2022–ci il tarixli 016–1079 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Həmin vətəndaşın adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. Cinayət işinin materiallarında olan AA N 370911 seriya nömrəli nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ–21011 markalı, 51–BB– 179 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Mahmudlu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013–cü il tarixli qərarının tələblərini və izahlarını rəhbər tutmuşdur. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol–nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36–cı maddəsinin 1–ci hissəsinin 3–cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33–cü maddəsinin 4–cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin pozuntu nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmaya aid xəsarət vurulmasına səbəb olan yol– nəqliyyat hadisəsi törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36–cı maddəsinin 1–ci hissəsinin 3–cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 33–cü maddəsinin 4–cü hissəsinin tələbinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2– ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və onunla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM–nin 263–1.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2–ci maddəsi ilə təqsirli bilinərək 1 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza və 02 il müddətə azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzanın icrası yerinə onun göndərilməsi Cəzaların İcrası Məcəlləsinin 68.1–ci maddəsinə əsasən icra məmurunun təqdim etdiyi göstəriş əsasında həyata keçirilməlidir. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan VAZ–21011 markalı, 51–BB–179 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi X2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 170 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263– 1.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın icrasına nəzarət Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan VAZ–21011 markalı, 51–BB–179 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi X2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 170 (bir yüz yetmiş) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar