Məhkəmə qərarları › İş №1(076)-141/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-141/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-141/2024 06.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1975–ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 yanvar 2024-ci il tarixdə, Şəmkir rayonu, Abidələr parkında tapıb satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan heroini üzərində saxlamaqla yaşadığı Şəmkir şəhəri, M.Əzizbəyov küçəsində yerləşən fərdi yaşayış evinə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə, saat 13 radələrində Şəmkir rayonu, M.Əzizbəyov küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan jiletin sağ cibindən dövriyyəsi qadağan olunmuş, kustar üsulla hazırlanmış təmiz çəkisi 0,490 qram, xeyli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, narkotik vasitə istifadə etməyinin səbəbi babasil xəstəliyi ilə əlaqədar olaraq ağrılara dözə bilməməsidir. 12 yanvar 2024-cü il tarixdə Şəmkir şəhərində yerləşən Abidələr parkında olan zaman şəffaf sellofanda büküm görmüşdür. Büküm onda maraq kəsb etdiyi üçün onu götürmüşdür. İçərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar etmişdir. O, narkotik vasitə istifadəçisi olduğu üçün onu istifadə etmək üçün götürmüşdir. 13 yanvar 2024-cü il tarixdə saat 13:15 radələrində Şəmkir şəhəri, M.Əzizbəyov küçəsində olan zaman polis əməkdaşları onu saxladıb Şəmkir Rayon Polis Şöbəsinə gətirmişlər. Sonra onun üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmiş ki, üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə odlu silah varsa təqdim etməyini bildirmişlər. O, da üzərində olan jiletin sağ cibindəki heroini, 2 ədəd tibbi sprişi, sol cibimdən isə 2 manat pul, siqareti, mobil telefonu təqdim etmişdir. Təqdim etdiyi büküm polis əməkdaşları tərəfindən baxılan zaman qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzi ilə çəkilən zaman bükümlə birlikdə 0,51 qram təşkil etmişdir. Aşkar edilmiş kütlənin narkotik vasitə olub-olmadığını, eləcə də sprişlərin içərisində narkotik vasitə qalıqlarının olub-olmadığını müəyyən etmək üçün ekspertiza üçün qablaşdırılmışdır. Bundan sonra polis əməkdaşı onun üzərinə şəxsi axtarış aparmış, lakin əlavə hər hansı bir əşya aşkar edilməmişdir. Mobil telefon polis əməkdaşları tərəfindən götürülmüş, lakin digər əşyalar ona geri qaytarılmışdır. Hazırda əməlindən peşmandır. Himayəsində iki nəfər azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 13 yanvar 2024-cü il tarixdə Şəmkir rayon sakini Təqsirləndirilən şəxs üzərində odlu silah və narkotik vasitə gəzdirməsi barədə Şəmkir RPŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə edildikdən sonra onun rəhbərliyi ilə CAB-nın əməliyyat müvəkkilləri Şahid3, Şahid5, PPXB-nün polis nəfərləri Şahid1, Şahid4, Şahid7 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Saat 13:15 radələrində Təqsirləndirilən şəxs Şəmkir şəhəri Əzizbəyov küçəsində saxlanılaraq RPŞ-nə gətirilmişdir. Şəmkir Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı Rəşad Xəlilov tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi Rövşən Əhmədov dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan jilletin sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofanda olan büküm, 2 (iki) ədəd tibbi sprişi, sol cibindən isə 2 (iki) manat pulu, 1 (bir) ədəd kent markalı siqaret, 1 (bir) Redmi markalı mobil telefonu təqdim etmişdir. Təqdim etdiyi həmin bükümun narkotik vasitə hesab olunan heroin olduğunu bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngdə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxsla şifahi sorğu zamanı narkotik vasitə hesab olunun heroini təxminən 2-3 gün bundan əvvəl Şəmkir rayonu, Abidələr parkı adlanan ərazidən yerdən tapdığını bildirmişdir. Həmin narkotik vasitə bükümlə ilə birgə elektron tərəzidə çəkildikdə 0,51 qram olmuşdur. Aşkar olunmuş kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Daha sonra təhqiqatçı Rəşad Xəlilov tərəfindən axtarış və onun nəticələri barədə protokol tərtib olunmuş, onlarda həmin protokola imza etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid5, Şahid1 Siluddin oğlu, Şahid4, Şahid7 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş X3 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu Tatarlı kəndində ailə üzvləri ilə yaşayır və Şəmkir RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. Bildirmiş ki, 23 yanvar 2024-cü il tarixdə Şəmkir Rayon Polis Şöbəsində növbədə olduğu zaman ona bir nəfər adının sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin narkotik vasitə saxlamaqda şübhəli olduğundan polis şöbəsinə gətirildiyini və həmin şəxsin üzərində şəxsi axtarış aparılan zaman onun da iştirak etməyini bildirmişlər. O, rəhbərliyin göstərişi ilə təhqiqatçısı Rəşad Xəlilovun xidməti otağına getmişdir. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi Rövşən Əhmədov dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan jilletin sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofanda olan bükümü çıxardaraq təqdim edərək həmin bükümun narkotik vasitə hesab olunan marixuana olduğunu bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxsla şifahi sorğu zamanı narkotik vasitə hesab olunun heroini təxminən 2-3 gün bundan əvvəl Şəmkir rayonu Abidələr parkından tapdığını bildirmişdir. Həmin narkotik vasitə bükümlə ilə birgə elektron tərəzidə çəkildikdə 0,510 qram olmuşdur. Aşkar olunmuş kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Daha sonra təhqiqatçı Rəşad Xəlilov tərəfindən axtarış və onun nəticələri barədə protokol tərtib olunmuş, onlarda həmin protokola imza etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması barədə” 13 yanvar 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ– nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun əynindəki jiletin sağ cibindən bir ədəd şəffaf sellofanda olan bükümün, təmiz çəkisi 0,51 qram çəkidə narkotik vasitə olan heroin və 2 ədəd tibbi sprişi aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 14 yanvar 2024–cü il tarixli 16/64 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə, 2 ədəd şpris” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,490 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin kağız paketdəki 2 (iki) ədəd 5ml-lik birdəfəlik şprislərin içərisində narkotik vasitə və psixotrop maddə izi yoxdur. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 16 fevral 2024–cü il tarixli, 250 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui–istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2024– cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoljoi kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan Şəmkir RİHB-nın Şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşdə olan Şəmkir RİHB-nın Şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011-ci ildə anadan olmuş Ratmir və 2016-cı ildə anadan olmuş Əli adlı iki nəfər azyaşlı uşaqları var. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı ağırlaşdırılan halların olmaması və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcdir olunmadan, ona Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00– dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 15 yanvar 2024–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni 13 aprel 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 13 yanvar 2024–ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 29 yanvar 2024–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığı qətimkan tədbirinin son müddəti Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. Bundan başqa cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 13 aprel 2024cü il tarixdə bitmiş və qətimkan tədbirinin müddəti uzadılmamış, daha sonra Şəmkir Rayon Məhkəməsinin 29 aprel 2024–cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdən 13 aprel 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət 03 ay təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlandığı 03 ay müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 06 ay müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1–ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,440 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı və təqsirləndirilən şəxs qismində dindirilərkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 02 ədəd DVD-R disklər iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 30,40 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 yanvar 2024–cü il tarixdən 29 yanvar 2024–cü il tarixədək həbsdə, 29 yanvar 2024–cü il tarixdən 13 aprel 2024–cü il tarixədək ev dustaqlığında saxlanıldığı 03 ay müddət CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırmasının iki gününə bərabər tutulmaqla 06 ay təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab olunan və Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,440 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı və təqsirləndirilən şəxs qismində dindirilərkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 02 ədəd DVD-R disklər iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30.40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar