Məhkəmə qərarları › İş №1(076)-142/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-142/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-142/2025 30.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984–cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şəmkir rayonu, Zəyəm- Cırdaxan kəndində yaşayan Zərərçəkmiş şəxs Yevlax rayonunda işlə təmin olunmasına kömək edəcəyinə dair yalandan vədlər verib, vahid niyyətlə 22 dekabr 2023-cü il tarixdə Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən “OBA” marketin daxilində olan “Emanat” elektron ödəmə terminalı vasitəsi ilə özünün “Unibank” KB-na məxsus “******91731970” nömrəli “Leobank” kart hesabına 400 (dörd yüz) manat, 23 dekabr 2023cü il tarixdə Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən “OBA” marketin daxilində olan “E-manat” elektron ödəmə terminalı vasitəsi ilə özünün “Unibank” KB-na məxsus “******91731970” nömrəli “Leobank” kart hesabına 150 (bir yüz əlli) manat, 25 dekabr 2023-cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində yerləşən “OBA” marketin daxilində olan “E-manat” elektron ödəmə terminalı vasitəsi ilə özünün “Unibank” KB-na məxsus “******91731970” nömrəli “Leobank” kart hesabına 100 (bir yüz) manat və həmin tarixdə eyni üsulla 300 (üç yüz) manat, həmçinin 26 dekabr 2023-cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində yerləşən “OBA” marketin daxilində olan “E-manat” elektron ödəmə terminalı vasitəsi ilə özünün “Unibank” KB-na məxsus “******91731970” nömrəli “Leobank” kart hesabına 250 (iki yüz əlli) manat məbləğində nəğd pulunu köçürtdürərək ələ keçirtmiş, sonradan vədinə əməl etməyib aldadaraq ümumilikdə Zərərçəkmiş şəxs 1200 (bir min iki yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə ünvan 2 ünvanında yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Şahid2 tanıyır. Xəzər ilə o, təxminən 2023-cü ilin yay aylarında Şuşa şəhərində birlikdə işləmişlər. 2023-cü ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs ona zəng etmiş və ona Xəzərin yeznəsi olmasını və Xəzərdən onu işə düzəldə biləcəyini öyrəndiyini söyləmişdir. Həmin vaxt o, işsiz olmuş və pula ehtiyacı olmuşdur. Ona görə də, həmin vaxt Teymura bir-iki gün gözləməsini və məşğulluq idarəsində iş barədə maraqlandıqdan sonra ona məlumat vercəyini söyləmişdir. Aradan təxminən 2-3 gün keçdikdən sonra o, Teymura zəng etmiş və ona Yevlax rayonunda fəhlə işi olmasını söyləmiş və iş üçün ondan 1200 manat pul istəmişdir. Daha sonra o, Teymura özünə məxsus son 8 rəqəmi 91731970 rəqəmləri ilə bitən kart nömrəsini göndərmişdir. Teymur da, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023cü il tarixdə 400 manat və xx.xx.2024-cü il tarixdə 250 manat olmaqla ümumilikdə 1200 manat pulu ona göndərmişdir. O da, həmin vaxt Teymura 2024-cü ilin yanvar ayınn 15-i tarixinə kimi işinin hazır olacağını bildirmişdir. Daha sonra 2024-cü ilin yanvar ayının axırlarında Teymur ona zəng etmiş və işi ilə bağlı maraqlanmışdır. O da, Teymura onu işə düzəldə bilməyəcəyini söyləmişdir. Həmin vaxt Teymur ondan pulunu geri istəmişdir. O da, Teymura maddi vəziyyətinin aşağı olduğunu, işsiz olduğunu və pul tapan kimi onun pulunu qaytaracağını söyləmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Teymur Zaynalov onu işə düəzltməsi üçün ona 1200 manat pul göndərmişdir. O həmin pulları özü üçün xərcləmişdir və onu işə düzəltməmişdir. Sonradan, yəni 2024-cü ilin fevral-mart aylarında Zərərçəkmiş şəxs 400 manat pulunu və 2024-cü ilin aprel isə yerdə qalan 800 manat pulunu onun özünə qaytarmışdır O, əməlindən peşmandır. Həmçinin o məşğulluq idarəsində işləmir. Hazırda etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, ibtidai araşdırma mərhələsində zərərçəkmiş şəxs qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O uzun müddət idi ki, işsiz olmuş və özünə iş axtarmışdır. Təxminən 2023-cü ilin dekabr ayında yaşadığı evdə qaynı Şahid2 ilə aralarındakı söhbət zamanı ona işsiz olduğunu və özünə iş axtardığını söyləmişdir. Həmin vaxt Xəzər ona Təqsirləndirilən şəxs İldlrım oğlu adlı tanışı olduğunu və Təqsirləndirilən şəxs onu işə düzəldə biləcəyini söyləmişdir. O da, Xəzərdən ona Nicatın nömrəsini verməsini və onunla özünün danışacağını bildirmişdir. Daha sonra o, Nicata zəng etmiş və aralarındakı telefon danışığı zamanı Nicat ona Yevlax rayonunda məşğulluq idarəsində işlədiyini və onu Yevlax rayonunda işə düzəldə biləcəyini söyləmişdir. Həmçinin Nicat onu işə düzəltməsi üçün ondan 1200 manat pul istəmişdir. O da, daha sonra Nicatın ona göndərdiyi son 8 rəqəmi 91731970 rəqəmləri ilə bitən ona məxsus karta Şəmkir rayonu, Zəyəm Cərdaxan və Şəmkir rayonu Düyərli kəndlərində yerləşən “Oba” marketlərdə olan “emanat” elektron ödəmə terminalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 400 manat və xx.xx.2023-cü il tarixdə 250 manat olmaqla ümumilikdə 1200 manat pulu Nicatın onu işə düzəltməsi üçün göndərmişdir. Aralarındakı söhbət zamanı Nicat ona işimin 2024-cü ilin yanvar ayının 15-i tarixinə kimi düzələcəyini bildirmişdir. Lakin sonradan o, işinin alınmadığını gördükdə Nicatdan pulumu geri qaytarmasını istəmişdir. Nicat isə müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamışdır. O da, həmin vaxt Nicatın onu aldatmasını başa düşmüş və bu barədə Şəmkir RPŞ-nə ərizə ilə müraciət etdmişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ona göndərdiyi son 8 rəqəmi 91731970 rəqəmləri ilə bitən ona məxsus karta Şəmkir rayonu, Zəyəm Cırdaxan və Şəmkir rayonu Düyərli kəndlərində yerləşən “Oba” marketlərdə olan “emanat” elektron ödəmə terminalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 400 manat və xx.xx.2023-cü il tarixdə 250 manat olmaqla ümumilikdə 1200 manat pulu Nicatın onu işə düzəltməsi üçün göndərmişdir. Lakin Təqsirləndirilən şəxs onu aldatmış və onu işə düzəltməmişdir. O, Təqsirləndirilən şəxs pul göndərən zaman tək olmuş, həmin vaxt yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs ondan şikayət olunduqdan sonra təxminən 2024-cü ilin fevral-mart aylarında 400 manat pulunu arvadı Şahid1 məxsus Kapital Banka aid 5239-1517-9991-4018 nömrəli karta göndərmişdir. Sonradan isə təxminən 2024-cü ilin aprel ayında Təqsirləndirilən şəxs Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisində yerdə qalan 800 manat pulunu qaytarmışdır. Təqsirləndirilən şəxs onun 1200 manat pulunu geri qaytarmışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən xx.xx.2021-ci tarixli hökm dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnisyiya haqqında qərarın 4,9 və 23-cü bəndinə əsasən təyn olunmuş azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılaraq üzərində 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan Yevlax ŞİHB-nin 1 nömrəli İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui–istifadə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadəsini, zərərçəkmiş şəxsin ərizəsində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması və dəymiş ziyanın ödənilməsi ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bu barədə həmçinin ərizə təqdim etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir; 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Azərbaycan Respublikasının CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs ilə barışdığı və dəymiş zərərin aradan qalxdığına dair məhkəməyə təqdim edilmiş teleqramını, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikasının CM-in 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi İsmayı oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi İsmayı oğluna dövlət büdcəsi vəsaiti hesabına 11 saat üçün nəzərdə tutulan 91 manat pul ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi İsmayı oğluna ödənilməsi üçün dövlət büdcəsinin hesabına 91 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar