Məhkəmə qərarları › İş №1(076)-143/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-143/2024

22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-143/2024 22.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Abbasəli oğlunun Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxxxx 1989–cu il tarixdə Şəmkir rayonu, Şeyidlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Şəmkir rayonu, Şeyidlər kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Abbasəli oğlunun Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Abbasəli oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 09 iyun 2023–cü il tarixdə saat 19 radələrində yaşadığı Şəmkir rayonu, Şeyidlər kəndində yerləşən yaşadığı küçədə qonşusu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış xırdabuynuzlu heyvanların otarılması gedişində yaranmış sözlə mübahisə zamanı taxta parçası ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona başın tüklü–tüksüz hissə sərhəddində sol gicgah–ənsə nayihəsinin yumşaq toxumlarının şişkinlik, sıyrıq və ağrı halında əzniyi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər, həmçinin Zərərçəkmiş şəxs2 sağ əlin İ barmağını qəsdən dişləyərək ona sağ əlin İ barmağının şişkinliyi və əzilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Abbasəli oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Abbasəli oğlu məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, 09 iyun 2023–cü il tarixdə saat 19 radələrində yaşadığı kənd ərazisində heyvanları otararkən yolda otardığı xırdabuynuzlu heyvanlarla qonşusu Zərərçəkmiş şəxs1 otardığı iribuynuzlu heyvanların bir–birinə qarışmaması üçün Zərərçəkmiş şəxs1 irəlidə getməsini demiş, Zərərçəkmiş şəxs1 əvvəl razılaşsa da, sonradan onun irəlidə getməsini dediyi üçün o, heyvanları aparmağa başlamışdır. O, 50–60 metr uzaqlaşan kimi qonşusu Zərərçəkmiş şəxs1 da heyvanlarını gətirməyə başlamış, o, heyvanların qarışacağını görərək Zərərçəkmiş şəxs1 niyə belə etdiyini soruşduqda Zərərçəkmiş şəxs1 ona nalayiq söyüşlə yaxşı elədiyini demiş, onlar sözlə mübahisə etdikdə qonşusu Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığında çatanda Zərərçəkmiş şəxs1 atasını görərək ona bir daha söyüş söyərək əlindəki ağaaç parçası ilə onun qoluna vurmuş, o isə əlindəki ağacla Yasinin baş nahiyəsinə vurmuş və Yasin yerə yıxılmışdır. Bu zaman qonşusu Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 onun üstünə hücum çəkərək əllərini ağzına salaraq dartmış, o isə həmin zaman Samayənin barmağını dişləyərək xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs2 onun ağzından tutaraq dartan zaman əri Şahid1 da onu vuraraq xəsarət yetirmişdir. Anası Şərqiyyə isə onları aralamış, o da evə gələrək baş vermiş hadisə ilə bağlı polisə məlumat vermişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş və onlarla barışmışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 09 iyun 2023–cü il tarixdə saat 19 radələrində yaşadığı kənd ərazisində heyvanları otardıqdan sonra evə qayıdan zaman yolda qonşusu Təqsirləndirilən şəxs otardığı xırdabuynuzlu heyvanlarla onun otardığı iribuynuzlu heyvanların bir–birinə qarışmasın deyə irəlidə getməsini demiş, o əvvəl razılaşsa da, sonradan Təqsirləndirilən şəxs irəlidə getməsini dediyi üçün qonşusu Təqsirləndirilən şəxs heyvanları aparmağa başlamışdır. Təqsirləndirilən şəxs 50–60 metr uzaqlaşan kimi o da heyvanlarını gətirməyə başlamış və bununla da qonşusu Təqsirləndirilən şəxs heyvanların qarışacağını görmüş, heyvanları gah taxıl sahəsinə, gah da kartof sahəsinə qovarkən camaatın əkin sahələrinə ziyan vurmasın deyə qarşısını almağa çalışmış, bundan sonra aralarında mübahisə yaranmışdır. Onlar mübahisə edərək evin qarşısına qədər gəlmişlər. Yaşadığı evin qarşısında mübahisə edərək itələşərkən anaları yaxınlaşaraq onları ayırmışlar. Bundan sonra o, üzünü çevirərək evə tərəf gedərkən arxadan başının arxa nahiyəsinə taxta parçası dəymiş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Onun eşitmə problemi olduğu üçün qulağında səs gücləndirici aparatdan istifadə etmiş, o, yerə yıxılarkən sol qulaqcıq aparatının sındığını görmüşdür. Təqsirləndirilən şəxs valideynləri ilə mübahisə etmiş, anası Samayənin barmağını dişləmişdir. Mübahisədən sonra evə gələrək polisə məlumat vermişdir. Lakin hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, o da sonuncunu bağışlayaraq barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 09 iyun 2023–cü il tarixdə saat 19 radələrində yaşadığı evdə olan zaman küçədən oğlu Zərərçəkmiş şəxs1 səsini eşitmişdir. O, yaşadığı evin qarşısına çıxan zaman oğlu Zərərçəkmiş şəxs1la qonşu Təqsirləndirilən şəxs bir–biri ilə itələşərək mübahisə etdiklərini görərək yaxınlaşmış, oğlu Yasinin qolundan tutaraq ev istiqamətinə çəkməyə başlamış, Təqsirləndirilən şəxs anası Şərqiyyə isə öz oğlu Cəlalın qolundan tutaraq evləri istiqamətində çəkən zaman Təqsirləndirilən şəxs əlindəki ağac parçası ilə oğlu Zərərçəkmiş şəxs1 baş nahiyəsinə arxadan zərbə vurmuş və zərbənin təsirindən Yasin səndələyərək yerə yıxılmışdır. Bu zaman Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs1 üstünə gedərək yenə vurmaq istədikdə o, Təqsirləndirilən şəxs yaxınlaşmış, arxadan tutaraq çəkərkən əli Cəlalın ağzına keçmiş və bu zaman Təqsirləndirilən şəxs onun sağ baş barmağını qəsdən dişləyərək ona xəsarət yetirmişdir. O, ağrıdan qışqıraraq barmağını buraxmasını deyərək onun ağzında olan dişlərə xəsarət yetirmişdir. Onları əri İntizam gələrək araladıqdan sonra o, oğlu Yasinə yaxınlaşaraq qalxmasına kömək edərkən qulağında səs eşitmə aparatının sol qulaqcığının Təqsirləndirilən şəxs vurduğu zərbənin təsirindən sındığını görmüş və bundan sonra polisə zəng edərək şikayət etmişdir. Lakin hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, o da sonuncunu bağışlayaraq barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 09 iyun 2023–cü il tarixdə saat 19 radələrində yaşadığı evdə olan zaman küçədən oğlu Zərərçəkmiş şəxs1 səsini eşidərək həyat yoldaşı Samayə ilə yaşadığı evin qarşısına çıxan zaman oğlu Zərərçəkmiş şəxs1la qonşu Təqsirləndirilən şəxs bir–biri ilə itələşərək mübahisə etdiklərini görmüş, həyat yoldaşı Samayə yaxınlaşaraq oğlu Zərərçəkmiş şəxs1 qolundan tutaraq ev istiqamətinə çəkmiş, eyni zamanda Təqsirləndirilən şəxs anası Şərqiyyə öz oğlunun qolundan tutaraq evi istiqamətinə çəkən zaman Təqsirləndirilən şəxs əlindəki ağac parçası ilə oğlu Yasinin baş nahiyəsinə zərbə vurmuş və zərbənin təsirindən oğlu Yasin səndələyərək yerə yıxılmışdır. Bu zaman Təqsirləndirilən şəxs oğlu Yasinin üstünə gedərək yenə vurmaq istədikdə həyat yoldaşı Zərərçəkmiş şəxs2 Cəlala yaxınlaşaraq arxadan tutaraq əlini Təqsirləndirilən şəxs ağzına salmış, həmin vaxt Təqsirləndirilən şəxs dişinə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs isə onun arvadı Samayənin barmağını dişləmişdir. O, onları araladıqdan sonra oğlu Zərərçəkmiş şəxs1 yaxınlaşaraq qalxmasına kömək etmiş, qulağına baxdıqda səs eşitmə aparatının sol qulaqcığının Təqsirləndirilən şəxs vurduğu zərbənin təsirindən sındığını görmüşdür. Cinayət işinin materiallarında olan 10 iyun 2023–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 10 iyun 2023–cü il tarixli 633 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər–başın tüklü–tüksüz hissəsi sərhəddində sol gicgah–ənsə nahiyəsinin yumşaq toxumalarının şişkinlik, sıyrıq və ağrı halında əzniyi küt əşyanın təsirindən törənmiş, törənmə müddəti 09 iyun 2023–cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 10 iyun 2023–cü il tarixli 634 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər–sağ əlin birinci barmağının şişkinliyi və əzilmiş yaraları küt əşyanın təsirindən törənmiş, törənmə müddəti 09 iyun 2023–cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəssarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abbasəli oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Şeyidlər kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abbasəli oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs Abbasəli oğlu ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs Abbasəli oğlu ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs Abbasəli oğlu 09 iyun 2023–cü il tarixdə saat 19 radələrində yaşadığı Şəmkir rayonu, Şeyidlər kəndində yerləşən yaşadığı küçədə qonşusu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış mübahisə zamanı taxta parçası ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona başın tüklü–tüksüz hissə sərhəddində sol gicgah–ənsə nayihəsinin yumşaq toxumlarının şişkinlik, sıyrıq və ağrı halında əzniyi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər, həmçinin Zərərçəkmiş şəxs2 sağ əlin İ barmağını qəsdən dişləyərək ona sağ əlin İ barmağının şişkinliyi və əzilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abbasəli oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdıqlarını, onlara dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Təqsirləndirilən şəxs Abbasəli oğlu da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslərlə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Abbasəli oğlu ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışmış və onlara vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs Abbasəli oğlu zərərçəkmiş şəxslərlə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxslər də Təqsirləndirilən şəxs Abbasəli oğlundan şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Abbasəli oğlu zərərçəkmiş şəxslərlə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs Abbasəli oğlu barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Abbasəli oğlu barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs Abbasəli oğlunun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs Abbasəli oğluna məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 42 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Abbasəli oğlunun Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Abbasəli oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Abbasəli oğluna məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 42 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar