Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-144/2023 31.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1989-cu ildə Şəmkir rayonu Mahmudlu kəndində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində Şəmkir rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının sonlarında, istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhər Atatürk prospektindən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamaqla daşımış, 01 fevral 2023-cü il tarixdə Şəmkir Rayon Polis X2 Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində o Bakı-Qazax avtomagistralının Şəmkir rayonu Zəyəm qəsəbəsindən keçən hissəsində saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ çöl cibindən 1 ədəd rəngli sellofana bükülmüş vəziyyətdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən kustar üsulla hazırlanmış 1.063 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir, ağrıları olduğu üçün uzun illərdir ki, narkotik vasitə istifadə edir, Şəmkir rayonu, Mahmudlu kəndində yaşayır. O, əsasən narkotik vasitə heroindən istifadə edir. 01 fevral 2023-cü il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsinə getmiş, oradan geri qayıdan zaman Bakı-Qazax magistiral yolunun yaxınlığında piyada marşrut gözləmiş, bu zaman Şəmkir RPŞ-nin Zəyəm PB-nin əməkdaşları ona yaxınlaşmış, narkotik vasitə saxlamaqda şübhəli olduğunu demiş, o, özünü şübhəli apardığı üçün polis əməkdaşları onu Zəyəm PB-nə gətirmişdir. Qeyd edir ki, üzərindən heç bir narkotik vasitə çıxmamışdır. Himayəsində üç azyaşlı uşağı var və ailədə qazanc gətirən yeganə şəxsdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin, Zəyəm PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Şöbəyə Elşən adlı şəxsin üzərində mütəmadi olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi, mütamadi olaraq həmin şəxsin Zəyəm qəsəbəsinə gəlib-getməsi barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin şəxsin Şəmkir rayonu, Mahmudlu kənd sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, bundan sonra 01 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərində şəxsi axtarış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs Bakı-Qazax avtomagistralının Zəyəm qəsəbəsi ərazisindən keçən hissəsində olduğu, üzərində narkotik vasitə və ya psixotrop maddə olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Zəyəm PB-nin baş əməliyyat müvəkkili Xalid İsgəndərli, bölmənin polis nəfəri Şahid3 və bölmənin sahə polis nəfəri Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yerə getmişdilər. Təqsirləndirilən şəxs olduğu yerə çatıb kənardan yaxınlıqda dayandığını müşahidə etmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib, Şəmkir RPŞ-nin Zəyəm polis bölməsinə dəvət etmiş, Təqsirləndirilən şəxs şöbəyə gətirdikdən sonra aidiyyəti üzrə raportla Zəyəm polis bölməsinin rəhbərliyinə müraciət etmiş, Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin TB-nə təqdim etmiş, sonradan onlara Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qış gödəkçəsinin sağ çöl cibindən narkotik vasitə heroin aşkar edilərək götürüldüyü, həmin heroin lektron tərəzidə çəkilən zaman çəkisinin 1.5 qram təşkil etdiyi, sorğu zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni bir neçə gün əvvəl Gəncə şəhərində yerdən tapdığını bildirdiyi məlum olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid2 Şakir oğlu və Şahid3 oxşar məzmunlu ifadə verərək Şahid5 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Bölməsinin 02 fevral 2023-cü il tarixli, 16/178 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroinə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 1,063 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan məhkəmə iclasında araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2023-cü il tarixli 570 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və işdə olan Şəmkir Rayon Məhkəməsinin 23 dekabr 2022-ci tarixli hökmündan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işində olan Şəmkir Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 01 fevral 2023-cü il tarixdən hesablanmışdır. İşə əlavə edilmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 31 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il təşkil edir. Cinayət işində olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il tarixdə anadan olmuş Fəridə, xx.xx.2011-ci il tarixdə anadan olmuş Ayşən və xx.xx.2012-ci il tarixdə anadan olmuş Fatimə adlı üç azyaşlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən qəbul etməsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, o cümlədən şahid ifadələri, təqsirləndirilən şəxsin özünün qismən etirafı, iş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış aparılması barədə fotoşəkillər, vidoegörüntü və ifadənin yerində yoxlanılması barədə protokolla onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamaqla daşıması öz təsdiqini tapmışdır. Beləliklə, araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib həmin maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinədə nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 23 dekabr 2022–ci tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının CM–nin 68.1–ci və 68.1.1–1–ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla 01 (bir) il azadlıqdan məhrum etmə cəzasına bərabər hesablanmaqla həmin Məcəllənin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin 23 dekabr 2022–ci tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğundan hazırki cinayət işi üzrə əməli cinayətin residivini yaratmır. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun olmaqla ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi götürülüb Şəmkir RPŞ-də saxlanılan ekspertizadan sonra qalıq qalmış narkotik vasitə olan heroin məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4, 198.1 və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə-bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 32 manat 40 qəpik Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 23 dekabr 2022–ci tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının CM–nin 68.1–ci və 68.1.1–1–ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla 01 (bir) il azadlıqdan məhrum etmə cəzasına bərabər hesablansın. Azərbaycan Respublikasının CM–nin 67.1–ci maddəsinə əsasən onun bu cəzası ona yeni hökmlə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 fevral 2023–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi götürülüb Şəmkir RPŞ–də saxlanılan, ekspertizadan sonra qalıq qalmış 0,993 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə məhkəmə xərci olan 32 (otuz iki) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(076)-144/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-144/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver