Məhkəmə qərarları › İş №1(076)-148/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-148/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-148/2023 31.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 16 aprel 2023-cü il tarixdə saat 19:45 radələrində Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində yaranmış münaqişə zamanı bir neçə dəfə Zərərçəkmiş şəxs sifətinə və alnına vuraraq ona burun nahiyyəsinin şişkinlik fonunda qançırı, burun qanaxması, hər iki gözaltı nahiyyənin hematoması, sol gözaltı nahiyyənin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qeyd olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 aprel 2023-cü il tarixdə saat 19:45 radələrində Şəmkir rayonu Qaracəmirli kəndində yaşadığı evdə olan zaman arvadı Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəmnində mübahisə baş vermişdir. Mübahisə zamanı o bir neçə dəfə yumruqla Zərərçəkmiş şəxs sifətinə vurub xəsarət yetirmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs məhkəmə teleqram ünvanlayaraq hazırda Naxçıvan şəhərində olduğunu, məhkəmədə iştirak edə bilmədiyini, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı ödəmədiyini, təqsirləndirilən şəxslə barışmadığını və təqsirləndirilən şəxsdən ona dəymiş maddi ziyanın tam ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 16 aprel 2023-cü il tarixdə saat 19:45 radələrində Şəmkir rayonu Qaracəmirli kəndində gəlini Zərərçəkmiş şəxs ilə oğlu Təqsirləndirilən şəxs aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifətinə vuraraq xəsarət yetirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X5 17 aprel 2023-cü il tarixli, 371 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-burun nahiyyəsinin şişkinlik fonunda qançırı, burun qanaxması, hər iki gözaltı nahiyyənin hematoması, sol gözaltı nahiyyənin sıyrığı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 16 aprel 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 29 aprel 2023-cü il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizası zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulduğunu, eləcə də bu xəsarətlərin hadisə baş verən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəldiyini müəyyən etmişdir. Eləcə də zərərçəkmiş şəxsin təhqiqatda verdiyi və şahidin məhkəmə iclasında verdiyi bir-biri ilə üst-üstə düşən ifadələri də X1 yüngül zərər vurulmasına səbəb olan xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən qəsdən yetirilməsini təsdiq edir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə imkan verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərər çəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxsə ən ağır cəza təyin olunmasını tələb etsə də, məhkəmə baş vermiş hadisənin səbəblərini, eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı ünvanda müsbət xarakterizə olunmasını nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmasını əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, bununla yanaşı təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəzalar içərisində orta ağırlıqda olan cəza növünün, yəni islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinin təmin edilməsi baxımından ədalətlidir. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə məhkəmə xərci dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsə müdafiəçinin göstərdiyi hüquqi yardıma görə ödənilməli məbləğdir. Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 25 saat vaxt sərf etmişdir. Buna görə də Müdafiəçi ibtidai istintaq və məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə ümumilikdə 150 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib təqsirli bilinərək aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli məhkumun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsinin vəsaiti hesabına 150 (yüz əlli) manat pul ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar