Məhkəmə qərarları › İş №1(076)-155/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-155/2025

11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-155/2025 11.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayonu Vəkil Bürosunun vəkili Həsənov Elçin Vaqif oğlunun iştirakları ilə, xx xxxxxx 1988–ci il tarixdə Şəmkir rayonu Dəllər Cırdaxan kəndində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Şəmkir rayonu Dəllər Cırdaxan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında ,açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 23 dekabr 2024-cü il tarixində Şəmkir rayonu, Dəllər Cəyir kəndi ərazisində yerdən tapdığı bir ədəd sellofan bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Şəmkir rayonu, Dəllər-Cırdaxan ərazisində daşımış, daxil olmuş əməliyyat –axtarış tədbirləri nəticəsində narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixdə,saat 15:10-da Şəmkir rayonu, Dəllər Cəyir ərazisində saxlanılaraq şəmkir rayon polis şöbəsində üstü yoxlanılarkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən kustar üsulla hazırlanmış, sellofan torbacıqda təmiz çəkisi 6,97 qram, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Təxminən 3-4 ildir ki, narkotik vasitə istifadə edir. Əvvəllər narkotik vasitə saxlamağa görə məhkum olunmamışdır. 23 dekabr 2024-cü il tarixdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndinin girişində yolun kənarında piyada hərəkətdə olarkən orada yerdə ağ rəngli sellofan torba görmüşdür. Həmin sellofan torba ona maraq oyatmışdır. Buna görə həmin torbanı götürüb açmışdır. Bu zaman o, torbanın içərisində marixuana olmasını görmüşdür. Daha sonra həmin marixuananı sonradan istifadə edər deyə götürüb üzərində saxlamış. 24 dekabr 2024-cü il tarixdə saat 15:10 radələrində Şəmkir rayonu, Dəllər-Cəyir kəndinin girişində olan zaman polis əməkdaşları onun özünü şübhəli aparmasını görüb ona yaxınlaşmışlar və özlərini təqdim edərək onun üzərinə baxış keçirməli olduqlarını bildirmişlər. Baxış zamanı polis əməkdaşları onun üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsini söyləmişlər. O da, polis əməkdaşlarına onlara narkotik vasitə olan marixuanadan istifadə etdiyini və üzərində özü istifadə etmək üçün marixuana olduğunu söyləmiş və həmin sellofan torbada olan marixuananı onlara təqdim etmişdir. Daha sonra təqdim etdiyi marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 7,79 qram olmuşdur Bundan sonra təqdim etdiyi marixuana zərfə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Daha sonra onu Şəmkir RPŞ-nə gətirmişlər. Sonra ona vəkil təyin olunmuş və o, şübhəli kimi tutulduqdan sonra onun üzərinə vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona bir daha üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. O da, üzərində olan marixuananı bir az əvvəl polis əməkdaşlarına təqdim etməsini söyləmişdir. Bundan sonra polis əməkdaşı onun üzərinə şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı bir az əvvəl üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlədən başqa hər hansı bir narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və o da, protokola imza etmişdir. O, 3-4 ildir ki, narkotik vasitə olan marixuana qəbul edir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu. Dəllər- Cəyir kəndi ərazisində yerləşən yolun kənarından tapmışdır. Həmin narkotik vasitəni başqa yerə qoymaqdan ehtiyyat etdiyi üçün üzərində gəzdirmişdir. O, hər hansı bir şəxsə narkotik vasitə satmamış və həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Onda narkotik vasitə olmasını heç kimə deməmiş, heç kim bilməmişdir. O, saxlanılan, üzərində axtarış keçirilən və polis bölməsinə gətirilən zaman ona qarşı hər hansı bir formada zor tətbiq olunmamış, təzyiq göstərilməmişdir. Hazırda əməlindən peşmandır, ailədə yeganə qazanc gətirən şəxsdir, iki övladı var, onlardan ikisidə azyaşlıdır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayonu, Dəllər-Cırdaxan kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir qohumluq əlaqələri, münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. 24 dekabr 2024-cü il tarixdə Şəmkir rayonu, Dəllər-Cırdaxan kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən ona daxil olmuş- məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə, Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və Şəmkir RPŞ-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 15:10 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Dəllər-Cəyir kəndində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirilmiş, həmin vaxt əməliyyat müvəkkili Şahid3 tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmıış və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütləni təqdim etmişir. Həmin kütlə elektron tərəzidə çəkilən zaman sellofan büküm də birlikdə çəkisi 7.79 qram təşkil etmişdir. Daha sonra həmin kütlə sellofan büküm ilə birlikdə onun tərəfindən kağız zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsiniııə gətirilmiş və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı. polis mayoru Ənvər Əkbərova təqdim edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Ənvər Əkbərova təqdim edilmişdir. Sonradan Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Ənvər Əkbərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması, müdafiəçi ilə təmin edilməsi və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşy a və predmət aşkar edilməməsi ona məlum olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və saxlanılan şəxsin üstünün yoxlanılmasına dair” 24 dekabr 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Dəllər Cəyir kəndində saxlanılaraq saxlanıdığı yerdən təxminən 60 metr raralıda yolun sağ kənarında üstü yoxlanılmış və onun əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofana bükülmüş vəziyyətdə yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş çəkilərək protokola əlavə olunmuşdur. “Baxış keçirilməsi haqqında” 24 dekabr 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, 24 dekabr 2024-cü il tarixdə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru tərəfindən Şəmkir RPŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı üzərindən aşkar edilərək qablaşdırılmış (bir) ədəd sellofan bükümün içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlənin olduğu zərfə baxış keçirilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş, video çəkilərək protokola əlavə edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.2024-cü il tarixdə, saat 16:15-də şübhəli şəxs olaraq tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və Şəmkir RPŞ-nin MSY-dən dərhal azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 25 dekabr 2024–cü il tarixli 16/1133 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 6.97 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. xx.xx.2025-ci il tarixli “İfadənin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Dəllər-Cəyir kəndi ərazisində yerləşən parkın yaxınlığında yolun kənarını göstərərək tapdığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və onun istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış, ekspert tədqiqatına sərf etdikdən sonra qalıq qalmış, təmiz çəkisi 6.95 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin, cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxsin üzərində şəxsi axtarışının, narkotik vasitənin təqdim edilməsinin və təqsirləndirilən şəxsin ifadəsinin videoçəkilişinin görüntülərinin köçürüldüyü 3 ədəd DVD-R disk, iş üzrə təqsirləndirilən şəxs və şahid ifadələri, baxış protokolları, ekspert rəyi, həmçinin digər istintaq sənədləri ilə qiymətləndirilmişdir. Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 24 yanvar 2025–cü il tarixli, 108 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui–istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 26 dekabr 2024-cü il tarixli 1278 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Şəmkir Rayon Poliklinikasının xx.xx.2025–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoljoi kabinetdə qeydiyyatda dayanmır. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Şəmkir RİHB-nın Dəllər-Cırdaxan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Şəmkir RİHB-nın Dəllər-Cırdaxan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 olmaqla himayəsində iki azyaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahılar”ın İ siyahının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6.97 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs iki azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 dekabr 2024–cü il tarixdən, 26 dekabr 2024– cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Şəmkir rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,95 qram qalıq çəkisi olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 32, 40 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 991.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 dekabr 2024–cü il tarixdən, 26 dekabr 2024–cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab olunan və Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 6.95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışının, narkotik vasitənin təqdim edilməsinin və təqsirləndirilən şəxsin ifadəsinin videoçəkilişinin görüntülərinin köçürüldüyü 3 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar