Məhkəmə qərarları › İş №1(076)-156/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-156/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-156/2023 05.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, mütəxəssis – X1, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1958–ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, subay, Şəmkir rayonu, Atabəy kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 03 avqust 2022–ci il tarixdə saat 13 radələrində Şəmkir rayonu, Atabəy kəndində Zərərçəkmiş şəxs ilə sonuncunun onu təhqir etməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs yerdən götürdüyü şüşə butulka ilə bir neçə dəfə qəsdən vuraraq, ona boynun sağ yan səthinin qançırı və 5–ci barmağın əsas falanqasının iç səthinin kəsilmiş səthi yarası ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən xəsarətlər, həmçinin döş qəfəsinin sol yan səthinin yumşaq toxumalarının şişkinlik, qançır və ağrı halında əzniyi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 03 avqust 2022–ci il tarixdə saat 14 radələrində oğlu Samirin Şəmkir rayonundan bazarlıq edərək onlara göndərdiyi meyvə–tərəvəzləri götürmək üçün nəvəsi Murad ilə birlikdə kəndlərində yerləşən dayanacağa getmiş, bu zaman həmkəndlisi Zaurun dayanacağın yanına gəldiyini görmüş, onlar Zaurla salamlaşmış, Zaur bu vaxt öz–özünə danışaraq təhqiredici ifadələr işlətmişdir. Zaur ona heç kimin heç nə edə bilməyəcəyini, baldızlarının yüksək vəzifələrdə işlədiyini demiş, o, isə Zaura yaxınlaşaraq baldızlarının gözəl olduğunu demiş, bu vaxt Zaur onun saçından tutmuş, yerdə sürümüş, təpiklə vurmuş, bu zaman nəvəsi Murad qışqırmış, Zaur nəvəsinin və onun səs–küy etməyindən qorxaraq oradan uzaqlaşmış, uzaqlaşan zaman biraz aralıdan ona tərəf göy rəngli butulka atmış, lakin butulka ona dəyməmişdir. Həmin vaxt o, Zauru vurmamış, sadəcə olaraq özünü müdafiə etmək üçün itələmişdir. Bu səbəbdən hazırda özünü təqsirli hesab etmir. Ona görə də, ifadəsində göstərdiyi halları nəzərə alaraq, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onunla eyni kənddə yaşayır, Ziyafətlə münsaibəti normal olmuş, heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. 03 avqust 2022–ci il tarixdə Şəmkir rayonu Atabəy kəndində mərkəzdə yerləşən mağazanın qarşısında olan zaman Təqsirləndirilən şəxs ondan bir neçə gün əvvəl yaşadığı evə gələn qonaqlarının kim olduğunu soruşmuş, o, isə Ziyafətə evinə gələn qonaqların baldızı və bacanağı olduğunu demişdir. Ziyafət ondan neçə baldızı olduğunu soruşmuş, o, Ziyafətə həyat yoldaşının 3 bacı olduqlarını demişdir. Ziyafət bu zaman ona “onların hər üçünü yuyucu yusun”–demiş, o, Ziyafətə hansı səbəbdən bu cür deməsini soruşan zaman Ziyafət həm onu, həm də ailə üzvlərini təhqir etmiş, onun ölüsünə söymüş, Ziyafətdən hansı səbəbdən söyüş söyməsini soruşmuş, Ziyafət yaxşı etdiyini deyib orada zibil vedrəsində olan şüşə butulkanı götürüb onun üzərinə gəlmişdir. O, Ziyafətin yanından çıxıb getmək istəyən zaman Ziyafət əlində olan butulkanı onun sol kürək nahiyəsinə vurub qırmış, sonradan daha 2 butulka götürərərək onun belinin eyni hissəsindən vurmuş, həmin butulkaları onun belində qırmış, sonuncu butulkanı onun belində qırdıqdan sonra butulka ilə ürək nahiyəsindən vurmaq istəmişdir. Bu zaman sol əli ilə özünü müdafiə etmiş, onun sol əli kəsilmiş, bundan sonra o, Ziyafətin yanından aralaşaraq yaşadığı evə getmiş, həkimə və polis əməkdaşlarına məlumat vermişdir. Hadisə zamanı o, Ziyafəti vurmamış və ya onu döyməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında mütəxəssisin iştirakı ilə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 03 avqust 2022–ci il tarixdə saat 14 radələrində nənəsi Ziyafətlə birlikdə kəndlərində yerləşən dayanacağa getmiş, bu zaman Zaur Abbsov dayanacağa onların yanına gəlmişdir. Zaur bu vaxt öz–özünə danışaraq təhqiredici ifadələr işlətmiş, ona heç kimin heç nə edə bilməyəcəyini, baldızlarının yüksək vəzifələrdə işlədiyini demiş, nənəsi isə Zaura yaxınlaşaraq baldızlarının gözəl olduğunu demiş, bu vaxt Zaur nənəsinin saçından tutmuş, yerdə sürümüş, təpiklə vurmuş, bu zaman nəvəsi o, qışqırmış, Zaur onlarınh səs–küy etməyindən qorxaraq oradan uzaqlaşmış, uzaqlaşan zaman biraz aralıdan ona tərəf göy rəngli butulka atmış, lakin butulka ona dəyməmişdir. Həmin vaxt nənəsi Zauru vurmamış, sadəcə olaraq özünü müdafiə etmək üçün itələmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022–ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Şəmkir rayonu, Atabəy kəndidir. Həmin kənddə Zərərçəkmiş şəxs döyüldüyü yerə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 05 avqust 2022–ci il tarixli 918 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər– boyunun sağ yan səthinin qançırı, döş qəfəsinin sol yan səthinin yumşaq toxumalarının şişkinlik, qançır və ağrı halında əzniyi–küt əşyanın təsiri nəticəsində törənmişlər, sol əlin 5–ci barmağının əsas falanqasının iç səthinin kəsilmiş səthi yarası isə iti kənarlı əşyanın ola bilsin ki, şüşə qəlpəsinin təsirindən törənmişlər, törənmə müddətləri 03 avqust 2022–ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin sol yan səthinin yumşaq toxumalarının şişkinlik, qançır və ağrı halında əzniyi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, boyunun sağ yan səthinin qançırı və sol əlin 5–ci barmağının əsas falanqasının iç səthinin kəsilmiş səthi yarası isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurma cinayət əməlini törətmədiyini bildirsə də, iş üzrə zərərçəkmiş şəxsin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdiyi ifadəsi biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadə ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi isə yuxarıda qeyd olunan əsasa görə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz zərərçəkmiş şəxsin ifadəsi qoyulmalıdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdəislah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar