Məhkəmə qərarları › İş №1(076)-161/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-161/2023

05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-161/2023 05.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1990–cı il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində üç azyaşlı uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqəsdilə tamah niyyəti ilə 18 sentyabr 2022–ci il tarixdən 21 noyabr 2022–ci il tarixədək olan vaxt ərzində Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən yaşadıqları evdə qonaq otağında divanın altında əl çantasının içərisində olan, anası Zərərçəkmiş şəxs məxsus bir ədəd 583–585 əyarlı 45 qram çəkidə 3.825 (üç min səkkiz yüz iyirmi beş) manat dəyərində qızıl boyunbağı, bir cüt 583–585 əyarlı 8 qram çəkidə 680 (altı yüz səksən) manat dəyərində qızıl sırğalar, bir ədəd 583–585 əyarlı 5 qram çəkidə 425 (dörd yüz iyirmi beş) manat dəyərində qızıl sadə üzük, bir ədəd 583–585 əyarlı 5 qram çəkidə 425 (dörd yüz iyirmi beş) manat dəyərində sadə qızıl üzük, bir ədəd üzərində briliant qaşlar olan yarpaq formasında, 583–585 əyarlı qaşsız 8 qram çəkidə 480 (dörd yüz səksən) manat dəyərində qızıl üzük, bir dəst 750 əyarlı, 12 qram çəkidə italyan qızılı olan bir ədəd qızıl üzük və bir cüt qızıl sırğadan ibarət 1.020 (bir min iyirmi) manat dəyərində qızıl dəstini, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 6.855 (altı min səkkiz yüz əlli beş) manat dəyərində əmlakı gizli talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4–cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, anası Zərərçəkmiş şəxs, X4, qardaşı Nurlan Musayev və üç azyaşlı övladı ilə birlikdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayır. X4 təxminən 4–5 ay olar ki, işləmək üçün Rusiya Federasiyasına getmişdir. Anası Esmira da xərçəng xəstəliyindən əziyyət çəkdiyinə görə 19 sentyabr 2022–ci il tarixdə müalicə olunmaq üçün Rusiya Federasiyasına getmişdir. Anası Rusiya Federasiyasına getdikdən sonra təxminən 2022–ci ilin oktyabr ayının əvvəllərində yaşadığı evdə pərdələri dəyişmək üçün evin qonaq otağında olan divanı qaldırıb alt hissəsindən pərdə götürmək istəmişdir. Həmin vaxt anasına məxsus olan çantanın orada olduğunu görmüş, həmin çantaya baxdıqda anasına məxsus bir ədəd boyunbağı, iki ədəd sadə üzük, iki dəst üzük və sırğaların həmin yerdə olduğunu görmüşdür. O, pula ehtiyacı olduğu üçün həmin qızıllardan götürüb satmaq qərarına gəlmişdir. Həmin qızıllardan əvvəlcə bir ədəd yaşıl rəngli qaşı olan üzüyü özü ilə götürmüş, həmin üzüyü cibində gəzdirmişdir. Qızılı bir gün üzərində gəzdirdikdən sonra ikinci gün Şəmkir şəhərinə gələrək Günəş MMC–nin yaxınlığında tanımadığı şəxsin işlətdiyi qızıl alqı–satqısı mağazasına yaxınlaşmış, üzüyü göstərib özünə məxsus olduğunu demiş və 165 (bir yüz altmış beş) manata satmışdır. Həmin pulla evə ərzaq məhsulları, özünə geyim əşyaları satın almışdır. Bundan sonra təxminən 4– 5 gün keçdikdən sonra paxlava formasında olan sadə qaşlı üzüyü həmin yerdən götürmüşdür. O, üzüyü özü ilə Şəmkir şəhərinə gətirib eyni mağazaya 220 (iki yüz iyirmi) manata satmış, həmin pula evə ərzaq məhsulları və uşaqlarına paltar almışdır. Bundan sonra təxminən dörd–beş gün keçdikdən sonra anasına məxsus reket boyunbağını yaşadığı evdən götürərək Şəmkir şəhərinə gətirib eyni qızıl alqı–satqı mağazasına 1.560 (bir min beş yüz altmış) manata satmışdır. Həmin pulu da öz şəxsi ehtiyacları üçün xərcləmiş, təxminən dörd beş gün keçdikdən sonra isə bir dəst yaşıl qaşları olan bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət olan dəsti götürərək təkrar Şəmkir şəhərinə gəlmişdir. Həmin qızılı eyni qızıl alqı–satqısı mağazasına 300 (üç yüz) manata satmış, həmin pulu da evə və uşaqlarına xərcləmişdir. Sonuncu dəfə 14 noyabr 2022–ci il tarixdə bir ədəd qızıl üzük və bir cüt qızıl sırğadan ibarət olan kvadrat formasında, üzərində sadə qaşları olan qızıl dəsti Şəmkir şəhərində eyni qızıl alqı–satqısı dükanına 630 (altı yüz otuz) manata satmışdır. O, həmin qızılı satan zaman alan şəxs hansı səbəbdən olduğunu bilməsə də, dəftərə onun ad familyasını və qızılı ondan almağı barədə qeyd yazmışdır. Həmçinin, qızılın özünə məxsus olduğunu təsdiq edərək imza etmişdir. O, həmin pullara özünə əraq məhsulları və paltar almışdır. 21 noyabr 2022–ci il tarixdə anası Esmira evlərinə geri qayıtmış, 22 noyabr 2022– ci il tarixdə qızılların olduğu yerə baxaraq qızılların yerində olmadığını bilmiş, qızıllar barədə ondan soruşduqda məlumatı olmadığını demişdir. O, anasına “gərək qızılları verərdin mən saxlayardım”–demiş, bundan sonra anası qardaşı Nurlanı çağırmış, Nurlandan soruşduqda Nurlan qızıllar barədə məlumatı olmadığını demişdir. Bundan sonra anası DİN–nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermiş, 10.000 (on min) manat dəyərində qızılların yaşadıqları evdən oğurlandığını bildirmişdir. O, daha sonra polis şöbəsində araşdırma aparılan zaman anasına məxsus qızıl–zinət əşyalarını anası Rusiya Federasiyasında olan zaman götürüb satdığını etiraf etmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş və onunla razılıq əldə etmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 19 sentyabr 2022–ci il tarixdə səhhətində olan problemlə əlaqədar olaraq müalicə olunmaq üçün Rusiya Federasiyasına getmişdir. 21 noyabr 2022–ci il tarixdə Rusiya Federasiyasından yaşadığı evə geri qayıtmış, 22 noyabr 2022–ci il tarixdə evin qonaq otağında divanın altında əl çantasının içərisində olan qızıl–zinət əşyalarını oradan götürmək məqsədilə divanı qaldırmışdır. O, çantanı götürüb içərisinə baxdıqda həmin çantanın içərisinə qoyduğu bir ədəd 583–585 əyarlı, 45 qram çəkidə qızıl boyunbağı, bir cüt 583–585 əyarlı 8 qram çəkidə qızıl sırğalar, bir ədəd 583–585 əyarlı, 5 qram çəkidə sadə üzük, bir ədəd 583–585 əyarlı sadə üzük, bir ədəd üzərində briliant qaşlar olan yarpaq formasında, 583–585 əyarlı qaşsız 8 qram çəkidə qızıl üzük, bir dəst 750 əyarlı, 12 qram çəkidə italyan qızılı olan bir ədəd qızıl üzük və bir cüt qızıl sırğadan ibarət qızıl dəstinin yerində olmadığını aşkar etmişdir. O, qızı Minayədən divanın altındakı çantasının içərisində olan qızıl–zinət əşyalarını görüb–görmədiyini soruşmuşdur. Minayə ona qızılları görmədiyini, həmin qızıllar haqqında heç bir məlumatı olmadığını demişdir. Minayə ona “kaş qızılları getməmişdən qabaq saxlamaq üçün mənə verərdin”–demişdir. O, eyni zamanda oğlu Nurlandan qızıllar barədə soruşduqda Nurlan da qızıllar barədə məlumatı olmadığını demişdir. Nurlan ona polisə müraciət etmək lazım olduğunu demiş, o, həmin vaxt bərk həyəcanlı olmuş, oğlu ona məxsus olan mobil telefon nömrəsi ilə Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəng edərək evlərində ona məxsus olan qızılların oğurlandığını bildirmişdir. Nurlan danışan zaman telefonu götürüb evlərindən ona məxsus 10.000 (on min) manat dəyərində qızıl–zinət əşyalarının oğurlandığını bildirmişdir. Bundan sonra Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə gəlmişlər. O, evindən ona məxsus olan qızıl–zinət əşyalarının oğurlanması haqqında ərizə yazaraq Şəmkir Rayon Polis Şöbəsinə müraciət etmişdir. Onun yaşadığı evə onun və iki nəfər hal şahidinin iştirakı ilə baxış keçirilmişdir. Daha sonra polis şöbəsində araşdırma aparılan zaman qızıl əşyalarını 19 sentyabr 2022–ci il tarixdən 21 noyabr 2022–ci il tarixədək olan vaxt ərzində qızı Minayənin götürdüyünü və satdığını bilmişdir. Bununla belə hadisədən sonra ona dəymiş ziyanı tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxslə razılıq əldə etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxsl yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bibisidir. 21 noyabr 2022–ci il tarixdə bibisi Esmiranın evindən oğurluq olması haqqında onlar polis şöbəsinə müraciət etdikdən sonra məlumatı olmuşdur. O, həmin hadisədən məlumatı olan vaxtdan bir xeyli müddət əvvəl Minayə ona zəng edərək onunla görüşmək istədiyini demişdir. Həmin vaxt Şəmkir rayonunda olmuş, Minayə ilə Şəmkir şəhərində bazarın yaxınlığında görüşmüşdür. Minayə ona bir ədəd qızıl üzük göstərib satmaq istədiyini demişdir. O, Minayə ilə birlikdə əvvəllər tanımadığı qızıl alqı– satqısı ilə məşğul olan şəxsin mağazasına daxil olmuşlar. Lakin zərgər mağazada olmadığından mağazadan çıxmışlar. O, bundan sonra Minayədən ayrılmışdır. Təqsirləndirilən şəxs təxminən 5–6 ay əvvəl onlar qohumları ilə birlikdə oturan zaman həmin üzüyü ona göstərərək necə üzük olduğunu soruşmuş, üzüyü Mənzər adlı qohumundan aldığını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir şəhərində “Günəş” Ticarət mərkəzinin arxa hissəsində yerləşən yerdə qızıl–zinət əşyalarının alqı–satqısı ilə məşğul olur. O, qeyd etdiyi mağazada olan zaman adı sonradan ona məlum olan Minayə adlı qadın onun işlətdiyi mağazaya gəlmiş, qızıl əşyası satmaq istədiyini, həmin qızılın özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Minayə müxtəlif vaxtlarda bir ədəd 165 manat dəyərində qızıl üzük, bir ədəd 1.500 manat dəyərində reket boyunbağı, bir ədəd 480 manat dəyərində paxlava üzük, bir ədəd göy rəngli qaşları olan üzük, sırğa və 630 manat dəyərində komplekt içərisində bir cüt sırğa və bir ədəd üzük olan dəsti satmışdır. Minayə ona satdığı qızıl əşyalarının özünə məxsus olduğunu bildirmişdir. Minayə ona sonuncu dəfə 14 noyabr 2022–ci il tarixdə bir ədəd sırğa və bir ədəd üzük satmışdır. O, Minayədən aldığı qızıl–zinət əşyalarını tanımadığı şəxslərə satmış, həmin qızılların oğurluq olduğunu bilməmişdir. Bundan sonra polis əməkdaşı işlədiyi qızıl mağazasına gələrək oğurluq hadisəsi baş verdiyini, Minayə adlı qadının qızıl–zinət əşyalarını satdığını bildirdikdən sonra hadisə barədə məlumatı olmuşdur. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, Şahid2 ibtidai araşdırma ifadəsində göstərmişdir ki, Minayə onun qaynı Mərdanın qızıdır. Təxminən 2022–ci ilin sentyabr–noyabr aylarında səhhəti ilə əlaqədar Şəmkir şəhərində “Memorial” hospitalda müalicə almışdır. Müalicə aldığı müddət ərzində Şəmkir şəhərini tanımadığı üçün müxtəlif vaxtlarda Minayə ilə birlikdə Şəmkir şəhərində daxili küçələrdə piyada gəzmişdir. Minayə onunla birlikdə olan vaxtlarda heç bir qızıl–zinət əşyası satmamışdır. Dəqiq xatırlamadığı tarixdə Minayə ona bir ədəd qızıl üzük göstərərək həmin qızıl üzüyü satmaq istədiyini demişdir. Minayə onunla birlikdə getməyini xahiş etmiş, onunla razılaşmış, Minayə ona bu barədə onun anasına heç bir şey deməməyini demişdir. Minayə ilə birlikdə Şəmkir şəhərində bazarın arxa hissəsində olan qızıl alqı–satqısı mağazasına getmişdir. Minayə həmin üzüyü onun yanında satmış, lakin Minayənin həmin qızıl üzüyü neçəyə satmasını bilməmişdir. Təxminən 20 gün keçdikdən sonra Minayə onunla telefon vasitəsilə əlaqə saxlayaraq ona evə bazarlıq edəcəyini deyərək ondan birlikdə Şəmkir şəhərinə getməyini istəmişdir. O da Minayə ilə görüşüb onunla birlikdə Şəmkir şəhərində bazara getmişdir. Minayə onunla birlikdə bazarda əvvəl getdiyi qızıl–alqı satqısı dükanına getmişdir. Minayə həmin mağazada qulağında olan bir dəst sırğa və bir ədəd komplektin üzüyünü təqdim edərək həmin qızılı onlardan aldığını və əzildiyini demişdir. Minayə həmin qızılları 165 manata satmışdır. Onlar həmin yerdən çıxdıqdan sonra Minayə ilə birlikdə başqa bir qızıl–alqı satqısı mağazasına daxil olmuşlar. Minayə həmin mağazadan özünə 80 manata bir dəst nazik qaşlı sırğa almış, bundan sonra birlikdə yaşadıqları Şəmkir rayonu, Çinarlı qəsəbəsinə evlərinə getmişlər. Minayə ona həmin qızıl–zinət əşyalarını haradan əldə etməsi haqqında heç bir söz deməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 22 noyabr 2022–ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evidir. Həmin evə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan 23 yanvar 2023–cü il tarilxi, 9/9319 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən Zərərçəkmiş şəxs məxsus 6 adda qızıl–zinət əşyalarının 2022–ci ilin sentyabr– noyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 6.375,00 manat müəyyən edilir. Digər 01 ədəd üzərində brilyant qaşlar olan yarpaq formasında, 583–585 əyarlı qaşsız qızıl üzüyün üzərindəki qaşların istehsal yeri, keyfiyyəti, ölçüsü, növü və s. haqqında məlumat olmadığından həmin qızıl–zinət əşyası üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Çinarlı qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009–cu il təvəllüdlü Aysu, xx.xx.2011–ci il təvəllüdlü Məhəmməd və xx.xx.2012–ci il təvəllüdlü Aişə adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdi ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqəsdilə tamah niyyəti ilə 18 sentyabr 2022–ci il tarixdən 21 noyabr 2022–ci il tarixədək olan vaxt ərzində Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən yaşadıqları evdə qonaq otağında divanın altında əl çantasının içərisində olan, anası Zərərçəkmiş şəxs məxsus bir ədəd 583–585 əyarlı 45 qram çəkidə 3.825 (üç min səkkiz yüz iyirmi beş) manat dəyərində qızıl boyunbağı, bir cüt 583–585 əyarlı 8 qram çəkidə 680 (altı yüz səksən) manat dəyərində qızıl sırğalar, bir ədəd 583–585 əyarlı 5 qram çəkidə 425 (dörd yüz iyirmi beş) manat dəyərində qızıl sadə üzük, bir ədəd 583–585 əyarlı 5 qram çəkidə 425 (dörd yüz iyirmi beş) manat dəyərində sadə qızıl üzük, bir ədəd üzərində briliant qaşlar olan yarpaq formasında, 583–585 əyarlı qaşsız 8 qram çəkidə 480 (dörd yüz səksən) manat dəyərində qızıl üzük, bir dəst 750 əyarlı, 12 qram çəkidə italyan qızılı olan bir ədəd qızıl üzük və bir cüt qızıl sırğadan ibarət 1.020 (bir min iyirmi) manat dəyərində qızıl dəstini, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 6.855 (altı min səkkiz yüz əlli beş) manat dəyərində əmlakı gizli talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–in 177.2.4–cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham hökmü çıxarılmalı və o, təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4– cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs təqdim etdiyi beş ədəd yüzlük əskinazların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, Şahid3 Təqsirləndirilən şəxs qızıl alan zaman yazdığı əlyazma iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs təqdim etdiyi beş ədəd yüzlük əskinazların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, Şahid3 Təqsirləndirilən şəxs qızıl alan zaman yazdığı əlyazma iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar