Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-162/2025 14.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Şəmkir rayon, Zəyəm- Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Şəmkir rayon, Zəyəm-Cırdaxan kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Belə ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində evinin yerləşdiyi küçədə Zərərçəkmiş şəxs israrla həmin yerə çağırdıqdan sonra sonuncunun ona tanışının ailəsini dağıtmasına görə irad bildirməsini bəhanə edərək mübahisə yaradıb küçədə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılarına özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, küçədə olan çoxsaylı şəxslərin 10-15 dəqiqə ərzində narahatçılıqlarına, ətrafa toplaşmasına səbəb və şərait yaradaraq qəsdən qərəzli xuliqanlıq hərəkətləri etməklə əl zərbələri ilə xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sifət, baş və bədən nahiyələrinə davamlı və ardıcıl zərbələrlə vuraraq sonuncuya alt sol çənəbucağı nahiyəsinin şişkinliyi və alt çənə sümüyünün sol şahəsininin yerini dəyişməyən sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğundan sağlamlığa az ağır zərər vurmağa, üst dodağın selikli hissəsinin sağ yarısının əzilmiş səthi yarası və sol diz oynağının bayır səthinin qançırı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qərəzli hərəkətlər edib xuliqanlıq edərək, həmçinin xuliqanlıq niyyəti ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində ailəsi ilə birlikdə yaşayır, həmin rayonda olan tikinti şirkətlərindən birində fəhlə işləyir. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, onların aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır. Həmkəndlisi Aysun adlı qızla bir neçə ay əvvəl sevgili olmuş, lakin sonradan Aysun Namiqin qonşusu Nurlanla evlənmiş, lakin onun Aysunla münasibəti qalmış, bir müddət əvvəl onunla telefonla danışmağa başlamışlar. Təxminən 3-4 ay əvvəl Aysun evindən qaçaraq onun yanına gəlmiş, bundan sonra onun ailəsi dağılmışdır. 15 oktyabr 2024-cü il tarixdə Namiq ona “Whatsapp” vasitəsilə sms yazaraq onunla görüşmək istədiyini demiş, o isə növbəti günlərdə görüşmələrini təklif etmişdir. 18 oktyabr 2024-cü il tarixdə onun qardaşı Elmarın toyu olmuş, növbəti gün, yəni 19 oktyabr 2024-cü il tarixdə həyətlərində olan mağar yığışdırılmış və qonşuları Aslan, Ramil və Sahil ilə spirtli içki qəbul etmişlər. Bundan sonra Namiqə zəng edərək onu söhbətə çağırmış, ona onun evindən çıxmasını və görüşə gəlməsini demişdir. Saat 17 radələrində Namiq qonşusu Mehrabla birlikdə ona məxsus avtomobili ilə onların küçəsinə gəlmiş, o da Aslan, Ramil və Sahillə küçədə dayanıb onu gözləmişdir. Namiq maşından düşmüş, ona niyə Aysunla danışdığını deyərək irad bildirmişdir, Elvin də həmin vaxt sərxoş olmuşdur. O, Namiqi yumruq zərbəsi ilə sifətindən vurmuş, o da yumruq zərbəsini Namiqin sifətindən və başından vurmuş, həmin vaxt səsküy yaranmış, səs-küyə oraya qardaşları Elmar, Eytibar, bibisi Arzu, yengəsi Xanımməz, anası Soləhat, atası Eldəniz toplaşmış, onlar Elvin və Namiqi aralaşdırmış, bundan sonra Mehrab Namiqi avtomobillərinə mindirib oradan aparmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, rəsmi işi yoxdur, fərdi olaraq daşınma ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, onunla eyni kənddə yaşayır, həmkəndli kimi normal münasibətləri olmuşdur. Təxminən oktyabr ayının 15–16-da kənddə qonşular arasında söz yayılmışdır ki, Elvin onun küçəsinə gəlmiş, ondan niyə gəlməsi küçə sakinləri tərəfindən soruşulanda Namiqin qonşusu Vüsalın qızını istədiyini demişdir. Əslində isə Elvinin Nurlan adlı qonşularının arvadı Aysun ilə münasibəti olmuşdur. Həmin vaxtlarda Paşa və Nurlan ilə Vüsalın qızı barəsində Elvinin söz çıxartmasına görə, eyni zamanda Elvinin Aysunla münasibəti olmasına görə ona zəng etməyi demiş, ona Elvinin nömrəsini də vermiş, bundan sonra Elvinlə zəngləşmişlər. Elvin götürmədikdə “WhatsApp” vasitəsilə SMS göndərib onunla 5 dəqiqə söhbət etmək istədiyini demişdir. Növbəti gün Elvin ona zəng etmiş, lakin baş qarışıqlığı olmuş, sonrakı günlərdə də Elvin zəng etmiş, lakin onunla görüşmək istəməmişdir. 19 oktyabr 2024-cü il tarixdə Elvin ona davamlı olaraq zəng etmiş, axşam saat 18 radələrində o, telefonla cavab verdikdə Elvin onun evlərinin yanında görüşə çağırmışdır. O, həmin vaxt dostu Mehrabla birlikdə Mehrabın “Lada 2170” markalı, 383 dövlət qeydiyyat nişanlı avtomobili ilə Elvinin yaşadığı küçəyə getmiş, oraya çatdıqda Elvin yanında olan 5–6 nəfər şəxslə orada dayanmışdır. Mehrab onu düşürüb avtomobili geri döndərmək üçün getmiş, Elvinə çatdıqda onun sərxoş olmasını görüb bu barədə soruşduqda “içmişəm də insanıq, nə olmuş?” – demişdir. O, Elvinə dediyi hərəkətin ayıb olduğunu deməklə Elvin anidən onun sifətindən və başından yumruqlarla vurmuş, o da qarşılıq olaraq Elvini sifətindən yumruqlamışdır. Həmin anda Elvinin qardaşı Elmar oraya çatmış və o, Namiqi yerə yıxaraq ona zərbələrlə vurmuşdur. O, palçığın içinə yıxılmış, Mehrab və orada olan şəxslər onları ayırmağa çalışmışdır. Həmin vaxt da qandırlar davadalaşa girmiş, Mehrab oradan uzaqlaşaraq hadisə barədə polisə məlumat vermişdir. Bundan sonra, Şəmkir rayon prokurorluğuna müraciət etmiş və çənəsinin sınması müəyyən edilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. 18 oktyabr 2024-cü il tarixdə qayını Elmarın toyu olmuşdur. Növbəti gün isə mağarı sökmüşlər. 19 oktyabr 2024-cü il tarixdə qohumlarla Elvingilə gedib kömək etmişlər. Günorta isə Elvin və digər uşaqlar yemək yemiş və spirtli içki içmişlər. Həmin gün saat 17 radələrində küçədə səsküy eşidərək küçəyə çıxan zaman Elvinin həmkəndlisi Namiqin dalaşmasını, yoldaşının əmisi oğlu Aslanın isə onları aralaşdırdığını görmüşdür. Namiqi əvvəldən tanımamışdır. O, gördükdə artıq Aslan onları ayırmış, bundan sonra isə Namiq çıxıb getmişdir. Lakin davadalaşın hansı səbəbdən baş verməsini bilməmişdir. Bundan sonra Səlahət DİN-in 102 xidmətinə zəng edərək oğlunun döyülməsi barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, həmin kənddə S. Məmmədov adına 1 saylı tam orta məktəbin 11-ci sinfində oxuyur. Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs isə onların qonşusudur, lakin əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. 18 oktyabr 2024-cü il tarixdə qardaşı Elmarın toyu məclisi olmuş, növbəti gün isə onlar mağar sökmüşlər. Həmin gün günorta saatlarında qohumlar onların evinə gəlmiş və Elvin də orada spirtli içki qəbul etmişdir. Həmin gün saat 17 radələrində, o, mağarı sökdüyü vaxt Elvinin çölə çıxdığını və spirtli içkili olduğunu görmüş, qısa müddət sonra onun başına yığışan qohumların “Elmarın sifətinin qan” olduğunu dediklərini eşitmişdir. O, maraqlananda ona məlum olmuşdur ki, Elvin Namiq adlı şəxslə dalaşmışdır. Lakin o, dava-dalaşı görməmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Namiq yalan deyir, həmin vaxt Elmar, Eytimadın yanında olmuşdur və dava-dalaşda iştirak etməmişdir. Namiqlə Elvin dalaşıb bir-birinə xəsarət yetirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, üç övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, o, fəhləliklə məşğuldur. 18 oktyabr 2024-cü il tarixdə oğlu Elmarın toyu olmuşdur. Növbəti gün isə saat 16-17 radələrində mağarı sökmüşlər. 19 oktyabr 2024-cü il tarixdə qohumları onların evində olmuş, iş-gücə kömək etmişlər. Günorta isə Elvin və digər uşaqlar yemək yemiş və spirtli içki içmişlər. Bundan sonra o, toy üçün nisyə olaraq aldığı ərzaq məhsullarının pulunu ödəmək üçün qardaşı Anar Vəliyevlə birlikdə kəndlərində yerləşən mağazaya getmişdir. Onlar mağazadan qayıdanda, təxminən saat 17 radələrində bacısı Şahid9 ona evlərinin qarşısına kiminsə yığışdığını və Elvinin dalaşdığını bildirmişdir. Bununla bağlı o, qardaşı Anarla birlikdə evə qayıtmışdır. O, evə çatdıqda artıq dava-dalaş qurtarmışdır. Oğlu Elvinin üz nahiyəsində və sifətində çoxsaylı xəsarətlər olduğunu görmüşdür. O, hadisə zamanı orada heç kimin Elvinlə dalaşdığını görməmişdir, sonradan qonşular vasitəsilə məlum olmuşdur ki, Elvin həmkəndlisi Namiqlə dalaşmış və onlar bir-birinə xəsarət yetirmişlər. Qohumlar və qonşular Aslan adlı şəxs və Mehrabın orada olduğunu demişlər. Hadisə təxminən 5–10 dəqiqə davam etmişdir. O, hadisəni görmədiyini, lakin bildiyinə görə həmin vaxt Elvin, Namiq, Aslan və Namiqin yanında bir nəfər şəxs olmuşdur. Sonradan oraya o, Səlahət, Xanımqız, Arzu çıxmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. Mahiyyət üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. 18 oktyabr 2024-cü il tarixdə onun toy mərasim olmuşdur. Toy yaşadıqları evin həyətində təşkil edilmişdir. Növbəti gün isə mağar sökülən zaman qohumlar onlara yığışıb iş-gücə kömək etmişlər. 19 oktyabr 2024-cü il tarixdə qohumları onların evində olmuş və iş-gücə kömək etmişlər. Günorta isə Elvin və digər uşaqlar yemək yemiş və spirtli içki içmişlər. Həmin gün saat 17 radələrində o qardaşı Eytimadla birlikdə mağarı təhvil verib geri qayıtmış, həyətə çatanda Elvinin qan içərisində olmasını görmüş, maraqlandıqda Elvinin Namiqlə dalaşmasını, atasının əmisi oğlu Aslanın isə onları aralaşdırdığını bilmiş, lakin dava-dalaşın da hansı səbəbdən baş verməsini bilməmişdir. Bundan sonra anası DİN-in 102 xidmətinə zəng edərək qardaşının döyülməsi barədə məlumat vermişdir. Bildirmişdir ki, Namiq yalan deyir, həmin vaxt o mağarı aparmağa getmiş, geri qayıtdıqda isə dava-dalaş barədə xəbər tutmuşdur. O, hadisə vaxtı orada olmamışdır. Lazım olarsa bunu Namiqin də üzünə deyə biləcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, dörd övladı var, rəsmi iş yeri yoxdur, iş olduğu zaman istixanalarda fəhləlik edərək ailəsini dolandırır. X2 onun qardaşı oğludur. 18 oktyabr 2024-cü il tarixdə Elvinin qardaşı Elmarın toyu olmuş və növbəti gün o və qohumlar onlara yığışaraq işlərə kömək etmişlər. 19 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində bir Elvin gilinin həyətində iş görən zaman küçədə səs-küy eşitmiş, küçəyə çıxanda Elvinin bir nəfər şəxslə əlbəyaxa olmasını görmüş, onlar ora çatanadək Elvinin ailə üzvləri araya girmiş, hər iki şəxs xəsarət almışdır. Ona məlum olmuşdur ki, Elvinin həmkəndlisi Namiq adlı şəxslə telefonda mübahisə etmiş, daha sonra isə dalaşmışlar. Hadisə təxminən 10–15 dəqiqə davam davam etmiş və qonşular onları aralaşdırmışlar. Namiqin yanında gələn şəxs onu avtomobilə mindirib oradan aparmışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elmar ümumiyyətlə hadisədən sonra gəlmişdir, Namiqin yanındakı şəxs isə dava-dalaşa qarışmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Şahid8 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Zəyəm- Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, həmin kənddə S. Məmmədov adına 1 saylı tam orta məktəbin 10-cu sinfində oxuyur. Təqsirləndirilən şəxs onun dayısı oğludur. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. 18 oktyabr 2024cü il tarixdə digər dayısı oğlu Elmarın toyu məclisi olmuş, növbəti gün isə qonaqları olmuş, həmin gün günorta saatlarında məclis olmuş və Elvin də orada spirtli içki qəbul etmişdir. Həmin gün saat 17 radələrində, o, uşaqlarla mağarı söküb təhvil verməyə aparmış, geri qayıtdıqda Elvinin sifətinin qan içində olduğunu, qohumların onun başına yığışmasını görmüş, həmçinin Elmarın sifəti də qan içində olmuşdur. O, maraqlandıqda ona məlum olmuşdur ki, Elvin Namiq adlı şəxslə dalaşmışdır. O, dava-dalaşı görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 19 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs, 20 oktyabr 2024-cü il tarixdə isə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilərək ayrı-ayrılıqda protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək fotocədvəl halında həmin protokola əlavə edilmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi küçədə baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 21 oktyabr 2024-cü il tarixli, 1052 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər –üst dodağın selikli hissəsinin sağ yarısının əzilmiş səthi yarası, sol çənəbuçağı nahiyəsinin şişkinliyi və alt çənə sümüyünün sol şaxəsinin yerini dəyişməyən sınığı və sol diz oynağının bayır səthinin qançırı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 19 oktyabr 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə alt çənəbuçağı nahiyəsinin şişkinliyi və alt çənə sümüyünün sol şaxəsinin yerini dəyişməyən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmağa aiddir, üst dodağın selikli hissəsinin sağ yarısının əzilmiş səthi yarası və sol diz oynağının bayır səthinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixd Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.79- 80). “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərar ona xx.xx.2024-cü il tarixdə saat 12:00-da elan edilmişdir(i.v.91-93); Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsində qeyd edilən hallara qiymət verilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 19 oktyabr 2024-cü il tarixli, 1052 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, onun bədən səthində aşkar edilmiş xəsarətlər – üst dodağın selikli hissəsinin sağ yarısının əzilmiş səthi yarası, sol çənəbuçağı nahiyəsinin şişkinliyi və alt çənə sümüyünün sol şaxəsinin yerini dəyişməyən sınığı və sol diz oynağının bayır səthinin qançırı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 19 oktyabr 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə alt çənəbuçağı nahiyəsinin şişkinliyi və alt çənə sümüyünün sol şaxəsinin yerini dəyişməyən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmağa aiddir, üst dodağın selikli hissəsinin sağ yarısının əzilmiş səthi yarası və sol diz oynağının bayır səthinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində evinin yerləşdiyi küçədə Zərərçəkmiş şəxs israrla həmin yerə çağırdıqdan sonra sonuncunun ona tanışının ailəsini dağıtmasına görə irad bildirməsini bəhanə edərək mübahisə yaradıb küçədə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılarına özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, küçədə olan çoxsaylı şəxslərin 10-15 dəqiqə ərzində narahatçılıqlarına, ətrafa toplaşmasına səbəb və şərait yaradaraq qəsdən qərəzli xuliqanlıq hərəkətləri etməklə əl zərbələri ilə xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sifət, baş və bədən nahiyələrinə davamlı və ardıcıl zərbələrlə vuraraq sonuncuya alt sol çənəbucağı nahiyəsinin şişkinliyi və alt çənə sümüyünün sol şahəsininin yerini dəyişməyən sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğundan sağlamlığa az ağır zərər vurmağa, üst dodağın selikli hissəsinin sağ yarısının əzilmiş səthi yarası və sol diz oynağının bayır səthinin qançırı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qərəzli hərəkətlər edib xuliqanlıq edərək, həmçinin xuliqanlıq niyyəti ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. “B.Yusifovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında isə göstərilmişdir ki, maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxanda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Əlavə olaraq həmin qərarda hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Göründüyü kimi əməlin xuliqanlıq olmasının təsdiq olunması üçün həmin əməlin spesifik, xarakterik əlamətləri mövcud olmalıdır. Belə ki, xuliqanlıq cinayəti obyektiv cəhətdən bir neçə hərəkətlərdə ifadə olunsa da, əməlin xuliqanlıq kimi tövsif olunması üçün həmin əməl üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, digər istintaq hərəkətlərinin aparılması haqqında protokollar, CD diskdə olan görüntülər və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamandi şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması(məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını(CM-59.1.12), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-66.2), şübhəli şəxs qismində saxlandığı müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı(CM 69.3), o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2025ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 20 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına 185 (bir yüz səksən beş) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs münasibətdə isə surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-162/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-162/2025
14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver