Məhkəmə qərarları › İş №1(076)-164/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-164/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-164/2023 22.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 22 avqust 2023-cü il tarixdə Şəmkir rayonu xx.xx.1988-ci il tarixdə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olmaqla Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yaşayan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayında qeyri-rəsmi yaşadığı Müdafiə Nazirliyinin «N» nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid2 4000 (dörd min) manat məbləğində borc pul vermiş, Şahid2 tezliklə həmin borcu qaytaracağına vəd verməsinə baxmayaraq, maddi imkanı olmaması səbəbindən pulu qaytara bilmədiyindən Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdə Şəmkir hərbi prokurorluğunun Şəmkir şəhərində yerləşən inzibati binasına gələrək, guya Şahid2 ayrılması səbəbindən sonuncunun onun əlindəki “İphone” markalı mobil telefonu alaraq künc hissəsi ilə başına vurması nəticəsində xəsarət aldığını və onu təhqir etdiyini bildirib qəsdən sağlamlığına yüngül zərər vurulmasına dair cinayəti törətməsi barədə bilə-bilə yalan xəbərçilik edərək Şəmkir hərbi prokurorluğunun normal iş fəaliyyətini pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək və törətdiyi cinayət əməlini etiraf edərək ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu, Bozalqanlı kənd sakini X4 ilə 2007-ci il tarixdə ailə həyatı qurmuş, onunla evliliyindən 2008-ci il təvəllüdlü oğlu X9 və 2015-ci il təvəllüdlü X10 anadan olmuşdur. Sonradan ailədaxili münasibətlərin pisləşməsi nəticəsində 2017-ci il tarixdə Tovuz rayon məhkəməsinin qərarı ilə həyat yoldaşı Elnur Əliyevdən boşanmış, lakin övladlarının hər ikisi onun himayəsindədir. Elnurdan boşandığına görə övladlarına aliment verilməsə də, Elnur Əliyevin ata yurdu sayılan Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən fərdi yaşayış evini oğlu Ruhinin adına keçirmişdir. Özü Tovuz şəhərində yerləşən, Ceyhunə adlı qızın icarə əsasında işlətdiyi, “Orxideya” gözəllik salonunda günəmuzd işləyərək ailəsini dolandırır. Qazax rayonu Xeyrımlı kənd sakini X5 2020-ci ildən tanıyır, elə həmin vaxtdan onlar qeyri-rəsmi nikah münasibətində yaşamışlar. 2022-ci ilin iyul ayında o, evdə olarkən Amil onlara gəlmiş və bir neçə ay öncə qəza törətməsi səbəbindən maddi sıxıntıları olduğunu bildirərək ona köməklik etməyini istəmişdir. O da aralarında olan münasibətə görə Amilin sözü ilə anası X1 4.000 (dörd min) manat pul borc alıb Amilə vermişdir. Anası pulu Amilə borc verdiyini bilirmiş. O, pulu Amilə verərkən anası yanında olmuşdur. Bundan sonra Amil onun verdiyi pulla problemlərini həll etmişdir. Daha sonra o, Amildən borcunu geri istədikdə sonuncu müxtəlif bəhanələrlə ondan aldığı pulu geri qaytarmamışdır. Bu səbəbdən də o, Amildən pulunu almaq üçün Şəmkir hərbi prokurorluğuna müraciət edərək sonuncunun ona qarşı qanunsuz hərəkətlər etdiyini bildirmişdir. Yalandan demişdir ki, 2022-ci ilin sentyabr ayında Tovuz şəhəri ərazisindəki Mərkəzi Poçtun yanında avtomobildə oturarkən Amil arxadan yaxınlaşaraq heç bir səbəb olmadan ondan ayrıldığına görə əlindəki “İphone” markalı mobil telefonu alıb künc hissəsi ilə onun başına vurması nəticəsində xəsarət almış, həmçinin 10 yanvar 2023-cü il tarixdə “Orxideya” gözəllik salonuna gələrək ayrılacağı təqdirdə onu öldürəcəyi, evini yandıracağı ilə hədələmişdir. Elə bu məzmunda hərbi prokurorluqda ərizə və izahat vermişdir. Lakin o, şikayət etdikdən sonra Şahid2 anasından və ondan aldığı pulun 2.000 (iki min) manatını geri qaytarmışdır. Qalan 2.000 manatı isə Amil öz adına kredit yolu ilə alınmış “İpone 13” markalı telefonun kreditinə ödəmişdir. Belə ki, onlar birlikdə olduqları vaxt o, Amildən kreditlə öz adına telefon götürməsini və telefonun kreditini özünün ödəyəcəyini demişdir. Buna görə də Şahid2 ondan aldığı 4.000 manatın 2.000 manatını həmin telefonun qalan borcuna ödəmişdir. Hal-hazırda o, Şahid2la barışmış ondan heç bir şikayət və tələbi olmamışdır. O, törətdiyi əməlin mahiyyətini bildiyi üçün çox peşman olduğunu bildirmiş və bir daha belə bir əmələ yol verməyəcəyinə söz vermişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2007-ci il tarixdə SHXÇDX-nin Qazax rayon şöbəsi tərəfindən müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmışdır. Həmin tarixdən də Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs 2014-cü il tarixdən tanıyır, 2020-ci il tarixdən isə onunla yaxın münasibətləri olmuşdur. Bir neçə ay bundan qabaq məzuniyyətdə olarkən Tovuz şəhərindən Azaflı kəndi istiqamətində xidmət yoldaşı Ariz Məmmədova məxsus VAZ- 21015 markalı avtomobillə hərəkət edərkən toy karvanında hərəkət edən ağ rəngli VAZ- 2107 markalı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Həmin toqquşma nəticəsində idarə etdiyi avtomobilin bir çox detalı yararsız hala düşmüşdür. O, avtomobili əvvəlki vəziyyətinə gətirmək üçün təmiri ilə maraqlanmış və onun təmirinə təxminən ***-**** manat pul lazım olacağını düşündüyündən qəza barədə Ariz Məmmədova məlumat vermişdir. Avtomobili isə daşıyıcı vasitəsi ilə Tovuz şəhərində yerləşən “Təzə bazar” deyilən ərazidə əvvəldən tanıdığı Kamal ustanın yanına aparmışdır. O, avtomobilə baxdıqdan sonra düzəldə biləcəyini demişdir. Onlar 1.100 manat müqabilində avtomobilin təmirinə razılaşmış və avtomobili onun yanında qoyub getmişdir. Səhəri gün o, yenidən Kamalın yanına getdikdə sonuncu ona lazımi ehtiyat hissələrinin siyahısını yazıb vermiş, həmin siyahıda yazılan ehtiyat hissələrini o, Tovuz rayonu ərazisində yerləşən avtomobil ehtiyyat hissələri mağazalarından almışdır. Onu da qeyd etmişdir ki, həmin ərəfələrdə onun maddi imkanı aşağı olduğundan tanışı Təqsirləndirilən şəxs 4.000 manat pul almışdır. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs ona verdiyi pulu geri qaytarmağını, həmin pulun anasına məxsus olduğunu bildirmişdir. O, Könülə bir qədər vaxt verməsini, maddi vəziyyətinin pis olduğunu və pulunu tezliklə qaytaracağına söz vermişdir. Lakin, həmin pulu dediyi zamanda qaytara bilməmişdir. Könül də təxminən 2022-ci ilin avqust-sentyabr ayları aralığında işlədiyi hərbi hissəyə gələrək komandiri Şahid3 qəbuluna getmişdir. Könül onun 4000 manat borcu olduğunu və həmin borcu müxtəlif bəhanələrlə neçə vaxtdır ki, qaytarmadığını İlqar müəllimə bildirmişdir. İlqar müəllim də həmin vaxt onu yanına çağıraraq Könüldən aldığı borcu tez bir zamanda qaytarmağını tapşırmışdır. Buna baxmayaraq, qeyd etdiyi kimi maddi cəhətdən problemləri olduğundan Könülə olan borcunu qaytarmaqda çətinlik çəkirmiş. Könül də aldadıldığını zənn edib,13 yanvar 2023cü il tarixdə qəsdən Şəmkir hərbi prokurorluğuna müraciət edərək bildirmişdir ki, guya, o, birinciyə zor tətbiq edərək onu təhqir etmiş və o, evdə olmadığını zaman yaşadığı evə gəlib anasına hədə-qorxu gəlmişdir. Könül yalandan ərizə və izahat verdiyindən ona problem yaradacağını fikirləşib 4000 manat pul taparaq 2000 manatını Könülə qaytarmış, yerdə qalan 2000 manatını isə sonuncuya aldığı “İphone 13” markalı telefonun kreditinə ödəmişdir. O, hadisədən sonra avtomobilin təmirinə lazım olan 2.500 manat pulu başqa şəxsdən aldığını, lakin daha sonra başqa borcları yarandığından və həmin şəxs ondan pulunu tələb etdiyindən sonuncu borcunu qaytarmalı olduğu üçün Təqsirləndirilən şəxs istəmək məcburiyyətində qalmış, sonuncu ilə yaxın münasibəti olduğundan Könül onun sıxıntılarını bilmiş, özü ona həmin pulu anasından alıb verə biləcəyini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı, Şahid2 isə Könülün qeyri-rəsmi münasibətdə olduğu şəxsdir. X16 rayonunda yerləşən “Orxideya” gözəllik salonunda işləyir. Şahid2 isə Müdafiə Nazirliyinə məxsus “N” saylı hərbi hissədə komandirin sürücüsü işləyir. Şahid2 2022-ci ilin iyul ayında maddi sıxıntıları olduğundan bacısı Könüldən 4000 (dörd min) manat borc pul istəmişdir. Bacısı Könül də Amillə aralarındakı münasibətlərdən dolayı həmin pulu anası X1 borc alıb Amilə vermişdir. Sonradan Amil müxtəlif bəhanələrlə həmin pulu Könülə qaytarmaqdan imtina etməyə başlamışdır. Belə ki, Amildən hər dəfə pulu istədikdə o, bir neçə günə pulu qaytaracağını desə də, nədənsə dediyi vaxta pulu gətirib çıxarmamışdır. Bu səbəbdən Könül Amildən verdiyi 4000 manat pulu geri qaytarmağın yolları barədə fikirləşməyə başlamışdır. Könül əvvəlcə, yəni 2022-ci ilin avqust ayında Amilin işlədiyi hərbi hissəyə gedərək orada Amilin komandiri Şahid3 qəbuluna getmişdir. Şahid3 bildirmişdir ki, Amilin ona 4000 manat məbləğində borcu vardır və Amil ona olan borcunu müxtəlif bəhanələrlə artıq neçə müddətdir ki, qaytarmır. Şahid3 da Amilin yanında çağıraraq Könülə olan borcunu tezliklə qaytarmasını bildirmişdir. Lakin bundan sonra da Amil nədənsə Könülə olan borcu qaytarmamışdır. Elə buna görə də Könül 13 yanvar 2023-cü il tarixdə Şəmkir hərbi prokurorluğuna gedərək yalandan guya, Amilin onun əlindəki “İphone” markalı telefonu alaraq başına çırpıb xəsarət yetirdiyini, həmçinin Könülün işlədiyi “Orxideya” gözəllik salonuna gəlib ayrılacaqları təqdirdə onu öldürəcəyini, evini yandıracağı ilə hədələdiyini bildirmişdir. Elə bu məzmunda Könül Şəmkir hərbi prokurorluğunda ərizə və izahat verib onun yanına gəlmiş və sonuncudan xahiş etmişdir ki, onun sözünü təsdiq etmək üçün hərbi prokurorluqda eyni məzmunda izahat versin. O da Könül bacısı olduğundan sonuncuya yardım etmək üçün Şəmkir hərbi prokurorluğuna gedib onun dediklərini təsdiq etmişdir. X6 4000 (dörd min) manat borcunu geri qaytarmışdır. O, bacısı Könülün xahişi ilə Şəmkir hərbi prokurorluğunda yalan izahat verərək guya Amilin Könülü vurub xəsarət yetirdiyini, işlədiyi gözəllik salonuna gəlib ayrılacağı təqdirdə onu ölümlə hədələdiyini bildirmişdir. Lakin əslində, belə bir hal baş verməmişdir. Amil Könülə heç bir xəsarət yetirməmiş, onu ölümlə hədələməmişdir. Onların arasında yeganə problem Amilin Könülə olan 4000 manat borcu olmuşdur. Sonradan Amil həmin pulu Könülə qaytarmışdır. Məhkəmə təqsirləndirilən şəxsi, eləcə də şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 296.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan Şəmkir Hərbi Prokurorluğunda toplanmış materiallardan görünür ki, Təqsirləndirilən şəxs bilə-bilə yalan xəbərçilik etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdar edilmiş, bu barədə izahatına imza etmişdir. İş materiallarında olan Tovuz rayon icra hakimiyyəti başçısının Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 aprel 2023-cü il tarixli, 473 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yaşayır. İş materiallarında olan Tovuz rayon icra hakimiyyəti başçısının Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şifahi və ya yazılı şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx.xx.2023-cü ildə icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sadalanan sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri özünün etirafı, şahidlərin ifadəsi və işin bütün materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 296.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallar hesab edir. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3 maddəsinə əsasən, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 296.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işləri cəzası təyin olunduqda cəzanın məqsədinə nail olunacaqdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsinə əsasən Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə- min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yaşını, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-in 296.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən olunmadı. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Bundan başqa, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 320 saat ictimai işlər cəzası təyin edilsin. Cəzasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə çəksin. Cəzasının əvvəli hökmün icrasına başlandığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqında iştirak etməyə görə sərf edilmiş 10 saata görə hər saat üçün 6 (altı) manat hesabı ilə cəmi 60 (otuz altı) manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar