Məhkəmə qərarları › İş №1(076)-165/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-165/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-165/2024 21.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1986–cı il tarixdə Şəmkir rayonu, Könüllü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini töfətmişdir. Belə ki, o, 04 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Könüllü kəndinin ərazisində Zərərçəkmiş şəxs onun arvadı X2 yaşadıqları kəndin sakinləri X7 və X5 ilə intim münasibətlərini özündə əks etdirən səs yazılarının kənd sakinləri arasında yayması səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə nəticəsində Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən yumruqla onun üz nayihəsinə bir neçə dəfə zərbələr vuraraq ona alın nahiyəsinin sağ yarısının cüzi şişkinlik fonunda və sağ gözün bayır qurtaracağının qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən, həmçinin sağ gözaltı nahiyənin yumşaq toxumalarının dərialtı hematoması və sağ gözün ağlı qişasına hissəvi qansızmaları ilə müşaylət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsla əvvəllər aralarında normal münasibət olmuş, düşmənçilik və ədavətləri olmamışdır. 2023-cü ilin yay aylarında o, işləmək məqsədi ilə Rusiya Federasiyasına getmiş, bir neçə ay Rusiya Federasiyasında işlədikdən sonra yaşadığı Şəmkir rayonu, Könüllü kəndinə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə o, evdə olduğu zaman qayınanası X4 arvadı Gülçin Məmmədova ilə söhbətlərini eşidib, nə baş verməsini soruşduqda, onlar Zərərçəkmiş şəxs qaynanasına arvadının səs yazılarını ataraq ondan pul tələb etməsini bildirmişlər. Həmin vaxt o, Zərərçəkmiş şəxs etdiyi hərəkətlərə görə əsəbləşmiş və onun iş yerinə getmək istəyərkən, bibisi oğlu Kəmaləddin Ülvinə zəng edərək, harda olmasını soruşmuş, Ülvin isə “gələrəm söhbət edərik” deyə bildirmişdir. Bundan sonra o, əsəbləşmiş, lakin qardaşı Orxan və bibisi oğlu Kəmaləddin onu satikləşdirərək Kəmaləddinə məxsus avtomobillə kənd ərazisində yerləşən çayxanaya getmişlər. Bir müddət çayxanada olduqdan sonra o, küçəyə çıxmış və Kəmallədinə məxsus olan avtomobilə əyləşmişdir. Bundan sonra Orxan və Kəmallədində avtomobilə əyləşmişlər. Həmin vaxt onlar Zərərçəkmiş şəxs gəldiyini görmüşlər. O, avtomobildən düşüb Ülvinlə söhbət etmək istəyərkən, Kəmaləddin Ülvini avtomobillə çağırmışdır. O, həmin vaxt avtomobilin ön hissəsində əyləşmişdir. Ülvin avtomobilin arxa oturacağında əyləşmişdir. O, Ülvindən hansı səs yazısının olduğunu ona göstərməsini bildirmişdir. Ülvin isə avtomobildən düşüb qaçmaq istəyərkən o, avtomobildən düşərək Ülvinin göz nahiyəsindən yumruqla vurmuşdur. Həmin vaxt qardaşı Orxan onları aralamağa çalışmış, bundan sonra Ülvin yaşadığı ünvana qaçıb gedərək onun haqqında DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisədən sonra zərərçəkmiş şəxslə barışıq üçün cəhd etmişdir, lakin o, barışıq ərizəsi təqdim etməmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs sualları cavablandırarkən həmçinin ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs göz nahiyəsindən o, vurmuşdur. Həmin vaxtı əsəbli olduğu üçün ola bilsin Ülvinin bədəninin müxtəlif nahiyələrinə də xəsarət yetirmişdir. Orxan və Kəmallədin onu döyməmişdir. Mübahisə zamarı onların yanında Orxan və Kəmallədindən başqa heç kəs olmamışdır. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sərxan, Orxan və Kəmaləddin onun qonşularıdır və həmin şəxslərlə aralarında normal münasibət olmuşdur. 2021-ci il tarixdə o, Ukraniya Respublikasından kənddə qayıtdığı zaman Sərxan onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq özünün Rusiya Federasiyasında olduğunu və onun həyat yoldaşı Gülçinin başqa şəxslərlə münasibətinin olması barədə kənd sakinləri arasında söz-söhbət olmasını və həmin məlumatın doğru olub-olmasını aydınlaşdırmağı ondan xahiş etmişdir. O, yaşadığı kənddə gəldikdən sonra Gülçinin həqiqətəndə başqa-başqa şəxslərlə münasibətinin olmasını müəyyən etmişdir. Bundan sonra o, Gülçin ilə mobil telefonla əlaqə saxlayaraq etdiyi əməllərə son qoymasını və başqa şəxslərlə münasibətinin bitirməsini söyləmişdir. Həmin hadisələr 2022-ci ildə baş vermişdir. 2023-cü ilin dekabr ayında o, Sərxanın qardaşı Orxana zəng edərək Gülçinin onun haqqında Şəmkir RPŞ-nə şikayət etməsini bildirmişdir. Gülçinin kənar şəxslərlə əlaqəsi olması barədə onun səs yazıları vardır. “Sən gəl mən həmin səs yazılarını sənə göstərim”. Orxan isə ona bu işə qarışmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Kəmaləddin ona zəng edərək hal-əhval tutduqdan sonra axşam görüşüb söhbət etmək istədiyini bildirdi, o, da Kəmallədinə axşam saat 22 radələrində işdən çıxdıqdan sonra görüşə biləcəyini bildirmişdir. O, saat 22 radələrində yaşadığı ünvana gedən zaman Kəmaləddin özünə məxsus avtomobilin şüşəsini aşağı endirib onu avtomobilə dəvət etmişlər. O, da avtomobilin sol arxa qapısını açıb avtomobilə əyləşmişdir. O, avtomobilə əyləşdikdə Orxan və Sərxanında avtomobildə olmasını görmüşdür. Həmin vaxt Oxan onun qolundan tutmuş, Sərxan isə ondan Gülçinə aid səs yazılarını təqdim etməsini bildirmişdir. O, da səs yazılarının olduğu telefonun evdə olduğunu bildirib həmin telefonu verə biləcəyini bildirmiş və avtomobilin qapısını açıb düşmüşdür. O, avtomobildən düşən zaman Sərxanla aralarında mübahisə yaranmış, mübahisə zamanı Orxan və Kəmaləddin onu arxadan qollarından tutmuşlar və Sərxan yumruqla onun göz nahiyəsindən vurmuşdur. Həmin vaxt o, yaşadığı evin həyətinə daxil olmuşdur. Səs- küyə həyat yoldaşı həyətə çıxmış, həyat yoldaşı Aybənizi görən zamanı Orxan onların qapısından çıxıb getmişdir. Bundan sonra o, Orxan, Sərxan və Kəmaləddin barəsində Şəmkir RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmamışdır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxsə qanunamüvafiq cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 04 yanvar 2024-cü il tarixdə saat 22 radələrində o, evdə olarkən qapıda səs-küy gəldiyini eşidib həyətə çıxmış və Ülvinlə Orxanın mübahisə etdiyini görmüşdür. Həmin vaxt o, övladına mobil telefonu gətirməsini bildirmişdir ki, DİN-nin 102 xidmətinə zəng edib məlumat versin. O, bu sözü dedikdən sonra Orxan, qapının ağzında dayanmış Kəmaləddin və Sərxan qaçaraq getmişlər. O, Ülvinə ilkin yardım göstərdikdən sonra 103 xidmətinə zəng edərək Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Sonra Şəmkir RPŞ-nə gəlib bu barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Şahid3 sualları cavablandırarkən ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Sərxan, Orxan və Kəmaləddin tərəfindən döyülməsinin şahidi olmamışdır. Ancaq Ülvin özünə gəldikdən sonra ona Sərxan, Orxan və Kəmaləddin tərəfindən döyüldüyü barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs Sərxan, Orxan və Kəmaləddin tərəfindən döyülməsinə səbəb Sərxanın həyat yoldaşı Gülçinə aid səs yazılarının həyat yoldaşı Zərərçəkmiş şəxs istəməsi olmuşdur. Zərərçəkmiş şəxs Rafiyə Həsənovadan hədə qorxu gələrək pul tələb etməsi barədə məlumatı olmamışdır. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 04 yanvar 2024-cü il tarixdə dayısının həyat yoldaşı ona zəng edərək Sərxanın evdə mübahisə etdiyini bildirmişdir. O, dərhal Ülvinin yaşadığı ünvana getmiş və həmin vaxt Ülvində Gülçinə aid səs yazılarının olması məlum olmuşdur. O, Sərxanın əsəblərinin sakitləşməsi üçün onu kənd ərazisində yerləşən çayxanaya aparmaq qərarına gəlmişdir. O, avtomobildə əyləşib Sərxan və Orxanı gözləyən zaman Ülvinə zəng edərək harada olmasını soruşub görüşmək istədiyini bildirmişdir.Ülvin isə işdə olduğunu bildirmiş və işdən çıxan zaman zəng edib görüşəcəyini bildirmişdir. Bundan sonra onlar kənd ərazisində yerləşən çayxanaya getmişlər. Onlar kənd ərazisində yerləşən marketin qarşısına çatdıqdan sonra o, avtomobildən düşüb siqaret almağa getmişdir. Marketdən çıxdıqdan sonra onun mobil telefonuna zəng gəlmiş o, telefonla danışan zaman Ülvinin onlara tərəf gəldiyini görmüşdür. Orxan qapını açıb maşından düşmək istəyən zaman o, maşında əyləşib söhbət etmələrini təklif etmişdir. Ülvin avtomobilə tərəf gəldikdən sonra Orxan qapını açıb Ülvinə avtomobilə əyləşməsini bildirmişdir. X14 aid səsləri göstərməsini bildirmiş, o isə səslərin olduğu mobil telefonun evdə olduğunu bildirirək avtomobildən aşağı düşmüşdür. Ülvin avtomobildən düşdükdən sonra Sərxan onun arxasınca getməyə başlamış və onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Orxan onları aralamağa başlamışdır. O, isə avtomobili Ülvinin yaşadığı evin qarşısına gətirmişdir. Sonra isə Ülvin yaşadığı evin içərisinə daxil olmuş və onlar da yaşadıqları ünvana getmişlər. O, Sərxanın Ülvini vurmasını görməmiş, bu barədə sonradan eşitmişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 04 yavar 2024-cü il tarixdə evdə olarkən anası ona zəng edərək qardaşının evdə həyat yoldaşı Gülçinlə mübahisə etdiyini bildirmişdir. O, qardaşının yaşadığı Şəmkir rayonu, Könüllü kəndinə gəlmişdir. O, qardaşı Sərxandan nə səbəbə mübahisə etdiklərini soruşduqda ona “X3 yazılarının olması barədə nə üçün mənə məlumat verməmisən” deyə bildirmiş, O, isə qardaşı Sərxana Ülvin bu barədə ona səs yazılarının olmasını bildirsədə onun yalançı olduğu üçün o, ona inanmadığını bildirmişdir. Həmin vaxt Sərxan Ülvinlə söhbət etmək istədiyini bildirmişdir. Hadisəni eşidən bibisi oğlu Kəmalədin də qardaşının yaşadığı ünvana gəlmişdir. Kəmaləddin Ülvinə zəng edərək harada olmasını soruşduqda Ülvin ona işdə olduğunu bildirmişdir. Sərxan Kəmaləddinlə yaşadığı ünvanı tərk edib getmişlər. O, təxminən yarım saatdan sonra onların arxasınca getmişdir. Saat təxminən 22 radələrində kənd ərazisində yerləşən marketin qarşısına gəlmişdir. Həmin vaxt qardaşı Sərxan və Kəmaləddin marketin qarşısında olmuşlar. Onlar Kəmaləddinə məxsus avtomobillə əyləşmişlər və təxminən 5-10 dəqiqədən sonra Ülvin marketə daxil olmuş və 2-3 dəqiqədən sonra marketdən çıxmışdır. Ülvin marketdən çıxdıqdan sonra o, avtomobilin arxa qapısını açaraq Ülvinə avtomobildə əyləşməsini bildirmişdir. Ülvin avtomobildə əyləşmiş və o, Ülvindən onda olan səs yazıları istəmiş, Ülvin isə səs yazıları olan mobil telefonun evdə olduğunu bildirərək, avtomobildən aşağı düşmüşdür. Həmin vaxt ön oturacaqda əyləşmiş qardaşı Sərxan avtomobildən düşərək Ülvinlə mübahisə etməyə başlamış və mübahisə zamanı yumruqla Ülvinin göz nahiyəsindən vurmuşdur. Həmin vaxt o, avtomobildən düşərək onları aralamış və Ülvini evlərinə aparmışdır. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 04 yanvar 2024-cü il tarixdə o, Bakı şəhərində olan zaman gəlini Aybəniz ona zəng edərək oğlu Ülvini Orxan, Sərxan və Kəmaləddin tərəfindən döyüldüyünü bildirmişdir. xx.xx.2024-cü il tarixdə o, Bakı şəhərindən gəldikdən sonra oğlu Ülvindən nə baş verdiyini soruşmuş, Ülvin isə ona Orxan, Sərxan və Kəmaləddinin birləşərək onu döymələrini bildirmişdir. Ülvin ona xx.xx.2024-cü il tarixdə saat 22 radələrində işdən çıxıb yaşadığı evə gələn zaman kənd ərazisində yerləşən mağazanın qarşısında Orxan ondan Gülçinə aid səs yazılarını tələb etdiyini, o, isə səslər olan telefonun evdə olduğunu bildirdikdən sonra Kəmaləddin və Orxanın onun qolundan tutduğunu Sərxanın isə yumruqla göz nahiyəsindən vurduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan 05 yanvar 2024–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs xəsarət yetirdiyi hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 05 yanvar 2024–cü il tarixli 11 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–alın nahiyəsinin sağ yarsının cüzi şişkinlik fonunda, sağ gözün bayır qurtaracağının qançırları, sol diz oynağının ön səthinin, boyunun arxa səthinin, sol bazu nahiyəsinin yuxarı üçdə birinin arxa səthinin sıyrıqları, sağ, gözaltı nahiyənin yumşaq totumalarının dərialtı hematoması və sağ gözün ağlı qişasına qansızmalar KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 04 yanvar 2024-cü il tarixə tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ gözaltı nahiyənin yumşaq toxumalarının dərialtı hematoması və sağ gözün ağlı qişasına hissəvi qansızmalar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, alın nahiyəsinin sağ yarsının cüzi şişkinlik fonunda, sağ gözün bayır qurtaracağının qançırları, sol diz oynağının ön səthinin, boyunun arxa səthinin, sol bazu nahiyəsinin yuxarı üçdə birinin arxa səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Könüllü kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində kənd nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2024– cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoljoi kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Könüllü kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2008–ci il təvəllüdlü Aysun və 2020–ci il təvəllüdlü Tunar adlı iki azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmadan, ona Azərbaycan Respublikası CM–in 128–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52– 1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Könüllü kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 19 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi naödənilməsi üçün dövlət büdcəsinin hesabına 114 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Könüllü kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 114 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar