Məhkəmə qərarları › İş №1(076)-166/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-166/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-166/2023 03.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi–Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs–Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs–Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1985–ci il tarixdə Şəmkir rayonu, Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 nəfər azyaşlı uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Qapanlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui–istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Şəmkir rayonu, Səməd Vurğun kənd sakini Zərərçəkmiş şəxs etibarından sui–istifadə etməklə aldadaraq İİ Qarabağ müharibəsi iştirakçısı olmuş övladı X2 əlillik ilə bağlı pensiya düzəldəcəyinə dair yalandan vədlər verərək 2021–ci ilin aprel ayından oktyabr ayınadək olan müddətdə ünvan 1 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həyətində, sonuncu dəfə isə Şəmkir rayonu, Səməd Vurğun kəndində hissə–hissə olmaqla müxtəlif məbləğlərdə vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 5.000 (beş min) manat pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 2008–ci ildən 2019–cu ilə kimi gizir kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qapanlı kəndində yerləşən N saylı hərbi hissəsində xidmət etmiş, 2019–cu ildə öz istəyi ilə ordudan təxris olunmuşdur. Zərərçəkmiş şəxs bir neçə il olar ki, tanıyır. 2020–ci ildə Vətən müharibəsi baş verən zaman qardaşı Qurban sol ayağından qəlpə yarası almış və bununla bağlı Bakı şəhərində yerləşən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klink Hospitalında müalicə almışdır. 2021–ci ilin aprel ayında o, həmin Hospitalda olduğu zaman Ramini orada görmüş və nə məqsədlə gəlməsini soruşduqda Ramin oğlu Kənanın da Vətən müharibəsində ağır yaralandığını, hazırda oğlu Kənana təqaüd düzəltmək üçün həkimlərin müayinəsinə gətirdiyini bildirmişdir. O, qardaşı həmin Hospitalda müalicə aldığından bir çox həkimləri tanımış və həkimlərlə münasibəti olmuşdur. O, həmin hospitala getdiyində orada olan şəxslərdən 6.500 manat müqabilində pensiyanın düzəldiyini eşitmişdir. Ona görə də Raminə 6.500 manata oğlunun pensiyasını düzətdirə biləcəyini demişdir. Ramin də onunla razılaşmışdır. O, Raminə həkimlərlə danışıb bir söz deyəcəyini demişdir. Bundan sonra orada olan İlqar və Aynurə adlı həkimlərlə bu barədə maraqlanmış və həmin həkimlər Kənanın müxtəlif həkim komissiyasının müayinələrindən keçməli olduğunu, sənədləri tam toplandıqdan sonra xüsusi həkim komissiyası tərəfindən ona pensiya ayrılıb–ayrılmayacağı məsələsinə baxılacağını bildirmişlər. Lakin həkimlər pul barədə ona heç bir söz deməmişlər. O da həmin vaxtlar pula ehtiyacı olduğundan Raminə 5.000 manat düzəldib verməli olduğunu, 1.500 manat isə Raminin yerinə özü qoyacağını, həmin pulu da pensiya düzələndən sonra ona qaytaracağını demişdir. Ramin onun dedikləri ilə razılaşmışdır. Lakin Ramin ona pulu bir neçə dəfəyə verə biləcəyini bildirdikdə o da heç bir etiraz etməmişdir. Həmin günlərdə aprel ayında birinci dəfə Şəmkir rayonu Kür qəsəbəsində Ramin ona bir neçə dəfəyə 1.000 manat pul vermişdir. O, həmin pulları götürmüş və öz ehtiyaclarına xəcləmişdir. Bundan sonra Raminə oğlu Kənanı Hospitala gətirməsini, pulunda bir hissəsini gətiməyi tapşırmışdır. Ramin oğlunu gətirib Bakı şəhərində yerləşən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klink Hospitalına gəlmiş, onlar Hospitalın həyətində görüşmüş, Ramin ona 2.000 manat pul vermişdir. O, həmin pulu götürdükdən sonra Kənanı orada olan həkim müayinələrindən keçirmişdir. Müayinədən sonra həkimlər bir müddət sonra cavab veriləcəyini bildirmişlər. O da Raminə işi danışdığını, az vaxta həll olunacağını bildirmişdir. Bundan sonra Ramin iki dəfəyə hər dəfəsində 500 manat olmaqla, cəmi 1.000 manat pulu ona məxsus Kapitalbankın kartına vurmuşdur. Bundan sonra isə onlar bir neçə dəfə Şəmkir rayonu, Kür qəsəbəsində görüşdükdə Ramin ona 900 manat pul vermişdir. Sonuncu dəfə isə razılaşdığı 5.000 manatdan qalıq qalmış 100 manatı onun kartına göndərmişdir. Bundan sonra isə Raminin oğlu Kənana pensiya ayrılması barədə müraciətə imtina gəlmişdir. Lakin həmin vaxt o, Raminin verdiyi pulları xərcləmişdir. Ona görə də Raminə pulu qaytara bilməmişdir. O, həkimlərin yanına gedərək hər hansı yolla pensiyanı düzəldə bilib–bilməyəcəyini soruşduqda həkimlər belə bir işin mümkün olmadığını bildirmişlər. O da Raminə az müddətə pulunu qaytarıb verəcəyini demişdir. Lakin maddi imkanı zəif olduğundan Raminin ona vermiş olduğu pulu qaytara bilməmişdir. Bununla belə Raminə 1.000 manat qaytarmış, qalan 4.000 manatı isə maddi imkanı olmadığından qaytara bilməmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də, ifadəsində göstərdiyi halları nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır və aralarında normal münasibətləri olmuşdur. İİ Qarabağ Müharibəsi zamanı, yəni 2020–ci ilin oktyabr ayının 15–də döyüş əməliyyatlarının birində iştirak edən oğlu Kənan sağ ayağından yaranlandığından və başından travma aldığından müharibə qurtardıqdan sonra ordudan təxris olunmuşdur. Kənan yaralandığı üçün 2021–ci ilin aprel ayında Bakı şəhərində yerləşən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klink Hospitalına getmişdir. Onlar həmin vaxt Kənana səhhətində ciddi problemləri olduğundan əlilliklə bağlı pensiya düzəltdirmək istəmişlər. Həmin hospitalda olan zaman Elçin Bayramovla rastlaşmışdır. Elçinlə söhbət edən zaman nə uçün xəstəxanaya gəldiyini deyəndə Elçinə oğlu Kənan yaralandığı üçün hospitala gəldiyini demişdir. Söhbət əsnasında Elçinə oğlu Kənanı pensiyaya çıxarmaq istədiyini bildirmişdir. Həmin vaxt Elçin ona həmin hospitalda tanış həkim olduğunu demişdir. Daha sonra Elçinlə birlikdə həmin hospitalda həkim işləyən polkovnik–leytenant İlqar Əliyevin yanına getmişlər. Həmin həkimin yanına gedəndən sonra oğlu Kənana baxılmış və Kənanı pensiyaya çıxarmağın mümkün olduğu bildirilmişdir. Sonra oğlu Kənanla o, həkimin otağından çıxıb çöldə gözləmiş, Elçin isə otaqda qalıb həkimlə söhbət etmişdir. Təxminən yarım saat keçəndən sonra Elçin həkimin yanından çıxıb həkimlə danışdığını və oğlu Kənanı pensiyaya çıxarmağın mümkün olduğunu demişdir. Sonra Elçinlə birlikdə hospital binasından çölə çıxmış, çöldə söhbət edən zaman Elçin oğlunu pensiyaya çıxarmaq üçün 6.500 manat pul lazım olduğunu demişdir O da Elçinlə razılaşmış, ancaq 5.000 manat pul verəcəyini demişdir. Elçin qalan 1.500 manat pulu özü verəcəyini, iş həll olandan sonra hissə–hissə ona həmin pulu qaytaracağını demişdir. O da Elçinlə razılaşmış, həmin pulu Elçinə verəcəyini bildirmişdir. Sonra oğlu Kənanla birlikdə Şəmkir rayonuna yaşadığı evə gəlmişdir. Təxminən iki gün keçəndən sonra Elçinlə zəngləşib Şəmkir rayonu, Qapanlı kəndində görüşüb ilkin olaraq 300 manat pulu Elçinə vermişdir. Həmin pulu Elçin İlqar adlı həkimə verəcəyini demişdir. O, İlqar həkimə 1.000 manat pul verməli olduğunu demişdir. O da pulu olmadığından az– az verəcəyini demiş, Elçin də onunla razılaşmışdır. Təxminən 15 gün keçəndən sonra Elçinlə yenə Şəmkir rayonu, S.Vurğun kəndində görüşüb 300 manat vermişdir. Təxminən bir ay keçəndən sonra Elçinlə Bakı şəhərində X6 hospitalının qarşısında görüşub əlavə olaraq 400 manat pul vermişdir. Təxminən bir ay keçəndən sonra 2021–ci ilin yay ayında 2.500 manat borc pul alıb həmin gün Bakı şəhərinə getmiş və Elçinə zəng edib Bakı şəhərində Mərkəzi Hərbi Klinik hospitalın qarşısında Elçinlə görüşüb həmin yerdə Elçinə əlavə olaraq 2.000 manat pul vermişdir. Elçin həmin pulu da Aynurə adlı həkimə verəcəyini bildirmişdir. Təxminən 15–20 gün sonra Elçinin bank kartının hesabına Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən "e–manat” ödəmə terminalından 500 manat pul göndərmişdir. Təxminən 20 gün sonra oğlu Kənanla birlikdə Elçin onu çağırdığı üçün Bakı şəhərinə Mərkəzi Hərbi Klinik hospitalının qarşısına getmişdir. Elçinlə həmin yerdə görüşmüş və əlavə olaraq 500 manat pulu Elçinə vermiş, Elçin həkimlə danışacağını bildirib hospitalın içərisinə getmişdir. O isə oğlu Kənanla birlikdə hospitalın qarşısında Elçini gözləmişdir. Elçin hospital binasından çıxandan sonra pulu həkimə verdiyini, qısa müddətdə işi həll edəcəyini bildirmişdir. Sonra Şəmkir rayonuna yaşadığı kəndə gəlmişdir. Təxminən 2–3 ay keçəndən sonra Elçinlə Şəmkir rayonu, Kür qəsəbəsində görüşüb müxtəlif vaxtlarda 900 manat pul vermişdir. Bundan sonra isə sonuncu dəfə qalan 100 manat pulu Şəmkir rayonundan ödəmə terminalı vasitəsi ilə Elçinin karıtna göndərmişdir. Ümumilikdə o, əlilliklə bağlı pensiya düzəldirlməsi üçün Elçinə 5.000 manat pul vermişdir. Elçin həmin vaxt az müddətə pensiyanın düzələcəyini bildirmişdir. Bundan sonra bir neçə dəfə Elçinə zəng edib işin nə yerdə olduğunu soruşanda hər dəfə müxtəlif bəhanələrlə Elçin onu aldatmış, nə pulunu qaytarmamış, nə də oğlunu pensiyaya çıxarmamışdır. O, Elçinin onu aldatdığını başa düşdüyündən bu barədə polis şöbəsinə şikayət etmişdir. Bundan sonra Elçin ona 1.000 manat qaytarmış, lakin dəfələrlə tələb etməsinə və vaxt verməsinə baxmayaraq, qalan 4.000 manat pulu qaytarmaqdan boyun qaçırmışdır. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 2020–ci ilin iyul ayında hərbi xidmətə getmiş, Ağcabədi rayonunda N saylı hərbi hissədə xidmət etmişdir. 2020–ci ilin 27 sentyabr tarixində Vətən müharibəsi başlandıqda o da müharibədə iştirak etmişdir. 15 oktyabr 2020–ci il tarixdə Xocavənd rayonunda mərmi partlaması nəticəsində ağır xəsarət almış və döyüş bölgəsindən çıxarılaraq hospitala yerləşdirilmişdir. Dəfələrlə müalicə olunmağına baxmayaraq, aldığı xəsarətlər ağır olduğundan bir çox fəsadları qalmışdır. 2021– ci ilin aprel ayında atası ilə Bakı şəhərində yerləşən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klink Hospitalına getmişdir. Onlar həmin vaxt səhhətində olan ciddi problemlərlə bağlı ona əlillik pensiyası düzəltdirmək istəmişlər. Onlar hospitalda olduğu zaman orada Şəmkir rayon sakini olan, üzdən tanıdığı Təqsirləndirilən şəxs görmüşlər. Elçin oraya müharibədə yaralanmış qardaşını gətirmişdir. Onlar söhbət etdiyində Elçin Hospitalın həkimlərini tanıdığını, həkimlərlə yaxşı münasibətləri olduğunu, onun pensiyasını düzəltdirə biləcəyini demişdir. Atası Elçindən bunun üçün nə qədər pul lazım olduğunu soruşduqda Elçin atasına 6.500 manat pul lazım olduğunu bildirmişdir. Atasıda o qədər imkanı olmadığını dedikdə Elçin atasına 5.000 manat düzəltməyi, qalan pulu isə özü qoyacağını, pensiyası düzəldikdən sonra pulu özünə verəcəklərini demişdir. Atası Elçinlə razılaşmışdır. Bundan bir müddət sonra onlar qayıdıb Şəmkir rayonuna gəlmişlər. Şəmkir rayonuna gəldikdən sonra atası müxtəlif vaxtlarda 1.000 manat pulu Kür qəsəbəsində Elçinə vermişdir. Elçin həmin pulu Hospitalda həkimlərə verəcəyini bildirmişdir. Bundan sonra atası sələm pul götürərək onunla birlikdə Bakı şəhərinə getmişdir. Hospitalın həyətində atası 2.000 manat pulu Elçinə vermişdir. Elçin isə orada onu həkimlərin müayinəsindən keçirmiş və müayinələrin nəticəsi barədə bildirəcəyini demişdir. Bundan sonra 2021–ci ilin oktyabr ayına kimi atası əlavə olaraq 2.000 manat pulu müxtəlif vaxtlarda Elçinə vermişdir. Lakin bir müddət keçdikdən sonra ona pensiya düşməməsi barədə cavab gəlmişdir. Bundan sonra onlar dəfələrlə Elçindən pulu istəsələr də, Elçin onların pulunu qaytarmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 da şahid X3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı, X3 isə Şəmkir rayonu, Kür qəsəbə sakini olmaqla əsgər yoldaşı olmuşdur. 2020–ci ilin sentyabr ayında Vətən müharibəsi başlayanda o da döyüşlərdə iştirak etmiş, Xocavənd rayonu uğrunda gedən döyülşərdə ağır yaralanmış və 3–cü qrup müharibə əlili olmuşdur. Ondan əvvəl isə o, Kənanın da döyüşlərdə yaralandığını eşitmişdir. Daha sonra o, müharibə qurtardıqda müxtəlif yerlərdə müalicə aldıqdan sonra döyüş əməliyatlarında yararsız olduğundan ordudan təxris olunmuşdur. 2021–ci ilin ortalarında əlilliklə bağlı sənədlərini Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klink Hospitalına aparıb getdiyində orada Kənanın da olmasını görmüşdür. Kənan oraya atası ilə gəlmişdir. O, Kənanın oraya əlilliklə bağlı sənədlərini gətirib gəlməsini bilmiş, lakin Kənana kimsənin kömək etməsi barədə məlumatı olmamışdır. O, Hospitalda olduğu zaman qardaşı Elçin oraya gəlmiş və qardaşı Elçinin Kənanın atası Raminlə söhbət etməsini görmüşdür. Lakin o, Elçinlə Raminin nə söhbət etmələri barədə maraqlanmamışdır. Onu Hospitalda tibbi həkim komissiyası yoxladıqdan sonra ona əlilliklə bağlı pensiya təyin olunmuşdur. O, rayona qayıtdıqdan sonra Kənanın atası zəng edərək ondan qardaşı Elçinin başlarına oyun açdığını bildirmişdir. O, Ramindən qardaşı Elçinin nə etməsini soruşduqda Ramin qardaşının oğlu Kənana əlilliklə bağlı pensiya düzəldəcəyi adı ilə 5.000 manat pul aldığını, lakin nə pensiyanı düzəltmədiyini, nə də ki, pullarını qaytarmadığını bildirmişdir. O isə bu barədə heç bir məlumatı olmadığını, bu barədə qardaşı ila söhbət etməli olduqlarını bildirmişdir. Bundan sonra Ramin bir neçə dəfə onların yaşadığı evə gələrək Elçinin hərəkətləri barədə valideyinlərinə bildirmişdir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və Azərbaycan Respublikası DİN– nin BƏSİİ–dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014–cü il təvəllüdlü Nurlan və xx.xx.2020–ci il təvəllüdlü Nilay adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Qapanlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Babayev X4 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui–istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–in 178.1–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham hökmü çıxarılmalı və o, təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui–istifadə etmə və ya aldatma yolu ilə talamaqda ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, həmçinin təqsirləndirilən və digər şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədilə Təqsirləndirilən şəxs islah olunması yalnız cəmiyyətdən təcrid olunması şəraitində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın həddini müəyyən edərkən, həmin cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2023–cü il tarixdən hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə Zərərçəkmiş şəxs 5.000 manat maddi ziyan vurulmuş, həmin ziyanın 1.000 manat hissəsi ödənilsə də, qalan 4.000 manatı ödənilməmişdir. Lakin ziyanla bağlı məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər mülki iddia verilməmişdir. Bununla belə məhkəmə zərərçəkmiş şəxsə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1–ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2–ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2023–cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar