Məhkəmə qərarları › İş №1(076)-166/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-166/2025

23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-166/2025 23.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkum olunmamış, Şəmkir şəhəri, X8 küçəsi, ev 29-da qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 26 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində ünvan 1 ünvanında tanışı X5 ona hədiyyə etdiyi 01 (bir) ədəd kibrit qutusunun içərisində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir şəhəri, Həsən Əliyev küçəsi ilə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 26 noyabr 2024-cü il tarixdə, saat 18:05-də Şəmkir şəhəri, Həsən Əliyev küçəsi ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsində saxlanılaraq polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunun içərisinə qoyulmuş, ümumi təmiz çəkisi 6,25 qram, xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Şəmkir şəhəri, X8 küçəsi, ev 29 ünvanında ailə üzviləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ailəlidir 2 övladı var. Təxminən 4-5 il müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edirlər. Bu səbəbdən də 26 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində o, Tahir Məmmədovun yaşadığı ünvana getmişdir. Həmin vaxt Tahir Məmmədov yaşadığı evin yataq otağında yatmışdır. O, Tahir Məmmədova səslənərək onu yuxudan oyadıb ondan öz şəxsi istifadəsi üçün narkotik vasitə olan marixuanasının olub-olmamasını soruşmuşdur. Tahir Məmmədov da ona narkotik vasitə olan marixuanasının olmasını bildirərək, ona gözləməyini demişdir. Daha sonra Tahir Məmmədov yatdığı çarpayıdan duraraq əynini geynib ona yaxınlaşaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd kibrit qutusunun içərisində olan marixuananı çıxararaq kibrit qutusu ilə birlikdə ona vermişdir. O, da Tahir Məmmədovun yaşadığı ünvandan çıxaraq getmişdir. Həmin tarixdə, saat 18 radələrində Şəmkir şəhəri, Həsən Əliyev küçəsi ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsində piyada hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini Şəmkir rayon Polis şöbəsinin polis əməkdaşları kimi təqdim edərək, narkotik vasitələrin istifadəsi və saxlanmasında şübhəli bilindiyi üçün onun üzərinə baxış keçirəcəklərini bildirmişlər. Daha sonra polis əməkdaşları video çəkiliş etməklə ondan üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya olub-olmaması soruşulmuşdur. O, da polis əməkdaşlarına heç bir etiraz etmədən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə olan marixuana polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş və kibrit qutusu ilə birlikdə ümumi çəkisinin 8,85 qram olması müəyyən edilmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuana polis əməkdaşları tərəfindən qablaşdırılaraq Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 118 nömrəli möhürü ilə möhürlənmiş, o, da üzərinə imza etmişdir. Daha sonra polis əməkdaşları onu Şəmkir rayon Polis şöbəsinə gətirmişlər. Şəmkir rayon Polis şöbəsində ona təhqiqatçı Vüqar tərəfindən müdafiəçi tutmaq hüququnun olması izah edilmişdir. O, da maddi imkanının olmadığını bildirərək, dövlət hesabına müdafiəçi dəvət olunmasını xahiş etmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən ona Şəmkir rayon ərazisində fəaliyyət göstərən müdafiəçilərin siyahısı təqdim edilmişdir. O, da təqdim edilmiş siyahıdan Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarını müdafiə etmək üçün seçmişdir. Müdafiəçi gəldikdən sonra onun iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin şəxsi axtarış zamanı onun üzərindən digər narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. O, narkotik vasitə olan marixuanadan o, heç kimə satmamasını və hədiyyə olaraq verməməsini bildirmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Şəmkir rayon Polis şöbəsinin X1 baş əməliyyat müvəkkili vəzifəsində, polis polkovnik-leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs və X6 xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 26 dekabr 2024-cü il tarixdə Şəmkir şəhəri, X8 küçəsi, ev 29 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri Şəmkir rayonu ərazisində daşıması, saxlaması və istifadəsi barədə ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə onun tərəfindən Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə Şəmkir rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Şəmkir rayon Polis şöbəsinin Təminat hissəsinin polis nəfəri Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 18:05 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, Həsən Əliyev küçəsi ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsinə gedərək orada Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməmişdir. Daha sonra əməliyyat müvəkkili Şahid2 tərəfindən videogörüntü çəkilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş, eləcədə olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunu çıxararaq təqdim etdimişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd kibrit qutusunun içərisinə baxılan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyli ot kütləsi olmasını görmüşlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan marixuananın olduğu 01 (bir) ədəd kibrit qutusu elektron tərəzi vasitəsilə çəkilmiş və ümumi çəkisinin 8,85 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin marixuananı 26 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində tanışı Şəmkir şəhər sakini X3 alaraq əldə etməsini və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə olan marixuananın olduğu 01 (bir) ədəd kibrit qutusu iş üçün əhəmiyyət kəsb etdiyindən onun tərəfindən qablaşdırılaraq Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 118 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılarla üzərinə imza etmişlər. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon Polis şöbəsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananın olduğu 01 (bir) ədəd kibrit qutusunun qablaşdırıldığı bir ədəd zərf onun tərəfindən Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Vüqar Abdullalıya təqdim edilmiş və sonuncu tərəfindən həmin zərf videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Vüqar Abdullalıya təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Şəmkir rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 26 dekabr 2024-cü il tarixdə Şəmkir şəhəri, X8 küçəsi, ev 29 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri Şəmkir rayonu ərazisində daşıması, saxlaması və istifadəsi barədə Şəmkir rayon Polis şöbəsinin X1 baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə Şəmkir rayon Polis şöbəsinin Təminat hissəsinin polis nəfəri Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 18:05 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, Həsən Əliyev küçəsi ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsinə gedilərək orada Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməmişdir. Daha sonra onun tərəfindən videogörüntü çəkilməklə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş, eləcədə olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunu çıxararaq təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd kibrit qutusunun içərisinə baxılan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyli ot kütləsi olmasını görmüşlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan marixuananın olduğu 01 (bir) ədəd kibrit qutusu elektron tərəzi vasitəsilə çəkilmiş və ümumi çəkisinin 8,85 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin marixuananı 26 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində tanışı Şəmkir şəhər sakini X3 alaraq əldə etməsini və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə olan marixuananın olduğu 01 (bir) ədəd kibrit qutusu iş üçün əhəmiyyət kəsb etdiyindən baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qablaşdırılaraq Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 118 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılarla üzərinə imza etmişlər. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon Polis şöbəsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananın olduğu 01 (bir) ədəd kibrit qutusunun qablaşdırıldığı bir ədəd zərf baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Vüqar Abdullalıya təqdim edilmişdir və sonuncu tərəfindən həmin zərf videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Vüqar Abdullalıya təqdim edilmişdir. Aparılmış təhqiqatdan sonra onlara məlum olmuşdur ki, Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Vüqar Abdullalı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən əlavə hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 26 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli ot kütləsini təqdim etmişdir. Bu barədə Panasonic markalı videokamera vasitəsi ilə çəkiliş aparılmış və görüntülər DVD diskə köçürülmüş, eləcə də, protokola əlavə olunmuşdur. “Şəxsi axtarış aparılması haqqında” 26 noyabr 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının 27 noyabr 2024-cü il tarixli 16/1090 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “saxlanılan şəxs X4 üzərindən aşkar edilən bir ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə aşkar edilmişdir” yazı və imzalar olan kağız paketdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,25 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. (Qeyd: marixuana təmiz çəkisi 6,25 qram tədqiqata sərf edildi-0,02 qr, qalıq – 6,23 qram) Məhkəmə-bioloji ekspertizasının 28 noyabr 2024-cü il tarixli 16/1093 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “saxlanılan şəxs X4 üzərindən aşkar edilən bir ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə aşkar edilmişdir” yazı və imzalar olan kağız paketdəki bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuana və üzərində “Saxlanılan şəxs X5 üzərindən aşkar olunmuş 1 ədəd selofan büküm” yazılar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə olan qurudulmuş marixuana, tərkiblərinə görə eynidirlər. (Qeyd: marixuana qalıq təmiz çəkisi 6,23 qram tədqiqata sərf edildi-0,04 qr, qalıq – 6,19 qram) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 20 yanvar 2025-ci il tarixli, 140 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi olmamış, məhkumluğu yoxdur. Şəmkir rayon Şiştəpə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəli tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. “Şübhəli şəxsi tutma haqqında” 26 noyabr 2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 28 noyabr 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 28 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X7 azad edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı (kannabis) əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan 6,19 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 10 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 16 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın hər saatına görə 6 manat və 11 manat olmaqla cəmi 125 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan çəkisi 6,19 qram olan marixuana məhv edilsin, 10 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 16 saat hüquqi yardıma görə 125 (bir yüz iyirmi beş) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar