Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-174/2023 10.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1954–cü il tarixdə Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, evli, Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 228.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə cinayət əməllərini törətmişdir. Belə ki, o, 2023–cü ilin yanvar ayında yaşadığı Şəmkir rayonu, Zəyəm– Cırdaxan kənd ərazisində yerləşən meşə zolağına yaxın ərazidən tapdığı döyüş sursatı hesab olunan, bir ədəd 1957–ci ildə Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı odlu yivli silah olan 5,6 mm kalibirli 3467 nömrəli TOZ–8 modelli odlu silahı qanunsuz olaraq əldə edib, daşıyaraq yaşadığı Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə aparmaqla həyətində yerləşən tövlənin tavan hissəsində saxlamış, onun qanunsuz olaraq odlu silah əldə etməsi, daşıması və saxlaması barədə Şəmkir Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında 30 mart 2023–cü il tarixdə, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində yaşadığı Şəmkir rayonu, Zəyəm– Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən tövlənin tavan hissəsindən texniki cəhətdən saz və atəşə yararlı olan 01 ədəd, 3467 nömrəli, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində 1957–ci ildə Tula silah zavodunda istehsal olunmuş 5,6 mm kalibrli, odlu yivli TOZ–8 modelli sürgülü, tək–tək atan ov karabini aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, təxminən 02 ay əvvəl yaşadığı Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndi ərazisində yerləşən meşə zolağına evinin həyətindən yığılmış məişət tullantılarını atmağa gedən zaman meşə zolağına yaxın torpaq yolda silah olduğunu görüb heç kim görmədən götürüərək evə gətirmiş, həmin silahı evinin həyətində yerləşən tövlənin tavanına yerləşdirib orada saxlamağa başlamış, silahın orada olub– olmamasını hərdən gedib yoxlamışdır. xx.xx.2023–cü il tarixdə saat 13 radələrində Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində yaşadığı evdə olan zaman evin giriş darvazasının döyüldüyünü eşidib həyətə çıxmış və dəmir darvazını açmış, həmin vaxt polis əməkdaşlarının olduğunu görmüş, polis əməkdaşları ona evində və evin həyətində silah saxlamaqda şübhəli olduğu üçün baxış keçirəcəklərini bildirib onu qərarla tanış etmiş, onlara etiraz etməmiş və baxış keçirəcəklərinə razılıq vermişdir. Polis əməkdaşları yaşadığı evə və həyətinə baxış keçirən zaman həyətində yerləşən tövlənin tavan hissəsində saxladığı tək lüləli, “TOZ 8” markalı silahı aşkar etmiş, həmin silah polis əməkdaşları tərəfindən videogörüntü vasitəsi ilə protokol tərtib edilərək, qablaşdırılaraq və üzəri möhürlənərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən evin həyətində digər yerlərə də baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonra onu polis əməkdaşları özləri ilə birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gətirmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş və həmin şəxsi axtarış videogörüntü vasitəsi ilə həyata keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis Şöbəsinin CAB–nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 mart 2023–cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında şöbə rəhbərliyinin göstərişi ilə saat 12 radələrində Şəmkir RPŞ–nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2, KTQ– nın baş inspektoru Sərxan Məmmədov və təhqiqatçı, polis mayoru Elçin Əsgərov ilə birlikdə yaşadığı evində odlu silah saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirmək üçün getmişlər. Həyətə daxil olaraq onları qarşılayan Təqsirləndirilən şəxs evdə qanunsuz olaraq silah saxlaması barədə məlumat daxil olmasını və bununla bağlı evində və həyətyanı məhləsində axtarış aparılacağı bildirilmiş, ev sahibi olan Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra iştirakçılarla birlikdə fasiləsiz videoçəkiliş vasitəsi ilə evə və həyətyanı sahəyə baxış keçirməyə başlamışlar. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz saxlanılan odlu silah və ya hissələrini təqdim etmək təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən tövlənin tavan hissəsindən bir ədəd “TOZ” markalı təklüləli ov tüfəngini təqdim təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi silahın heç bir sənədinin olmadığını, həmin silahı Zəyəm–Cırdaxan kəndi yaxınlığından tapdığını bildirmişdir. Həmin tüfəngə baxış keçirilərkən üzərində 3467 nömrəsinin olması və patronlarının olmadığı müəyyən edilmiş, aşkar olunmuş silah iş üçün əhəmiyyətli olduğundan araşdırma aparılması üçün tərəflərindən götürülmüşdür. Evin və həyətyanı sahənin digər sahələrinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək alət və ya vasitə aşkar olunmamışdır. Daha sonra təhqiqatçı tərəfindən baxış və onun nəticələri barədə protokol tərtib olunmuş, onlar da protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzalar ilə təsdiq etmişlər. Sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gəlmiş, TB–nin təhqiqatçısı, polis mayoru Elçin Əsgərov tərəfindən ona hüquq vəzifələri izah edildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməmiş, təhqiqatçı tərəfindən tərtib edilmiş protokola başqa iştirakçılar kimi o da imza etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şəmkir Rayon Polis X7 Bölməsinin əməkdaşı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. xx.xx.2023–cü il tarixdə saat təxminən 12:50 radələrində yaşadığı evdə olduğu zaman polis əməkdaşları gəlmiş və əri Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evdə odlu silah saxladığını və evə baxış keçirəcəklərini bidirmişlər. Əri Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək baxış keçirilməsinə razılıq verməsi barədə ərizə yazmışdır. Daha sonra polis əməkdaşları ərinə evdə saxladığı odlu silahı təqdim etməyi təklif etmişlər. Əri Təqsirləndirilən şəxs yaşadıqları evin həyətində yerləşən tövlənin tavan hissəsində saxladığı bir ədəd təklüləli silahı polis əməkdaşlarına təqdim edərək həmin silahdan başqa heç bir silah və sursat olmadığını bildirmişdir. Polis əməkdaşları evin digər yerlərinə baxış keçirərkən qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra aşkar olunmuş bir ədəd silah polis əməkdaşları tərəfindən qabşaldırılaraq möhürlənib götürülmüşdür. Eyni zamanda həmin silahın evlərinin həyətində yerləşən tövlənin tavan hissəində olmsı barədə onun əvvəlcədən məlumatı olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 da şahid X1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında xx.xx.2023–cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində yerləşən evinə baxış keçirilən zaman fərdi yaşayış evinin həyətində yerləşən tövlənin tavan hissəsindən 01 ədəd, 3467 nömrəli, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində 1957–ci ildə Tula silah zavodunda istehsal olunmuş 5,6 mm kalibrli, odlu yivli TOZ–8 modelli sürgülü, tək–tək atan ov tüfəngi aşkar edilərək götürülmüş, baxış keçirilməsi haqqında protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə ballistik ekspertizasının xx.xx.2023–cü il tarixli 23/250R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 3467 nömrəli silah Tula silah zavodunda 1957–ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli, TOZ –8 modelli ov tüfəngidir, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Həmin silah quş və xırda heyvanlar ovlamaq üçün nəzərdə tutulmuşdur. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş silahlardan eksperimental atəş zamanı əldə olunmuş giliz DİN–nin KTİ–də yerləşən “güllə–giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gilizlərlə müqayisəli tədqiqat aparıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Zəyəm–Cırdaxan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1– ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə ictimai təhlükəsizlik əleyhinə olan birbaşa qəsdən törədilən cinayətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində və ev dustaqlığında saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 01 aprel 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Həmçinin, məhkəmə hazırlıq iclasının xx.xx.2023–cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və ev dustaqlığında saxlanıldığı müddət 03 ay 10 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında qaldığı 03 ay 10 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 06 ay 20 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Şəmkir RPŞ–yə məsul saxlanca verilmiş və Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd 3467 nömrəli silah Tula silah zavodunda 1957–ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli, TOZ–8 modelli ov tüfəngi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, Təqsirləndirilən şəxs evinə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanmalıdır. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 mart 2023–cü il tarixdən 10 iyul 2023–cü il tarixədək şübhəli şəxs qismində və ev dustaqlığında saxlanıldığı 03 ay 10 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Zəyəm–Cırdaxan kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan və Şəmkir RPŞ–də saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd 3467 nömrəli silah Tula silah zavodunda 1957–ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli, TOZ–8 modelli ov tüfəngi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin, Təqsirləndirilən şəxs evinə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-174/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-174/2023
10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver