Məhkəmə qərarları › İş №1(076)-178/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-178/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-178/2023 31.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Şəmkir rayonu Dəllər- Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 09 may 2023-cü il tarixdə saat 16 radələrində spirtli içki qəbul edərək sərxoş vəziyyətdə münqaişə yaratması nəticəsində yaranmış mübahisə zamanı, yaşadığı evin həyətində özünün düzəltdiyi və həmin vaxt əlində olan təsərrüfat-məişət təyinatlı balta ilə yaşadığı evin mətbəxinə daxil olaraq arvadı Zərərçəkmiş şəxs baş nahiyyəsindən bir dəfə qəsdən vuraraq ona başın əncə nahiyyəsinin əzilmiş-çağılmış yarası və sol saidin orta üçdə birinin bayır səthinin qançırı yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun arvadıdır və onunla birlikdə yaşayırlar. Zərərçəkmiş şəxs ilə 30 ildir rəsmi olaraq ailə həyatı qurmuşlar, birgə nikahdan üç övladları var. Şahid onun qızıdır və ailəlidir, Şəmkir rayonu, Daşbulaq kəndində ailəsi ilə birlikdə yaşayır. Əvvəllər aralarında heç bir ədavətləri, düşmənçilikləri olmamışdır, münasibətləri əvvəllər normal olmuşdur. Onların münasibətləri sonradan pisləşməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində yaşadıqları evdə olarkən arvadı Zərərçəkmiş şəxs ona bildirmişdir ki, mürəbbə bişirir, evə pesok almaq lazımdır. Həmin vaxt o, cibində pul olmadığı üçün arvadı Pərvanəyə bildirmişdir ki, axşam usta işlədiyi yerdən pulunu aldıqdan sonra alacaq. Bu səbəbdən də aralarında mübahisə baş vermişdir. O, həmin vaxt arvadı Pərvanəyə sakit olmağını bildirmiş, lakin o, məhəl qoymamış və pesok almadığı üçün danışmağa başlamışdır. O, əlindəki balta ilə mətbəxə gələrək arvadı Zərərçəkmiş şəxs arxa tərəfindən baş nahiyəsinə baltanın arxa küp hissəsi ilə bir zərbə vurmuşdur. Bundan sonra o, Pərvanənin qışqıra-qışqıra mətbəxdən qaçdığını görmüşdür. Sonra ona məlum olmuşdur ki, başından aldığı xəsarətə görə Şəmkir rayon Xəstəxanasına müraciət etmişdir. Daha sonra məlum olmuşdur ki, o, arvadı Pərvanəni vurduğu üçün P. Hüseynova polisə ərizə ilə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir, onunla 30 ildir rəsmi olaraq ailə həyatı qurmuş üç övladları olmuşdur. Şahid onun qızıdır və ailəlidir Şəmkir rayonu, Daşbulaq kəndində ailəsi ilə birlikdə yaşayır. Əvvəllər əri ilə aralarında heç bir ədavətləri, düşmənçilikləri olmamışdır, münasibətləri normal olmuşdur. Onların münasibətləri sonradan pisləşməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 16 radələrində yaşadıqları evdə olarkən əri Təqsirləndirilən şəxs işə getməmiş, qonşunun uşağını çağıraraq ona araq aldırmış və evdə oturub təkcə araq içmişdir. O. həmin vaxt mürəbbə bişirirmiş, əri Təqsirləndirilən şəxs dəfələrlə o, mətbəxdə olan zaman yanına gəlmiş, ona cavab vermədiyini deyərək, onu saymadığını bildirmişdir. O ərinə sakitləşməsini tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs ona məhəl qoymayaraq çölə çıxmış biraz sakitləşmişdir. Daha sonra mətbəxdə işlərini yekunlaşdırarkən əri Sakit qəflətən sərxoş vəziyyətdə mətbəxə gələrək əlindəki balta ilə arxadan heçnə demədən onun baş nahiyyəsindən bir zərbə vurub xəsarət yetirmişdir. Həmin vaxt başında olan ağrı kəskin olduğundan özünü itirməmiş Təqsirləndirilən şəxs əlində olan baltanı sağ əli İlə tutatarq digər əli ilə onun qolunu tutmuş və çölə çıxartmağa çalışmışdır. O, xəsarət aldıqdan sonra dərhal küçəyə çıxmış və qardaşı Asif Qarayevi çağıraraq onu xəstəxanaya aparmasını xahiş etmişdir. Sonda zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını qeyd edərək, təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, X4 onun atasıdır və Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində anası Zərərçəkmiş şəxs atası ilə birlikdə yaşayırlar. O, isə ailə qurduqdan sonra ailəsi ilə birlikdə Şəmkir rayonu Daşbulaq kəndində yaşayır. Atası ilə anasının əvvəllər münasibətləri normal olmuşdur, son zamanlar onların aralarında dava-dalaş olduğunu bilmişdir. xx.xx.2023cü il tarixdə saat təxminən 10 radələrində anası Zərərçəkmiş şəxs ona istifadəsində olan möbil nömrə ilə zəng edərək xəstə olduğunu bildirmişdir. Bu zaman o, anasını görmək üçün dayısı Asifin yaşadığı evə gəlmişdir. Orada olan zamanı hadisənin baş vermə səbəbini soruşmuş anası Pərvanə ona bildirmişdir ki, atası Təqsirləndirilən şəxs evin mətbəx hissəsində mürəbbə bişirən zaman mətbəxə daxil olaraq arxadan heçnə deməmiş, onun baş nahiyyəsindən əlindəki olan balta ilə bir zərbə vuraraq xəsarət yetirmişdir. Atası ilə anasının dalaşmağına görə o, atası Təqsirləndirilən şəxs yanına gəlmiş, hadisənin baş vermə səbəbini xəbər almış və həmin vaxt anasını niyə vurması barədə soruşduqda ona yaxşı edib vurmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin 11 may 2023-cü il tarixli, 523 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın tüklü hissəsində ənsə nahiyyəsinin əzilmiş-çapılmış yarası və sol saidin orta üçdə birinin bayır səthinin qançırı küt əşyaların təsirindən törənmişlər, ekspertizaya təqdim edilmiş baltanın küp hissəsi ilə yetirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 09 may 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə başın tüklü hissəsində ənsə nahiyyəsinin əzilmiş çapılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "yüngül" zərər vurmaya aid edilir. Sol saidin üçdə birinin bayır səthinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 23 may 2023-cü il tarixli cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 17 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144- 146), ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərər çəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxsə ən ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını tələb etsə də, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, məhkumluğunun olmamasını, eləcə də yaşını nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmasını əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən аzadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsə müdafiəçinin göstərdiyi hüquqi yardıma görə ödənilməli məbləğdir. Müdafiəçi X3 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 6 saat vaxt sərf etmişdir. Buna görə də X2 ibtidai istintaq və məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə ümumilikdə 36 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir Rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və Şəmkir rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şəmkir Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Şəmkir Rayon Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsinin vəsaiti hesabına 36 (otuz altı) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar