Məhkəmə qərarları › İş №1(076)-186/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-186/2023

24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-186/2023 24.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1963–cü il tarixdə Ermənistan, Qafan rayonunda rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsində sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X6 ölümünə səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 02 fevral 2023–cü il tarixdə saat 14 radələrində 228169 nömrəli yol vərəqəsi əsasında idarə etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat Departamentinə məxsus Kamaz markalı 90–JM–251 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Gədəbəy–Şəmkir аvtomobil yolunun Şəmkir rayonu, Qasımalılar kəndi ərazisindən keçən hissəsində Şəmkir şəhəri istiqamətində hərəkətdə olarkən “X10” Azərbaycan Respublikası Qanununun 36–cı maddəsinin 1–ci hissəsinin 3–cü tələblərinə riayət etməli olduğu halda yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, həmçinin həmin Qanunun 69– cu maddəsinin 7–ci hissəsinin 1–ci bəndinin tələblərini pozaraq yolda hərəkət hissəsinin bütöv xətlə əks istiqamətli hərəkət axınlarına ayrılmasını nəzərə alaraq idarə etdiyi avtomobili öz hərəkət zolağında hərəkət etdirməli, yolun ortasında olan bütöv xətti kəsməməli, yəni ötmə əməliyyatı aparmamalı, avtomobili qarşı hərəkət zolağına çıxartmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yol hərəkəti qaydalarını pozaraq hərəkətini davam etdirib eyni istiqamətdə hərəkətdə olan Belarus – 892 markalı traktoru ötmək üçün yolun ortasında olan bütöv xətti kəsərək avtomobili qarşı sol hərəkət zolağına çıxartmış, buna görə qarşıdan Gədəbəy rayonu istiqamətində əks yolla hərəkətdə olan Şahid1 idarə etdiyi VAZ–21099 markalı 90–CP–472 dövlət qeydiyyat nişanlı avtomobili sola istiqamətləndirərək qarşı sol hərəkət zolağına çıxartmış, bu zaman Təqsirləndirilən şəxs idarə etdyi Kamaz markalı avtomobili öz yoluna doğru istiqamətləndirərkən Şahid1 idarə etdiyi VAZ–21099 markalı 90–CP–472 dövlət qeydiyyat nişanlı avtomobili ehtiyatsızlıqdan vurmuş, nəticədə VAZ–21099 markalı 90–CP–472 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan, Gədəbəy rayonu, Qumlu kənd sakini X7 başın tüklü hissəsində sağ gicgah nahiyəsinin əzilmiş yarası, sağ gicgah sümüyünün və kəllə əsasının sınıqları, baş beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, sağ diz oynağının ön və bayır səthinin ön və bayır səthinin, hər iki baldırın ön səthinin sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan ölümünə səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, 26 ildir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi 6 saylı Texnoloji Nəqliyyat Departamentində sürücü kimi işləmiş, 2022–ci ilin iyun ayından ona Şirkətin Kamaz markalı 90–JM–251 dövlət qeydiyyat nişanlı avtomobili təhkim olunmuşdur. Həmin avtomobillə Bakı şəhərinə və rayonlara şirkətin avadanlıqlarını aparmışdır. 01 fevral 2023–cü il tarixdə həmin yük avtomobili şirkət tərəfindən dəmir boru ilə yükləndikdən sonra rəhbərliyin göstərişi ilə boruları Gədəbəy rayonuna gətirmişdir. Yola çıxmazdan əvvəl ona yol vərəqəsi və ezamiyyət yazılmış və o, yola çıxmışdır. 02 fevral 2023–cü il tarixdə Gədəbəy rayonuna lazımi ünvana gələrək boruları təhvil vermiş və Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Gədəbəy rayonundan Şəmkir rayonu istiqamətində hərəkətdə olduğu zaman Şəmkir rayonunun Qasımalılar kəndi ərazisindən keçərkən avtomobili hava dumanlı olduğundan 30–40 km/saat sürətlə idarə etmişdir. Qarşıdan gedən traktor yolun kənarına çıxaraq ona yol verdiyindən o, yoluna davam etmişdir. Yol düz olmuş və qarşısında başqa hər hansı avtomobil olmamışdır. Həmin vaxtı o, dumandan əks hərəkət zolağından bir avtomobilin gəlməsini görmüşdür. Həmin avtomobil öz hərəkət zolağı ilə getdiyindən o, avtomobilə fikir verməmişdir. Lakin qarşıdan gələn avtomobil ona çatmağa təxminən 5–7 metr qalmış qəfildən onun getdiyi yol istiqamətində hərəkət edərək onun yoluna çıxmışdır. O, həmin avtomobillə toqquşacağını gördüyündən əyləci sıxaraq sükanı sağa çəkmiş, lakin məsafə qısa olduğundan avtomobili toqquşmadan yayındıra bilməmişdir. Həmin avtomobilin sağ tərəfi onun idarə etdiyi avtomobilin sağ tərəfi ilə toqquşmuşdur. Toqquşma anında onun avtomobili dayanmışdır. O, tez əl əyləci çəkərək avtomobildən düşmüş, sürücü tərəfə gedərək oraya gələn digər şəxslərin köməkliyi ilə sürücünü avtomobildən çıxarmışdır. Onlar sürücünü çıxardıqda həmin şəxs “yanımdakına nə olub ?”– demişdir. Bu zaman o, avtomobildə başqa sərnişin də olmasını bilmişdir. Buna qədər avtomobilin sağ tərəfinə fikir verməmişdir. Ətrafda olan şəxslərlə birgə tez sərnişin tərəfə baxdıqda orada cavan adamın olmasını görmüşlər. Onlar sağ tərəfdə olan şəxsi avtomobildən çıxarmaq istədikdə avtomobil Kamazın altına girərək sıxıldığından onlar avtomobilin qapısını aça bilməmişlər. Bundan sonra o, Kamazı bir qədər arxaya sürmüş və sağ tərəfdə olan sərnişini avtomobildən çıxarmışlar. Ətrafda olan şəxslər sərnişinin hələ nəfəs aldığını bildirmişlər. O isə baxdığında artıq həmin şəxsin artıq öldüyünü görmüşdür. Ona görə də orada oturaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir. Orada olan tanımadığı şəxslər təcili yardıma və polisə zəng etmişlər. Bir qədər sonra təcili yardım avtomobili gələrək onun yük avtomobili ilə toqquşan avtombilin sürücüsü sağ olduğundan xəstəxanaya aparmışlar, digər sərnişinin isə öldüyünü və polis əməkdaşları gəldikdən sonra aparılacağını bildirmişlər. Daha sonra Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırma aparmışdır. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə də barışmışdır. Hazırda əməlindən peşmandır. Həmçinin, qeyd edir ki, özü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsində sürücü işləyir. Həmin peşə onun gəlir yeridir və o, ailəsinin yeganə qazanc gətirənidir. Ona cəza təyin edilərkən nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması ailəsini vəziyyətini olduqca ağırlaşdıracaq və əlverişsiz vəziyyətə salacaqdır. Ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2006–cı ildə Gədəbəy rayon sakini Elman Hüseynovla ailə həyatı qurmuşdur. Onların birgə nigahından 2007– ci ildə oğlu İlkin dünyaya gəlmişdir. Sonradan o, Elmandan boşandığından İlkin onun himayəsində qalmışdır. 2022–ci ilin noyabr ayından ilin bir çox vaxtları İlkin ata nənəsinin yanında qalmışdır. 2023–cü ilin əvvəllərindən İlkin rayon sakini olan Elvinə alverdə köməklik etdiyini eşitmişdir. İlkinə buna görə etiraz etdiyində sonuncu getməyəcəyini bildirmişdir. 02 fevral 2023–cü il tarixdə günorta yaşadığı kənddə olduğu zaman Elvinin Şəmkir rayonundan Gədəbəy rayonu istiqamətində öz avtomobili ilə gəldiyi zaman yolda avtomobilin Gədəbəy rayonu istiqamətindən gedən Kamaz markalı avtomobillə toqquşmasını, İlkinin ağır xəsarət aldığını və onu Şəmkir rayonuna apardıqlarını eşitmişdir. O, bundan sonra qardaşı Elşadla Şəmkir rayonuna gəlmiş, yolda isə onlara İlkinin aldığı xəsarətlərdən vəfat etdiyini bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, Elvin İlkinlə birlikdə Şəmkir rayonundan satmaq üçün meyvə alaraq Gədəbəy rayonuna qayıtdıqları zaman Qasımalılar kəndinə çatdıqları vaxt yol duman olduğundan qarşıdan gələn kamazı görməmiş, qəfildən kamazın üzərinə gəldiyini gördükdə isə avtomobilin sükanını sola istiqamətləndirmiş və həmin vaxtı qəza baş vermişdir. Bununla belə hadisədən sonra ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2023–cü ilin yanvar ayının əvvəlindən alverə gedərkən qonşuluğunda yaşayan İlkin də onunla getmişdir. İlkinin atası öldüyündən İlkin nənəsinin himayəsində qalmışdır. O, Şəmkir rayonundan meyvə–tərəvəz gətirmiş, İlkin isə həmin meyvə–tərəvəzi Gədəbəy rayonunda satmışdır. Əldə etdiyi gəliri isə bölmüşlər. 02 fevral 2023–cü il trixdə günorta saatlarında onlar birlikdə Şəmkir rayonuna “Səbət bazarı”na gəlmiş, oradan limon, apelsin, banan, mandarin və nar alaraq onun avtomobilinə yükləmiş və Gədəbəy rayonu istiqamətində getməyə başlamışlar. Həmin vaxt İlkin ön oturacaqda oturmuş, o isə avtomobili idarə etmişdir. Təxminən Gədəbəy rayonu istiqamətində getdiyində “Yasamal aşırımı” adlı yerlə getdiyi zaman yolda qatı duman olduğundan avtomobili təxminən 30–40 km/saat sürətlə idarə etmişdir. “Yasamal aşırımı”nı keçdikdən sonra Şəmkir rayonu, Qasımalılar kəndinə çatmağa az qalmış qarşısında markasını və dövlət nömrə nişanını xatlamadığı avtomobil onun avtomobilindən sürətli getdiyindən dumanın içərisində gözdən itmişdir. Həmin anda da qəfildən dumandan kamaz markalı avtomobil çıxmış və o, həmin avtomobilin onun yolunda olduğunu və üzərinə gəldiyini görmüşdür. Həmin anda Kamazın onun avtomobilini vuracağını gördüyündən sükanı sola çəkərək əks hərəkət zolağına çıxmışdır. Lakin Kamaz da həmin anda öz yoluna qayıtmışdır. O, toqquşmadan yayınmaq istəsə də mümkün olmamışdır. Onun avtomobilini Kamaz vurduqdan sonra bir neçə metr sürüyərək yolun kənarına çıxartmışdır. Həmin anda huşunu itirmiş, yolda gedən avtomobillərdən düşən şəxslər onu avtomobildən çıxartmışlar. O, həmin vaxtı ərtafda olan şəxslərin İlkini çıxartmasını görmüşdür. O, həmin şəxslərdən İlkinin vəziyyətinin necə olmasını soruşduqda həmin şəxslər İlkinin yaşadığını bildirmişlər. Bir qədər sonra təcili yardım avtomobili gəlmiş və onu Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. Xəstəxanaya gəldikdən sonra o, İlkinin hadisə nəticəsində öldüyünü eşitmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 02 fevral 2023–cü il tarixdə saat təxminən 14 radələrində Gədəbəy rayonu, Xar–xar kənd sakini olan Əhmədlə yaşadığı evə gedərkən Şəmkir rayonu, Qasımalılar kəndinin girişinə çatdığı zaman yol–nəqliyyat hadisəsi baş verdiyini və camaatın yığışmasını görmüşdür. Onlar avtomobili saxlamış, o, yaxına getdiyində Kamaz markalı avtomobillə VAZ–21099 markalı avtomobilin toqquşmasını görmüşdür. VAZ–21099 markalı avtomobili əks hərəkət zolağında yolun kənarında olmuşdur. Avtomobilin içərisinə baxdıqda bir nəfər cavan oğlanın sərnişin tərəfində sıxılı vəziyyətdə qalmasını görmüşdür. Ətrafda olan şəxslərin köməkliyi ilə avtomobilin qapısını açaraq həmin şəxsi avtomobildən çıxarmış və yerə uzatmışlar. Həmin vaxtı baxdıqda həmin şəxsin artıq öldüyünü görmüşdür. Belə ki, həmin şəxsin sifəti göyərməyə başlamışdır. VAZ–21099 markalı avtomobilin sürücüsü olan şəxs isə kənarda yerdə uzadılmışdır. Bundan bir qədər sonra orada dayanmağın mənasız olmasını bildiyindən həmin yerdən getmişdir. O, orada olduğu zaman ətrafda olan şəxslər Kamaz markalı avtomobilin arxa tərəfdə dayanmış təzə traktorun ötmə əməliyyatı etdiyini, həmçinin VAZ–21099 markalı avtomobilin də ötmə əməliyyatı etdiyini və həmin vaxt onların bir–biri ilə toqquşmasını danışmışlar. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022–ci ildə şəxsi istfadəsi üçün “Belarus 892” markalı traktor almış, Gədəbəy rayonuna gələrək orada olan şum üçün kotanlardan istifadə etmişdir. 02 fevral 2023–cü il tarixdə Gədəbəy rayonunda olan işlərini görüb yekunlaşdırdığından yaşadığı Gəncə şəhərinə getməyə başlamışdır. Gədəbəy rayonundan Şəmkir rayonu istiqamətində gəldiyində aşırımlarda yol çox duman olduğudan traktoru çox aşağı sürətlə idarə etmişdir. Saat təxminən 14 radələrində Şəmkir rayonu, Qasımalılar kəndini çıxdığı zaman arxadan ağ rəngli Niva markalı avtomobilin gəlməsini görmüşdür. Həmin anda arxadan Kamaz markalı avtomobilin gəlməsini, Niva markalı avtomobili ötmə əməliyyatı edərək keçməsini, öz yoluna qayıtmadan ötmə əməliyyatı edərək onu da keçməsini görmüşdür. Həmin yerdə ötmə əməliyyatına icazə verməyən düz xətt olmuşdur. Həmin anda o, qarşıdan VAZ–21099 markalı avtomobilin gəlməsini görmüşdür. VAZ–21099 markalı avtomobil yolda olan ağ xətti tutaraq gəlmiş, Kamaz onu keçərək qarşıdan gələn avtomobili görüb öz yoluna qayıtmaq istədikdə VAZ– 21099 markalı avtomobili vurmuş və sükanı sağa yönəldərək öz yoluna doğrun istiqamətləndirmişdir. VAZ–21099 markalı avtomobil bir neçə metr sürüyərək yoldan torpaq yola çıxardaraq dayanmışdır. Kamaz dayanan anda sağ orta hissəsi onun idarə etdiyi traktorun sol ön təkərinə dəymiş və traktor yerində sirkələnsə də aşmamışdır. O, həmin vaxt traktoru yolun sağına torpaq yola doğru istiqamətləndirərək yoldan çıxarmışdır. Tez traktordan düşərək kamazın qarşısına qaçmış və VAZ–21099 markalı avtomobilin mühərrikindən alov qalxmasını görmüşdür. Orada ondan başqa kimsə olmamışdır. Həmin vaxt Kamazın sürücüsü yük avtomobilin içərisində oturmuş, ona ötmə əməliyyatı etdiyinə görə irad bildirərək “bundan ötrümü tələsirdin ?”– demişdir. Daha sonra Kamazın sürücüsünə Kamazı arxaya sürməsini və vurulan avtomobili Kamazın altından çıxarmağı demişdir. Sürücü bir neçə dəfə cəhd edəndən sonra Kamazı arxaya sürmüş və VAZ–21099 markalı avtomobil Kamazın altından çıxmışdır. Artıq yol ilə keçən avtomobillər hadisəyə görə dayanmış və avtomobildən düşərək hadisə yerinə gəlmişlər. O, tez traktorunda olan alov söndürəni götürərək alovu söndürmüşdür. VAZ–21099 markalı avtomobilin sürücü tərəf qapı açılmadığından o, qapını aça bilməmişdir. Həmin vaxt kənddə yaşayan şəxslərdən biri ling gətirmiş və o, lingin köməkliyi ilə avtomobilin qapısını açaraq sürücünü çıxartmışdır. Daha sonra orada olan şəxslərdən kimsə sol tərəfdə ön oturacaqda oturan şəxsə baxaraq həmin şəxsin artıq oldüyünü bildirmişdir. Bundan sonra ətrafda olan şəxslərlə birlikdə onlar sərnişini də avtomobildən çıxararaq yerə uzatmışlar. Ətrafda olan şəxslər təcili yardıma və polisə zəng etmişlər. Bir qədər sonra təcili yardım avtomobili gələrək xəsarət alan şəxsi və ölən şəxsi təcili yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Bundan sonra sonra o da orada dayanmaraq öz yaşadığı evə getmişdir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 02 fevral 2023–cü il tarixli protokoldan görünür ki, yol–nəqliyyat hadisəsi Şəmkir – Gədəbəy avtomobil yolunun Qasımalılar kəndindən keçən hissəsində baş vermişdir. Yol–nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla hadisə yerində düz və hamardır, sürücülərin hərəkətləri üçün maneəsizdir. Baxış zamanı yol örtüyü yaş vəziyyətdə olmuşdur. Avtomobil yolu iki tərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. Hadisə yerinə baxış zamanı müəyyən edildi ki, yol–nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun ümumi eni 7.5 metrdir. Baxış zamanı müəyyən olundu ki, yol–nəqliyyat hadisəsi baş vermiş yerdə icazə verilən maksimal sürət 50 km/saatdır. Hadisə baş vermiş yol işıqlandırılmır. Hadisə yerində Kamaz markalı avtomobilə məxsus 7 metr uzunluğunda tormuz (və ya sürüşmə asfalt yaş olduğundan tam müəyyən etmək mümkün olmur) izi vardır. Hadisə yerində VAZ–21099 markalı 90–CP–472 dövlət qeydiyyat nişanlı avtomobil əks hərəkət zolağında yolun sol hissəsindədir. Ön tərəfi ehtiyyat hissədə arxa tərəfi isə yolun hərəkət hissəsindədir. Kamaz markalı 90–JM–251 dövlət qeydiyyat nişanlı yük avtomobili yolun ehtiyyat hissəsindədir. Toqquşma yerindən VAZ–21099 markalı avtomobilin dayandığı yerə qədər 7 metr məsafə vardır. Hadisə yerində hər hansı predmet götürülmədi. Bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək şəkli və sxemi çəkilmişdir. VAZ–21099 markalı 90–CP–472 dövlət qeydiyyat nişanlı avtomobil və Kamaz markalı 90– JM–251 dövlət qeydiyyat nişanlı yük avtomobili hadisədən əvvəl saz vəziyyətdə olmuşdur. VAZ–21099 markalı avtomobildə bir nəfər sürücü və təxminən 300 kiloqram yük olmuşdur. Kamaz markalı avtomobil isə yüksüz vəziyyətdə olmuşdur. Hadisədən öncə Kamaz markalı avtomobil enişə doğru, VAZ–21099 markalı avtomobil isə yoxuşa doğru hərəkətdə olmuşdur. Hadisədən əvvəl sürücülərin hərəkəti üçün hər hansı bir maneə olmamışdır. Sürücü Şahid1 və Təqsirləndirilən şəxs hadisədən əvvəl ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan sərxoşluğun müayinə edilməsi haqqında 02 fevral 2023–cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə tibb–ekspertinin 02 fevral 2023–cü il tarixli 07 nömrəli ekspert rəyindən görünür ki, X2 meyitinin bədənində aşkar edilmiş xəsarətlər– başın tüklü hissəsində sağ gicgah nahiyəsinin əzilmiş yarası, sağ gicgah sümüyünün və kəllə əsasının sınıqları, baş beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, sağ diz oynağının ön və bayır səthinin, hər iki baldırın ön səthinin sıyrıqları küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 02 fevral 2023–cü il tarixli yol–nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətləri əlamətlərinə malikdir. X2 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə–beyin travması nəticəsində baş–beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X6 ölümü meyitin müayinəsinə başlamazdan 2–4 saat əvvəl baş vermişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol–nəqliyyat hadisələri ekspertizaları şöbəsi ekspertinin 10 may 2023–cü il tarixli 8/1045 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kamaz markalı 90–JM–251 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X10 “Azərbaycan Respublikası Qanunun 36–cı maddəsinin 1–ci hissəsinin 3–cü bəndinin, 69–cu maddəsinin 7–ci hissəsinin 1–ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən müəyyən edilmiş məlumatlarına əsasən VAZ–21099 markalı, 90–CP–472 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində “X10” Azərbaycan respublikası Qanununun 50–ci maddəsinin 1–ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən müəyyən edilmiş məlumatlarına əsasən Belarus–892 markalı 20–AB–984 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü X5 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərini texniki– nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Cinayət işinin materiallarında olan və DİN–nin BDYPİ–nin Tovuz RQİ və TBŞ–si tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli 016–394 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2014–cü il tarixdə xx.xx.2024–cü il tarixə kimi AC–037888 saylı “BE, CE, DE” dərəcəli, xx.xx.1992–ci il təvəlüdlü Gədəbəy şəhəri, S.Vurğun küçəsi 40–da qeydiyyatda olan Şahid1 adına xx.xx.2018–ci il tarixdən xx.xx.2028–ci il tarixədək AE–333373 saylı “BC” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Həmin vətəndaşların adları sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayonu 37 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan 027462 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Cinayət işinin materiallarında olan Socar 6 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020–ci il tarixdən 6 saylı Texnoloji Nəqliyyat Departamentinin 4 saylı avtonəqliyyat və xüsusi texnika sahəsində sürücü işləyir. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023–cü il tarixdə notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol–nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs hərəkətlərində «X10» Azərbaycan Respublikası Qanununun 36–cı maddəsinin 1–ci hissəsinin 3–cü bəndinin və 69–cu maddəsinin 7–ci hissəsinin 1–ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin pozuntu nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. «X10» Azərbaycan Respublikası Qanununun 36–cı maddəsinin 1–ci hissəsinin 3–cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanununun 69–cu maddəsinin 7–ci hissəsinin 1–ci bəndinin tələbinə əsasən üfiqi nişanlanma xəttinin xüsusiyyəti 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin ölümü ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəməsini və onunla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, müharibə veteranı olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM–nin 263.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzanın icrası yerinə onun göndərilməsi Cəzaların İcrası Məcəlləsinin 68.1–ci maddəsinə əsasən icra məmurunun təqdim etdiyi göstəriş əsasında həyata keçirilməlidir. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62–ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza təyin edilmədən də əsas cəza təyin edilməsi mümkündür və bu işin hallarına daha uyğundur. Belə ki, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza təyin edilməməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1–ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı–ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə qeyd edir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsi onun törədilmə hallarına, yəni cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s. əsasən müəyyən edilir. Hazırki halda isə müəyyən edilir ki, təqsirləndirilən şəxs yol–nəqliyyat hadisəsi törətdikdən sonra müəyyən müddət zərərçəkmiş şəxsin yanında qalmaqla ona yardım göstərmək niyyətində olduğunu nümayiş etdirmiş ki, bu hal da onun tərəfindən törədilən cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013–cü il tarixli qərarının 22–ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM–nin 263.1–ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi CM–nin 263.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəzanın (azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir. Məhkəmə göstərilən əlavə cəzanı yalnız CM–nin 62–ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olduqda, həmin maddəyə istinad etməklə və qəbul olunmuş qərarın motivlərini hökmdə göstərməklə tətbiq etməyə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003– cü il tarixli 4 saylı Qərarının 23–cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, maddənin sanksiyasında əlavə cəzanın məcburi tətbiq olunması nəzərdə tutulduğu hallarda belə cəzalar yalnız CM–in 62–ci maddəsinə istinad edilməklə tətbiq olunmaya bilər, bu şərtlə ki, əlavə cəzanın təyin olunmamasının səbəbi hökmdə əsaslandırılsın. Məhkəmələrə həmçinin tövsiyə edilir ki, müvafiq hallar olduqda və cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza təyin edərkən əsas peşəsi nəqliyyat vasitəsini idarə etmə olan şəxslər barəsində bu növ əlavə cəzanın tətbiqinin məqsədə uyğunluğu məsələsini müzakirə etsinlər. Məhkəmə, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək ona əlavə cəza təyin edilmədən də islah olunmasını mümkün bilərək, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2–cü maddəsinin sanksiyasında müəyyən edilmiş cəza növlərindən yalnız azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs sürücü vəzifəsində xidmət etməsini, əsas peşəsinin nəqliyyat vasitəsini idarə etmə olan şəxs olduğunu və sürücülük hüququndan məhrum ediləcəyi təqdirdə onun digər vəzifədə xidmətinin davam etdirməsinə tələbatın olub–olmayacağı sual altında olduğunu, onun yaşını, ailədə yefanə qazanc gətirən şəxs olduöundan, hazırki işindən azad olunacağı halda ailəsinin çətin vəziyyətə düşəcəyini, həmçinin bu hallarla yanaşı yuxarıda göstərilən cəzanı yüngülləşdirilən halların məcmusunu da nəzərə alaraq hesab edir ki, CM–in 62–ci maddəsinə istinad edilməklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza tətbiq edilməməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan Kamaz markalı 90–JM–251 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 128 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 62–ci maddəsi tətbiq edilməklə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilmədən ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsinə nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olan Kamaz markalı 90–JM–251 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyiri səkkiz) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar